Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2049/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MTK-nin nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə 3-cü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MTK-nə, 3-cü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin; iddiaçı “xxxx” MTK -nın cavabdeh İddiaçı qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xxxx Mənzil Tikinti Kooperativi tərəfindən 05.09.2018-ci il tarixli müqaviləyə əsasən 2 otaqlı 62.60 kv.m olan təmirli yaşayış sahəsi onun mülkiyyətinə verilməklə cavabdehdən vurulmuş maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 10.000 manat, iş üzrə dövlət rüsumuna ödənilmiş 31 manat, cəmi 11.031 manat tutularaq ona birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MTK qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə “xxxx” MTK arasında İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı 3 otaqlı 69.78 kv.m-dən ibarət mənzilinin əvəzinə Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 133.1 kv.m olan təmirli mənzil və Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin verilməsinə dair 05 sentyabr 2018-ci il tarixində Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 3M-1822 nömrəli reyestrlə təsdiq edilmiş müqavilənin Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin verilməsi hissəsinə münasibətdə etibarsız hesab edilməsi və İddiaçı “xxxx” MTK-nın işgüzar nüfuzuna vurulmuş zərərə görə 10.000 manatın tutularaq “xxxx” MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən, ona məxsus olan mənzilin cavabdeh xxxx MTK tərəfindən sökülüb yerində tikiləcək çoxmənzilli yaşayış binasından yeni mənzil verilməsi ilə bağlı 05.09.2018-ci il tarixdə cavabdehlə müqavilə bağlamışdır. Belə ki, Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 84 №-li qərarına əsasən 12.01.2017-ci il tarixli FHN-in yaşayış üçün qəzalı olması haqqında aktına əsasən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 23.01.2017-ci il tarixli 11 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 1 ünvanında çoxmənzilli yaşayış binasının tikintisi üçün icazə verilmişdir. Müqavilənin predmetinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı 69.78 kv m-dən ibarət olan daşınmaz əmlakın əvəzinə ən azı 15% olmaqla Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3cü mərtəbəsində yerləşən 3 otaqlı 133.1 kv.m olan təmirli mənzilin və Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin mülkiyyətinə verilməsi təsbit edilmişdir. Cavabdeh xxxx Mənzil Tikinti Kooperativi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmişdir. Belə ki, müqavilənin şərtlərinə əsasən ondan alınmış və sökülmüş 3 otaqlı 69.78 kv.m olan yaşayış sahəsinin əvəzinə, 3 otaqlı 133.1 kv.m olan təmirli, 2 otaqlı 62.60 kv.m olan təmirli yaşayış sahəsinin ona verilməsini öhdəsinə götürmüş, lakin öhdəlikləri tam icra etməmiş, yəni 2 otaqlı 62.60 kv.m olan yaşayış sahəsini təmir edib verməmişdir. Bununla əlaqədar olaraq öz pretenziyamı cavabdeh xxxx Mənzil Tikinti Kooperativinin direktoru X2 adına ünvanlanmış 30.10.2020-ci il tarixli müraciətində göstərmiş, lakin həmin müraciət 02.11.2020-ci il tarixdə Cəfərov tərəfindən qəbul edilsə də hər hansı cavab verilməmişdir. Eyni zamanda hesab edir ki, üçüncü şəxs, yəni Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti də 23.01.2017-ci il tarixli 11 saylı sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar nəzarət etməklə yanaşı bu mübahisəyə öz münasibətini bildirməlidir. Belə olan halda hesab edir ki, cavabdeh xxxx Mənzil Tikinti Kooperativi üzərinə götürdüyü öhdəliyi könüllü olaraq yerinə yetirmədiyindən hüquq və azadlıqlarının məhkəmə müdafiəsindən istifadə etmək hüququnu qaçılmaz edir. Qarşılıqlı iddia gəldikdə isə qeyd edir ki, iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı xxxx MTK-nın sədri Saqif Ələkbərov iddia tələbini onunla əsaslandırmışdır ki, o, MTK-nın düşdüyü vəziyyətdən istifadə edərək əvvəlcə 31 avqust 2017-ci il tarixində MTK-nı müqavilə bağlamağa məcbur edərək mülkiyyətində olan ünvan 1 ünvanındakı 3 otaqlı 69.78 kv.m-dən ibarət mənzilinin əvəzinə, F.Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın B girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 127.1 kv.m olan təmirli mənzili Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın F girişində 4-cü mərtəbəsində yerləşən 1 otaqlı 44.7 kv.m olan təmirli mənzili almış müqavilənin 1.4cü bəndinə əsasən kirayə haqqının ödənilməyəcəyi göstərilmişdir. 06.03.2018-ci il tarixli, 07.08.2018-ci il tarixli və nəhayət 05.09.2018-ci il tarixli müqavilənin notariat qaydasında bağlamağa MTK-nı məcbur etmişdir. Bununla razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: birincisi onun 14.10.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən ünvan 1 ünvanındakı 3 otaqlı 69.78 kv.m deyil, 79.78 kv.m+24.18 1 otaq əlavə faktiki tikinti 4 otaq 103.96 kv.m olub, həmçinin 36 kv.m zirzəmi istifadə üçün tam yararlı (103.96+36=139.96 kv.m) çoxmənzilli binanın ümumi əmlakından düşən pay=40 kv.m və pilləkən qəfəsindən düşən pay 18 kv.m nəticədə ümumi (139.96+40+18=197.96) ibarət olmuşdur. 31.08.2017-ci il tarixli 71 saylı müqavilədə ünvan 1 ünvanındakı 3 otaq 79.78 kv.m göstərilmişdir. İkincisi, göstərilir ki, guya o, hər dəfə müqavilə bağlamağa MTK-nı məcbur etmiş, bu deyilənlər həqiqətə uyğun deyil, ona görə ki, MTK-nın xxxx layihə çərçivəsində dövlətin qarşısında üzərinə götürdüyü öhdəlik ondan ibarət olmuşdur ki, istismar müddəti keçmiş yaşayış binasının əvəzində müasir çoxmərtəbəli yaşayış binasını inşa etmək və orada yaşayan sakinləri mənzillə və yaxud mənzilin əvəzində müvafiq kompensasiya vermək olmuşdur. Həmçinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı xxxx MTK-nın sədri Saqif Ələkbərov qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, o, MTK-nın düşdüyü vəziyyətdən istifadə edərək haqsız tələblərini artıraraq əlavə mənzil də tələb etmişdir. Halbuki istər ilk müqavilələrdən, istərsə də 05.09.2019-cu il tarixdə notariat orqanında bağlanmış müqavilədən aydın olur ki, ona MTK-ya güzəştə getdiyi mənzilə görə iki ayrı-ayrı mənzil verilməsi təsbit edilmişdir. Belə olan halda “xxxx” MTK-nın gətirdiyi bu arqument də tam əsassız olmaqla yanaşı, danışıqlar zamanı ümumiyyətcə əlavə mənzilin verilməsi danışıqların predmeti olmamışdır. Göründüyü kimi də “xxxx” MTK-nın rəhbərliyi müqavilənin ilkin şərtlərini müzakirə etdikdən sonra könüllü olaraq öz iradəsinə uyğun olaraq 05.09.2018-ci il tarixdə 07.08.2018-ci il tarixli müqavilənin notariat qaydasında təsdiqləməklə tərəflər üzərlərinə qarşılıq öhdəlik götürmüşlər hansı ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh öhdəlikləri tam icra etmiş, xxxx MTK isə üzərinə düşən öhdəliyi tam olaraq icra etməmişdir. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Üçüncüsü qeyd edir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 14.05.1999-cu il tarixli, 7 №-li qərarın 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqətin ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilmir. Dördüncüsü, 05.09.2018-ci il tarixində tərəflər arasında bağlanmış və Bakı şəhəri 6 saylı Notariat kontorunda 3M-1822 nömrəli reyestrlə təsdiq edilmiş müqavilənin etibarsızlığı üçün qanuni əsaslar mövcud deyildir. Sonda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 İddiaçı dediklərini təsdiq edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MTK-nin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, ilkin iddia üzrə iddiaçı ərizəsində də göstərdiyi kimi, “xxxx” layihə olaraq bina inşa edilməzdən əvvəl Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlanmış müqaviləyə əsasən MTK həmin sahədə mövcud olan mənzillərin sahiblərinə bu ərazidə tikiləcək binalardan onların malik olmuş olduqları sahənin 15%dən az olmamaqla mənzil sahələri ilə təmin etmə öhdəliyi götürmüşdür. Lakin, bu öhdəliyə əsasən MTK özü mənzil sahiblərinə onların malik olduqları sahədən 30 % artıq verilməsini nəzərdə tutmuşdur. Yəni, MTK faktiki olaraq 15%-dən az olmamaq öhdəliyini icra etməliydi. Lakin, bu heç də mənzil sahiblərinə onların malik olduqları sahədən dəfələrlə artıq sahə verilməsini ehtiva etmir. İşin faktiki hallarından da göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı MTK cavabdehə ünvan 1 ünvanında 3 otaqlı 69.78 kv.m-dən ibarət mənzilin əvəzinə Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 133.1 kv.m olan təmirli mənzil verilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın düşdüyü vəziyyətdən istifadə edərək haqsız tələblərini artıraraq əlavə mənzil də tələb etmişdir. Səbəb isə ondan ibarət olmuşdur ki, MTK digər sakinləri köçürərək həmin sakinlərlə bağlamış olduğu müqaviləyə əsasən onlara 18-24 ay müddətində mənzillərini təhvil verəcəyi öhdəliyini götürmüşdür. Maraqlısı budur ki, İddiaçı MTK-nın düşdüyü vəziyyətdən istifadə edərək əvvəlcə 31 avqust 2017-ci il tarixində MTK-nı müqavilə bağlamağa məcbur edərək mülkiyyətində olan ünvan 1 ünvanındakı 3 otaqlı 69.78 kv.m-dən ibarət mənzilinin əvəzinə, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın B girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 127.1 kv.m olan təmirli mənzili və Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın F girişində 4-cü mərtəbəsində yerləşən 1 otaqlı 44.7 kv.m olan təmirli mənzili almışdır. Bu müqaviləyə əsasən müqavilənin 1.4-cü bəndinə əsasən kirayə haqqının ödənilməyəcəyi göstərilmişdir. 06 mart 2018-ci il tarixində İddiaçı yeni iddialara düşmüş və MTK-nı yeni müqavilə bağlamağa məcbur edərək mənzilinin əvəzinə Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 133.1 kv.m olan təmirli mənzili və Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin ona verilməsinə nail olmuşdur. Yenə də bu müqaviləyə əsasən müqavilənin 1.4-cü bəndinə görə kirayə haqqının ödənilməyəcəyi göstərilmişdir. 07 avqust 2018-ci il tarixində İddiaçı yenidən tələblər irəli sürmüş və MTK-nı yeni müqavilə bağlamağa məcbur etmiş və mənzilinin əvəzinə Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 133.1 kv.m olan təmirli mənzili və Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin ona verilməsi və bu müqaviləyə əsasən 1.4-cü bəndinə görə kirayə haqqı olaraq ona 600 manat kirayə haqqı verilməsinə nail olmuşdur. 05 sentyabr 2018-ci il tarixində isə MTK-nı məcbur edərək 07 avqust 2018-ci il tarixində bağlanmış olan müqavilənin eyni məzmunlusunu notarial qaydada bağlamışdır. Yalnız bundan sonra MTK-nın düşdüyü çətin vəziyyətdən istifadə edən qarşılıqlı iddia üzrə cavabdeh mənzilinin sökülməsinə icazə vermişdir. Hansı ki, MTK digər sakinlərin qarşısında götürmüş olduğu öhdəliyi bu səbəbdən 6 aya qədər gecikdirmək məcburiyyətində qalmışdır. Nəzərə alsaq ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı 3 otaqlı 69.78 kv.m-dən ibarət mənzilinin əvəzinə Xan Şuşınski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 133.1 kv.m olan təmirli mənzil verilmişdir, bu onun mənzilinin əvəzinə MTK tərəfindən ona 90%-ə qədər artıq sahənin verildiyini təsdiq edir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh MTK-nın ağır vəziyyətə düşməsindən istifadə edərək MTK üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa nail olmuşdur. Eyni zamanda, MTK-nın rəhbərliyini əsassız olaraq və davamlı şəkildə təhdid edən qarşılıqlı iddia üzrə cavabdeh müxtəlif instansiyalara ərizə ilə müraciət edərək MTK-nın nümayəndələrini təhqir etməkdən belə çəkinməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və surətinin Fövqaladə Hallar nazirinə ünvanlandığı ərizəsində İddiaçı MTK-nın işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətmişdir. Belə ki, həmin ərazidə o, MTK-nın rəhbərliyini heç bir əsası olmayan və cinayət əməlində ittiham edərək “guya MTK-nın rəhbərliyi sakinləri təhdid edərək əllərinin uzun olduğunu və hətta prezidentə də şikayət etsələr belə mənzillərini sökəcəklərini” bildirmişlər. Ərizədə həmçinin gostərilir ki, guya MTK sakinləri məcbur edərək dava-dalaşla evlərindən çıxarmışdır. Ərizədə göstərilənlərdən belə görünür ki, sakinlər “xxxx” MTK-dan narazıdırlar və bu onların müxtəlif instansiyalara çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Bu faktı da inkar edən müvafiq sübutu da qarşılıqlı iddia ərizəsinə əlavə etmək məcburiyyətində qalmışıq. Həmin sənəddən göründüyü kimi, 2018-2021-ci illərdə sakinlərin Prezident Adminstasiyasına “xxxx” layihə həyata keçirən çox MTK-lardan saylı şikayətləri olmuş və bu şikayətlər əsasında həmin MTK-ların siyahısı dərc edilmişdir. Bu siyahıya nəzər salsaq görərik ki, “xxxx” MTK-nın həmin siyahıda adı yoxdur. Əgər İddiaçı ərizədə göstərdiyi kimi, “xxxx” MTK-dan sakinlərin çoxsaylı şikayətləri olmuş olsa idi, bu siyahıda “xxxx” MTK-nın da adı olardı. Bu isə İddiaçı cənab prezidentə ünvanladığı ərizədə göstərilənlərin yalan və böhtan olduğunu bir daha təsdiq edir. Daha sonra adı çəkilən ərizədə İddiaçı MTK-nın etibarnamə üzrə nümayəndəsi olan X5 müxtəlif təhqiramiz ifadələrlə təhqir edərək MTK-nın işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, ərizədə o, göstərir ki, “MTK-nın nümayəndəsi kimi özünü təqdim edən Elmar adlı şəxs çox şəxsiyyətsiz, sakinlərin arxasınca ən iyrənc söyüşlər yağdırır və heç kəsdən qorxmadığını bildirir”. Halbuki, MTK-nın nümayəndəsi olan X8 cəmiyyət içərisində kifayət qədər nüfuza malik olan şəxs kimi, eyni zamanda özünün xeyriyyəçilik fəaliyyəti ilə də cəmiyyət içərisində nüfuz qazanmışdır (Elmar Kərimovun xeyriyyəçilik fəaliyyəti ilə bağlı müvafiq sənədlərin surətləri də qarşılıqlı iddia ərizəsinə əlavə edilir). İddiaçı cənab prezidentə ünvanladığı ərizədə MTK-nın nümayəndəsi olan Elmar Kərimova təhqiramiz ifadələrlə təhqir etməklə MTK-nın işgüzar nüfuzuna da xələl gətirmişdir. Onun müxtəlif instansiyalara ünvanladığı ərizələrdəki yalan və böhtanları 4 ildir ki, MTK-nın sahibkarlıq fəaliyyətinə maneçilik törətməkdədir. Sonda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MTK-nin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edəm ilkin iddia üzrə 3-cü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iddia ərizələrlə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil ilkin iddia üzrə İddiaçı məxsusdur. “xxxx” MMC ilə İddiaçı arasında 31 avqust 2017, 06 mart 2018, 07 avqust 2018 və 05 sentyabr 2018-ci illərdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “Gözəl ünvan 6 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalardaİddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 69.78 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 133.1 kv.m olan təmirli mənzilin və Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 62.60 kv.m olan təmirli mənzilin İddiaçı müılkiyyətinə verilməsi, İddiaçı isə söküləcək mənzilin “xxxx” MTK-nın istifadə və sahibliyinə verməsidir. Razılaşmaya əsasən kirayə pulu V.X9 və Abbas Səhhət küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 133.1 kv.m olan mənzil təmir edilib köçənədək veriləcəkdir. Lakin “xxxx” MTK müqavilənin şərtlərinə əməl etmədiyindən İddiaçı “xxxx” MTK-ya müraciət edərək bildirmişdir ki, müqavilədə verilən vaxt başa çatsa da (02 il), onun müraciətinə baxmayaraq ona mənzilin açarları verilmir. Odur ki, o, mənzilin açarlarını götürübŞ təmir-tikinti işlərinə nəzarət etmək hüququna malik olduğundan, açarların ona verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Tərəflər mübahisə predmeti olan müqavilələri bağlayarkən Qanunun və MTK-nin nizamnaməsinin tələblərinə riayət etmişlər. Lakin “xxxx” MTK yuxarıda qeyd olunan müqavilələrinin şərtlərini pozduğundan xxxx Mənzil Tikinti Kooperativi tərəfindən 05.09.2018-ci il tarixli müqaviləyə əsasən 2 otaqlı 62.60 kv.m olan təmirli yaşayış sahəsi İddiaçı mülkiyyətinə verilməklə maddi ziyana görə 1000 (bir min) manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 178.8-ci maddəsinə əsasən, «mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər». «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunur: «Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.» Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 109-cu maddəsinin 1, 11 və 12-ci bəndlərinə əsasən, Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər. Kooperativ öz üzvləri ilə onların istehsal etdiyi məhsulları kooperativə satmaq, iş və xidmətləri yerinə yetirmək barədə müqavilələr bağlaya bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə görə, Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır… Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Bundan başqa İddiaçı mənəvi ziyana görə 10.000 manat məbləğində pul tələbi edir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, İddiaçı bu tələbi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” İddiaçı “xxxx” MTK -nın cavabdeh İddiaçı qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia gəldikdə isə məhkəmə hesab edir ki, iddia əsassız olduğuna görə və öz iddiasına dair sübutları məhkəməyə təqdim etmədiyinə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nın 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Nəhayət, MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». Eyni zamanda “xxxx” MTK İddiaçı işgüzar nüfuzuna vurulmuş zərərə görə 10.000 manatın tutularaq “xxxx” MTK-ya ödənilməsini tələb edir. Lakin “xxxx” MTK buna dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etmir. Halbu ki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər “xxxx” Mənzil Tikinti Kooperativinə, üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlkin iddia üzrə cavabdehlər “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən 05.09.2018-ci il tarixli müqaviləyə əsasən 2 otaqlı 62.60 kv.m olan təmirli yaşayış sahəsi ilkin iddia üzrə İddiaçı mülkiyyətinə verilməklə maddi ziyana görə 1000 (bir min) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İlkin iddia üzrə İddiaçı xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2049/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2049/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver