Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-903/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “müqavilənin ləğv edilməsi, ödənilmiş pulun geri qaytarılması, cərimənin, dövlət rüsumunun ödənilməsi və.s” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, ödənilmiş pulun geri qaytarılması, cərimənin, dövlət rüsumunun ödənilməsi və.s" tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-380/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh ilə bağlanmış “Evlərin Tikinti və Təmir Xidməti” haqqında xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən “Yeni Zığ yaşayış kompleksi”ndə ümumi sahəsi 89 m2 olan 60 nömrəli mənzilin tam təmir olunması üçün cavabdehin hesabına ödədiyi 19200 manat, müqavilənin şərtlərinin pozulmasına görə 3840 manat cərimənin və iddia qaldırılması üçün ödənilmiş 159 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddiasının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-380/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Evlərin Tikinti və Təmir Xidməti” haqqında xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh 22250 manat (ödənilmiş 19200 manat pul, təmir üçün əlavə tələb olunan 3050 manat) məbləğində maddi zərər və dövlət rüsumuna görə ödənilmiş 159 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun çatışmayan hissəsi 10 manat məbləğində vəsaitin Cavabdeh tutularaq dövlət nəfinə alınması, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində vəsaitin Cavabdeh tutulub “X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 21.2, 385.1, 390.1, 421.1, 421.2, 422, 422.1, 423.2, 424.3, 424.4, 425, 427.1, 427.2, 428.2, 442, 445.2, 445.2.1, 445.2.2, 448.1, 752.1, 762.1, 762.2, 762.3, 1096.1, 1096.2, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuş, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam həcmdə icra etməmiş, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə iddiaçıya dəymiş zərərin ekspert rəyi ilə müəyyən edilmiş hissədə təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “müqavilənin şərtlərinin pozulmasına görə 3840 manat cərimənin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçının bu tələbi müqavilə münasibətindən irəli gəlməklə, cavabdehlə aralarında bağlanmış "Evlərin Tikinti və Təmir Xidməti” haqqında xx.xx.2020-ci il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin şərtlərini pozan tərəf qarşı tərəfə 20 % cərimə ödəməlidir. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, 159 manat məbləğində dövlət rüsumunun və 50 manat ekspertiza xərcinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İddia tələbinin həcmi artırıldığı üçün tələb olunan 26249 manat pul tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumu 169 manat müəyyən olunmalı, onun çatışmayan hissəsi 10 manat cavabdehdən alınaraq dövlət nəfinə alınmalıdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki:- İddiaçı ilə "Protəmir inşaat” MMC-nin direktoru Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə təmir-tikinti müqaviləsi bağlanmış və müqaviləyə əsasən "Protəmir inşaat” MMC ünvan 1 ünvanında yerləşən mənzil 60-da təmir-tikinti işləri aparmağı öhdəsinə götürmüş, görülməli işlərin dəyəri və ümumilikdə podratçıya verilməli haqq 18690 manat məbləğində razılaşdırılmışdır;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli 10/63 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiq olunan mənzil 3 yaşayış otağından, dəhlizdən, mətbəxdən, bir sanitar qovşağından, bir balkondan ibarətdir. Tədqiq olunan mənzildə yerinə yetirilən təmir işlərinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli Təmir-Tikinti Müqaviləsində qeyd olunanlarla tədqiq olunan mənzilin faktiki vəziyyəti müqayisə edilərkən, mənzildə bütün sahələrə vurulmuş kafel və metlaxlar çox səliqəsiz formada işlənmişdir. Mənzilin mətbəx və köməkçi sahələrinə metlax döşənmiş (döşənmiş metlaxın səviyyəsi düzgün deyil), yaşayış otaqlarının döşəməsinə isə dikt döşənmişdir. Otaqların divarları şpaklyovka qatı ilə suvanmış, tavanlarına alçipandan asma tavan quraşdırılmışdır. Elektrik və santexnik işləri aparılmışdır. Ekspert rəyi ilə təsbit edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Yeni Zığ yaşayış kompleksi” ümumi sahəsi 89 kv.m olan 60 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərində qüsurların olduğu müəyyən edildi (aşkar edilmiş qüsurlar rəyin tədqiqat hissəsində ətraflı foto görüntülərlə birlikdə qeyd olunmuşdur). Aşkar edilmiş qüsurların tikilinin konstruktiv elementlərinə zərər vurmadan bərpası mümkün deyildir. Bunun üçün sözügedən qüsurların aşkar edilmiş elementlərinin sökülərək yenisi ilə əvəz edilməsi və ya işlənməsi zəruri hesab edilir. ünvan 1 ünvanında yerləşən "Yeni Zığ yaşayış kompleksi” ümumi sahəsi 89 m2 olan 60 saylı mənzildə aparılmış qüsurlu təmir-quraşdırma işlərinin sökülərək yenidən tikinti-norma və qaydalarının tələblərinə uyğun aparılması üçün 22250 manat pul vəsaiti tələb olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır; (iş.səh. 55, 56 ) .
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(005)-380/2022 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9 və 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, onun məhkəmə iclasları və keçirilən ekspertiza ilə bağlı heç bir məlumatı olmamış, ekspert iddiaçının maraqlarını ifadə edən rəy vermişdir. Tərəflərindən müqavilə öhdəliklərinin təxminən 75-80% hissəsi yerinə yetirilərək mənzildə təmir işləri aparılmışdır. Lakin “Covid 19” pandemiyası ilə əlaqədar müəyyən çətinliklər yarandığı üçün mənzilin təmirini tam başa çatdıra bilməmişlər. Ekpert rəyindən belə müəyyən olunur ki, guya onlar iddia predmeti olan mənzildə bütün işləri keyfiyyətsiz yerinə yetirmişlər. Halbuki iddiaçı mütəmadi olaraq təmir işlərinə nəzarət etmiş, təmir işlərində, istifadə olunan materiallarla bağlı heç bir irad bildirməmişdir. Mənzilin təmiri zamanı hər hansı bir qüsur, nöqsan mövcuddursa həmin nöqsanlar təmirin sonunda tam aradan qaldırılaraq sifarişçiyə təhvil verilir. Ekspertiza keçirilən zaman iştirakının təmin edilməməsi ekspertə yuxarıda qeyd olunan rəyi verməyə əsas vermişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən mübahisə predmeti olan mənzilə tərəflərindən çəkilmiş xərcləri nəzərə almadan ekspert rəyinə əsasən 22250 manat pulun ondan alınaraq iddiaçıya verilməsini qət etmişdir. Vəkili Vəkil2 ancaq ilkin məhkəmə hazırlıq iclasında iştirak etmiş, sonrakı hazırlıq iclaslarında və məhkəmə baxış iclasında iştirak etməmişdir. Bundan əlavə qətnamənin nəticə hissəsində Cavabdeh pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə işin obyektiv, hərtərəfli araşdırılması üçün məhkəmə iclaslarında və ekpertiza tədqiqatı zamanı onun iştirakını təmin etməmiş, çəkişmə prinsipini pozmuşdur. Halbuki onun iştirakı təmin olunsaydı işin halları hərtərəfli araşdırılar və obyektiv qətnamə qəbul edilərdi.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işlərin böyük hissəsinin görüldüyünü, pandemiya ilə əlaqədar müəyyən problemlərin yarandığını, ekspertiza keçirilən zaman cavabdehin iştirakının təmin olunmadığını, cavabdehin iştirakı təmin edilsəydi öz fikirlərini bildirə biləcəyini, hissəhissə ödənişə və ya təmiri başa çatdırmağa razı olduqlarını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı məhkəmədən razılıq əldə edilməsi üçün vaxt verilməsinin xahiş edildiyini, cavabdehin nümayəndəsinin təmsil etdiyi şəxslə danışacağını dediyini, lakin heç bir nəticə əldə olunmadığını, hazırda da evin tikintisinin həmin vəziyyətdə, yəni yarımçıq qaldığını, müqaviləyə əsasən cavabdehin evi dörd ay ərzində təmir edib təhvil verməli olduğunu, hazırda iddiaçının ev təmir olunmadığı üçün kirayədə yaşadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: «21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
9. Həmin Məcəllənin 421, 445 və 752-ci maddələrinin tələblərinə görə: Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
10. Həmin Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinə görə : Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mülki Məcəllənin 21, 324, 385-390, 421, 445, 752, 560, 1096, 1097; "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyəsi daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
12. Qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdehin etirazının əsasını təşkil edən ekspert rəyinin mötəbər olmayan sübut kimi qiymətləndirilməsinə əsas verən hallar, habelə əlavə və ya təkrar ekspertizanın keçirilməsinə əsaslar müəyyən edilməmişdir.
13. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci ödəyən şəxsın özünə aid edilməlidir.
14. Göstərilənlərə əsasən və MPM-nin 2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-380/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.