Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1919/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayıova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 13 noyabr 2014 il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19000 ABŞ Dolları kredit götürmüşdür. 21.04.2015-ci il tarixli Olavo Sazişə əsasən krerditin müddəti 21.09.2017 tarixədək təyin olunur. Borcun təminatı olaraq Cavabdeh2 ilə 13 noyabr 2014 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 07 dekabr 2020-ci ilədək Cavabdeh1 banka 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16910.67 ABŞ Dolları əsas borc, 6557.58 ABŞ Dolları faiz borcu, 6038.57 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 21 sentyabr 2017 il tarixdən, 07 dekabr 2020 il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2723.65 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 32230.47 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 16910.67 ABŞ dolları əsas borc, 6557.58 ABŞ Dolları faiz borcu, 6038,57 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 21 sentyabr 2017-ci il tarixindən 07 dekabr 2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2723.65 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 32230.47 ABŞ Dolları borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiqi barədə ərizəni də məhkəməyə təqdim edərək bildirmişdir ki, o, krediti 2014-cü ildə götürmüş və son ödənişi 2015-ci ilin oktyabr ayında etmişdir. O müddətdən etibarən 2021-ci ilə qədər iddiaçı bank ondan pul tələb etməmişdir. 2021-ci ilin yanvarında isə məhkəməyə müraciət etmişlər, artıq məhkəmə gedişində mart ayında 200 manat ödəniş etmişdir. Buna görə də qeyd olunan iddia ərizəsi ilə bağlı iddia müddətinin tətbiq olunmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin ərizəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarındakı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli, 23-M-1-0-868-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz olmaqla, 19000 USD (on doqquz min ABŞ Dolları) məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli, 23-M-1-0-868-14 №-li kredit müqaviləsinə 21.04.2015-ci il tarixli əlavədən görünür ki, 13.11.2014-cü il tarixli, 23-M-1-0-868-14 №-li kredit müqaviləsinə əsasən “24 ay” sözləri “34 ay 8 gün” sözləri ilə əvəz edilmiş və kreditin müddəti 34 ay 8 gün hesab edilmiş, “13.11.2016” sözləri “21.09.2017” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “21.09.2017” hesab edilmiş, “28” sözləri “26” sözləri ilə əvəz edilmiş və kreditin illik faiz dərəcəsi 26% hesab edilmiş, müqavilənin digər şərtləri dəyişilmədən qalmışdır. İşin materiallarında olan 13.11.2014-cü il tarixli, 23-M-1-0-868-14 №-li İpoteka (Girov) müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli, 23-M-1-0-868-14 №-li kredit müqaviləsinin icrasının təmin edilməsi üçün Cavabdeh1 məxsus əmlak ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 07.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 16910,67 ABŞ Dolları, faiz borcu üzrə 6557,57 ABŞ Dolları, 6038,57 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 21 sentyabr 2017-ci il tarixindən 07 dekabr 2020ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2723.65 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32230.47 ABŞ Dolları məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli, 23-M-1-0-868-14 №-li kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz olmaqla, 19000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Zamin Cavabdeh2 borclu Cavabdeh1 "xxxx" İKB ASC-nin qarşısında öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 01 №-li əlavə və dəyişiklikləyə əsasən kredit müqaviləsi ilə verilmiş kreditin müddəti 34 ay 8 gün və kreditin bağlanma tarixi “21.09.2017” hesab edilmiş, faiz dərəcəsi 28%-dən 26%-ə endirilmişdir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə onların banka 6038,57 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 21 sentyabr 2017-ci il tarixindən 07 dekabr 2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2723.65 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 32230.47 ABŞ Dolları məbləğində borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə bağlanmış 21.04.2015-ci il tarixli əlavə kredit müqaviləsinin müddəti 21.09.2017-ci il tarixində bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı yalnız 15.01.2021-ci il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 tərəfindən 30 mart 2021-ci il tarixdə 200 manat ödəniş edilsədə bu ödəniş iddia müddətinin axımı kəsməz. Çünki iddia müddətinin axımının kəsilməsi iddia müddəti çərçivəsində həyata keçirilməlidir ki, bu da 21.09.2020-ci il tarixdən sonra baş vermişdir. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. Eyni Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə həmçinin iddianın zaminə qarşı olan tələb hissəsində qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında borc altına girir. Bu müqavilə ilə kreditor adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Onlardan biri də verilən zaminliyin konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Belə olan halda, sözügedən müqavilədə zaminliyin verilmə müddəti dəqiq şəkildə göstərilmədiyindən məhkəmə, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanı hazırkı işə tətbiq edir. Belə ki, iddiaçı ilə əsas borclu arasında bağlanmış 21.04.2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əlavə üzrə öhdəliklərin icra vaxtı müəyyən edilə biləndir. Çünki, müqaviləyə edilmiş əlavə sazişdə kreditin ödənilməli olduğu son tarix 21.09.2017-ci il kimi göstərilmişdir. Yəni əsas öhdəliyin icra vaxtını 21.09.2017-ci il tarixdən götürdükdə iddiaçı "xxxx" İKB ASC zaminə qarşı bir il ərzində - 21.09.2018-ci il tarixədək iddia irəli sürməli idi. (həmçinin iki illik müddət nəzərdə tutulsaydı belə) Lakin həmin dövrdə zaminə qarşı iddia qaldırılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, kreditor "xxxx" İKB ASC zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlərə qarşı iddia irəli sürmədiyi üçün Cavabdeh2 zaminliyinə 21.09.2018-ci il tarixdə qanuna əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı ASC-dən tutularaq VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı ASCdən tutularaq VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1919/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1919/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver