Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-201/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdeh LPO "xxxx" KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO "xxxx" KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO "xxxx" KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişin edilməsi” tələbinə dair Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh QSC "xxxx" KB arasında bağlanmış 10 iyun 2010-cu il tarixli saxta kredit müqaviləsinin etibarsız hesab edilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestrinin çıxarışında adına olan gecikmə günlərinə dair düzəlişin digər cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bir müddət bundan qabaq kredit almaq məqsədilə banka müraciət etdiyi zaman müəyyən olunmuşdur ki, onun adında 57.000 manat aktiv kredit vardır. Bununla əlaqədar olaraq iddiaçının araşdırmalarından müəyyən olunmuşdur ki, 10 iyun 2010-cu il tarixdə QSC "xxxx" KB ilə onun arasında 70.000 manat kredit alınması ilə bağlı saxta kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, verilmiş pulun götürülməsini əks etdirən kassa məxaric orderinə onun imzası saxtalaşdırılmış və kassadan pul götürülmüşdür. Saxta kredit müqaviləsi bağlanan zaman o, Azərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Saxta kredit müqaviləsinə əsasən onun adında çoxlu sayda gecikmələr aşkar edildiyindən digər bankda ona kredit verilməsi mümkün olmamışdır. Həmçinin, onun adından bağlanmış kredit müqaviləsini əldə edilməsinə dair vəkili tərəfindən soğru verilsə də, əldə edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə təqdim edərək, iddia ərizəsinə əlavənin təsviri hissəsində göstərilənlərə əsasən, onunla cavabdeh QSC "xxxx" KB arasında bağlanmış 10 iyun 2010-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestrinin çıxarışında adına olan gecikmə günlərinə dair düzəlişin Ləğv prosesində olan "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən mümkün hesab edir və icraata qəbul edir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı adına bağlanmış 10 iyun 2010-cu il tarixli kredit müqaviləsi hal-hazırda mövcud deyil. Mövcud olmayan müqavilə onun etibarsızlığı deməkdir. İş materiallarına əlavə edilmiş cinayət işinin materiallarında da kredit müqaviləsinin əsli yoxdur. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh LPO "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə digər cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Kredit Bürosundan İddiaçı adına verilən Çıxarışdan görünür ki, İddiaçı adına xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 57.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, hal-hazırda kreditin qalıq məbləği 56.905,47 manat, faiz məbləği 73.771,16 manat, faizlərin gecikdirildiyi günlərin sayı 3.629 gün təşkil edir. İş materiallarında olan 2(011)-3847/2011 saylı, 11 avqust 2011-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddiaçı QSC "xxxx" Kommersiya Bankının cavabdehlər İddiaçı və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə 56.905,47 manat məbləğində əsas borc, 3.306,23 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə, ümumilikdə isə 60.261,70 manat məbləğində pul və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan 12 iyun 2010-cu il tarixli, № 1xx/xx/2485/10 saylı kredit müqaviləsinin surətindən görünür ki, QSC "xxxx" Kommersiya Bankı ilə İddiaçı Qədim oğlu arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, kreditor- QSC "xxxx" Kommersiya Bankı tərəfindən borcalana- İddiaçı 57.000 manat məbləğində kredit verilmişdir. Kredit 24 ay müddətinə verilmişdir. Kreditin ödənilməli olduğu son tarix isə 12 iyun 2012-ci il tarixi kimi qeyd edilmişdir. İş materiallarında olan 1xx/xx/2485/10 saylı, xx.xx.2009-cu il tarixli kreditin verilməsi haqqında müqaviləyə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, kredit müqaviləsi üzrə əsas borc ödənişi 57.000 manat, faiz ödənişi 13.874,62 manat, annuitet ödənişi isə 70.874,62 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 33/1590 №-li Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilən İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatdan görünür ki, kredit müqaviləsinin bağlandığı vaxt, yəni 12 iyun 2010-cu il tarixdə İddiaçı ölkə sərhədləri daxilində olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən verilən məktubdan görünür ki, QSC "xxxx" KB-nin əməkdaşları tərəfindən İddiaçı imzası saxtalaşdırılaraq həmin bankdan külli miqdarda pulun dələduzluq yolu ilə ələ keçirilməsinə dair toplanmış materiallar əsasında xx.xx.2016-cı il tarixdə Səbail RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, xx.xx.2016-cı il tarixdə həmin iş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə icraat sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsilə dayandırılmışdır. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli LPO QSC "xxxx" KB tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanan məktubdan görünür ki, QSC "xxxx" KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1xx/xx/2485/10 saylı kredit müqaviləsinin əsli Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir və həmin müqaviləyə aid olan kassa məxaric orderi ləğv prosesində olan QSC "xxxx" KB-nin arxivində məhv olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3599/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişin edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli QSC "xxxx" KB tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanan məktubdan görünür ki, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin lazımınca icra olunmaması ilə əlaqədar QSC "xxxx" KB 2011-ci il tarixində ona qarşı pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət etmiş, QSC "xxxx" KB-nin tələbi təmin olunmuş və qanunvericiliyin tələbinə əsasən həmin kredit müqaviləsi üzrə bütün sənədlərin əsilləri, o cümlədən tərəflər arasında olan kredit müqaviləsinin əsli işə baxan məhkəməyə təqdim olunmuşdu. İş materiallarında olan Bakı Apellayasiya Məhkəməsinin 11 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayon Məhkəməsinin sorğusuna cavab olaraq QSC "xxxx" KB və İddiaçı arasında imzalanmış kredit müqaviləsi məhkəməyə göndərilir. Həmin məktuba əlavə edilmiş 1xx/xx/2485/10 saylı, 12 iyun 2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsli deyil, təsdiq edilmiş müqavilənin surətidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/628 saylı ekspert vəsatətindən görünür ki, 2(006)-201/2022 nömrəli mülki iş üzrə 01 aprel 2022-ci il tarixli tarixdə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının aparılması üçün əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi xahiş olunur: xx.xx.2010-cu il tarixli müqavilənin əsli. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubunda bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanan məlumatlara əsasən KB "xxxx" QSC ilə İddiaçı arasında kredit müqaviləsinin rəsmiləşdirilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/628 saylı məktubu ilə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş 2(006)-201/2022 nömrəli mülki iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2022ci il tarixli ekspert məlumatı məhkəməyə göndərilmişdir. İş materiallarında olan məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, ekspertin vəsatəti təmin edilmədiyindən (vəsatətdə göstərilən sənəd və nümunələr) məhkəmə qərarı icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Nəsimi rayon məhkəməsi tərəfindən Səbail Rayon Polis İdarəsinə sorğu ünvanlanaraq, İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış kredit müqaviləsinin əslinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin məhkəməyə ünvanlanmış 15 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Səbail RPİ-nin İstintaq şöbəsində olmuş ********* nömrəli cinayət işi üzrə İddiaçı ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış 12 iyun 2010-cu il tarixli müqavilənin əsli dəfələrlə QSC "xxxx" Kommersiya Bankında məhkəmə qərarı əsasında tələb edilsə də, istintaqa həmin müqavilənin yalnız surəti təqdim edilmişdi. Sonuncu dəfə xx.xx.2018-ci il tarixli vəsatət və Səbail rayon prokurorluğunun təqdimatı əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış 5(009)-4049/2018-ci il tarixli qərarı QSC "xxxx" Kommersiya Bankına təqdim edilmiş, bankın 28 dekabr 2018-ci il tarixli cavab məktubunda İddiaçı ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış 12 iyun 2010cu il tarixli müqavilənin xx.xx.2016-cı il tarixli aktla məhv edildiyi qeyd edilmişdi. İş materiallarında olan QSC "xxxx" X3 Rayon Polis İdarəsinə ünvanlanmış 28 dekabr 2018-ci il tarixli cavab məktubundan görünür ki, Ləğv prosesində olan QSC "xxxx" X2 Rafiq Qədim oğlunun adına olan xx.xx.2010-cu il tarixli 1xx/xx/2485/10 saylı kredit müqaviləsi üzrə ayrılmış kreditə dair tərtib olunmuş kredit və ipoteka müqavilələrinin əsilləri Bakı şəhər Xətai Rayon Məhkəməsinə iddia ilə müraciət əsasında təqdim edilmişdir. İddiaçı adına QSC "xxxx" Kommersiya Bankında depozit hesabı mövcud olmamışdır. Bundan əlavə bildirilmişdir ki, İddiaçı adına QSC "xxxx" Kommersiya Bankında xx.xx.2010-cu il tarixində 56.000 manat pulun çıxarılması barədə tərtib edilmiş sənədlərin əsli xx.xx.2016-cı il tarixli aktla məhv edildiyindən sənədləri arxivdə aşkar edilməmişdir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin barəsində AR CM-nin 320.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə QSC "xxxx" KB-dan xx.xx.2010-cu il tarixdə İddiaçı adına kreditin ayrılması, eləcə də özü tərəfindən açılmış depozit hesabına göndərilmiş 56.000 manat pulun çıxarılması barədə tərtib edilmiş sənədlərin ƏSLİNİN QSC "xxxx" KB-dan götürülməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən, 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh QSC "xxxx" KB arasında 12 iyun 2010-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. 11 avqust 2011-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddiaçı QSC "xxxx" Kommersiya Bankının cavabdehlər İddiaçı və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə 56.905,47 manat məbləğində əsas borc, 3.306,23 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə, ümumilikdə isə 60.261,70 manat məbləğində pul və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdi. İddiaçı həmin qətnaməni mübahisələndirmiş və hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İddiaçı hazırda iddia edir ki, bu müqavilə onun xəbəri olmadan onun adına saxta yollarla bağlanılmışdır. Ona görə də iddiaçı 12 iyun 2010-cu il tarixli, № 1xx/xx/2485/10 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, mərkəzləşdirilmiş kredit reyestrinin çıxarışında adına olan gecikmə günlərinə dair düzəlişin digər cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsini tələb edir. Məhkəmə baxışı zamanı İddiaçı müqavilədə olan imzasının ona məxsus olubolmaması yoxlanılması üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, müvafiq qurumlardan müqavilənin əsli məhkəməyə göndərilməsi xahiş edilmişdir. Lakin, məhkəməyə müqavilənin surəti göndərilmişdir. Müqavilənin əsli mövcud olmadığına görə, müqavilənin surəti əsasında ekspertizanın keçirilməsi mümkünsüz hesab edilmiş və məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Belə ki, həm Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki işdə, həm də Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində dayandırılmış ********* saylı cinayət işində müqavilənin əsli yoxdur. Məhkəmə iddia tələbi ilə qeyd edir ki, məhkəmə araşdırma zamanı İddiaçı ilə cavabdeh QSC "xxxx" KB arasında bağlanılmış 12 iyun 2010-cu il tarixli kredit müqaviləsinin əsli mövcud olmadığına görə, mövcud olmayan müqavilənin etibarsızlığı tələb edilməsi əsassızdır və bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişin edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO "xxxx" KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-201/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-201/2022
15.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver