Məhkəmə qərarları › İş №2(006)-2025/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2025/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2025/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "borc" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49781 olan Samsung Galaxy A7 markalı telefon və Mi markalı Power Bank üçün 855 manat ödənilməmiş hissə, 85 manat cərimə, ümumilikdə 940 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 970 manat pulun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh «xxxx» MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49781 olan Samsung Galaxy A7 markalı telefon və Mi markalı Power Bank almış və nəticədə 940 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1417 manat (24 ay x 57 manat + 49 manat ilkin ödəniş) olan İMEİ kodu **********49781 olan Samsung Galaxy A7 markalı telefon və Mi markalı Power Bank üçün ümumilikdə 940 manat olmaqla, ondan 855 manat ödənilməmiş hissə, 256 manat cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 85 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 562 manat təşkil edir. Müqaviləyə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 yuxarıdakı məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçıdan telefonu zəmanətlə almasına baxmayaraq telefon xarab olmuş və servisdədir. Tələbi əsas borcun ödənilməsi hissəsində qəbul etsə də, cərimə borcunun ödənilməsi hissəsində isə qəbul etmir. Göstərilənlərə əsasən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00427919 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, “xxxx” MMC 1417 manat dəyərində İMEİ kodu **********49781 olan Samsung Galaxy A7 markalı telefon və Mi markalı Power Bankı müqavilədə göstərilən şərtlərlə Cavabdeh verməyi, Cavabdeh isə müqavilədə alınan əşyanın dəyərini 49 manat ilkin ödəniş edərək, 24 ay ərzində hər ay 57 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 940 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, əks halda aidiyyəti üzrə müvafiq dövlət qurumuna müraciət olunacağı barədə “xxxx” MMC tərəfindən xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 549-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, Cavabdeh “xxxx” MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli 00427919 saylı müqaviləyə əsasən İMEİ kodu **********49781 olan Samsung Galaxy A7 markalı telefon və Mi markalı Power Bank onun istifadəsinə verilmiş, Cavabdeh isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə 940 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2018-ci il tarixli 00427919 saylı müqavilə üzrə 85 manat cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ azaldılaraq 25 manat cərimə məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 28 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 00427919 saylı müqavilə üzrə isə 855 manat əsas borc, 25 manat cərimə, cəmi 880 manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 28 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 00427919 saylı müqavilə üzrə 855 (səkkiz yüz əlli beş) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 880 (səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş 28 (iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar