Məhkəmə qərarları › İş №2(006)-1976/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1976/2025

19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1976/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş olan mənəvi ziyana, şərəf və ləyatəqini alçaldan hərəkətlərə, həmçinin işgüzar nüfuzuna vurulan ziyana görə 3.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov "xxxx" MMMC-nin komendant vəzifəsində işləyir. Həmin binada Əliyev Əlikişinin sahibi olduğu evdə qalan sakin Cavabdeh onu və ailəsini binanın həyətində blokunda dəfələrlə təhqir etmiş və nalayiq sözlərlə ünvanına söyüşlər yağdıraraq şərəf və ləyaqətini alçaltmışdır. "xxxx" MMMC-nin ofisinə daxil olaraq, bir neçə dəfə anasını və ailəsini təhqir etmiş və ofisin normal şəkildə fəaliyyət göstərməsinə maneəçilik törətmiş, bunların nəticəsində hər dəfə anasının təzyiqi qalxmış və onun hərəkətləri nəticəsində əsəb sistemləri pozulmuşdur. Birinci dəfə yəni xx.xx.2024-cü il tarixdə anası iş başında olarkən xidməti otağına girərək əsassız iddialara görə pis söyüşlərlə təhqir etmişdir. İkinci dəfə xx.xx.2024-cü il tarixdə təkrarən xidmət otağına girərək otağı dağıda-dağıda təhqirlərə məruz qoymuşdur. Məhkəməyə təqdim olunmuş video görüntülərdən müəyyən olunur ki, cavabdeh ona və anasına qarşı sanki mənəvi terror həyata keçirir və bunun nəticəsində o, daima gərgin şəraitdə işləyir, cavabdeh və anası Zemfira Əliyeva da sakinlər arasında ona və anasına qarşı şər və böhtan, həmçinin işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymışdır. Həmçinin binanın həyətində olarkən iki dəfə yanından anası Zenfira Əliyeva ilə keçərək ağır söyüşlərlə onu təhqir etmişdir. Bununla bağlı tərəfindən birinci dəfə AR DİN Nəsimi RPİ-nin 21-ci PB-nə müraciət olunmuş və ona verilən xx.xx.2024-cü il cavabda Cavabdeh barədə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə müvafiq olaraq protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. İkinci dəfə Nəsimi RPİ-nin təhqiqat şöbəsində işə baxılmış və şifahi olaraq məhkəməyə bununla bağlı müraciət etməyi tövsiyə etmişlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən X1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Anara adlı şəxs barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi vasitəsi ilə 21-ci Polis Bölməsinə daxil olmuş müraciətə baxılmışdır. Araşdırma zamanı gələcəkdə bu cür xoşagəlməz halların qarşısının alınması məqsədilə hüquq pozmaya yol verən şəxs ilə profilaktiki-izahedici söhbətlər aparılaraq 21-ci PB-də izahatı alınmışdır. Həmçinin həmin şəxs barədə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə müvafiq olaraq protokol tərib edilərək inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən binanın zirzəmisində vətəndaş tərəfindən kiçik anbar düzəldilmiş və özünə məxsus sayğacdan elektrik verilişi quraşdırılmışdır. Tərəflərindən elektrik verilişi açılaraq vətəndaşa xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən Nəsimi-61 MMMC-də komendant vəzifəsində çalışır. Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı Həmzə Babayev tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, HK/2-2374 nömrəli raporta əsasən ünvan 2, mənzil 200-də yaşayan X2 DİN-in “102” xidməti-zəng mərkəzinə müraciət edərək, binanın sakini Cavabdeh adlı şəxsin onu təhqir etməsini bildirmişdir. Faktla bağlı gələcəkdə bu cür xoşagəlməz halların qarşısının alınması məqsədilə hüquq pozmaya yol verən şəxs Cavabdeh ilə izahediciprofılaktiki söhbətlər apanlaraq 21-ci PB-də izahatı alınmışdır. Həmçinin, həmin şəxs barədə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə müvafiq olaraq MN № ******* saylı protokol tərtib edilərək 50 manat məbləğində inzibati cərimə tənbehi növü seçilmiş və inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı Həmzə Babayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1795147 nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2024-cü il tarixli MN1502629 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə müvafiq olaraq protokol tərib edilərək inzibati qaydada məsuliyyətə cəlb olunmuş və inzibati xəta tərkibinin törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “CD” diskdəki video-görüntülərdən görünür ki, cavabdeh iddiaçının anasının iş otağına daxil olur və orada otaqda olan şəxsə qarşı yüksək səslə müraciətlər edir, ona iradını bildirir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “USB” yaddaş kartındakı videogörüntülərdən görünür ki, iddiaçı tərəfindən binaya məxsus liftləri qeyri-işlək vəziyyətə gətirilməsi görüntüyə alınmışdır.. Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının : 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 72-ci maddəsinin İİ hissəsinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın: 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarını araşdıraraq və iş materiallarında olan sənədləri tədqiq edərək müəyyən etdi ki, cavabdeh iddiaçının anası ilə arasında olan olan mübahisədən irəli gələn hallara əsasən inzibati qaydada tənbeh edilmişdir. Bununla bağlı iddiaçının anası müvafiq olaraq hüquq-mühafizə orqanlarına müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Hazırki vəziyyətdə isə iddiaçı qeyd olunan hadisə ilə bağlı onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər gəlməsini bildirərək ona dəymiş mənəvi zərərin əvəzini cavabdehdən tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılmasının məhkəmə təcrübəsinə əsasən mütləq şərtlər kimi məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması şərtlərinin eyni zamanda mövcudluğu tələb olunur. Lakin işin hallarından da göründüyü kimi tərəflər arasında mübahisə məhz iddiaçının anasının xidməti otağı daxilində və məhz həmin məkanda iki şəxsin (iddiaçının anası və cavabdeh) olduğu vaxtda baş vermişdir. Üstəlik də qeyd edilən hadisə ilə bağlı Anar Bağıyevanın təqsirliliyi Növrəstə Bağırovaya münasibətdə müəyyən edilmişdir. Həmin mübahisə zəminində Cavabdeh N.Bağırovaya münasibətdə qeyri-etik ifadələrə yol verməsi məhz elə Cavabdeh barəsində inzibati xəta haqqında icraat aparılmasına və nəticədə şəxsə qarşı inzibati tənbeh tətbiq edilməsinə əsas vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının anasına qarşı inzibati xətaya yol vermiş şəxsin əməlinə hüquq qiymət verilməsi artıq iddiaçı və onun anasının hüquqlarının bərpasına xidmət etmiş haldır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İddiaçı onun anası ilə cavabdeh arasında baş vermiş münaqişə zəminində onun ünvanına yönəlməsini hesab etdiyi ifadələrin ümumiyyətlə yayılıb-yayılmaması, əgər belə bir yayılma halı baş vermişdirsə, bunun nəticəsində hansı qaydada yayılması, iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hansı qaydada zərər vurulması halını əsaslandıra və ağlabatan və mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, İddiaçı anası Növrəstə Bağırova ilə Cavabdeh arasında olmuş mübahisə zəminində iddiaçının ünvanına qeyri-etik ifadələrin işlədilməsi dəlilini gətirərək onun şərəf və ləyaqətinin, işgüzar nüfuzuna dəymiş zərərə görə əvəz ödənilməsini tələb etməsini əsaslı hesab etmək olmaz. İddiaçının hazırki mülki iş üzrə təqdim edilmiş sübutlar əsasında cavabdeh barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin açılması üçün Nəsimi rayon prokurorluğuna göndərilməsi barədə vəsatəti ilə bağlı bildirilir ki, məhkəmə mülki işin araşdırması zamanı şəxsin əməllərində cinayətin tərkib əlamətlərinə dəlalət edən əsaslar müəyyən etdikdə qeyd edilən məsələnin hüquqi qiymətləndirilməsi məqsədilə aidiyyəti üzrə hüquq mühafizə orqanına göndərilməsi məhkəmənin səlahiyyətindədir, bu halda məhkəmə iddiaçının vəsatəti ilə bağlı deyildir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın tutulması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar