Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1974/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı abunə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı abunə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC ilə onun arasında bağlanılması qeyd olunan 070 994 84 13 və 070 349 35 87 mobil nömrələri üçün hesablanmış xx.xx.2023-cü il tarixli hər iki abunə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2024-cü ilin yanvar ayında Sumqayıt Baş Polis İdarəsinə dəvət etmişlər. O, polis idarəsinə gedən zaman məlum olmuşdur ki, onun xəbəri olmadan Cavabdeh MMC onun adına tanımadığı şəxslərlə abunə müqaviləsi bağlayaraq, onun əvəzindən imza etdirməklə iki ədəd Cavabdeh MMC-yə məxsus 070 *** ** ** və 070349 35 87 mobil nömrə satmışdır. Polis idarəsindən ona bildirildi ki, həmin nömrələr vasitəsi ilə ölkə ərazisində narkotik vasitələrin satışı və dövriyyəsi üçün istifadə edilmiş və həmin şəxslərin ifşa olunması məqsədi ilə araşdırma aparılır. Onun məlumatı olmadan cavabdeh tərəfindən həyata keçirilmiş qeyri-qanuni hərəkətlər nəticəsində o, polis idarələrində qalaraq maddi və mənəvi əzab çəkmişdir. Cavabdeh MMC ilə tərəfindən 070 *** ** ** və 070 *** ** ** mobil nömrələrin abunə müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Qeyd etmək istəmişdir ki, həmin nömrələrin kim tərəfindən alınması və hansı formada onun məlumat olmadan müqavilələrin bağlanması vətəndaş olaraq onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən Cavabdeh MMC məsuliyyət daşıyır. Bildirmək istəmişdir ki, qeyd olunan hüquqpozmalara görə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir, Polis İdarəsindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə ********* və ********* mobil nömrələrin sonuncunun istifadəsinə verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə xəttşünaslıqekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 27-ci vərəqində xx.xx.2023-cü il tarixli 070 *** ** ** nömrəli abunə müqaviləsinin arxa tərərinin aşağı hissəsində olan abunəçi qrafasındakı imza, 29-cu vərəqində xx.xx.2023-cü il tarixli 070 *** ** ** nömrəli abunə müqaviləsinin arxa tərəfinin aşağı hissəsində olan abunəçi qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 110 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ********* və ********* mobil nömrələri üzrə abunə müqavilələri etibarsız hesab edilməlidir. Belə ki, iş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə xəttşünaslıq-ekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, həmin müqavilədəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfındən icra olunmuşdur. Məhkəmə, ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixli abunə müqavilələrini imzalamamaqla Cavabdeh MMC ilə belə bir müqavilə bağlamadığından, tərəflər arasında müqavilə münasibətləri və müqavilə üzrə hüquq və vəzifələr yaranmamışdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri-cəmi 110 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə ********* və ********* mobil nömrələri üzrə abunə müqavilələri etibarsız hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri-cəmi 110 manat Cavabdeh MMC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1974/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1974/2024
19.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver