Məhkəmə qərarları › İş №2(103)-6689/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6689/2022

21.10.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6689/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Cahangir Yusifovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasındakı xx.xx.2014-cü il tarixli kredit (borc) müqaviləsi ləğv edilsin və həmin müqavilə üzrə 40.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 40.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında xx.xx.2014-ci ildə notariat qaydasında borc (kredit) müqaviləsi bağlanıb. Müqavilədən görünür ki, iddiaçı 40.000 manat pulu cavabdehə borc verdi, cavabdeh isə həmin pulu 3 il ərzində, yəni xx.xx.2017-ci ilədək qaytarmağı öhdəsinə götürür. İddiaçı iddia edir ki, pulu cavabdehə verib, lakin cavabdeh pulu geri qaytarmayıb. Cavabdeh isə birinci instansiya məhkəməsində iştirak etməyib, heç bir sübut təqdim etməyib. O, apellyasiya şikayətində qeyd edib ki, kredit öhdəliyi icra edildiyinə görə xitam olunub. Borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh bu barədə sübut təqdim etməyib. Ona görə də apellyasiya şikayəti təmin oluna bilməz. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar