Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2074/2020 08.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı, cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi x1 iştirakları ilə İddiaçı cavabdeh "Cavabdeh" x2rşı "kredit və ipoteka müqavilələrinin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxx" İKB x2rşı "kredit və ipoteka müqavilələrinin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı 08.01.2015-ci il tarixdə kürəkəni ilə birlikdə biznes qurmaq məqsədilə cavabdeh “xxxxxx” İKB-dən illik 25 faiz olmaqla, 60 ay müddətinə, cəmi 63900 ABŞ dolları nağd kredit götürmüşdür. İddiaçı banka kredit üçün müraciət edərkən almaq istədiyi məbləği manatla almaq niyyətinin olduğunu bildirmişdir. İddiaçıya bankdan kredit verilərkən də kreditin manatla veriləcəyi bildirilmiş, iddiaçı krediti manatla almışdır. Lakin müqaviləyə imza atandan sonar iddiaçı bildi ki, ona verilən kredit məbləğinin valyutası ABŞ dolları ilə ifadə olunmuşdur. Həmin kredit müqviləsinin təminatı kimi cavabdeh “xxxxxx” İKB ilə aralarında 2-G-1 -0-10-15 saylı, 08.01.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanaraq ona məxsus olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 2 mərtəbəli, 520,1 kv.m ümumi, 290.8 kv.metr yaşayış, 229,3 kv.metr yardımçı sahəsindən ibarət olan 9 otaqlı fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit götürdükdən cəmi bir neçə gün sonra (2015-ci ilin fevral ayı) Respublika ərazisində 1-ci devalvasiya baş verdi və dolların məzənnəsi 1.05 manat oldu. Buna baxmayaraq, iddiaçı çətinliklə də olsa kredit borcunu vaxtlı-vaxtında ödədi. Lakin ikinci devalvasiya zamanı iddiaçının kürəkəni ilə birgə çox çətinliklə qurduqları biznesi iflasa uğradı, ikinci devalvasiyanın baş verməsi və dolların manata nəzərən məzənnəsinin sürətlə qalxması nəticəsində iddiaçı banka olan ödənişlərini etməyə çətinlik çəkdi. Vəziyyət gündən-günə pisləşməyə başladı, maddi çətinliklər və mənəvi sarsıntılar yaşadılar. Borclar gündən-günə artdı və nəticədə iddiaçının kürəkəni x5 bütün bunlara dözmədi və özünü asaraq intihar etdi. Bundan sonra onunla birgə biznesə görə götürdükləri kreditlər və digər borcları ödəmək iddiaçının üzərinə düşdü. Hal–hazırda iki nəvəsi və qızı onun himayəsindədir. Oğlu x3 2-ci qrup əlildir, 2 övladı var, yoldaşı və özü heç yerdə işləmir. İddiaçının yoldaşı Əliyeva Rəfiqə 2-ci qrup əlildir, heç yerdə işləmir. Bütün ailə üzvləri iddiaçının himayəsindədir. Hal-hazırda iddiaçı özü də heç bir yerdə işləmir, təqaüdçüdür, 150 manat təqaüd alır, ondan başqa heç bir gəlir yeri yoxdur. İddiaçı banka müraciət edərkən almaq istədiyi məbləği manatla bildirmiş və ona bankdan kreditin manatla veriləcəyi bildirilmişdir. Lakin sonradan müqaviləni imzalayarkən iddiaçıya məlum oldu ki, kredit müqaviləsi ABŞ dolları ilə ifadə olunmuşdur. Cavabdeh təşkilatla aralarında kredit müqaviləsi bağlanıldıqdan sonra iddiaçı cavabdeh təşkilata 15358.01 ABŞ dolları və 800 manat ödəniş etmişdir. Lakin bütün bu ödənişlərə baxmayaraq, cavabdeh təşkilat kredit müqaviləsi üzrə əsas borcu saxlamış, faiz borcunu isə qanunsuz və əsassız olaraq dəfələrlə şişirtmişdir. Respublika ərazisində baş vermiş devalvasiyalar və yuxarıda qeyd olunmuş səbəblərdən artıq uzun müddətdir ki, iddiaçının ödəmə qabiliyyəti yoxdur, banka ödəniş edə bilmir. İddiaçı bununla əlaqədar olaraq dəfələrlə banka yazılı ərizə ilə müraciət edərək, ona hər hansı bir formada köməklik göstərilməsini və məhkəməyə müraciət etmələrini xahiş etmişdir. Lakin bank iddiaçının müraciətlərinə heç bir reaksiya verməmiş əksinə olaraq, borc məbləğinin məhkəmə qaydasında tutulacağı barədə məhkəməyə müraciət edəcəkləri barədə dəfələrlə xəbərdarlıq məktubları göndərmişdir. Tərəflər arasında bağlanılan kredit müqaviləsinin 15-ci maddəsinin 1- ci bəndində qeyd olunur ki, tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindiyi vaxtdan baş verən zəlzələ, yanğın və digər təbii fəlakətlər habelə müharibə blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri və yaxud digər qarşısıalınmaz qüvvə ilə bağlı hallarda bu Müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Göstərilənlərə əsasən cavabdeh “xxxxxx” İKB ASC ilə aralarında bağlanmış Gl-0-10-15 saylı, 08.01.2015-ci il tarixli kredit müqaviləsinin və həmin tarixdə bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi, qalan kredit məbləğinin ABŞ dollarının kredit verilən günə (0.7844 AZN) olan məzənnə ilə hesablanması və manatla ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi x4 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, müqavilə qanunvericiliyin şərtlərinə uyğun tərtib edilmişdir. Hazırkı iddia tələbi isə əsassızdır. Buna görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, işin materiallarında olan «xxxxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış 08.01.2015-ci il tarixli, 2-G-1-0-10-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank İddiaçı illik 25% olmaqla, 60 ay müddətinə 63900 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarındakı ipoteka saxlayan «xxxxxx» KB ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 290,8 kv.m yaşayış sahəsindən ibarət 9 otaqlı fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsi öhdəliklərin təminatı kimi «xxxxxx» KB ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 182.000 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmış, Bank tərəfindən kredit ABŞ dolları ilə verilmiş və iddiaçı bununla razılaşaraq müqaviləni imzalamışdır. Respublikada baş vermiş manatın devalvasiyasından sonra iddiaçı ABŞ dollarının məzənnəsinin yüksək olmasını əsas gətirərək kredit müqaviləsinin ləğv olunması barədə iddia tələbini irəli sürmüşdür. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı kredit və ipoteka müqavilələrinə göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Bundan əlavə, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 944.1-ci maddəsində deyilir ki, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. «Əmanətlərin sığortalanması haqqında» Qanunun 2.1.1 və 27.1-ci maddələrinin mənasına görə, qorunan əmanətə hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləri aiddir və sığorta hadisəsi halında xarici valyutada olan əmanətlər üzrə kompensasiya əmanətin valyutasında ödənilir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından göründüyü kimi, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Qeyd etmək lazımdır ki, bank qanunvericiliyinə əsasən bank, kreditləri faizlə verir, yəni əmanət münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafiq artımla qaytarılmalıdır. Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin valyutasında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına daxil edirlər. Bundan əlavə, Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Bu maddə təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Belə nəticə həmçinin bank qanunvericiliyinin tələblərindən də irəli gəlir. Belə ki, «Banklar haqqında» Qanunun 1-ci maddəsində də müəyyən olunur ki, banklar kreditləri öz adından və öz hesabına verirlər. Beləliklə, borcun predmeti kimi məhz pul özü çıxış edir və onun ödəniş vasitəsi kimi istifadəsi anlamına gətirilməsini düzgün hesab etmək olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» 14 may 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, «Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində «əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər» müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur». «Beynəlxalq kommersiya müqavilələrinin prinsipləri haqqında» sənədin (UNİDROİT Prinsipləri) 6.1.10-cu maddəsində qeyd olunur ki, pul öhdəliyi ilə bağlı müqavilələrdə tərəflər ödənişin hansı valyuta vasitəsi ilə icra edəcəklərini göstərmədiyi təqdirdə, ödəniş, ödənişin icra olunacağı yerin milli valyutasında həyata keçirilməlidir. Həmçinin, «Avropa müqavilə hüququnun Prinsipləri haqqında» sənədin 7:108-ci maddəsi müəyyən edir ki, tərəflər pul öhdəliyinin icrasını istənilən valyutada razılaşdıra bilərlər. Lakin tərəflər arasında belə razılıq olmadığı halda, pul öhdəliyində göstərilmiş xarici valyuta məbləği ödənişin icra olunacağı yerin milli valyutasında ödəniş gününün məzənnəsi ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 439.2-ci maddəsinin ikinci cümləsi də məhz yuxarıda göstərilən yanaşmaya tam uyğundur. Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə, mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Maddənin mətnindən göründüyü kimi, bu maddə iki halı tənzimləyir: 1) pul vahidinin (məzənnənin) dəyərinin artması və ya azalması; 2) valyutanın dəyişməsi. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında göstərmişdir ki, hər iki hal manatda olan pul öhdəliklərinə aiddir. Belə ki, Konstitusiyaya görə Azərbaycan Respublikasının pul vahidi manatdır. Digər tərəfdən, Mülki Məcəllənin 439.2ci maddəsi xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılmasını birmənalı müəyyən edir. Mülki Məcəllənin 439.7-ci maddəsi isə o halları tənzimləyir ki, manatda olan hər hansı müqavilə üzrə pul öhdəliyinin icrası anına məzənnə dəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri xarici valyutaya nisbətdə artır və ya azalır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmiş müqavilə qiymətini ödəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələb edə bilməz və ya əksinə, dəyəri artarsa, borclu manatda daha az məbləğin ödənilməsini iddia edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda adı çəkilən 14.05.2015-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" x2rşı "kredit və ipoteka müqavilələrinin ləğv edilməsi və s." tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" x2rşı "kredit və ipoteka müqavilələrinin ləğv edilməsi və s." tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2074/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2074/2020
08.06.2020 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver