Məhkəmə qərarları › İş №2(006)-1884/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1884/2023

28.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1884/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın qiymətləndirməsinin ləğvi və yenidən qiymətləndirmənin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “Bank “VTB” (Azərbaycan)” ASC arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 118313-NEDVİJ- 1804 saylı «daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması və ipotekanın predmeti xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi» barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1072/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 282/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qismən, ipotekanın predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1072/2023 nömrəli, 07 fevral 2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 nömrəli 17 fevral 2022-ci il tarixli qərardadı qismən - ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin ipotekanın predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsinə qiymət verilməmiş, bu hissə üzrə qərar qəbul olunmamışdır. Bununla əlaqədar olaraq, məhkəmənin nəzərinə çatdırılır ki, həmin hissədə iddia tələbi əsaslı deyil. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9501/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2129/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9501/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti 80000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən hesab edilir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ASCnin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin hazırda baxılan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1072/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş üzrə iddia tələbinin ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 118313-NYDVİJ-1804 saylı Daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən ipotekanın predmeti xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan, yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzil olmuşdur. İddiaçı ipoteka müqaviləsini imzalayan zaman ona məxsus olan sözügedən ipoteka müqaviləsinin predmeti olan əmlakın 100000 manat məbləğində qiymətləndirilməsini bilməmişdir. Belə ki, əgər bunu bilsə idi, heç vaxt həmin müqaviləni imzalamazdı. Həmin mənzilin bazar qiyməti nə müqavilə imzalanan zaman, nə də ki hazırda 100.000 manat olmamışdır. Ən pis halda ən ucuz satılsa, 130.000 manatdan aşağı satıla bilməz. Üstəlik bu azmış kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-9501/2017 saylı qətnaməsinə əsasən ona qarşı təmin olunan qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat göstərilmişdir. O, bununla qətiyyən razılaşa bilməmişdir. Belə ki, əgər qətnamə əsasında tutma ipoteka predmetinə yönəldilsə, açıq hərracdan mənzilin dəyər-dəyməzinə satacaq, o da yenidən həm evindən məhrum olacaq, üstəlik yenə də banka borclu olacaqdır. Qeyd etdiyi əsaslara görə hesab edir ki, o, bank tərəfindən aldadılaraq ipoteka müqaviləsinə imza etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı onunla Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 118313-NYDVİJ-1804 saylı Daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın predmeti xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan, yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1072/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qismən, ipoteka predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-9501/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin İddiaçı və X1 qarşı iddiası təmin edilmiş, İddiaçı 61.980 ABŞ dolları məbləğində əsas borc, 12.812 ABŞ dolları faiz borcu, 343 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 75.136 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 80.000 manat müəyyən edilmiş mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satıldıqdan ən geci bir ay sonra cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2129/2020 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə əsasən göründüyü kimi hazırda İddiaçı məhkəməyə müraciət etməklə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzilin mübahisələndirilən ipoteka müqaviləsi ilə müəyyən edilmiş qiymətinin real bazar qiymətindən az olduğuna əsaslanmış, bu səbəbdən həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan “kredit məbləğinin geri qaytarılması və ipoteka müqaviləsi üzrə ipoteka hüququ ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi” tələbinə dair qanuni qüvvəyə minmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-9501/2017 nömrəli qətnaməsi ilə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və İpoteka haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad edərək qiymət verilmişdir. Belə ki, ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı ipoteka müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bü mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması və ipotekanın predmeti xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi tələbinə dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələbə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyinin normaları baxımdan mümkün deyildir. Göstərilənlərə əsasən hazırda işə baxan məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə İddiaçı tutulmalı olan məbləğ bank qarşısında ipoteka ilə yuklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzilə yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə iddia tələbinin ipoteka predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissə üzrə tələbə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun deyildir və belə olduğu təqdirdə bu Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın qiymətləndirməsinin ləğvi və yenidən qiymətləndirmənin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsində icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar