Məhkəmə qərarları › İş №2(006)-1883/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1883/2024

16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1883/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş 18 avqust 2023-cü il tarixli akt əsasında hesablanmış 1139,07 manat borcun abonet kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evində hazırda ailəsi ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evinin enerji təchizatı üçün "xxxx" ASC-nin X6 müraciət etdikdən sonra nəzarət ölçü cihazı quraşdırılmış və aylıq istehlak edilən enerjinin həcmi həmin sayğac vasitəsilə həyata keçirilmiş, hər ay aidiyyəti sahə nəzarətçisinin təqdim etdiyi hesab bildiriş üzrə onun tərəfindən ödənişlər edilmişdir. 2023-cü ilin avqust ayı üçün bildiriş verilərkən məlum olmuşdur ki, onun hesabına aylıq sərfiyyatdan əlavə 1139,07 manat həcmində mənbəyi məlum olmayan borc hesablanmışdır. Bununla əlaqədar olaraq yerli X3muş və ona guya mənzildə sayğacdan kənar xətlə qeydiyyatsız X1 etdiyi bildirilmişdir. Lakin tərəfin bildirdiyi fikirlər tamamilə yalandır və belə bir hal mövcud olmamışdır. O, dəfələrlə həmin müəssisəyə gedərək məsələnin araşdırılmasını təkid etsə də, buna heç bir məhəl qoyulmamışdır. Sonda ona hazırda məhkəməyə təqdim etdiyi aktın surətini vermişlər. Təqdim edilən və birtərəfli qaydada tərtib edilmiş 18 avqust 2023-cü il tarixli aktda göstərilmişdir ki, abonent giriş xəttini zədələyərək çıxış xəttə qoşaraq kənar xətdən istifadə edir, lakin heç bir halda həmin aktda onun iştirakı təmin edilməmişdir. Abonent hesabından çıxarışdan məlum olmuşdur ki, cavabdeh təşkilat ona akt əsasında 0.13 qəpikdən hesablanmaqla 1139,07 manat cərimə tətbiq etmişdir. Təqdim edilən hesabdan çıxarışdan göründüyü kimi, onun hər ay ödənişləri olmuşdur. Bununla belə qanunsuz olaraq ona 1139,07 manat cərimə hesablandığı və ödəməli olduğu bildirilir. Belə bir vəziyyət o qənaətə gəlməyə əsas verir ki, ictimai yolda olan hər hansı zədələnmə halı əgər mövcud olmuşsa onda həmin qanunsuz əməllərə elə həmin təşkilatın nümayəndələri yol vermişdir. Akt tərtib edilərkən onun və şahidlərin iştirakı təmin edilməmiş, sayğacda olan hər hansı nasazlıqdan onun məlumatı olmamışdır. Cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı ev üçün quraşdırılmış elektrik sayğacına ayda 2 dəfə baxış keçirilir, sərfiyyat barədə bildiriş təqdim edilir. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Bundan başqa həmin aktı məişət abonenti kimi onun tərəfindən imzalanmamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərə alıb, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izahatında bildirdi ki, abonentin iki abunə kodu vardır. İddiaçı tərəfindən kənar xətt qoşulmuşdur. Bu barədə akt tərtib edilmiş və bu aktda da öz əksini tapmışdır. İddiaçı tərəfindən hər ay ödənişlər edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18 avqust 2023-cü il tarixdə NDM seriyalı 033463 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddia ərizəsində qeyd olunan ünvanda (Ağdaş şəhəri, Yusif Nəbiyev küçəsi, ev 2/5) «X1 Qaydaları»na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman məlum olmuşdur ki, abonent giriş xəttini zədələyərək, çıxış xəttə qoşaraq sayğacdankənar xətdən istifadə edir. Həmin akta əsasən abonentə 1.139,97 manat əlavə sərfiyyat hesablanmışdır. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən məişət abonentinin və hal şahidlərinin iştirakı təmin edilməmiş, elektrik enerjisindən sayğacdankənar istifadə edildiyi qeyd edilərək, əsassız borc məbləği hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Digər tərəfdən sayğac İddiaçı cavabdehliyi sərhəddində (evin içində) deyil, yaşayış evinin çölündə quraşdırılmışdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Belə olan halda isə məhkəmə hesab edir ki, 18 avqust 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 033463 saylı akt qanunsuz olduğundan, etibarsız hesab edilməlidir. Həmçinin, həmin akt etibarsız hesab edildiyindən, onun əsasında İddiaçı adına olan **********03934 saylı abonent koduna hesablanmış 1.139,97 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 18 avqust 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 033463 saylı akt etibarsız hesab edilməli, Ağdaş şəhəri, Yusif Nəbiyev küçəsi, ev 2/5 ünvanı üzrə **********03934 saylı abunə koduna hesablanmış 1139,97 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18 avqust 2023-cü il tarixdə tərtib edilmiş NDM seriyalı 033463 saylı akt etibarsız hesab edilsin. Ağdaş şəhəri, Yusif Nəbiyev küçəsi, ev 2/5 ünvanı üzrə **********03934 saylı abunə koduna hesablanmış 1139,97 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar