Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2064/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Yalçın Hacızadənin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, pulun qaytarılması və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərin arasında podrat münasibəti olub. Belə ki, xx.xx.2021-ci ildə iddiaçı (sifarişçi) ilə cavabdehin (podratçının) arasında notariat qaydasında yazılı podrat müqaviləsi bağlanıb. Cavabdeh üzərinə öhdəlik götürüb ki, iddaçının mülkiyyətində olan torpaq sahəsində (Mərdəkan qəsəbəsi, 778 saylı sahə ünvanında yerləşən 0,058 ha torpaq sahəsində) öz materialları ilə fərdi yaşayış evi tikəcək və evi tam təmir edəcək. İddiaçı isə üzərinə öhdəlik götürüb ki, bu işin müqabilində cavabdehə 42.850 manat muzd ödəyəcək. Müqavilədə qeyd olunub ki, müqavilə bağlandığı andan qüvvəyə minir və xx.xx.2021-ci ilədək qüvvədə olacaq. Tələb və onun həlli: İddia ərizəsi xx.xx.2021-ci ildə, yəni podrat müqaviləsinin müddətinin bitməsindən 3 ay sonra verilib. İddia ərizəsində tələb olunub: 1) podrat müqaviləsi ləğv edilsin; 2) iddiaçı tərəfindən cavabdehə verilmiş pulun evin tikintisinə xərclənməmiş hissəsi – 12.127,02 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılsın; 3) evin təmirinə çəkilməli olan 7.190,49 manat cavabdehdən alınaraq iddiaçıya verilsin; 3) mənəvi zərərin əvəzi kimi 5.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, iddiaçı cavabdehə ümumilikdə 43.930 manat, yəni müqavilədə göstərildiyindən də artıq ödəniş edib, lakin cavabdeh müqavilədə göstərilmiş müddətdə evi tam inşa etməyib. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 16.068,89 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Yalçın Hacızadə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Həmin ev üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 35.051,6 manat, evin təmirinin bərpasına çəkiləcək xərcin dəyəri isə təqribən 7.190,5 manat təşkil edir. Bu hal Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1816 №-li rəyi ilə müəyyən olunub. İddiaçı cavabdehə ümumilikdə 43.930 manat ödəyib. Bunun 42.850 manatı müqavilə ilə razılaşdırılmış ödənişdir, qalan 1.080 manatı (43.930 manat - 42.850 manat = 1.080 manat) isə müqavilədə göstərilməyən əlavə ödənişdir. Evin təmirtikinti işlərinin ümumi dəyəri (35.051,6 manat) ilə iddiaçı tərəfindən cavabdehə ödənilmiş pulun (43.930 manatın) arasındakı fərq (8.878,4 manat) cavabdehən alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, podratçı tam təmirli ev inşa etməyə görə 43.930 manat pul alsa da, 35.051,6 manat dəyərində iş yerinə yetirib, yəni tam təmirli ev inşa etməyib, podrat müqaviləsinin qüvvədə olma müddəti isə bitib. Mülki Məcəllənin 752.1 və 759.2-ci maddələrinin mənasına görə, podratçı yerinə yetirmədiyi işə görə muzd ala bilməz. Ona görə də birinci instansiya məhkəməsi 8.878,4 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib. Evin tam təmir edilməsi üçün çəkilməli olan xərcin əvəzi - 7.190,5 manat cavabdehdən tutula bilməz. Belə ki, iddiaçı cavabdehə verdiyi 43.930 manat pulun 8.878,4 manatını ona görə geri alır ki, cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməyib, yəni tam təmirli ev inşa etməyib. İddiaçının geri alacağı 8.878,4 manat pulla evin tam təmir edilməsi mümkündür, hətta həmin pulun bir hissəsi artıq qalacaq, çünki ekspert rəyinə görə evin tam təmiri üçün 7.190,5 manat tələb olunur. Belə vəziyyətdə evin tam təmiri üçün cavabdehdən əlavə olaraq 7.190,5 manat pul tələb edilməsinin hüquqi əsası yoxdur. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, hüquqi əsas olmadan əldə edilən pul əsassız varlanma yaradır. Odur ki, qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilməli, evin tam təmiri üçün tələb olunan xərc həmin məbləğdən xaric edilməli, cavabehdən iddiaçının xeyrinə 8.878,4 manat tutulmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza keçirilsə də, ekspertiza xərci olan 50 manatın işdə iştirak edən şəxslərdən tutulması qətnamədə həll edilməyib. Məhkəmə Mülki-Prosessual Məcəllənin 119-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, həmin xərc cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilsin, Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 8.878,4 (səkkiz min səkkiz yüz yetmiş səkkiz tam onda dörd) manat müəyyən edilsin. Ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2064/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2064/2023
14.04.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver