Məhkəmə qərarları › İş №2(006)-2038/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2038/2021

12.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2038/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı16, İddiaçı17, İddiaçı5 və İddiaçı3, İddiaçılar İddiaçı1 və İddiaçı3 vəkili X5, Cavabdeh Bakı şəhəri Nəsimi RİH-in nümayəndəsi X1, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X6 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı16, İddiaçı17, İddiaçı6 Abbas oğlu, İddiaçı5, X9, İddiaçı3, İddiaçı10, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı15, X17, İddiaçı4 və X2 cavabdehlər Cavabdeh1 MTK-ya və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı «23 oktyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı16, İddiaçı17, İddiaçı6 Abbas oğlu, İddiaçı5, X9, İddiaçı3, İddiaçı10, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı15, X17, İddiaçı4 və X7 cavabdehlər Cavabdeh1 MTK-ya və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı «23 oktyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun illərdir ki, ünvan 1 ünvanda yerləşən binada tam mülkiyyət hüququ ilə yaşayırlar. Bina kooperativ binadır və 5 saylı MTK-dır. Yaşadıqları və mülkiyyətlərində olan mənzillərin yerləşdiyi bina 1973-cü ildə inşa edilmiş və təhvil verilmiş, bünövrəsi olduqca möhkəmdir, bayır divarına üzlük daş çəkilmişdir, lifti vardır. 5 saylı MTK-nın sakinləri son dövrdə yaşadıqları mənzilləri əsaslı təmir etmiş, sanitar, kommunikasiya və istilik sistemlərini öz vəsaitləri hesabına yeniləşdirmişlər. Bakı şəhəri Nəsimi RİHB-nin 16 oktyabr 2017-ci il tarixli 263 saylı sərəncamı ilə yaşadıqları Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında qanunsuz olaraq Cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir. Qeyd etmişlər ki, sərəncamın ləğv edilməsi üçün qanunla müəyyən edilmiş qaydada Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir və hazırda Bakı Apellyasiya Məhkəməsinin aidiyyatı Kollegiyasının icraatındadır. Hazırkı iddiaları mülki hüquqi xarakter daşıyır və onlar – sakinlər üçün müəyyən öhdəliklər yaradan 23 oktyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edirlər. Belə ki, həmin müqavilə yalnız iki tərəf – Bakı şəhəri Nəsimi RİH və Cavabdeh1 MTK tərəfindən bağlanmışdır. Yəni, onlar üçün hüquq və vəzifələr, öhdəliklər müəyyən edən bir müqavilə onların xəbəri olmadan bağlanmışdır. Hazırda həmin müqavilə əsas gətirilərək onları yaşadıqları mənzillərdən çıxarmaq istəyirlər. Halbuki, yaşadıqları bina kooperativ binadır və mənzilləri, binaya aid torpaq sahəsi xüsusi mülkiyyətləridir. Bakı şəhəri Nəsimi RİH ilə Cavabdeh1 MMC (hazırda cəmiyyət yenidən təşkil edilmiş və MTK olmuşdur) arasında bağlanmış 23 dekabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar aşağıdakılardır: 1) Müqavilənin qanunla müəyyən edilmiş tələblərə cavab verməməsi. Birincisi, Nəsimi RİH ilə Cavabdeh1 MMC arasında müqaviləni icra hakimiyyəti başçısının müavini imzalamışdır, halbuki bu Müqaviləni icra başçısının özü imzalamalı idi. İcra başçısının müavininin belə bir müqavilə bağlamaq səlahiyyəti yoxdur. İkincisi, müqavilə sənədlər üçün möhürlə təsdiqlənmişdir, halbuki gerbli möhürlə möhürlənməli idi. Üçüncüsü, bu müqavilə heç bir rəsmi dövlət orqanında qeydiyyatdan keçməmiş və torpaqların icarəsi ilə bağlı məsələlərə müqavilənin 2.6-cı bəndində toxunulduğu üçün DƏDRX-də qeydiyyatdan keçməmişdir. Ümumiyyətlə bu müqavilə ciddi mülki hüquqi müqavilə hesab edilmir və etibarsız hesab edilməlidir. Dördüncüsü, müqavilənin qeyri-ciddiliyi onun nömrəsinin olmamasında özünü biruzə verir. İcra hakimiyyəti orqanlarında bağlanan müqavilələrdə mütləq nömrə qoyulmalı və bu nömrə müqavilələr kitabında sıra nömrəsini əks etdirməlidir. 2) Müqavilə sakinlər tərəfindən imzalanmamışdır. Birincisi, sakinlər bu müqavilədən yalnız məhkəmə prosesi zamanı xəbər tutmuşlar. İkincisi, bu müqavilə mülkiyyət hüququna toxunduğundan və müqavilənin 2-ci bəndində öhdəliklər müəyyən etdiyindən sakinlər də müqavilənin tərəfi olmalı, onların razılığı ilə mənzillərin və torpaq sahəsinin əvəzləşdirilməsi şərtləri müqavilədə nəzərdə tutulmalı idi. Üçüncüsü, analogiya tətbiq edilməklə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ictimai iclaslar keçirilməli, kooperativ üzvlərinin (yəni sakinlərin) fikri nəzərə alınmalı, müzakirədən sonra sakinlərin razılığı olacağı təqdirdə birgə müəyyən edilmiş şərtlər daxilində bu müqavilə hamının iştirakı ilə imzalanmalı və icra edilməli idi. 3) Müqavilə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinin riayət edilməməsi hazırda həm müqavilənin etibarsızlığına, həm də icrasını qeyri-mümkün etmişdir. Müqavilə müddəalarına baxdıqda aşkar surətdə görünür ki, tərəflər bu müqavilədə nəzərdə tutulan heç bir müddətə əməl edə bilməmişlər. Çünki, etibarsız, şərtləri mülkiyyətçilərlə razılaşdırılmayan müqavilənin icrası təbii ki, qeyri-mümkündür. Bu müqavilənin icra edilməsinin mümkünsüzlüyü özü-özlüyündə Nəsimi RİHB-nin sərəncamını da ləğv edilməsi təhlükəsi qarşısında qoyur və mütləq qaydada ləğv edilmiş olacaq. Yuxarıda qeyd olunan əsaslara görə etibarsız hesab edilən bir müqavilədən irəli gələrək onları mənzillərindən çıxarmaq, yaşadıqları binanı sökmək istəyirlər. İlk növbədə, müqavilənin etibarlılıq məsələsi öz həllini tapmalı, daha sonra digər hüquq müəyyən edici sənədlərin etibarlılığı məsələsinə baxılmalıdır. Əgər bütün hüquqi sənədlər qanunvericiliyin tələblərinə uyğun verilibsə, o zaman binanın sökülməsi, bina sakinlərinin razılığı ilə köçürülməsi məsələsi müzakirə predmeti ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə; Mülki Məcəllənin 6.3-cü maddəsinə istinad edən iddiaçılar daha sonra qeyd etmişlər ki, ünvan 1 ünvandakı binada mənzil mülkiyyətçilərinin hüquqlarının məhdudlaşdırılması üçün Mülki Məcəllənin 6.3-cü maddəsində sadalanan əsaslardan heç biri yoxdur və binanın sökülməsinə dair sərəncam qanunsuzdur. Mülki Məcəllənin 17.1-ci maddəsinə istinadən qeyd olunmuşdur ki, Nəsimi RİH onların hüquqlarını müdafiə etməkdənsə, qanuni əsaslarla yaşadıqları binadan onları çıxarıb sahibkarlıq fəaliyyəti subyektinə köməklik etməyə çalışır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarına belə məhəl qoymur, əksinə qərarla verilmiş səlahiyyətlərdən sui-istifadə edir. Mülki Məcəllənin 153.4-cü maddəsinin tələbləri də Nəsimi RİH ilə Cavabdeh1 MTK arasında 23 oktyabr 2017-ci il tarixli müqavilə bağlanarkən pozulmuşdur. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı16 məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı17 məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı3 vəkili X12 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, yaxud məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə qeyd olunan iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi RİH-in nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etiraz təqdim etdi və izahatında bildirdi ki, İddiaçı1 və digərlərinin cavabdehlər Cavabdeh1 MTK-ya və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı «cavabdehlər arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair 2(006)-2038/2021 saylı mülki iş məhkəmənin icraatındadır. Hesab edirlər ki, iddia ərizəsi əsassızdır və rədd olunmalıdır. Bildirirlər ki, ünvan 1 ünvanda yerləşən binada tam mülkiyyət hüququ ilə yaşayırlar. Bina kooperativ binasıdır və 5 saylı MTK-dır. İddia ərizəsində 2-ci səhifəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, «…halbuki yaşadığımız bina kooperativ binadır və mənzilləri, binaya aid torpaq sahəsi xüsusi mülkiyyətimizdədir». Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti hesab edir ki, iddiaçıların bu dəlilləri əsassızdır. Belə ki, Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Əlavə olaraq bildirirlər ki, torpaq sahəsi daşınmaz əmlakdır və 5 saylı MTK-da torpaq sahəsinə dair çıxarış mövcud deyil. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bildirirlər ki, sözügedən binadan sakinlərin böyük hissəsi (46 ailə) könüllü olaraq çıxmış və onlarla şirkət arasında tikiləcək yeni mənzillər barədə artıq müqavilələr də bağlanmışdır. Yerdə qalan 13 ailə isə (yəni iddiaçılar) binadan çıxmamaqla digər sakinlərin (yəni 46 ailənin) ictimai maraqlarını nəzərə almadan, öz mülkiyyətlərindən faktiki olaraq sui-istifadə edirlər. Cavabdeh1 MTK tərəfindən iddiaçılara (müqavilə bağlamayan sakinlərə) aşağıdakı şərtlərlə mənzillər və qeyri-yaşayış sahəsi təklif olunur: S Təklif ı Şirkət olunan r Adı, soyadı, ata adı Faktiki ölçü tərəfindən kirayə a verilən m 2 məbləği (AZN) s a y ı 1 X13 – mənzil 46 88,17 164,39 500 2 İddiaçı2 – mənzil 28 78,14 164,39 500 3 İddiaçı16 – mənzil 29 58,32 99,49 400 138,34 4 İddiaçı1 – mənzil 26 83,41 500 57,84 5 İddiaçı5 – mənzil 51 55 155,29 400 6 X10 – mənzil 11 47,99 99,49 400 72,02 138,34 7 X3 – mənzil 18/19 500 56 71,08 8 İddiaçı17 – mənzil 39 55,38 88,17 500 9 X14 – mənzil 5 120 164,39 600 1 X9 – mənzil 14 47,99 99,49 400 0 1 İddiaçı9 – mənzil 47 55 71,08 400 1 1 Abıyev Qardaşxan – mənzil 16 65 99,49 500 2 Qeyri-yaşayış sahəsi 1 X4 112 133,44 1200 3 Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli sərəncamının 1-ci bəndində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02.09.2017-ci il tarixli 02/05-1531 saylı tikinti-planlaşdırma eskizini və memarlıq planlaşdırma bölməsini nəzərə alaraq, Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh1 MMC-nin istifadəsinə verilməsi göstərilmişdir. Qeyd olunan sərəncama əsasən Cavabdeh1 MMC ilə müqavilə bağlanmışdır. MMC tərəfindən Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Nazirlər Kabineti Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması müqavilənin predmetini təşkil etmişdir. İddiaçıların həmin müqavilə ilə hər hansı əlaqəsi yoxdur. Bildirirlər ki, sözügedən ərazidə tikiləcək müasir tələblərə uyğun bütün kommunal şəraitli və təmirli mənzillərə köçürülməsi layihəsi sakinlərin böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmış, layihənin əhatə etdiyi ərazi üzrə 227 mülkiyyətçidən 214-ü ilə şirkət arasında mənzillərin boşaldılması, kirayə mənzillərdə yerləşdirilməsi və 20-30 % əlavə sahəsi olan təmirli yeni mənzillərə qaytarılması barədə müqavilələr bağlanmış, razılaşmalar əldə olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X15 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etiraz təqdim etdi və izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi rayonu Ş.Ə.Əzizbəyov küçəsi 58 saylı binanın bir qrup sakini tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət olunaraq, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi qoyulmuşdur. Hesab edir ki, həmin ərizə qanunsuz və əsassızdır, ona görə də rədd olunmalıdır. Belə ki, həmin iddia ərizəsinə görə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir ona görə ki: 1) Müqavilə Nəsimi RİHB-nin özü tərəfindən deyil, onun müavini tərəfindən imzalanmışdır; 2) Müqavilə gərbli möhürlə deyil, sənədlər üçün olan möhürlə möhürlənmişdir; 3) Müqavilə DƏDRX-də qeydə alınmamışdır. Müqavilənin 2.6-cı bəndinə görə; 4) Müqavilənin nömrəsi yoxdur; 5) Müqavilə sakinlər tərəfindən imzalanmamışdır. Sakinlər bu müqavilədən məhkəmə zamanı xəbər tutmuşlar. Müqavilənin 2-ci bəndində öhdəliklər müəyyən edildiyindən sakinlər də bu müqavilədə tərəf olmalı idilər. Hesab edir ki, ərizədə göstərilən yuxarıda adı çəkilən səbəblərin sübut kimi heç bir qanuni əsası yoxdur və buna görə də, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilənin kim tərəfindən imzalanması və hansı möhürlə təsdiqlənməsi müqavilə tərəflərinin iradəsindən asılıdır. Bunu qadağan edən heç bir hüquq norması yoxdur. Ərizədə göstərilir ki, müqavilənin 2.6-cı bəndinin tələbinə görə müqavilə DƏDRXdə qeydiyyatdan keçməli idi. Lakin müqavilənin 2.6-cı bəndində belə bir tələb yoxdur. Eləcə də, müqavilənin mütləq nömrələnməsi tələbi də absurddur. Müqavilənin etibarsız hesab edilməsinə səbəb kimi o da qeyd olunur ki, bu müqavilə sakinlər tərəfindən imzalanmamışdır və müqavilənin 2-ci bəndində öhdəliklər müəyyən edildiyindən sakinlər bu müqavilənin tərəfi olmalı idilər. Eləcə də, ərizədə müqavilə ilə bağlı Mülki Məcəllənin tələblərinə riayət edilmədiyi göstərilsə də, konkret olaraq hansı tələblərin pozulduğu göstərilməmişdir. Qeyd edir ki, 23 oktyabr 2017-ci il tarixli müqavilənin 2-ci bəndi «Şirkətin öhdəlikləri» adlanır və 19 yarımbənddən ibarət olan həmin bənddə müqavilə üzrə yalnız şirkətə aid öhdəliklər müəyyən edilmişdir. Müqavilənin bu bəndində və eləcə də, bütövlükdə müqavilədə sakinlərin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Odur ki, sakinlərin də bu müqavilədə tərəf kimi iştirak etmələri tələbi tam əsassızdır. Beləliklə, müqavilə iki hüquqi şəxs arasında bağlanmaqla orada göstərilən hüquq və vəzifələrin yalnız müqavilə iştirakçılarına aid olduğundan üçüncü şəxslərin bu müqavilənin etibarsız hesab edilməsinə dair irəli sürdükləri tələbin heç bir əsası yoxdur. Mülki Məcəllənin 354.2ci maddəsinə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçılar öz iddia ərizələrində göstərirlər ki, 23 oktyabr 2017ci il tarixli müqavilə barəsində onlar şirkətlə aralarında bağlanmış məhkəmə prosesi zamanı xəbər tutmuşlar. Bu da 2018-ci ilə təsadüf edir. Deməli müqavilənin etibarsızlığı ilə əlaqədar 1 illik iddia müddəti ötürülmüşdür. Odur ki, məhkəmənin bu faktı nəzərə almasını xahiş edir. Eləcə də, Bakı şəhəri Nəsimi RİHB-nin 16 oktyabr 2017-ci il tarixli 263 saylı Sərəncamının və əlaqəli aktların Bakı şəhəri Nəsimi rayonu Ş.Əzizbəyov küçəsi 158 saylı binaya münasibətdə ləğv edilməsi barədə iddiaçıların verdikləri iddiaya Bakı İnzibati Məhkəməsində baxılaraq təmin olunmamışdır. Apellyasiya və kassasiya şikayətləri də təmin olunmamışdır və beləliklə, Nəsimi RİHB-nin 16 oktyabr 2017-ci il tarixli Sərəncamı və əlaqəli aktları, yəni o cümlədən 23 oktyabr 2017-ci il tarixli müqavilə də qüvvədə qalmışdır. Ali Məhkəmənin bu barədə olan 30.06.2021-ci il tarixli 2-1(102)-971/2021 saylı qərarını etiraza əlavə etmişdir. Belə bir vəziyyətdə iddiaçıların ən yüksək məhkəmə instansiyasında araşdırılaraq qanuniliyi təsdiq edilmiş bir faktın yenidən mübahisə predmetinə çevirmələri prosesin əsassız olaraq uzadılmsı, şirkəti öz haqsız tələblərinə tabe etdirmək niyyətindən başqa bir şey deyildir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı16, İddiaçı17, İddiaçı5 və İddiaçı3, iddiaçılar İddiaçı1 və İddiaçı3 vəkili X5, cavabdeh Bakı şəhəri Nəsimi RİH-in nümayəndəsi X1, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X6 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02.09.2017-ci il tarixli 02/05-1531 saylı tikinti-planlaşdırma eskizini və memarlıq planlaşdırma bölməsini nəzərə alaraq, Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh1 MMC-nin istifadəsinə verilməsi göstərilmişdir. (1-ci bəndi) - Qeyd olunan sərəncama əsasən 23 oktyabr 2017-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, müqavilə Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 MTK arasında bağlanmaqla, müqavilənin predmeti (1.1-ci bənd) şirkət tərəfindən Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanmasıdır. Müqavilənin 2-ci bəndində şirkətin, yəni Cavabdeh1 MMC-nin öhdəlikləri sadalanır. Şirkətin hüquqları müqavilənin 3-cü, İcra Hakimiyyətinin öhdəlikləri 4-cü, hüquqları 5-ci, müqavilənin müddəti 6-cı, fors-major hallar 7-ci, məsuliyyət 8-ci, tətbiq olunan hüquq və mübahisəli məsələlərin həlli 9-cu bənddə təsbit olunmuşdur. - İddiaçı1, İddiaçı16, İddiaçı17, İddiaçı5, İddiaçı6 Abbas oğlu, X9, İddiaçı16, İddiaçı3, İddiaçı2 adına olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»lardan, qeydiyyat vəsişələrindən görünür ki, onların adlarına mülkiyyət hüququ əsasında qeydə alınan mənzillər ünvan 2 ünvanda yerləşən binada yerləşir. - Bakı İnzibati Məhkəməsinin 04.09.2020-ci il tarixli 2-1(112)-109/2020 saylı (hakim E.Əliyev) qərarı ilə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncam və aktların ləğvi” tələbinə dair iddiaları rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli, 2- 1(103)-226/2021 saylı (hakimlər: V.Ağayev – (sədrlik edən və məruzəçi), A.Nuriyeva və A.Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 04.09.2020-ci il tarixli, 2-1(112)-109/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-971/2021 saylı (hakimlər: Z.Quliyev (sədrlik edən və məruzəçi), S.Kərimov və R.Nəbizadə) qərarı ilə iddiaçıların kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli, 2-1(103)- 226/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçılar Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 MTK arasında bağlanmış 23 oktyabr 2017-ci il tarixli müqavilənin qanuniliyini mübahisələndirərək etibarsız hesab edilməsinin əsası kimi əsasən onlar üçün hüquq və vəzifələr, öhdəliklər müəyyən edən müqavilənin bağlanmasından xəbərlərinin olmamasına, müqavilənin qanunla müəyyən edilmiş tələblərə cavab verməməsinə, müqaviləni icra hakimiyyəti başçısının özü imzalamalı olduğu halda buna səlahiyyəti olmayan müavininin imzalamasına, müqavilə sənədlərin gerbli möhürlə möhürlənməməsinə, müqavilənin heç bir rəsmi dövlət orqanında və torpaqların icarəsi ilə bağlı məsələlərə müqavilənin 2.6-cı bəndində toxunulduğu üçün DƏDRX-də qeydiyyatdan keçməməsinə, onun nömrəsinin olmamasına, müqavilənin sakinlər tərəfindən imzalanmamasına istinad etmişlər. Cavabdeh tərəf iddiaya etirazının əsası kimi sözügedən ərazidə tikiləcək müasir tələblərə uyğun bütün kommunal şəraitli və təmirli mənzillərə köçürülməsi layihəsinin sakinlərin böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmasına, layihənin əhatə etdiyi ərazi üzrə 227 mülkiyyətçidən 214-ü ilə şirkət arasında mənzillərin boşaldılmasına, kirayə mənzillərdə yerləşdirilməsinə və 20-30 % əlavə sahəsi olan təmirli yeni mənzillərə qaytarılması barədə müqavilələrin bağlanmasına, razılaşmaların əldə olunmasına və bu istiqamətdə işlərin davam etdirilməsinə, həmin binadan sakinlərin böyük hissəsinin könüllü olaraq çıxsalar da, 13 ailənin isə (yəni iddiaçılar) binadan çıxmamaqla digər sakinlərin (yəni 46 ailənin) ictimai maraqlarını nəzərə almadan, öz mülkiyyətlərindən faktiki olaraq sui-istifadə etmələrinə istinad etmişlər. Müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli sərəncamına əsasən Cavabdeh1 MMC ilə 23 oktyabr 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmetini MMC tərəfindən Nəsimi rayonu Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Nazirlər Kabineti Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması təşkil etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi RİH başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli Sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 86 saylı, 25.02.2016-cı il tarixli Qərarının icrası olaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 86 saylı, 25.02.2016-cı il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul etmişdir. Sözügedən Qərarın 1-ci bəndində qeyd edilmişdir: «Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini...» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarının 4-cü bəndində qeyd edilmişdir: «Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi» (4.2-ci bənd). İş materiallarından görünür ki, Cavabdeh1 MMC ilə 23 oktyabr 2017-ci il tarixli müqavilənin bağlanmasına əsas olan Nəsimi rayon İcra Hakimiyyətinin 16 oktyabr 2017-ci il tarixli 263 saylı sərəncamın Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov 158 ünvana dair hissədə ləğv edilməsini iddiaçılar Bakı İnzibati Məhkəməsinə ərizə vermək yolu ilə mübasiləndirmişlər və iş materiallarında olan yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, bu iddia rədd edilmişdir. Qanuni qüvvəsini almış yekun qərardan (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-971/2021 saylı) görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli Sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 saylı, 25.02.2016-cı il tarixli Qərarının icrası olaraq qəbul edilmişdir. Həmçinin həmin qərarda göstərilmişdir ki, iddiaçılarda olan dövlət çıxarışları torpaq sahəsinə deyil, onlara məxsus mənzillərə verilmişdir, torpaq sahəsinin isə dövlət mülkiyyətində olması ilə bağlı cavabdehdə çıxarışın olmasına zərurət yoxdur, çünki bu hamıya məlum olan faktdır. Həmin iş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 23.06.2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyində Fövqəladə Hallar Nazirliyinin mütəxəssis rəyinə əsasən qeyd edilir ki, sözügedən yaşayış binasının yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normalarının tələblərinə cavab vermir. Kassasiya instansiyası məhkəməsinin Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 MTK-ya ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi və torpağın ayrıc aktı təqdim edilməməsinə dair iddiaçıların dəlillərinə verdiyi hüquqi qiymətdən görünür ki, bu cavabdehlə MTK arasında olan hüquq münasibətlərinə aid olan məsələdir, iddiaçıların iddia tələbinə isə bunun aidiyyəti yoxdur. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 MMC ilə 23 oktyabr 2017-ci il tarixli müqavilənin bağlanmasına əsas olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli sərəncamı qüvvədədir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 82.3-cü maddəsində qeyd olunan "mülki iş" ifadəsinin yalnız mülki və iqtisadi işləri deyil, həmçinin inzibati işləri də ehtiva edir. Belə ki, həmin Məcəllənin qəbul edildiyi dövrdə hal-hazırda inzibati işlər kimi ayrıca icraatda baxılan işlərə - dövlət orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə mülki mühakimə icraatında xüsusi iddia icraatı qaydasında baxılırdı və həmin işlər də mülki işlər hesab edilirdi. Bu mənada hazırda inzibati işlərə ayrıca məhkəmə icraatında baxılması MPM-in 82.3-cü maddəsində nəzərdə tutulan "mülki iş" ifadəsinin ilkin mahiyyətinə uyğun olmayan məhdudlaşdırıcı təfsirinə əsas ola bilməz. Məhkəmə hazırki iş üzrə iddiaçıların Nəsimi rayon İcra Hakimiyyətinin 16 oktyabr 2017-ci il tarixli 263 saylı sərəncamının və əlaqəli aktların Bakı şəhəri Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvana dair hissədə ləğv edilməsinə dair iddiaları üzrə qəbul edilmiş məhkəmə qərarlarının hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsini qeyd edərək hesab edir ki, yuxarıda qeyd olunan işə baxılarkən də iddiaçıların həmin iş üzrə mübahisələndirdikləri sərəncam və aktlarla yanaşı hazırda mübahisələndirilən müqavilə də məhkəmə orqanları tərəfindən nəzərdən keçirilmiş, müqavilənin bağlanması zamanı hərhansı qanun pozuntusunun olduğu aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların həmin iş üzrə də, hazırkı iş üzrə də gətirdikləri dəlillər təxminən eyni, bənzər olmaqla, heç bir əsası olmayan, subyektiv mülahizələrdir və hazırki iddianın əsaslı sayılması üçün əsaslar yoxdur. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin materiallarından görünür ki, tərəflər iradə ifadəsinə uyğun olaraq müqaviləni imzalamış və təsdiq etmişlər. Məhkəmə hesab edir ki, müqavilənin kim tərəfindən imzalanması və hansı möhürlə təsdiqlənməsi müqavilə tərəflərinin iradəsindən asılıdır. Həmçinin də müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində təsbit olunmuşdur) öz əksini tapmışdır. Hazırkı iş üzrə qanunvericilikdə sadalanan əsaslar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2020-ci il tarixli Qərarına əsaslanmışdır. Qərarda qeyd olunmuşdur ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Müılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi hallar işin halları ilə uzlaşmaqla sübuta yetirilmiş, iddiaçıların tələblərinin qanuni əsası tapılmadığı və iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmamışdır. Belə olan halda iddia əsaslı sayıla bilmədiyi üçün rədd edilməlidir. Məhkəmə cavabdeh tərəfin iddiaçıların məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçıların subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı16, İddiaçı17, İddiaçı6 Abbas oğlu, İddiaçı5, X9, İddiaçı3, İddiaçı10, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı15, X17, İddiaçı4 və X2 cavabdehlər Cavabdeh1 MTK-ya və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı «23 oktyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı16, İddiaçı17, İddiaçı6 Abbas oğlu, İddiaçı5, X9, İddiaçı3, İddiaçı10, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı15, X17, İddiaçı4 və X2 cavabdehlər Cavabdeh1 MTK-ya və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı «23 oktyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar