Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2081/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizələri üzrə birləşdirilmiş mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli NİM002012 nömrəli akt əsasında hesablanmış 274,34 manat dəyərində borcun qeyri-qanuni hesab edilib, silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinə texniki düzəliş edilmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 09:15 radələrində qonşusu Həsən adlı şəxs iddiaçıya zəng edərək elektrik enerjisi sayğacının ətrafında 2 nəfər şəxsin olması barədə məlumat vermişdir. Bundan sonra iddiaçı elektrik enerjisi sayğacının yerləşdiyi divara yaxınlaşmış və orada olan əməkdaşlardan onun iştirakına şərait yaratmalarını xahiş etmişdir. Hündürboylu əməkdaş iddiaçının iştirakına şərait yaratmamış, əksinə polislə hədələyərək kiməsə zəng etmişdir. Sonra iddiaçı evə qayıdıb mobil telefonunu götürərək yenidən həmin şəxslərə yaxınlaşmışdır. İddiaçı mobil telefonla həmin şəxsləri çəkmək istədiyi zaman hündürboylu əməkdaş üzünü gizlətməyə çalışmışdır. İddiaçı 25 noyabr 2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət etsə də, yazılmış borcun silinməsindən imtina edilmişdir. Aktı tərtib edən əməkdaşlar tərəfindən iddiaçının iştirakına şərait yaradılmamış, əksinə əməkdaşlar polislə hədələyərək üzlərini gizlətmişlər. Eyni zamanda, müvafiq akt satışa nəzarət idarəsinin rəisi tərəfindən təsdiq edilməmiş, hesablama düzgün aparılmamış, əlavə sərfiyyata görə 1,1 kv.s olmaqla 34 günə 274,34 manat hesablanmışdır. Görünür ki, akt saxta olmaqla, Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli Qərarının tələblərinə ziddir və əsassızdır.
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair ikinci iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş NİM 010532 nömrəli akt əsasında hesablanmış cərimə məbləğinin qeyri-qanuni hesab edilərək silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinə texniki düzəliş edilmişdir).
4. İkinci iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu işıq idarəsinin sahə rəisi Əli adlı şəxs İddiaçı zəng edərək xx.xx.2024-cü il tarixli akt əsasında 274 manat borcunun olduğuna görə elektrik enerjisi təchizatının dayandırıldığını bildirmişdir. Bundan sonra iddiaçı elektrik enerjisi təchizatının dayandırılmasına göstəriş verən Elman adlı əməkdaşa yaxınlaşmış, o isə bildirmişdir ki, elektrik enerjisi təchizatı borca görə deyil, tərtib edilmiş akta əsasən dayandırılmışdır. İddiaçı həmin aktların təqdim edilməsini xahiş etsə də, əməkdaş aktı verməkdən imtina etmiş və kalkulyatorda hesablama apararaq 1940 manat borcun ödənildiyi təqdirdə elektrik enerjisi təchizatının bərpa olunacağını bildirmişdir. İddiaçı qeyd edilən aktı götürmək üçün Binəqədi rayonu işıq idarəsinə yaxınlaşmış və həmin idarənin əməkdaşı Nicat adında şəxs aktın portala yerləşdirilmədiyinə görə Kazımzadə küçəsi, 20 ünvanına yaxınlaşmalı olmasını ona bildirmişdir. Qeyd edilən ünvanda 3-cü mərtəbədə yerləşən 6 nömrəli otaqda iddiaçıya akt təqdim edilmiş, hesabatın isə portalda olmadığı və kalkulyatorda hesablama apararaq ödənilməli olan borcun 1330 manat olması göstərilmişdir. İddiaçıya "xxxx" ASC-nin elektrik enerjisinin satışına nəzarət idarəsində borcunun 1940 manat, Kazımzadə küçəsi, 20 ünvanında 3cü mərtəbədə yerləşən 6 nömrəli otaqda isə borcunun 1330 manat olması bildirilir. Hesabat tərtib edilmədiyindən dəqiq cərimə məbləğini göstərmək mümkünsüzdür. Eyni zamanda tərtib edilən akt xx.xx.2025-ci il tarixli 18 nömrəli qərarın tələblərinə (akt yoxlama aparan idarənin rəhbəri tərəfindən təsdiq edilməmişdir) ziddir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2122/2025 nömrəli qərardadı ilə iddia ərizələri bir icraatda birləşdirilmişdir.
6. İddiaçı “iddia ərizəsinə əlavə” təqdim edərək, aktlara əsasən hesablamanın düzgün aparılmadığını bildirmişdir.
a) Məhkəmə prosesi:
7. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, şahidlərin ifadəsini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, birləşdirilmiş birinci və ikinci iş üzrə iddialar təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
10. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, NİM № 002012 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun **********A0000 nömrəli abunə kodu üzrə İddiaçı məxsus Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi yaşayış evinin sayğacına baxış keçirən zaman həmin evdə sayğac sxemindən kənar xətdən istifadə edildiyi məlum olmuşdur. Belə ki, kənar xətt abonentə məxsus 24433614 nömrəli digər sayğacı birbaşa şəbəkəyə qoşmaqla həmin kənar xəttin fərdi yaşayış evinə də çəkmişdir. Axan yük ölçülmüş, kənar xəttin ləğv edilməsi tələb edilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2398/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, 28 mart 2024-cü il tarixli, 000611 saylı akt əsasında hesablanmış 1423,99 manat borcdan 1090.99 (bir min doxsan manat doxsan doqquz qəpik) manat məbləğində pulun "xxxx" ASC tərəfindən İddiaçı abunə hesabından (kod: **********A0000) silinməsi, iddianın digər hissələrdə rədd edilməsi qət edilmişdir.
12. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, **********A0000 kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil edilərkən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində Nəzarət İdarəsinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacındakı kənar xətt səbəbilə NİM № 002012 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 2218 kVts (274,34 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq hazırlanmışdır. xx.xx.2024-cü il tarixinə elektrik enerjisi sərfiyyatına görə 607 manat borcun ödənilməsi zəruridir.
13. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, NİM № 010532 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun **********A0000 nömrəli abunə kodu üzrə İddiaçı məxsus Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilən zaman həmin evdə sayğac sxemindən kənar xətdən istifadə edildiyi məlum olmuşdur. Belə ki, kənar xətt sayğacı qidalandıran SİP xəttinin izolyasiyasını pozmaqla sayğac qutusunun içərisində budaqlanma yolu ilə birbaşa çıxıb ayrıcıya verməklə çəkilmişdir. Axan yüklər ölçülmüş, kənar xəttin ləğv edilməsi tələb edilmişdir.
14. Abunə haqqında sənəddən görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə **********A0000 nömrəli abunə koduna NİM № 002012 nömrəli akta əsasən xx.xx.2025-ci il tarixdə 9,00 manat, 16,00 manat, 249,34 manat olmaqla, cəmi 274,34 manat, xx.xx.2025-ci il tarixdə isə NİM № 010532 nömrəli akta əsasən 1.419,60 manat cərimə yazılmışdır.
15. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, “Azərişıq» ASC-də satışa nəzarət şöbəsinin müdiridir. Onlar tərəfindən yoxlama aparılarkən abonent İddiaçı öz yaşayış evinə və obyektinə məxsus sayğaclardan kənar xətt çəkərək evini və obyektini elektriklə qidalandırması müəyyən edilmişdir. Bununla bağlı NİM002012 nömrəli və 010532 nömrəli aktlar tərtib edilərək rəhbərliyə göndərilmişdir. Onların işi ərazidə olduğundan, aktlara əsasən hansısa hüquq mühafizə orqanlarına müraciət edilməsi onların səlahiyyətinə aid deyil. Aktları tərtib etdikləri zaman iddiaçıya məxsus evin qapısını döyübdöymədiklərini xatırlamır, amma 2025-ci ildəki aktı tərtib etdikləri zaman iddiaçının orada olmadığı yadına gəlir.
16. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, onların vəzifəsi sayğacların işləkliyini və plomblarını yoxlamaqdır. Yoxlama aparılarkən abonent İddiaçı yaşayış evinə və obyektinə məxsus sayğaclarda qüsur müəyyən olunduğuna görə akt tərtib edilmişdir. Onlar aktı tərtib etdikdən sonra idarəyə təhvil verirlər, bundan sonrası isə onların səlahiyyətinə aid deyil.
17. İş materiallarında iddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə, fotoşəkillərin kserosurəti, cavabdeh tərəfindən təqdim edilmiş videoyazının olduğu 1 ədəd disk də vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacdan (abonent kodu: **********A0000) kənar xətt çəkilməsi – elektrik enerjisi şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edilməsi əsası ilə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixlərdə NİM № 002012 və NİM № 010532 nömrəli aktlar tərtib edilərək, abonent koduna birinci akt üzrə 274,34 manat, ikinci akt üzrə isə 1.419,60 manat məbləğlərində cərimə yazılmışdır.
19. İddiaçı aktların ləğv edilməsi tələbi ilə cavabdehə müraciət etsə də, heç bir müsbət nəticə əldə etməmiş, buna görə də aktlar üzrə yazılmış borcların silinməsi tələbinə dair hazırkı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir.
20. Məhkəmə araşdırmaları zamanı cavabdeh tərəf iddianı qəbul etməmiş, iddiaçının sayğacdan kənar xətt çəkməsi hallarının aşkar edilməsinə görə cərimələrin əsaslı yazıldığını, lakin iddiaçının müvafiq məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq orqana müraciət etmədiklərini bildirmişdir.
21. Mübahisələndirilən aktları tərtib edən əməkdaşlar cavabdeh tərəfin vəsatətinə əsasən əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş və onlar işlərinin belə hallar aşkar edildikdə, akt tərtib etmək olduğunu, belə hala yol verən şəxsin müvafiq məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq orqana müraciət etməyə səlahiyyətlərinin olmadığını bildirmişlər.
c) Məhkəmənin mövqeyi:
22. Məhkəmə hesab edir ki, hər iki iddia tələbi təmin edilməlidir.
23. Belə ki, qanunvericiliyin tələbinə əsasən, iddiaçıya məxsus fərdi yaşayış evinin sayğacından kənar xətt çəkilməsi – iddiaçının elektrik enerjisi şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edildiyi halda, cavabdeh tərəf bu fakt barəsində akt tərtib edərək, aktın bir nüsxəsini iddiaçının müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi üçün X1 Agentliyinə və ya onun əməlində cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim etməli olsa da, akt tərtib etməsinə baxmayaraq, bir nüsxəsini müvafiq orqana təqdim etməməklə bu vəzifəsini yerinə yetirməmişdir.
24. Halbuki, qanunun tələbinə görə, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması yalnız həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi halda, cavabdeh bununla bağlı cəriməni (zərəri) iddiaçıdan tələb edə bilərdi. Lakin hazırkı işin materiallarından görünür ki, iddiaçının təqsirli olması müvafiq qaydada sübuta yetirilmədiyi halda, cavabdeh tərəf mübahisələndirilən aktlar üzrə hesablanmış cərimə məbləğlərini ona məxsus abonent koduna yazmaqla, iddiaçıdan həmin borcların ödənilməsini tələb edir.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübutetmə yükü cavabdehin üzərində olsa da, elektrik enerjisi şəbəkəsinə qanunsuz qoşulma – elektrik enerjisini talama faktında iddiaçının təqsirinin müəyyən edilməsinə dair qanunvericiliklə dəqiq müəyyən edilmiş müvafiq mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
26. Çünki onu da qeyd etmək zəruridir ki, müvafiq sayğac iddiaçının fərdi yaşayış evindən kənarda yerləşdiyindən, qanunun tələbinə əsasən, ona edilmiş müdaxiləyə görə enerjitəchizatı müəssisəsi, yəni cavabdeh məsuliyyət daşıyır. Bu prezumpsiyanın əksini iddia sübut etmək yükü isə cavabdehin üzərindədir. Lakin göründüyü kimi, cavabdeh iddiaçının təqsirinin olub-olmamasının müvafiq orqanlar tərəfindən müəyyən edilməsi üçün öz üzərinə düşən vəzifəni yerinə yetirməmiş, aktlara əsasən hesablanmış cərimə məbləğlərini iddiaçıdan tələb etmək üçün zəruri olan mötəbər sübutu əldə etməmişdir.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçının adına olan abunə kodunda mövcud olan müvafiq olaraq 274,34 manat və 1.419,60 manat cərimənin ondan tələb edilməsi üçün cavabdehin heç bir mötəbər sübutu olmadığından, hazırkı iddia tələbləri təmin edilməlidir. Qeyd edilməlidir ki, iş materiallarında olan abunə haqqında sənədə əsasən, iddiaçıya məxsus abonent koduna müvafiq aktlar əsasında 274,34 manat və 1.419,60 manat borcun yazılması müəyyən edilmişdir.
28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, NİM № 002012 nömrəli akt üzrə yazılmış 274,34 (iki yüz yetmiş dörd manat otuz dörd qəpik) manat və xx.xx.2025-ci il tarixli, NİM № 010532 nömrəli akt üzrə yazılmış 1.419,60 (bir min dörd yüz on doqquz manat altmış qəpik) manat məbləğində borclar **********A0000 nömrəli abunə hesabından silinməlidir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
29. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-ci bənd. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; Maddə 17, 1-ci bənd. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 6.4-cü bənd. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 7.6-cı bənd. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.11-ci bənd. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-1-ci bənd. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bənd. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
31. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1, 8.1.2. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə - iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1, 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
35. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
36. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
37. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
38. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, birləşdirilmiş birinci və ikinci iş üzrə iddialar təmin edilməli, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, NİM № 002012 nömrəli akt üzrə yazılmış 274,34 (iki yüz yetmiş dörd manat otuz dörd qəpik) manat və xx.xx.2025-ci il tarixli, NİM № 010532 nömrəli akt üzrə yazılmış 1.419,60 (bir min dörd yüz on doqquz manat altmış qəpik) manat məbləğində borclar **********A0000 nömrəli abunə hesabından silinməlidir.
39. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, xərclərlə bağlı qərar qəbul edərkən məhkəmə tərəflərin bu barədə müvafiq tələblərinin olub-olmamasına bağlı deyildir. Beləliklə, məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, iş üzrə tələb edilən 36,94 (otuz altı manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə:
40. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: Birləşdirilmiş birinci və ikinci iş üzrə iddialar təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, NİM № 002012 nömrəli akt üzrə yazılmış 274,34 (iki yüz yetmiş dörd manat otuz dörd qəpik) manat və xx.xx.2025-ci il tarixli, NİM № 010532 nömrəli akt üzrə yazılmış 1.419,60 (bir min dörd yüz on doqquz manat altmış qəpik) manat məbləğində borclar **********A0000 nömrəli abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 36,94 (otuz altı manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova