Məhkəmə qərarları › İş №2(006)-207/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-207/2022

24.01.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-207/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müqavilənin ləğv edilməsi və müqavilə üzrə borcun ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müqavilənin ləğv edilməsi və müqavilə üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 19 avqust 2019-cu il tarixli Xidmət Müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdeh tərəfindən indiyədək iddiaçıya ödənilməmiş qalıq borc qismində 5500 manat məbləğində pulun və dövlət rüsumu qismində iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pulun, ümumilkdə isə, 5530 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 19 avqust 2019-cu il tarixli xidmət müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdeh tərəfindən indiyədək iddiaçıya ödənilməmiş qalıq borc qismində 5000 manat pulun, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 10.030 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında 19 avqust 2020-ci il tarixli 1 il müddətinə Xidməti müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetindən irəli gələrək iddiaçıya "Ofis işi" adlı serialının çəkiliş qrupu tərkibində "Redaktor" vəzifəsinin icrası həvalə edilmişdir. Beləliklə, ofis işi serialının şəkilişi üzrə redaktə etmək, senari hazırlamaq işinin müqabilində 1 il müqavilə müddəti dövründə 19 avqust 2020-ci il tarixədək iddiaçıya aylıq xidmət haqqı olaraq 500 manat xidmət haqqı ödənilməsi müəyyən edilmişdir. Həmin müqavilədən irəli gələrək üzərinə götürdüyü bütün hüquq və öhdəlikləri icra etmişdir. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə bir cox öhdəliklər, yəni serialın çəkilişnində redaktorun iştirakını təmin etmək, redaktor üçün əmək şəraitinin təmin edilməsi, müqavilə üzrə aylıq xidmət haqqı ödəmələri və sair indiyədək lazımi qaydada həyata keçirilməmişdir. Qeyd olunan öhdəliklərin icrası iddiaçının iradəsindən asılı deyil və həmin öhdəliklərin icrası məhz cavabdehin məsuliyyət dairəsində olan məsələdir. Belə ki, Müqavilənin 3.2-ci bəndinə əsasən, Cəmiyyətin əsas öhdəliklərindən biri redaktor olaraq onu əmək şəraiti ilə təmin etməkdir. Lakin, cavabdeh tərəfindən göstərilən əmək şəraiti təmin olunmadığından, serialın çəkilişində iştirak etmədiyindən redaktor olaraq müqavilə üzrə öhdəliyinin icrası iddiaçıdan asılı olmayan səbəbdən mümkünsüz olmuşdur. Yəni, bu hal iddiaçının iradəsindən asılı olmadığından, buna görə məsuliyyət daşımır. Eyni zamanda bütün bunlara baxmayaraq, qeyd olunan hal, yəni əmək şəraiti ilə təmin olunmamağım və sair cavabdehi iddiaçıya münasibətdə ödənişlə bağlı öhdəlikdən azad etmir. Belə ki, Cəmiyyət müqavilə üzrə digər öhdəlikləri icra etməli olduğu kimi, iddiaçıya müqavilə müddəti ərzində (1 il müddətində) aylıq 500 manat xidmət haqqını da, hər bir halda ödəməyə borcludur. Çünki, iddiaçı, cavabdeh ilə müqavilə bağlayarkən bütün işlərini bu proyektə görə planlamış və digər proyektlərdən və təkliflərdən məhz bu müqavilədən irəli gələrək imtina etmişdir. Ona görə hesab edir ki, Cəmiyyət müqavilə üzrə bir il müddətində iddiaçıya ödəməli olduğu aylıq ödəmələri tam şəkildə icra etməlidir. Çünki, müavilə qüvvədədir və müqavilənin 6.5-ci bəndinə əsasə müqavilə-hüquq münasibətlərinin xitamına dair iddiaçıya heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Bu, onu deməyə əsas verir ki, iddiaçının Cəmiyyətdən həmin dövr ərzində yığılan aylıq xidmət haqqını almaq hüququ vardır. Həmçinin müqavilədə hər-hansı forsmajor hala dair bənd mövcud deyildir. Bu o deməkdir ki, hər-hansı qarşısı alınmaz hala görə Cəmiyyət, müqavilə üzrə pul öhdəliyini yerinə yetirməkdən boyun qaçıra bilməz. Cəmiyyətdə müqavilə üzrə ödhləliklərini faktiki olaraq 19 avqust 2019-cu ildən - 02 aprel 2020-ci il tarixinədək (8 ay müddətində hər gün) icra etmişdir. Bundan sonra, serial çəkilişləri müvəqqəti olaraq dayanması səbəbindən ümumiyyətlə işə çağırılmamışdır. Cəmiyyətin səlahiyyətli nümayəndələri tərəfindən bildirilmişdir ki, serial çəkilişi və işlərin davamı tezliklə bərpa olunacaq və hər bir halda müqavilə qüvvədə olduğundan aylıq ödəmələr ona hissə-hissə ödəniləcəkdir. Cəmiyyət qeyd olunan müqavilə üzrə iddiaçıya ödəməli olduğu 6000 AZN cəmi xidmət haqqından indiyədək bir dəfə 500 manat xidmət haqqı ödənişi etmişdir. Bu, o deməkdir ki, Cəmiyyətin hazırda iddiaçıya müqavilə üzrə ödəmədiyi xidmət haqqına görə cəmi qalıq borcu 5500 manat təşkil edir. İddiaçı həmin qalıq borc məbləğini Cəmiyyətdən tələb edir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi, həmçinin yazılı müraciət olunmuş və müqavilə üzrə yaranmış borcunun ödənilməsi tələb edilmişdir. Lakin, bütün bunlara baxmayaraq cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrası tam olaraq indiyədək yerinə yetirilməmişdir. Nəticə etibarilə, göstərilən hallar onu deməyə əsas verir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən, müqavilə şərtlərini kobud pozmuş sayılır. Bu isə həm Müqavilə, həm də Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilənin birtərəfli qaydada ləğvi və müqavilə üzrə yaranmış borcun cavabdehdən tələb edilməsi üçün hüquqi əsas verir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X3 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin (vəkili) izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 19.08.2019-cu il tarixli 03 saylı “Müəlliflik hüquqlarının təqdim edilməsinə dair” Xidmət müqaviləsindən görünür ki, iddiaçı cavabdehin istehsal etdiyi “Ofis işi” adlı serialın çəkilişi üçün aylıq redaktə etməyi və bunun müqabilində cavabdeh iddiaçıya görülmüş işə görə 500 manat qonorar ödəməyi öhdələrinə götürmüşlər. 7 ədəd kassa məxaric orderlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 08.10.2019-cu il tarixdə 500 manat, 22.10.2019-cu il tarixdə 500 manat, 08.11.2019-cu il tarixdə 500 manat, 10 dekabr 2019-cu il tarixdə 500 manat, 27.12.2019-cu il tarixdə 499 manat, 07.02.2020-ci il tarixdə 500 manat, 19.03.2020-ci il tarixdə 100 manat, cəmi 3099 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14.12.2021-ci il tarixli 4/1652 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 2(006)-3726/2021 nömrəli mülki işin 81-87-ci vərəqələrində olan 19.03.2020-ci il tarixli 1 nömrəli, 22.10.2019-cu il tarixli 2 nömrəli, 08.10.2019 tarixli 3 nömrəli, 08.11.2019-cu il tarixli 4 nömrəli, 10.12.2019-cu tarixli 5 nömrəli, 27.12.2019-cu il tarixli 6 nömrəli, 07.02.2020-ci il tarixli 7 nömrəli kassa məxaric orderlərində “Aldı İmza” qrafalarındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 19.08.2019-cu il tarixli 03 saylı “Müəlliflik hüquqlarının təqdim edilməsinə dair” Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin istehsal etdiyi “Ofis işi” adlı serialın çəkilişi üçün aylıq redaktə etməyi və bunun müqabilində cavabdeh iddiaçıya görülmüş işə görə 500 manat qonorar ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətə görə ümumilikdə 3099 manat pul ödənilmişdir. Borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında xidmət müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı, cavabdeh tərəfindən göstərilən əmək şəraiti təmin olunmadığından, serialın çəkilişində iştirak etmədiyindən redaktor olaraq müqavilə üzrə öhdəliyinin icrası iddiaçıdan asılı olmayan səbəbdən mümkünsüz olmuşdur. Yəni, bu hal iddiaçının iradəsindən asılı olmadığından, buna görə məsuliyyət daşımır. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulan xidmətlər tam yerinə yetirilməmiş və iddiaçı bunu ondan asılı olmayan səbəbdən mümkünsüz olduğunu qeyd etməklə əsaslandıraraq xidmət göstərmədiyi dövrlərin haqqını cavabdehdən tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin icrası ilə bağlı pozuntunun, yəni serialın çəkilişində iştirak etməməklə xidmət göstərməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı iddiaçının xidmət göstərdiyi dövrlərin haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, eyni zamanda 126 manat məbləğində ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. 126 manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar