Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2063/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh" ASC ilə onun arasında bağlanmış 26 iyul 2016-cı il tarixli 108RCİTK162080003 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh “Cavabdeh" ASC (bundan sonra cavabdeh) ilə onun arasında 26 iyul 2016-cı il tarixdə 108RGTK162080003 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən 60 ay müddətinə illik 26 faiz ödəmək şərtilə 9099,01 AZN məbləğində ona guya kredit verilmişdir. Qeyd edir ki, əvvəla mübahisə predmeti olan kredit müqaviləsində qeyd edilmiş 9099,01 AZN məbləğində pul ona verilməmişdir. Belə ki, o, həmin kredit müqaviləsi bağlanan zaman ümumiyyətlə bankda olmamışdır. Belə ki, həmin kredit müqaviləsi iddia üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs, yəni atası X12 tərəfindən imzalanmışdır. Kredit müqaviləsində borc alan kimi onun adı qeyd edilsə də imza qrafasında olan imza atasına məxsusdur. Məlumat üçün bildirir ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçusudur. Xidməti ilə əlaqədar olaraq hərbi hissədən çıxıb evinə gələ bilmədiyinə görə tərəfindən atasına zərurət olduğu hallarda onu müəyyən dövlət qeyri-dövlət təşkilatlarında o cümlədən bir sıra idarə və müəssisələrdə təmsil etməsi üçün etibarnamə vermişdir. O, hərbi hissədə olan zaman cavabdeh tərəfindən onunla cavabdeh arasında bağlanmış 15.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 8500 manat kredit məbləğinə görə müəyyən gecikmələr səbəbindən xəbərdarlıq məktubu gəlmişdir. Atası da həmin məktubla birlikdə cavabdeh quruma yaxınlaşan zaman orada məsələnin həlli üçün onun adından yeni kredit müqaviləsinin bağlanılmalı (restrukturizasiya olmalı) olduğu qeyd edilmişdir. Atası isə onun ona verdiyi etibarnamədən istifadə edərək cavabdehin təklif etdiyi kredit müqayiləsini borc alan qrafasında onun adı qeyd edilən hissəsini imzalamaqla yeni kredit müqaviləsi bağlamışdır. Halbuki qanunvericiliyin tələbinə əsasən, kredit müquviləsinin restrukturizasiya olunması üçün şəxsən tərəfindən imza edilməklə yazılı ərizə təqdim edilməli idi. Eyni zamanda cavabdeh atası ilə həmin kredit müqaviləsinin təminatçısı kimi 26.07.206-cı il tarixli, Z- 108RGTK162080003 nömrəli zaminlik müqaviləsi bağlayaraq imzalanmışdır. Həm əsas kredit müqaviləsi həm də zaminlik müqaviləsi iddia üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs yəni atası Nazim Səllyev tərəfindən imzalanmışdır. Tərəfindən atasına verilmiş etibarnamə üzrə səlahiyyətlərdə onun adından hər hansı bank və ya bank olmayan kredit təşkilatlarında kredit müqaviləsi bağlamaq həmin müqaviləni imzalamaq səlahiyyəti verilməmişdir. Atasına verdiyi etibarnamədə konkret olaraq verilmiş səlahiyyətlərin nədən ibarət olması qeyd edilmişdir (etibarnaməni iddia ərizəsinə əlavə edir). Belə olan halda hesab edir ki, onun adından verilmiş etibarnamə əsasında iddia üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X12 tərəfindən imzalanmaqla bağlanmış 26 iyul 2016-cı il tarixli Z-108RGTK162080003 nömrəli kredit müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 yuxarıda qeyd olunan məzmunda izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı tərəfindən atası X8 verilmiş etibarnamədən də göründüyü kimi həmin etibarnamə ilə etibar edilən şəxsə bütün əqdləri bağlamaq səlahiyyəti verilmişdir. X11 da həmin səlahiyyətlərdən istifadə edərək oğlunun adına bank ilə yeni müqaviləni imzalamışdır. Restrukturizasiya nəticəsində İddiaçı vəziyyəti yaxşılaşmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 verdiyi izahatında bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına qədər ödənişləri özü etmişdir. Sonradan isə maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Cəlilabad rayonu notariat kontorunun xüsusi notariusu X4 tərəfindən 10 iyul 2016-cı il tarixdə 7E-10949 reyestr nömrəsi ilə qeydə alınmış AR-İ seriyalı, 462469 nömrəli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı zamin (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçt və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də, sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi və s. səlahiyyətləri X8 10 il müddətinə, 10.07.2026-cı il tarixədək etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə biləcəyi nəzərdə tutulmuşdur. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 26.07.2016-cı il tarixli 108RGTK162080003 saylı kredit müqaviləsindən görünür ki, bank (borc verən) İddiaçı (borc alan) 60 ay müddətinə illik 26%-lə, 9099,01 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Borc alanın əvəzinə kredit müqaviləsi X11 tərəfindən imzalanmışdır. Cavabdeh ASC ilə borc alan İddiaçı və zamin X11 arasında bağlanmış 26.07.2016-cı il tarixli Z-108RGTK162080003 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin X11 borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Borc alanın əvəzinə zaminlik müqaviləsi X11 tərəfindən imzalanmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı atası X8 etibarnamə verməklə digər səlahiyyətlər ilə birlikdə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətini vermişdir. Belə ki, X1 Cəlal Nazim oğlunun adından 26.07.2016-cı il tarixdə Cavabdeh ASC ilə 108RGTK162080003 saylı əsas kredit müqaviləsini bağlamış, 26.07.2016-cı il tarixli Z-108RGTK162080003 saylı zaminlik müqaviləsini borcalan İddiaçı əvəzinə imzalamışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh" ASC ilə onun arasında bağlanmış 26 iyul 2016-cı il tarixli 108RCİTK162080003 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın özünün iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Belə səlahiyyətlər əks olunmamışdırsa, bu təmsil olunanın iradə və maraqlarına uyğun olmayan hesab olunur. Hazırkı işin halları baxımından qeyd edilməlidir ki, kredit müqaviləsinin bağlanması iddiaçının iradəsi və marağı daxilində olmuşdır. Belə ki, İddiaçı tərəfindən atası X8 10 iyul 2016-cı il tarixdə 7E-10949 reyestr nömrəsi ilə qeydə alınmış AR-İ seriyalı, 462469 nömrəli etibarnamə ilə digər səlahiyyətlərlə yanaşı qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyəti ötürülmüşdür. Məhkəmə hesab edir ki, həmin müqavilənin iddiaçının iradəsinə zidd olması qənaətinə gəlməsi üçün heç bir əsas yoxdur. Çünki iddiaçının adından verilmiş etibarnamədə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətinin X8 etibar edilməsi xüsusi olaraq göstərilmiş və o da İddiaçı iradə ifadəsinə uyğun olaraq mübahisə predmeti olan kredit müqaviləsini imzalamışdır. Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi atası X5 Mülki Məcəllənin 359.3-cü maddəsi ilə yolverilməz hesab edilən özü ilə əqd bağlaması halı da mövcud deyildir. Ona görə ki, qeyd olunan maddəyə əsasən təmsilçinin təmsil etdiyinin adından şəxsən özü barəsində əqdlər bağlaya bilməməsi dedikdə, təmsilçinin əqdi özünə münasibətdə özünün bağlaması başa düşülür. Başqa sözlə eyni bir şəxs əqdin hər iki tərəfində çıxış edir. Lakin hazırkı işdə belə halın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Çünki kredit müqaviləsinin bir tərəfi Cavabdeh ASC (kredit verən), digər tərəfi isə İddiaçı (borc alan) olmuşdur, onun öz adından bağladığı əqd isə zaminlik müqaviləsi olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, X11 mübahisə predmeti olan müqaviləni bağlayarkən, öz adından yox oğlunun adından və onun maraqları naminə hərəkət etdiyindən bu müqavilə özü barəsində bağlanmış əqd kimi nəzərə alına bilməz. Məhkəmə baxışı zamanı həmçinin tərəflər arasında bağlanmış 26 iyul 2016-cı il tarixli 108RCİTK162080003 nömrəli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənişlərin edildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd etməyi zəruri sayr ki, hətta iddiaçı öz iddiasında haqlı olsa idi belə, o, təmsil edilən kimi öz adından ödənişləri həyata keçirməklə mübahisələndirilən əqddən irəli gələn bütün mülki hüquq və vizəfələri bəyənmişdir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi izahat vermiş X11 müqavilə üzrə ödənişləri özünün etdiyini bildirsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən kredit müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün hər-hansı əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı (X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2063/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2063/2021
20.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver