Məhkəmə qərarları › İş №2(006)-1954/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1954/2024

15.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1954/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Xətai rayonu Enerji Təchizatı və Satış İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Xətai rayonu Enerji Təchizatı və Satış İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1-ci və 2-ci Qarabağ Müharibəsinin İİ qrup əlilidir, onun mülkiyyətində olan ünvan 1 ünvanında olan işıq sayğacı smartkart tiplidir. Quraşdırılmış smartkart tipli işıq sayğacına heç bir müdaxilə olunmadan elektron iş funksiyasını itirmişdir (yəni, smartkart tipli kart sayğac tərəfindən tanınmır). O dövrə qədər 59 manat 79 qəpik pul vəsaitini karta yükləsə də və kartdan sayğaca köçürsə də, sayğac yararsız olduğu üçün həmin vəsaiti işıq enerjisini istifadəsinə verməmişdir. Bununla bağlı iddiaçı karta pul vəsaitini yüklədi, smartkart tipli sayğaca yüklədi, lakin müəyyən səbəbdən pul məbləği sayğaca yüklənmədi, dəfələrlə çalışdı yenidən pul vəsaitini kart vasitəsi ilə yükləsin sayğaca yenə də həmin məbləği qəbul etmədi, xx.xx.2022-ci il tarixdə havaların soyuq olan vaxtı "xxxx" ASC-yə yazılı müraciət etdi, həmin dövrdə sayğaca rəsmi baxış keçirdilər, ərazi üzrə sahə rəisi sayğaca müdaxilə edilmədən iş funksiyasını itirmişdir deyə bildirdi və bu barədə xx.xx.2022-ci il tarixdə AKT nömrə 281881 saylı tərtib edilərək sayğac çıxarılaraq laboratoriyaya göndərilmişdir. Ona yeni kart təqdim etdilər, məbləği karta köçürülməsi üçün idarəyə müraciət etməyini bildirdilər. İddiaçı isə idarəyə xx.xx.2023-cü il tarixdə yaxınlaşdı və köhnə sayğacdan və onun smartkart tipli kartından qalan 59 manat 79 qəpik pul məbləğini yeni kart köçürülməsini ərizəsi ilə xahiş etdi. Bugünə qədər həmin məbləğ yeni kartına köçürülməyib və ərizəsi beş aydır ki, cavabsız qalıb. Beş ay ərzində dəfələrlə idarəyə müraciət etsə də, bugünə qədər ərizəsi ilə bağlı müraciət öz əksini tapmamışdır. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya vurduğu maddi ziyanın 59 manat 79 qəpik şəxsi vəsait, 250 manat avtomobil yanacaq sərfiyyatı, vaxt iş rejim pozuntusu üçün 300 manat, ümumilikdə 609 manat pul vəsaitinin Azərişıq İdarəsinin üzərinə öhdəlik qoyaraq abunə nömrəsi **********50C, abonentin kodu **********2 hesabına həmin məbləğin ödnilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, abunə haqqında saldodan da göründüyü kimi iddiaçının balansında artıq 59.71 manat məbləğində vəsait vardır. Həmin məbləğ 2022-ci ilə aiddir. 2023-cü ildə yeni sayğac quraşdırılıb. Lakin həmin vəsait köhnə sayğacın balansında qalıb. Eyni zamanda həmin pul iddiaçıya məxsusdur. Ona hər hansı müdaxilə olunmayıb. Mənəvi ziyan hissəsində də iddianı qəbul etmir. Bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin noyabr ayında balansında 59 manat pulun olmasına baxmayaraq, gecə işıqlar sönmüşdür. Kartı sayğaca salaraq 59 manat vəsaiti köçürmək istəyərkən balansa yüklənməmiş, səhəri gün cavabdehə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, kart bloka düşüb. Əməkdaşlar kartı blokdan çıxararaq, ona təqdim etmişdilər. Daha sonra o, yenidən kartdakı vəsaiti hesaba köçürmək istəyərkən yenidən bu baş tutmamışdır. O, bununla bağlı təkrarən cavabdehə müraciət etmişdir. Yenidən eyni prosedur təkrarlanmış, lakin yenə bir işə yaramamışdır. Daha sonra mütəxəssis göndərilmiş və sayğaca baxış keçirilmişdir. O bildirmişdir ki, sayğac yanmışdır. Daha sonra sayğac dəyişdirilmiş və ona yeni kart verilmişdir. O, əvvəlki kartında olan vəsaitinin necə olacağını soruşanda ona bildirmişdilər ki, yaxınlaşsın idarəyə əvvəlki vəsait yeni sayğaca köçürülsün. Bununla bağlı bir neçə dəfə idarəyə müraciət etmişdi. Daha sonra ona bildirilmişdi ki, vəsait köhnə sayğacdadır. Köhnə sayğac isə labaratoriyaya göndəriləcəkdir. Bundan sonra vəsait qaytarıla bilər. Lakin bugünə kimi qeyd edilən vəsait ona qaytarılmayıb. Bu da onun istehlakçı kimi hüquqlarının pozulması deməkdir.

5. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmış, iddiaçı tərəfindən smartkart tipli karta 59.79 manat məbləğində pul köçürülmüş, lakin həmin məbləği sayğaca köçürdə bilməmişdir. Sonradan bununla bağlı cavabdehə müraciət etmiş, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə 281881 saylı akt əsasında sayğac çıxarılaraq laboratoriyaya aparılmış və iddiaçının ünvanına yeni sayğac quraşdırılmış və yeni smartkart tipli kart verilmişdir. Nəticədə, iddiaçının əvvəlki karta yüklədiyi pul vəsaiti köhnə sayğacda qalmışdır. Odur ki, hazırda iddiaçı həmin pulun, eyni zamanda avtomobil yanacaq sərfiyyatı və iş vaxtının pozuntusu üçün pulun ona məxsus abunə nömrəsi **********50C, abonent kodu **********12 olan hesabına ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən abunə kodu **********5015C olan və İddiaçı məxsus abonentin hərəkət cədvəlindən görünür ki, 2022-ci il üzrə borc məbləği 59.72 manat məbləğindədir.

9. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli, abunə kodu **********5015C olan abonent saldosundan isə görünür ki, iddiaçıya məxsus abonent hesabında 59.71 manat artıq pul məbləği vardır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir.

11. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

13. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

14. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

15. Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının smartkart tipli sayğaca yüklədiyi 59.71 manat məbləğində pul vəsaiti sayğacın iş funksiyasını itirməsi səbəbilə sayğaca yüklənməmiş və sonradan sayğacın dəyişməsi səbəbilə yüklənən pul vəsaiti əvvəlki sayğacda qalmışdır. Bununla da iddiaçının istehlakçı hüquqları pozulmuşdur. Belə ki, iddiaçı həmin pul vəsaitindən istifadə edə bilmir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hazırda iddiaçı karta 59.79 manat məbləğində pul yüklədiyini iddia etsə də, iddiaçıya məxsus abonent saldosunda 59.71 manat artıq məbləğ qeyd edilmişdir. Odur ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə, yalnız 59.71 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya məxsus **********5015C saylı abonə hesabına köçürülməlidir.

16. Bundan başqa, məhkəmə iddia tələbinin avtomobil yanacaq sərfiyyatını itirdiyinə görə 250 manat və vaxt iş rejiminin pozulmasına görə isə 300 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının abonə hesabına ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, həmin hissədə tələbini əsaslandıracaq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

17. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Hazırki iş üzrə iddiaçı hazırki mübahisə ilə əlaqədar avtomobil yanacaq sərfiyyatına 250 manat məbləğində pul xərclədiyini, eyni zamanda iş rejiminin pozuntusu üçün 300 manat məbləğində maddi ziyan çəkdiyini iddia etsə də, bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir.

19. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. stinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

21. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.

22. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin hissədə tələb əsassız hesab edilməklə rədd edilməlidir.

23. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən 59.71 manat məbləğində pul vəsaiti iddiaçıya məxsus **********5015C saylı abonə hesabına köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

24. Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir.

25. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

26. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

27. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 59.71 (əlli doqquz manat, yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı məxsus **********5015C saylı abonə hesabına (abone kodu: **********12) köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar