Məhkəmə qərarları › İş №2(006)-1933/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1933/2025

06.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1933/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «istehlak kredit müqaviləsinin (kodunun) etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı «istehlak kredit müqaviləsinin (kodunun) etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin onunla bağladığını iddia etdiyi TL-EE003314592 nömrəli, xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsinin və bu müqavilə əsasında onun adına 24 faizlə, 14000 manatlıq kredit xətti açıldığına dair müqavilənin etibarsız hesab edilməsi, bu müqavilə üzrə bu günə qədər onun əmək haqqından tutulmuş məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Polis idarəsinin İstintaq Şöbəsinin icraatında naməlum şəxslər tərəfindən onun və çoxsaylı digər şəxslərin bank vəsaitlərinin ələ keçirilməsi ilə müşayiət olunan, dələduzluq faktları ilə bağlı cinayət işinin istintaqı aparılır. O, həmən iş üzrə zərərçəkən şəxs qismində tanınmış və ifadəsi alınmışdır. Ona məxsus mənzilin tərəfindən satışa qoyulması ilə bağlı verdiyi elana müvafiq olaraq, 1 iyun 2024-cü il tarixində ona naməlum şəxslər tərəfindən zəng olunaraq özünü alıcı kimi təqdim edən şəxs mənzilini almaq istədiyini bildimişdir. Həmin şəxs guya mənzilə görə əvvəlcədən 10000 manat beh ödəmək üçün onun kart rekvizitlərini istəmiş, o da hal-hazırda onun yalnız əməkhaqqı kartının olduğunu bildirməklə, o kartla bağlı rekvizitlərini ona təqdim etmişdir. Qarşı tərəf guya bu karta pul köçürməyin mümkünsüz olduğunu bildirməklə, ona başqa bir kart nömrəsi təqdim etməyini xahiş etmişdir. Bundan sonra o məcbur qalıb, əlavə olaraq özünə məxsus "xxxx" kartının rekvizitlərini onlara vermişdir. Yenidən qarşı tərəf bu karta da ödəniş etməyin mümkün olmadığını bildirmişdir. Daha sonra o məcbur qalıb onlayn qeydiyyat vasitəsilə "xxxx" ASC-dən “debet” kart sifariş etmiş və ertəsi gün əldə etdiyi kartdan rekvizitlərini də qarşı tərəfə təqdim etmişdir. Az sonra məlum olmuşdur ki, həm onun "xxxx"-dan olan kartından, həm də "xxxx" ASC-dən yenicə əldə etdiyi kartdan 14000 manat pul oğurlanmışdır. O bu fakta təəccüblənmişdir. Belə ki, onun "xxxx" ASC-dən yenicə əldə etdiyi debit kartında pul olmamalı idi. Kartı bloklayaraq "xxxx" ASC-nin qaynar xəttinə zəng etmiş və onlar razılaşmayaraq bildirmişlər ki, onun sifariş verdiyi kart həm “debet”, həm də “kredit” kartı olub. Lakin ona bu haqda məlumat verilməyib. Məlum oldu ki, sifariş etdiyi kartla TL-EE003314592 nömrəli xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsi bağlanmış və onun adına 24 faizlə 14000 manatlıq kredit götürülmüşdür. Lakin ona bank tərəfindən müqavilənin surətləri belə təqdim olunmamışdır. Kartın içindəki məbləğ ona bildirilməyib. Onun kreditə ehtiyacı olmayıb, bankdan kredit götürmək niyyətində olmamışdır, yalnız kartdan pul köçürmələri üçün istifadə edəcəyini nəzərdə tutduğu üçün “debet” kartı sifariş etmişdir. Bunlara baxmayaraq, onun istək və arzusu nəzərə alınmadan, guya adına 14000 manat məbləğində kredit xətti açılmışdır. Baş vermiş hadisə ilə bağlı münasibətləri aydınlaşdırmaq üçün "xxxx" ASC-yə etdiyi bilavasitə müraciətlər zamanı ona bildirilir ki, aralarında olan bütün danışıqlar, o cümlədən kartın sifariş verilməsi, götürülməsi, baş vermiş hadisə ilə bağlı aydınlaşma aparılması zamanı onunla bank əməkdaşları arasında gedən bütün danışıqlar qeydiyyata alınır və araşdırılması mümkündür. Lakin bu danışıqların bilavasitə bankın özü tərəfindən əldə olunması mümkün deyildir. Belə ki, bu danışıqların məzmununun araşdırılması yalnız İstintaq və Məhkəmə orqanı tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilə bilər. Baş verənləri nəzərə alaraq məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün banka müraciət etmişdir. Eyni zamanda onun istəyi və müraciəti olmadan, heç yerdə imza etmədiyi halda ona kredit xətti açılmasına dair onunla "xxxx" ASC arasında bağladığı iddia olunan kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsini və bu müqavilə üzrə üzərinə qoyulmuş öhdəliklərdən azad olunmasının təmin edilməsini tələb etmişdir. Lakin banka yazılı müraciətinə onlar tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6-2-136/2-R-xx-xx/2014 saylı cavabla qeyri-müəyyən cavab verilmişdir. Həmin cavabda qeyd edilmişdir ki, "xxxx" mobil tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən ona təhlükəsizliklə bağlı OTP kodu digər şəxslərə ötürülməməsi ilə bağlı +**********04 nömrəsinə bildiriş SMS göndərilmişdir, həmçinin bank tərəfindən borc öhdəliyinin yerinə yetirilməsində hər hansı bir güzəştin ödənilməsi məqsədə uyğun hesab edilmir. Bank tərəfindən ünvanına göndərilən cavabdan görünür ki, bank onun müraciətinə diqqətsiz və başdansovdu yanaşmışdır. Onun müraciətində qaldırdığı sualların heç birinə cavab verilməmişdir. Baş vermiş hadisə ilə bağlı münasibətləri aydınlaşdırmaq üçün "xxxx" ASCyə etdiyi bilavasitə müraciətlər zamanı onunla bank əməkdaşları arasında gedən bütün danışıqlar qeydiyyata alınır və araşdırılması mümkündür. Lakin guya bu danışıqların bilavasitə bankın özü tərəfindən əldə olunması mümkün deyildir. Yəni bunu yalnız istintaq və məhkəmə orqanları əldə edə bilərlər. Halbuki o daha əvvəl baş verənlərlə bağlı istintaq orqanlarına müraciət etmişdir və onlar müvafiq sənədlərin istintaq orqanına təqdim edilməsi ilə bağlı bank rəhbərliyinə sorğu göndərdiklərini bildirmişdir. Bundan sonra müraciətlərinə bank tərəfindən heç bir anlaşılan cavab verilməsi təmin edilməmişdir. Üstəlik də, 2024-cü ilin oktyabr ayından başlayaraq cavabdeh "xxxx" ASC ona xidmət göstərməklə əmək haqqının çatdırmasından sui-istifadə edərək, alacağı əmək haqqının 50 faizini ondan kredit və onun faziləri kimi tutmağa başlamışdır. Bu fakta etirazlarına baxmayaraq, bank heç nəyə məhəl qoymadan tutmaları davam etdirir. Belə olan halda o məhkəməyə müraciət etməklə hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Aşağıda göstəriləcək hallara görə cavabdeh "xxxx" ASC-nin onunla bağladığını iddia etdiyi TL-EE03314592 nömrəli xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsinin və bu müqavilə əsasında guya onun adına 24 faizlə, 14000 manatlıq kredit xətti açıldığına dair müqavilənin etibarsız hesab edilməsi və bu müqavilə üzrə bu günə qədər hesabından götürülmüş (əmək haqqından tutulmuş) məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Binəqədi Rayon Polis İdarəsində ona qarşı bank əmanətinin oğurlanması ilə bağlı törədilmiş kiber cinayət faktı üzrə cinayət işi qaldırılmış və o zərəçəkmiş qismində tanınmışdır. Bu faktı əsas götürməklə "xxxx" ASC-yə etdiyi müraciətlərdən xeyli müddət keçməsinə baxmayaraq, bu günə qədər ona heç bir rəsmi məlumat daxil olmamışdır. Bütün baş verənləri araşdırdıqdan sonra o belə bir nəticəyə gəlir ki, onun "xxxx" ASC-dəki kart hesabında olan pul vəsaitinin ələ keçirilməsi bilavasitə cavabdeh bankın iştirakı ilə törədilmişdir. Gəldiyi bu nəticəni aşağıdakı hallar sübut edir: İlk növbədə cavabdeh "xxxx" ASC onun müraciəti, xahişi, imzası olmadan guya onunla müqavilə bağlayaraq, ona kredit xətti açmışdır. Onun xahişi, müraciəti olmadan, heç bir girov qoyulmadan bank niyə görə ona kredit verməli idi? İkincisi əgər o bankın müştərisi idisə, bank onun əmanətini qorumağa borclu idi. "xxxx" ASC onun müştərisi olaraq, onun pul vəsaitinin təhlükəsizliyini təmin edə bilməmişdir. Nəticədə kiber cinayətlər çox asanlıqla o da daxil olmaqla minlərlə müştərinin və əmanət sahiblərinin kart hesablarına daxil olaraq onların vəsaitlərini ələ keçirə bilmişlər. Cavabdheh "xxxx" ASC onun müştərilərinə, bilavasitə onun özünə qarşı cinayət törətmiş cinayətkarların aşkar edilməsi istiqamətində bir addım belə atmamış, əksinə baş verənləri bütün qüvvəsi ilə gizlətməyə çalışmışdır. Məlum olduğu kimi "xxxx" ASC-nin on minlərlə əmanətçisinin milyardlarla ölçülən əmanətləri kiber cinayətkarlar tərəfindən oğurlanmışdır. Lakin cavabdeh "xxxx" ASC bu cinayətin qarşısının alınması, dayandırılması istiqamətində bir addım belə atmamışdır. Əksinə istintaq orqanlarının cinayətkarların aşkar edilməsi məqsədi ilə onlara yardım edilməsi ilə bağlı bütün müraciətləri qulaq ardına vurulmuşdur. On minlərlə müştərisi müflis edilmiş bank bir dəfə də olsun rəsmi orqanlara müraciət edərək cinayətkarların tapılmasını tələb etməmişdir. Halbuki istənilən bank öz əmanətçisinin bankda olan pul vəsaitini qorumağa, təhlükəsizliyini təmin etməyə borcludur. Əgər cinayətkarlar bu qədər asanlıqla müştərilərin hesabına daxil olaraq, onların bütün vəsaitlərini ələ keçirirlərsə, deməli bank müştərilərinin hüquqlarının qorunmasını nəinki təmin etməmiş, həmçinin bu prosesdə bilavasitə maraqlı olmuşdur. Baş verənlərdə bilavasitə bank özü günahkardır. Bank özünün iddia etdiyi kimi guya onun adına yerləşdirdiyi pul vəsaitinin təhlükəsiz saxlanmasını təmin etməmişdir. Nəticədə cinayətkar şəxslər müştərinin bank hesabına daxil olaraq onun vəsaitini ələ keçirməyə nail olmuşlar. O xahiş edib götürmədiyi, istifadə etmədiyi, mövcudluğundan xəbəri olmadığı kredit vəsaitini niyə ödəməlidir? Bank gözünü yummağa çalışsa da yaxşı bilir ki, onun bankında onun hesabında vəsait olmuşsa da, bu vəsait onun deyil, məhz bankın özünün günahına görə oğurlanmışdır. Hesab edir ki, "xxxx" ASC-nin onunla bağladığını iddia etdiyi TL- EE003314592 nömrəli xx.xx.2024-cü il tarixli istehlak kredit müqaviləsinin və bu müqavilə əsasında guya onun adına 24 faizlə, 14000 manatlıq kredit xətti açıldığına dair müqavilə etibarsız hesab edilməli və bu müqavilə üzrə bu günə qədər onun əmək haqqından tutulmuş məbləğ geri qaytarılmalıdır. Cavabdehin nümayəndəsi X2 məhkəməyə iddia tələbinə yazılı mülahizə göndərərək bildirmişdir ki, hal-hazırda İddiaçı "xxxx" ASC-yə qarşı “istehlak krediti müqaviləsinin (kodunun) etibarsız hesab olunması tələbi”nə dair 2(006)-1933/2025 saylı mülki işə baxılır. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır. İş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “İstehlak krediti müqaviləsi”nin (№ TL-EE0********) preambulasında qeyd edilmişdir ki, bu Müqavilə "xxxx" ASC (bundan sonra – ABB) ilə İddiaçı (bundan sonra - Müştəri və/və ya Borcalan) arasında sonuncunun adına ABB tərəfindən ikitərəfli ödəniş kartının (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı; bundan sonra birlikdə - “Tam kart” adlanacaq) buraxılmasına, Müştərinin adına bank hesablarının (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı; bundan sonra birlikdə - “Hesab” və ya “Hesablar” adlanacaq), kredit xəttinin (bundan sonra “Kredit” və ya “Kredit xətti” adlanacaq) açılmasına, Müştəri tərəfindən Tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, Tam kartdan 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABByə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. İş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “İstehlak krediti müqaviləsi”nin (№ TL-EE0********) 1–10cu maddələrində qeyd edilmişdir ki, “tam kartın müddəti: 59 (əlli doqquz ) ay, müştərinin CİF nömrəsi: 3779467, tam kart hesablarının valyutası: AZN, kredit xəttinin müddəti: 59 (əlli doqquz) ay, kredit xəttindən istifadə müddəti: kredit xəttinin rəsmiləşdirildiyi tarixdən etibarən ilk 35 (otuz beş) ay, taksit əməliyyatlarının müddəti: 24 (iyirmi dörd) ayadək, kredit xəttinin məbləği: 14000 (on dörd min manat 0 qəpik) manat, kredit xətti üzrə illik faiz dərəcəsi: 24.0 (iyirmi dörd ) faiz, kredit xətti üzrə faktiki illik faiz dərəcəsi (FİFD): 24.0 (iyirmi dörd ) faiz (FİFD-in hesablanmasına daxil edilən ödənişlər qismində kredit xəttinin rəsmiləşdirilməsi və kredit vəsaitinin nağdlaşdırılması üzrə komisyon haqlar çıxış edir), tam kartın təyinatı: Şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədləri olmuş, o cümlədən Tam kartdan sahibkarlıq fəaliyyəti ilə bağlı hesablaşmaların və ya üçüncü şəxslərin ödənişlərinin (bu ödənişlər sui-istifadə hallarına yol verilərək süni yolla cashback qazanmaqla nəticələndikdə) həyata keçirilməsi qadağandır. İş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “İstehlak krediti müqaviləsi”nin (№ TL-EE0********) 15.1-ci maddəsində qeyd edilmişdir ki, borcalan **********04 nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir. Müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində ABB-ni yazılı surətdə xəbərdar etməlidir. Borcalanın ABB-yə təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat ABB-yə təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti Borcalan daşıyır. İş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “İstehlak krediti müqaviləsi”nin (№ TL- EE0********) 15.3-cü və 15.4-cü maddəsində qeyd edilmişdir ki, müştəri bu Müqaviləni imzalamaqla təsdiq edir ki, Tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində (www.abb-bank.az) yerləşdirilmiş, sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə (bundan sonra - Standart Şərtlər) müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir: Tam kartdan istifadə qaydası və şərtləri (həm kredit, həm debet və ya əmək haqqı funksiyaları üzrə), o cümlədən Taksit və Cashback əməliyyatları, xidmət haqqı və tariflər, Tam kartın qüvvədə olma müddəti, Müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) Hesablardan vəsaitin silinməsi şərtləri, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunması və ya dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması/rəsmiləşdirilməsi; Tam kart üzrə Kredit xəttinin açılması, rəsmiləşdirilməsi, Kredit xəttindən istifadə və Kredit xətti üzrə məbləğin dəyişdirilməsi qaydası; Kredit xətti üzrə ödəniş qaydası; Tam kartın çatdırılma qaydası Borcalan bu Müqaviləni imzalamaqla Tam kart məhsuluna dair bu Müqavilənin 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Bank hesabının açılması və xidmət göstərilməsinə dair müqavilə”nin (№ CL-EE0********) preambulasında qeyd edilmişdir ki, bu müqavilə "xxxx" ASC (bundan sonra – ABB) ilə İddiaçı Elman qızı (bundan sonra – Müştəri) arasında bank hesab(lar)ının açılmasına və hesab(lar) üzrə əməliyyatların aparılmasına dair xüsusi şərtləri tənzimləyir. İş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Bank hesabının açılması və xidmət göstərilməsinə dair müqavilə”nin (№ CL-EE0********) 6.1-ci maddəsində qeyd edilmişdir ki, müştəri **********04 telefon nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir. Müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində ABB-ni yazılı surətdə xəbərdar etməlidir. Müştərinin ABB-yə təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat ABB-yə təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti Müştəri daşıyır. İş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Bank hesabının açılması və xidmət göstərilməsinə dair müqavilə”nin (№ CL-EE0********) 6.2-ci maddəsində qeyd edilmişdir ki, Müştəri bu müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (www.abb-bank.az) yerləşdirilmiş sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra - Standart Şərtlər) tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan, ABB-nin rəsmi internet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 18.9.23-cü və 18.9.24-cü maddələrində qeyd edilmişdir ki, X4 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunubolunmamasından asılı olmayaraq, Kart/Əlavə kartın istifadəsi və həmin kartlar vasitəsilə aparılan istənilən əməliyyata görə tam məsuliyyət daşımaq, habelə kartların istifadəsi nəticəsində ABB-yə və digər üçüncü şəxslərə dəyən zərərin və bütün növ maliyyə itkilərinin əvəzinin tam həcmdə ödənilməsini həyata keçirmək, bu Standart Şərtlər və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, X4 tərəfindən qəbul edilən qaydalara əməl etmək müştərinin öhdəliyidir. İş materiallarında olan, ABB-nin rəsmi insternet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 19.2.5ci maddəsində qeyd edilmişdir ki, müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür, buna görə məsuliyyət daşıyır. İş materiallarında olan, ABB-nin rəsmi insternet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 19.3.2-ci maddəsində qeyd edilmişdir ki, müştərinin şəxsi imzasının başqa analoqundan istifadə edilməklə “ABB mobile - Mobil Bank” və “ABB banking - İnternet Bank” vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı ABB-nin təqsiri olmadan yarana biləcək bütün risklərə görə məsuliyyət Müştərinin üzərinə düşür və ABB buna görə məsuliyyət daşımır. İş materiallarında olan, ABB-nin rəsmi insternet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 20.4-cü maddəsində qeyd edilmişdir ki, müştəri tərəfindən ABB-yə təqdim edilən məlumatlar (telefon nömrəsi, email adresi və s.) əsasında Müqavilə(lər)in üçüncü şəxs(lər) tərəfindən qanunsuz olaraq bağlanmasına görə ABB məsuliyyət daşımır. İş materiallarında olan, ABB-nin rəsmi insternet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 20.6-cı maddəsində qeyd edilmişdir ki, X4 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın tətbiq olunub-olunmamasından asılı olmayaraq, internet vasitəsilə Kartdan istifadə etməklə aparılmış, həmçinin ölkə xaricində aparılmış bütün əməliyyatlar üzrə, habelə Kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (Kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq, beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi təhlükəsizlik kodunu (3D Secure code) digər şəxslərlə paylaşmamaq və s.) ABB məsuliyyət daşımır. Bu bənddə nəzərdə tutulan əməliyyatlar nəticəsində Müştəri özünə, ABB-ə və digər üçüncü şəxslərə dəymiş zərər, eləcə də bütün növ maliyyə itkiləri və müvafiq zərərin aradan qaldırılmasına sərf olunmuş xərclər (xidmət haqları, komisyon haqlar və s.) həcmində tam məsuliyyət daşıyır. İş materiallarında olan, "OTP-lərin göndərilməsi barədə çıxarışlar"dan görünür ki, xx.xx.2024cü il tarixində, saat 00:35:06–20:20:33 aralığında ABB tərəfindən müştərinin **********04 nömrəli mobil nömrəsinə müxtəlif məzmunlu OTP kodlar (mobil tətbiqə daxil olmaq üçün, rəqəmsal kart rekvizitlərini görmək üçün, ödənişləri həyata keçirmək üçün və s.) SMS vasitəsilə göndərilmiş, bütün bu SMS-lərdə “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin” bildirişi də yer almışdır. 14.İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov tərəfindən "xxxx" ASC-nin rəhbərliyinə göndərilmiş ("xxxx" ASC-yə daxil olma tarixi xx.xx.2024-cü il olmuş) xx.xx.2024-cü il tarixli, 46- 3/2-4399/24 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 5(001)-798/2024 saylı qərarı icra edilməsi üçün sizə göndərilir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi cənab Cövdət Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2-41/2- 22701/2024 nömrəli cavab məktububda qeyd edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(001)-798/2024 saylı qərarına əsasən bildiririk ki, 4127-2044-4824-8508 saylı kart vasitəsi ilə 13804 manat pul xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus 4127-2081-0089-1489 nömrəli karta köçürülmüşdür. Yenə həmin tarixdə 4127-2081-0089-1489 nömrəli kartdan 7010,50 manat və 6509,75 manat pulun məxaric edilməsinə dair əməliyyatlar "xxxx" ASC-yə məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə həyata keçirilmişdir. Qeyd edilən mobil tətbiq "xxxx" ASC-yə məxsus olmadığından pulun köçürüldüyü hesab barədə məlumatların verilməsi mümkün deyil. Köçürmə əməliyyatına dair müvafiq çıxarışı Sizə təqdim edir və qeyd edilənləri nəzərə alaraq məlumatların əldə edilməsi üçün "xxxx" ASC-yə müraciət etməyinizi xahiş edirik. İş materiallarında olan, İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixində müraciətə əsasən, iddiaçı göstərilənləri nəzərə alaraq bu məsələnin araşdırılmasını, məsələyə hüquqi qiymət verilməsini, onun istəyi olmadan ona kredit xətti açılmasına dair onunla ABB arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsini və bu müqavilə üzrə üzərinə qoyulmuş öhdəliklərdən azad olunmağını təmin etməyi xahiş etmişdir. 17.İş materiallarında olan, "xxxx" ASC tərəfindən İddiaçı cavab olaraq ünvanlanmış xx.xx.2024cü il tarixli, 6-2-136/2-R-xx-xx/2024 nömrəli məktubda qeyd edilmişdir ki, sizin "xxxx" ASCyə ünvanladığınız müraciətinizə baxılmışdır. Bildirmək istərdik ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən Sizə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı +**********04 nömrənizə bildiriş SMS göndərilmişdir. Əlavə olaraq qeyd edək ki, Bank tərəfindən borc öhdəliyinin yerinə yetirilməsində hər hansı bir güzəştin edilməsi məqsədəuyğun hesab edilmir. Nəzərə almağınızı xahiş edirik, iş materiallarında olan, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1933/2025 nömrəli Qərardadının “Qərara aldı” hissəsində qeyd edilmişdir ki, İddiaçı istifadəsində olan 4169-7388-9387-8912 nömrəli və 4127-2044-4824-8508 nömrəli plastik kart hesablarından xx.xx.2024-ci il tarixli istehlakkredit müqaviləsinə əsasən 14000 manat məbləğində pul vəsaitinin köçürüldüyü bank hesabı və həmin pul vəsaitinin köçürüldüyü bank hesabı sahibinin şəxsi məlumatları "xxxx" ASC-dən götürülsün. 19.İş materiallarında olan, "xxxx" ASC tərəfindən Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli, HD-32 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1933/2025 nömrəli Qərardadının icrası ilə əlaqədar müraciətinizə "xxxx" ASC-də (bundan sonra – "xxxx" ASC) baxılmışdır. Məlumat üçün diqqətinizə çatdırmaq istəyirik ki, İddiaçı məxsus olan və "xxxx" ASC tərəfindən emissiya edilən 4127-2044- 4824-8508 nömrəli kart vasitəsilə xx.xx.2024-cü il tarixində 10000 AZN və 3600 AZN vəsait İddiaçı məxsus olan və "xxxx" ASC tərəfindən emissiya edilən 4127-2081-0089- 1489 nömrəli digər karta köçürülmüşdür. Birinci əməliyyat üçün müştəridən 150 AZN, ikinci əməliyyat üçün isə 54 AZN xidmət haqqı tutulmuşdur və nəticədə 4127-2044-4824-8508 nömrəli kartdan çıxılan vəsait cəmi 13804 AZN olmuşdur. Bundan sonra, elə həmin gün (xx.xx.2024-cü il tarixində) "xxxx" ASC-yə məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə İddiaçı məxsus olan və "xxxx" ASC tərəfindən emissiya edilən 4127-2081-0089-1489 nömrəli kartdan 7000 AZN və 6500 AZN vəsait çıxılmışdır. Birinci əməliyyat üçün müştəridən 10.50 AZN, ikinci əməliyyat üçün isə 9.75 AZN xidmət haqqı tutulmuşdur və nəticədə 4127-2081-0089-1489 nömrəli kartdan çıxılan vəsait cəmi 13520.25 AZN olmuşdur. Qeyd edilən mobil tətbiq "xxxx" ASC-yə məxsus olmadığından vəsaitlərin köçürüldüyü hesablar barədə məlumatların verilməsi tərəfimizdən mümkün olmamışdır. Yuxarıda qeyd edilən əməliyyatlara dair müvafiq çıxarları diqqətinizə çatdırır və qeyd edilənləri nəzərə alaraq nəticədə vəsaitlərin köçürdülüyü hesablar barədə məlumatların əldə edilməsi üçün aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət etməyinizi Sizdən xahiş edirik. Bu yazının 1-19-cu bəndlərində istinad edilən işin materiallarında qeyd edilən xüsusatları ümumiləşdirsək belə qənaətə gəlmək olar ki, iddiaçı bankla öz iradəsinə əsasən kredit müqaviləsi bağlamış, bundan sonra iddiaçının banka təqdim etdiyi nömrəyə iddiaçının sifarişi əsasında bank tərəfindən müvafiq OTP kodlar SMS vasitəsilə göndərilmiş, iddiaçı bu kodlardan istifadə etmiş, bu hərəkəti ilə iddiaçı müqavilə (standart şərlər) üzrə tam olaraq özü məsuliyyət daşımış, iddiaçının bu hərəkətinə görə bankın müqavilə (standart şərtlər) üzrə heç bir məsuliyyəti olmamış, iddiaçının kartı üzrə müvafiq vəsaitlər onun hərəkəti (sərəncamı) əsasında çıxmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, sizdən xahiş edirik ki, hal-hazırda sizin icraatınızda olan İddiaçı "xxxx" ASC-yə qarşı “istehlak krediti müqaviləsinin (kodunun) etibarsız hesab olunması tələbi”nə dair 2(006)- 1933/2025 saylı mülki iş üzrə iddia ərizəsi tamamilə əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında hazırki iş üzrə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı bankla öz iradəsinə əsasən kredit müqaviləsi bağlamış, bundan sonra iddiaçının banka təqdim etdiyi nömrəyə iddiaçının sifarişi əsasında bank tərəfindən müvafiq OTP kodlar SMS vasitəsilə göndərilmiş, iddiaçı bu kodlardan isifadə etmiş, bu hərəkəti ilə iddiaçı müqavilə (standart şərtlər) üzrə tam olaraq özü məsuliyyət daşımış, iddiaçının bu hərəkətinə görə bankın müqavilə (satndart şərtlər) üzrə heç bir məsuliyyəti olmamış, iddiaçının kartı üzrə müvafiq vəsaitlər onun hərəkəti (sərəncamı) əsasında çıxmışdır. Bu səbəbdən, iddianı qəbul etmədi və iddiaçının iddia tələbinin əsassız olduğunu bildirərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində iddiaçıya və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi, 01 may 2024-cü il tarixdə tərəflər arasında TL-EE003314592 saylı istehlak kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 01 may 2024-cü il tarixli, TL-EE003314592 saylı istehlak kredit müqaviləsi müqaviləsinə görə: * bu müqavilə "xxxx" ASC ilə İddiaçı arasında sonuncunun adına "xxxx" ASC tərəfindən ikitərəfli ödəniş kartının (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əməkhaqqı kartı; bundan sonra birlikdə- “Tam kart” adlanacaq) buraxılmasına, müştərinin adına bank hesablarının (kredit kartına bağlı olan hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı; bundan sonra birlikdə- “Hesab” və ya “Hesablar adlanacaq”) kredit xəttinin (bundan sonra “Kredit” və ya “Kredit xətti” adlanacaq) açılmasına, müştəri tərəfindən Tam kart vasiəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, Tam kartdan 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış fazilərin "xxxx" ASC-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. * müqaviləyə görə kredit xəttinin müddəti 59 ay, kredit xəttinin məbləği 14000 manat, kredit xətti üzrə illik faiz dərəcəsi 24% olaraq müəyyən edilmişdir. * borcalan +**********04 nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir. Müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində "xxxx" ASC-yə yazılı surətdə xəbərdar etməlidir. Borcalan "xxxx" ASC-yə təqdim etdiyi telefon nömrəsi hə hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat "xxxx" ASC-yə təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti borclu daşıyır. * bu müqavilə üzrə borcalan və "xxxx" ASC arasında mobil telefon, mobil əlavə, rabitə və digər elektron platformalarında olan yazışmalar bu müqavilənin tərkib hissəsi hesab edilir və tərəflər arasında yaranan mübahisələr zamanı mötəbər sübut kimi çıxış edir. * müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, Tam kart məhsuluna dair "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə "xxxx" ASC tərəfindən məlumat verilmişdir. “Törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi” barədə Binəqədi RPİ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün İddiaçı ərizəsi ilə əlaqədar toplanmış materialın istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 6-2-136/2-R-xx-xx/2024 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılaraq bildirilmişdir ki, "xxxx" ASC mobil tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən ona təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötülməməsi ilə bağlı +**********04 nömrəsinə bildiirş SMS göndərilmişdir. Bank tərəfindən borc öhdəliyinin yerinə yetirilməsində hər hansı bir güzəştin edilməsi məqsədəuyğun hesab edilmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1933/2025 saylı qərardadı ilə İddiaçı istifadəsində olan 4169-7388-9387-8912 nömrəli və 4127-2044- 4824-8508 nömrəli plastik kart hesablarından xx.xx.2024-cü il tarixli istehlak-kredit müqaviləsinə əsasən 14000 manat məbləğində pul vəsaitinin köçürüldüyü bank hesabı və həmin pul vəsaitinin köçürüldüyü bank hesabı sahibinin şəxsi məlumatlarının "xxxx" ASCdən götürülməsi qərara alınmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, HD-32 saylı məktubundan görünür ki, İddiaçı məxsus olan və "xxxx" ASC tərəfindən emissiya edilən 4127-2044-4824-8508 nömrəli kart vasitəsilə xx.xx.2024-cü il tarixində 10000 AZN və 3600 AZN vəsait İddiaçı məxsus olan və "xxxx" ASC tərəfindən emissiya edilən 4127-2081-0089-1489 nömrəli digər karta köçülmüşdür. Birinci əməliyyat üçün müştəridən 150 AZN, ikinci əməliyyat üçün isə 54 AZN xidmət haqqı tutulmuş və nəticədə 4127-2044-4824-8508 nömrəli kartdan çıxılan vəsait cəmi 13804 AZN olmuşdur. Bundan sonra elə həmin gün, yəni xx.xx.2024-cü il tarixində "xxxx" ASC-yə məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə İddiaçı məxsus olan və "xxxx" ASC tərəfindən emissiya edilən 4127-2081-0089-1489 nömrəli kartdan 7000 AZN və 6500 AZN vəsait çıxılmışdır. Birinci əməliyyat üçün müştəridən 10,50 AZN, ikinci əməliyyat üçün isə 9,75 AZN xidmət haqqı tutulmuşdur və nəticədə 4127-2081-0089-1489 nömrəli kartdan çıxılan vəsait cəmi 13520,25 AZN olmuşdur. Qeyd edilən mobil tətbiq "xxxx" ASC-yə məxsus olmadığından vəsaitlərin köçürüldüyü hesablar barədə məlumatların onlar tərəfindən verilməsi mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1933/2025 saylı qərardadı ilə İddiaçı istifadəsində olan 4127-2081-0089-1489 nömrəli plastik kart hesabından 7000 AZN və 6500 AZN məbləğində pul vəsaitinin köçürüldüyü bank hesabı sahibinin şəxsi məlumatlarının "xxxx" ASC-dən götürülməsi qərara alınmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/204/8902 saylı məktubuna və hesabdan çıxarış məlumatlarına görə aparılan araşdırma nəticəsində xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə məxsus 4127-2081-0089-1489 nömrəli plastik kartdan “Birbank” tətbiqi vasitəsilə 7000 AZN və 6500 AZN vəsaitin xx.xx.1996-cı il təvəllüdlü ünvan 3i ünvanında qeydiyyatda olan X3 adına olan plastik karta köçürüldüyü müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(006)-200/2025 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, e-2(006)-1933/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək, İddiaçı əməkhaqqı kartından 50% həddindən artıq hissədə tutulmaların aparılmasının "xxxx" ASC-yə qadağan edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İşin mübahisələndirilməyən (həqiqi) halı ondan ibarətdir ki, tərəflər arasında 01 may 2024-cü il tarixdə tərəflər arasında TL-EE003314592 saylı istehlak kredit müqaviləsi bağlanması yolu ilə müqavilə münasibətləri əmələ gəlmişdir və bağlanmış müqaviləyə görə hər bir tərəf öz üzərinə şərtləşdirilmiş öhdəlikləri icra etməyi götürmüşdür. Tərəflər arasında bağlanmış olan müqavilənin xüsusiyyəti ondan ibarət olmuşdur ki, bu müqavilə "xxxx" ASC ilə İddiaçı arasında sonuncunun adına "xxxx" ASC tərəfindən ikitərəfli ödəniş kartının (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əməkhaqqı kartı; bundan sonra birlikdə- “Tam kart” adlanacaq) buraxılmasına, müştərinin adına bank hesablarının (kredit kartına bağlı olan hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı; bundan sonra birlikdə- “Hesab” və ya “Hesablar adlanacaq”) kredit xəttinin (bundan sonra “Kredit” və ya “Kredit xətti” adlanacaq) açılmasına, müştəri tərəfindən Tam kart vasiəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, Tam kartdan 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış fazilərin "xxxx" ASC-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. Müqavilənin 15.1-ci maddəsinə əsasən müştəri bu müqaviləni imzalamaqla +**********04 nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir. Müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində ABB-ni yazılı surətdə xəbərdar etməlidir. Borcalanın ABB-yə təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat ABB-yə təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti borcalan daşıyır. 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq müştəri Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq etmişdir. 15.3 və 15.4-cü bəndinə əsasən müştəri bu müqaviləni imzalamaqla, ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə, habelə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq etmişdir. 6.1-ci maddəsinə əsasən müştəri +**********04 telefon nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir. Müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində ABB-ni yazılı surətdə xəbərdar etməlidir. Standart Şərtlərin 18.9.23-cü və 18.9.24-cü maddələrinə əsasən X4 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunubolunmamasından asılı olmayaraq, Kart/Əlavə kartın istifadəsi və həmin kartlar vasitəsilə aparılan istənilən əməliyyata görə tam məsuliyyət daşımaq, habelə kartların istifadəsi nəticəsində ABB-yə və digər üçüncü şəxslərə dəyən zərərin və bütün növ maliyyə itkilərinin əvəzinin tam həcmdə ödənilməsini həyata keçirmək, bu Standart Şərtlər və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, X4 tərəfindən qəbul edilən qaydalara əməl etmək müştərinin öhdəliyidir. İşin mübahisələndirilən və məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməli olan halı ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə xx.xx.2024-cü il tarixdə bağlanmış TL- EE003314592 nömrəli müqavilə əsasında onun adına 24 faizlə verilmiş 14000 manatlıq kredit xəttinin açılmasına dair müqavilənin etibarsız hesab edilməsini və bu müqavilə üzrə bu günə qədər onun əmək haqqından tutulmuş məbləğin cavabdeh "xxxx" ASC tərəfindən ona qaytarılmasını tələb edir. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixdə TL-EE003314592 saylı istehlak kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin müvafiq şərtlərindən görünür ki, 59 ay müddətinə, illik faiz dərəcəsi 24%, məbləği 14000 manat olmaqla müştəri İddiaçı adına kredit xətti açılmışdır. İddiaçı hazırki iddia tələbi ilə müraciət etməklə, kreditin verilməsi ilə əlaqədar müraciət edilən zaman bankın əməkdaşlarının onunla əlaqə saxlamadığını, müvafiq sənədlər tələb etmədiyini, razılığını almadığını, müqavilə bağlamadan krediti naməlum şəxsə verdiyini qeyd etmiş və əqdin etibarsızlığına dair tələb irəli sürmüşdür. Bu isə məhz işin mübahisələndirilən və məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməli olan halıdır. Əqdin etibarsızlığı məsələsinə toxunmamışdan öncə əqdin anlayışına münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə əqd dedikdə, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi başa düşülür. Öz təbiətinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İddia ərizəsində də mübahisələndirilən və qanunvericiliklə tənzimlənən əqdin etibarsız hesab edilməsi üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmişdir. Həmin fəslə aid 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə də, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: Subyekt tərkibinə görə; Məzmununa görə; Formasına görə; İradə və iradə ifadəsinə görə. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Məhkəmə qeyd edir ki, hər hansı bir əqdin etibarlılıq məsələsi müəyyənləşdirilərkən yuxarıda qeyd edildiyi kimi, əqdin məzmununun, formasının və sair ünsürlərindən birinin qüsurlu olması vacibdir. Hazırda irəli sürülmüş olan iddia tələbi də əqdin etibarsızlığı ilə bağlı olsa da, tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün onun hər hansı bir ünsürünün qüsurlu olması müəyyən edilmədiyindən, məhkəmənin qənaətinə görə bağlanmış olan əqd etibarsız hesab edilə və bununla da iddia təmin edilə bilməz. Göründüyü kimi, iddiaçının hesabına bank tərəfindən vəsait mədaxil edilmişdir. Bu hal nə iddiaçı, nə də ki, məhkəmə icraatının aparıldığı dövrdə məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi tərəfindən inkar edilir. Qeyd edilməlidir ki, vəsaitin mədaxil edilməsi üçün təşəbbüskar məhz iddiaçı olmuş, iddiaçının iradə ifadəsi əsasında onun istifadəsində olan mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş, həmin kod daxil edilərək təsdiq edildiyi üçün əməliyyat uğurla həyata keçirilmiş və tələb edilən məbləğdə vəsaitin ayrılması bank tərəfindən mümkün hesab edilmişdir. İddiaçı, bankın onunla hər hansı bir formada əlaqə yaratmadan vəsaitin ayrılmasına istinad edib, əqdin etibarsızlığını tələb etmiş olsa da, iddiaçının istinad etdiyi hallar əqdin etibarsızlığı üçün yetərli əsas hesab edilə bilməz. Bundan savayı iddiaçının istinad etdiyi halların tam əksi, yəni elektron qaydada müraciət əsasında bank tərəfindən vəsaitin ayrılmasının mümkünlüyü və sair məqamlar tərəflər arasında daha öncədən bağlanmış 01 may 2024-cü il tarixli, TL-EE003314592 saylı istehlak kredit müqaviləsi müqaviləsində öz əksini tapmışdır. Belə ki, "xxxx" və «Birbank» mobil tətbiqlərindən qeydiyyatdan keçərkən müştəri eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edir. İddiaçı tərəfindən "xxxx" mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış 01 may 2024-cü il tarixli, TL-EE003314592 saylı istehlak kredit müqaviləsinə əsasən kredit xəttinin məbləği 14000 manat müəyyən olunmuşdur. Bundan sonra yuxarıda qeyd olunan razılaşmaya əsasən ayrılmış 14000 manat məbləğində olan kredit xəttindən istifadə edilərək 4127-2044-4824-8508 nömrəli kart vasitəsilə 10000 AZN və 3600 AZN vəsait "xxxx" ASC tərəfindən emissiya edilən 4127-2081-0089-1489 nömrəli digər karta köçülmüşdür. Elə həmin gün "xxxx" ASC-yə məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə "xxxx" ASC tərəfindən emissiya edilən 4127-2081-0089-1489 nömrəli kartdan 7000 AZN və 6500 AZN vəsait digər şəxsin kart hesabına köçürülmüşdür. Həmçinin, qeyd olunmalıdır ki, bu əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +**********04 mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş və həmin kod daxil edilərək təsdiq edildiyi üçün sözügedən əməliyyat uğurla həyata keçirilmişdir. Təhlükəsizlik kodlarının göndərilməsi ilə bağlı məlumat məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş sübutlardan göründüyü kimi, yuxarıda qeyd edilən əməliyyatlar iddiaçının özü tərəfindən aparılmış, bununla bağlı cavabdeh bütün təhlükəsizlik tədbirlərinə riayət edərək, iddiaçıya təsdiqedici kod göndərmiş və pul vəsaitinin iddiaçının hesabından digər hesaba köçürülməsi cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olmamışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələbləri yerinə yetirilmiş, E-bankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirlər görülmüşdür. Hazırki iş üzrə iddiaçının hesabına kənardan hər hansı kiberhücum və s. olmamış, bank tərəfindən müştərinin hesablarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımlar atılmış, iddiaçıya əməliyyatların təsdiq edilməsi üçün kodlar göndərilmişdir. Bununla da, yuxarıda sadalanmış olan işin halları tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilmədiyindən və iddiaçı istinad etdiyi halları sübuta yetirmədiyindən, bunun tam əksinə tərəflər arasında bağlanmış olan əqdin hər baxımdan əqdlərin etibarlılıq şərtlərinə uyğun hesab edildiyindən, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə onu da vurğulayır ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb edərkən bank tərəfindən onun razılığı olmadan onun adına kredit xətti açıldığını bildirmişdir. Məhkəmənin iddiaçının tələbi üzrə araşdırma aparması nəticəsində iddiaçıya məxsus kartdan istinad etdiyi məbləğlərdə vəsaitin başqa kart hesabına köçürüldüyü, bu kartın X6 məxsus olduğu müəyyən edilmişdir. "xxxx" ASC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, lakin məhkəmə iclasında onun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsi üçün əsas olmadığına görə iddia tələbi banka münasibətdə rədd edilmiş olsa belə, iddiaçının bildirdiyi kimi, ona məxsus hesabdan vəsaitin silinməsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququndan (mülki qaydada və yaxud aidiyyəti hüquq mühafizə orqanına müraciət etməklə cinayət mühakimə icraatı qaydasında) istifadə edə bilər. Yəni nəticə etibarı ilə iddiaçının əqdin etibarsızlığına dair iddia tələbinin təmin edilməməsi, ona dəymiş olan ziyanın ödənilməsi tələbi ilə müraciət etmək hüququna mane ola biləcək hal kimi qiymətləndirilməməli və iddiaçıya maraqlarının, qanuni mənafeyinin təmin edilməsi üçün qanun çərçivəsində zəruri addımları ata biləcəyi izah olunmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «istehlak kredit müqaviləsinin (kodunun) etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar