Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2000/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı (Azərbaycan Kredit Bürosu MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Kredit Bürosu MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun etibarsız sayılması və hökmün icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə İddiaçı arasında qanunsuz bağlanmış müqaviləni etibarsız sayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünü icra edərək, kredit borc öhdəliyinə xitam verilməsini və adına olan etibarsız məlumatların Mərkəzi Kredit Reyestrin sistemindən silinməsi və çıxarılmasının təmin edilməsini, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun "xxxx" ASC tərəfindən İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçının ərizəsi əsasında LPO Cavabdeh2 ASC mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2000/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı (Azərbaycan Kredit Bürosu MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun etibarsız sayılması və hökmün icra edilməsi” tələbinə dair iddiasının “Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünün icra edilərək, kredit borc öhdəliyinə xitam verilməsi” tələbinə dair hissəsində icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Zamin bank”ın Cənub filialının rəhbərliyi qanunsuz olaraq işçilərin və digər şəxslərin adından iştirakları və imzaları olmadan qanunsuz kreditlər rəsmiləşdirmişlər. Kreditlərin heç birindən heç bir kəsin xəbəri olmamışdır. Bir müddət keçdikdən sonra “Zaminbank" ASC tərəfindən iddiaçıya borc haqqında iddia qaldırılmışdır və ona məlum olmuşdur ki, adına xəbəri olmadan kredit rəsmiləşdirilib. Ona, İddiaçı (FİN: xxxxxxx) adına xx.xx.2010-cu il tarixli 981 nömrəli kredit müqaviləsi ilə 4000 (dörd min) manat məbləğində kredit müqaviləsi yaradılmış və ondan xəbərsiz imzalanmışdır. "Zaminbank” ASC Cənub filialının rəhbəri tərəfindən ona bildirilmişdir ki, narahat olmayın və adınıza olan kredit borcu silinəcəkdir. Məhkəmə iddiaçı tərəfin lehinə qərar qəbul etdiyinə baxmayaraq, hazırki günə kimi kredit borcu adında qalmaqdadır. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-95/2017 saylı,xx.xx.2017-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, həqiqətən Zaminbank ASC-nin Cənub filialının rəhbəri 2009-cu ildən başlayaraq müxtəlif vaxtlarda fərqli şəxslərin adına kredit götürdüyü göstərilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu məhkəmə iclasında izahatında iddia ərizəsini Cavabdeh2 ASC ilə İddiaçı arasında qanunsuz, bağlanmış müqavilənin etibarsız sayılaraq, iddiaçının kredit borc öhdəliyinə xitam verilməsinə və iddiaçının adına olan etibarsız məlumatların Mərkəzi Kredit Reyestrin sistemindən silinməsinə və çıxarılmasına dair hissədə qəbul etdiyini, lakin iddia ərizəsini dövlət rüsumu hissəsində qəbul etmədiyini bildirmişdir. Məhkəmədən iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdeh LPO Cavabdeh2 ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdeh LPO Cavabdeh2 ASC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 95/2017 saylı hökmü ilə Cavabdeh2 ASC-nin «Cənub» filialının müdiri vəzifəsində işləmiş X1 və bir sıra digər şəxslər (Cavabdeh2 ASC-nin «Cənub» filialının müdir müavini M.S.Gözəlov və qeyriləri) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-95/2017 saylı hökmü ilə müəyyən edilmişdir ki, X1 Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən maddi məsul şəxs olmaqla saxta rəsmi sənədlər əsasında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edib, vahid qəsdlə mənimsəməklə talamışdır. Belə ki, o, 22 mart 2004-cü il tarixdən 02 sentyabr 2013-cü il tarixədək olan müddətdə Cavabdeh2 ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş Cavabdeh2 ASC-nin külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən İddiaçı adına xx.xx.2010-cu il tarixli 982 nömrəli kredit müqaviləsi ilə 4.000 (dörd min) manat pul vəsaitinin guya həmin şəxslər tərəfindən kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, onların adlarına müvafiq saxta kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, müddətli öhdəçilik, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri qanunsuz hazırlayaraq, qeyd olunan sənədlərdə vətəndaşların imzalarını adlarından icra etməklə, filialın digər vəzifəli şəxslərinin də xidməti vəzifələrinin icrası ilə əlaqəli sənədləri imzalamasına nail olub, bəzi şəxslərin adına olan əsas kredit sənədlərini isə filial müdirinin müavini və beynəlxalq hesablaşmalar şöbəsinin müdiri vəzifələrində işləmiş X2 imzaladıb onun köməkçilik etməsi nəticəsində və saxta rəsmi sənədlər əsasında ümumilikdə 2.819.543,82 manat pul vəsaitini götürüb özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib Cavabdeh2 ASC-yə külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgənin əmlakını mənimsəyərək talamışdır. Yuxarıda qeyd edilən hökmlə müəyyən edilmişdir ki, aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq İddiaçı adına olan xx.xx.2010-cu il tarixli 982 nömrəli kredit müqaviləsinin aşağı hissəsində “Borcalan” qrafasında “İddiaçı” qeydinin qarşısındakı, xx.xx.2010-cu il tarixli “kassa məxaric orderi”ndə “orderdə göstərilən məbləği aldım” qeydinin qarşısındakı, kredit müqaviləsinə əlavə edilmiş “ödəmə qrafiki”ndə “Borcalan” qrafasında “İddiaçı” qeydinin qarşısındakı, “Kredit sifarişi”nin üçüncü vərəqinin sonunda “29 dekabr 2010-cu il” qeydinin qarşısındakı, xx.xx.2010-cu il tarixli 982 nömrəli “müddətli öhdəçilik”də “Müştərinin imzası” qeydinin qarşısındakı, “Fərdi sahibkarların (Fiziki şəxslərin) imza nümunələri vərəqəsinin arxa üzündə “İmza nümunələri” qrafasındakı, xx.xx.2010-cu il tarixli ərizədə “29 dekabr 2010-cu il” qeydinin qarşısındakı imzalar-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin faktiki hallarından göründüyü kimi, hazırda iddiaçı onun adından bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilərək, banka borcunun olmaması barədə aidiyyəti orqana məlumatın verilməsini tələb edir. Tələbini isə həmin müqavilənin onun tərəfindən imzalanmaması və bu barədə məhkəmə hökmünün olması ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, iddiaçının istinad etdikləri hallara dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur. Belə ki, həmin hökmlə xx.xx.2010-cu il tarixli, 982 saylı kredit müqaviləsinin iddiaçı tərəfindən imzalanmadığı, həmin müqavilədə olan imzanın başqa şəxslərə məxsus olduğu aşkardır. Belə olan halda isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən imzalanmamış müqavilə üzrə onun üzərinə hər hansı bir öhdəliyin qoyulması və bu kimi hallara görə qanunla təminat verilən hüquqlarının pozulması yolverilməzdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5 və 390-cı maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən göründüyü kimi, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il tarixli 982 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, İddiaçı xx.xx.2010-cu il tarixli 982 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Məhkəmə eyni zamanda ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılmalı olması qənaətinə gəlir. Belə ki, işin yuxarıda sadalanmış hallarından da müəyyən edildiyi kimi, iddiaçının banka borcunun olmadığı halda aidiyyəti qurumun informasiya sistemində adına borcun olmasına dair məlumatların əks etdirilməsi sonuncunun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Əsassız borca dair məlumatların əks olunması cavabdehin təqsiri üzündən yaranmasa da, mübahisə məhkəmədənkənar qaydada öz həllini tapmadığından, iddiaçı pozulmuş hüququnun bərpası naminə məhkəməyə müraciət etmək və bununla əlaqədar qanunvericiliklə müəyyən edilmiş məbləğdə (100 manat məbləğində) dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Mülki işə məhkəmə iclasında baxıldığı dövrdə isə cavabdehin nümayəndəsinin iddia tələbini borcun olmaması hissəsində qəbul etməsi həmin mübahisənin məhkəməyə müraciət edilmədən də həllinin mümkünlüyünə dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh LPO "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il tarixli 982 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. İddiaçı xx.xx.2010-cu il tarixli 982 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2010-cu il tarixli 982 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh LPO "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2000/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2000/2024
14.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver