Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1992/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə və digər Cavabdeh2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 Əsgər oğluna və "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 Əsgər oğluna və "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, kürəkəni Cavabdeh2 Əsgər oğlu Cavabdeh1 kredit götürməklə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kürəkəni əvvəlcə Dəmirbankdan kredit götürüb iddiaçının razılığı ilə evini ipoteka ilə yüklü etmişdir. Bununla bağlı iddiaçı onunla bir neçə dəfə notariat kontoruna getmişdir. Lakin sonradan evinin Cavabdeh1-a girov qoyulmasından xəbəri olmamış və iddiaçı buna razı olmamışdır. Çünki həmin vaxt onun qızı ilə münasibəti korlanmışdır və iddiaçı ondan Dəmirbanka olan borcunu tez bağlayıb evini ipotekdan azad etməsini tələb etmişdir. Kürəkəni iddiaçıya bildirmişdir ki, Dəmirbankda olan borcunu bağladığı üçün onunla notariusa və banka gedib bir sıra sənədləri imzalamalıdır. İddiaçı onun sözünə inanıb evini girovdan azad etmək niyyəti ilə notariat kontoruna, sonra isə banka getmişdir. Notariat kontorunda evinin sonradan ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsinin necə rəsmiləşdirildiyindən xəbəri olmamışdır. Ehtimal edir ki, ipoteka müqaviləsində olan imza iddiaçının adından imzalanmışdır. Əqdin təməl qurucu ünsürü iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir.İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərin davranışının psixi tənzimlənməsi prosesidir. Belə hesab edir ki, iradə dedikdə insanın daxildəki arzusu nəzərdə tutulur. İradə ilə iradə ifadəsi üst-üstə düşməlidir, İradə ifadəsi şəxsin öz iradəsini kənara bəyan etməsidir ki, bunun vasitəsilə onu başqa şəxslər dərk edirlər, İradə ifadəsi aşağıdakı elementlərdən meydana gəlir: 1 .Hüquqi nəticəyə yönəlmiş arzu, iradə. 2. Hüquqi nəticəyə yönəlmiş arzunu bəyan etmə. Lakin qeyd edilənlərin heç biri nə iddiaçının fikrində olmuş, nə də onu bəyan etmişdir. İradəni ifadə etmə daxili iradəni düzgün əks etdirməlidir. Daxili iradə əqdin digər iştirakçılarının nəzərinə yalnız qanunun müəyyənləşdirdiyi formada çatdıra bilər. Həmin forma isə əqdin forması adlanır. Əqdin qanunvericilikdə göstərilən formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin forması dedikdə, qanunda nəzərdə tutulan elə üsullar nəzərdə tutulur ki. bu üsullar vasitəsi ilə əqdi bağlamaq niyyəti olan şəxsin daxili iradəsi xaricən ifadə olunur, dəqiq və aydın surətdə əqdin digər iştirakçılarının nəzərinə çatdırılır. İpoteka müqaviləsi bağlanarkən iddiaçı notariat kontoruna dəvət olunsa da, müqaviləyə imza etməmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə Cavabdeh1 ASC arasında Abşeron rayonu 1 saylı X1 rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı bağlanmış xx xxxxxx 2013-cü il tarixli 119741-NEDVİJ-2036 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakının yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş edərək, iddia ərizəsinə etiraz etmiş və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 məhkəmədə izahat verərək mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və müstəqdil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmənin əvvəlki iclkasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2013-cü il tarixli 119741-NEDVİJ-2036 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsindən görünür ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında 2 mərtəbəli, 4 otaqlı, 93,4 kv.metr yaşayış, 202 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 Əsgər oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı və cavabdehlər arasında xx xxxxxx 2013-cü il tarixli 119741-NEDVİJ-2036 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 22 ünvanında 2 mərtəbəli, 4 otaqlı, 93,4 kv.metr yaşayış, 202 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 Əsgər oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə xx xxxxxx 2013-cü il tarixdə bağlanmış, lakin həmin tarixdən 7 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Məhkəmə iddia ilə bağlı əlavə olaraq qeyd edir ki, iddia ərizəsində qeyd olunanlar formal mülahizələrə əsaslanmaqla əsassızdır. Belə ki, mübahisə predmeti olan ipoteka müqaviləsi iddiaçı tərəfindən imzalanmışdır ki, iddiaçı tərəfindən bunun əksin sübut edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq etibarnamə verilmiş və etibarnamənin qüvvədə olduğu müddətdə müəyyən qanuni hərəkətlər edilərək ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda, məhkəmə tədqiqatı zamanı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 Əsgər oğluna və "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1992/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1992/2021
15.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver