Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2101/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi rəsmiləşdirilmiş və müqaviləyə əlavə Satış kanalları departamenti tərəfindən rəsmiləşdirilmiş ödənişi qarfikinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 24 ay müddətinə illik 17.4% ödəmək şərti ilə 11878 manat kredit verilməsi qeyd edilmişdir. Lakin İddiaçı aylıq əmək haqqı 750 manat olduğu halda, bank tərəfindən aylıq 589.56 manat ödəmək şərti ilə 24 ay müddətinə 11878 manat kredit ayrılması mümkün deyildir. İddiaçı kredit müqaviləsinin bağlanması üçün banka müraciət edilməmiş, bank tərəfindən kredit müqaviləsi rəsmiləşdirilərkən ona bu barədə zəng vurularaq, fikri öyrənilməmiş, onun tərəfindən müqavilə bağlamaq niyyətinin olubolmaması aydınlaşdırılmamışdır. Lakin sonradan işlədiyi iş yerindən aylıq əmək haqqından 590 manat olmaqla, kreditin ödənilməsinə silinmə başladıqdan slonra belə müqavilə rəsmiləşdirilməsi barədə məlumatı olmuşdur. Bundan sonra, “Kapital Bank" ASC-yə müraciət edərək kredit müqaviləsinin surətini əldə etmiş və müqavilədə nə bankın nümayəndəsinin, nə də İddiaçı imzası ilə təsdiq edilməməsini müəyyən etmişdir. Bundan sonra bankın əməkdaşına kredit müqaviləsinin tərəfləri tərəfindən imzalanmaması ilə bağlı iradını bildirdikdə müqavilənin onlayn müraciət əsasında bağlanması və təsdiq edilməsini bildirmişlər. Lakin onun nə onlayn, nə də şəxsi müraciəti əsasında kredit müqaviləsi bağlamaq və 11878 manat kredit götürmək niyyəti olmamışdır. Bütün bunlar isə onu təsdiq edir ki, kredit müqaviləsi həqiqi deyil, müqavilə tərəflərin birinin iradə ifadəsi olmadan bağlanmış, onlayn qaydada tərəflərdən heç biri tərəfindən təsdiq edilməmişdir. Beləliklə, əqdə qədərki davranış və əqddən sonrakı davranış onu təsdiq edir ki, kredit müqaviləsi uydurma əqddir. Ona görə də Mülki Məcəllənin 340.1 və 337.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, həmin müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalıdır. Hesab edilir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi etibarsız hesab edilməli və artıq ödənilmiş 633 manat kredit ödənişi və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və artıq ödənilmiş 633 manat kredit ödənişi və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, mobil telefonunda "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə məxsus “BirBank” proqramı var idi. Daha öncə o, həmin proqram vasitəsi ilə min manat kredit götürmüşdü. Bu zaman "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi ona zəng vuraraq kreditin həqiqətən onun tərəfindən götürülməsini dəqiqləşdirmişdir. Həmin kredit tam vaxtında tərəfindən ödənilmişdir. Təxminən 1 həftə sonra həmin tətbiq vasitəsi onun xəbəri olmadan adına on bir min kredit rəsmiləşdirilmişdir. Belə ki, ona tətbiq vasitəsi ilə müxtəlif mesajlar gəlirdi. Ola bilsin ki, tərəfindən bilmədən hansısa təsdiqləmələr aparılmışdır. Daha sonra tətbiqin dili dəyişərək ingilis dilinə çevrilmişdi. O, ingilis dilini bilmədiyindən məsələnin nədən ibarət olduğunu anlamamışdı. Bir neçə dəqiqə sonra isə tətbiq bloklanmışdı. O, tətbiqə daxil ola bilməmiş və oğluna zəng vurmuşdu. O, axşam evə gəldikdə onun tərəfindən on bir min kredit götürüldüyünü və 7 dəqiqə sonra isə həmin pulun başqa bir karta köçürüldüyünü bildirmişdi. Nəzərə çatdırılır ki, bununla bağlı bank tərəfindən ona heç bir zəng olunmamışdı. Kreditin həqiqətən onun tərəfindən götürülməsi aydınlaşdırılmamışdı. Hesab edir ki, bu, bankın məsuliyyətsizliyindən irəli gəlir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, atasının 60 üzəri yaşı var. O, proqramlardan o qədər də anlamır. Onun xəbəri olmadan adına on bir min kredit rəsmiləşdirilmiş və cəmi 7 dəqiqə sonra başqa bir karta transfer olunmuşdur. Hansı ki, həmin hesab onlara aid deyil. Bu zaman bank tərəfindən atasına hər hansı məlumat verilməmişdir. Onlar bununla bağlı cavabdeh banka müraciət etmişdilər. Oradan onlara bildirilmişdi ki, adıçəkilən mobil tətbiqdə kifayət qədər boşluqlar var. Bu boşluqlar başqaları tərəfindən asanlıqla sistemə müdaxilə olunmasına şərait yaradır. Hesab edirlər ki, cavabdeh bankın da etiraf etdiyi kimi Cavabdeh1 ASC-nin mobil tətbiqində kifayət qədər boşluqlar var və həmin boşluqlara, çatışmazlıqlara görə bank birbaşa məsuliyyət daşıyır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mübahisəli kredit müqaviləsi üzrə bank tərəfindən hazırki günə kimi ondan 3000 manatdan artıq pul tutulub. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, iddiaçının psixi və sağlamlıq vəziyyəti onun müəyyən təsdiqləmələri şüurlu surətdə icra etməyə imkan verir. Onu da nəzərə çatdırır ki, mobil tətbiq vasitəsi ilə kreditin götürülməsi bir neçə prosedurdan keçilməsini tələb edir. İddiaçı da bütün prosedurlardan keçərək onlayn kredit götürmüşdür. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, hazırki mübahisəli müqavilədən əvvəl banka başqa bir kredit müqaviləsi üzrə borcu olub. Bankdaxili qaydalara əsasən əvvəlcə banka olan əvvəlki borc bağlanır. Yerdə qalan məbləğ kredit götürənin balansına köçürülür. İddiaçının da əvvəlki kredit borcu bağlanılıb və onun balansına 10518 manat pul köçürülüb. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı H.Teymur və Cavabdeh1 ASC arasında xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən H.Teymura 24 ay müddətinə illik 17.4% ödəmək şərtilə 11878 manat məbləğində kredit verilmişdir. Daha sonra bununla bağlı iddiaçının əmək haqqından tutulmalar olmuşdur. Bununla bağlı iddiaçı cavabdeh Banka müraciət etmiş, cavabda müqavilənin onlayn qaydada bağlanıldığı və iddiaçının özü tərəfindən təsdiq edildiyi bildirilmişdir. Hazırda iddiaçı həmin müqavilənin onun tərəfindən nə şəxsi müraciət, nə də ki onlayn qaydada bağlanılmadığını iddia edərək, həmin müqavilənin etibarsız hesab edilməsini, artıq ödənilmiş 633 manat məbləğində kredit ödənişinin və ödənilən dövlət rüsumunun tutulmasını tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Cavabdeh1 ASC-yə İddiaçı tərəfindən ünvanlanan pretenziya məktubundan görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Banka müraciət edərək, onunla Bank arasında rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin etibarsız hesab olunaraq ləğv edilməsi və artıq ödənilmiş 633 manat kredit ödənişinin geri qaytarılmasının 10 gün müddətində təmin edilməsini xahiş etmiş, əks halda kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyini bildirmişdir. 10.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin surətindən və ödəniş qrafikindən görünür ki, Cavabdeh1 ASC tərəfindən İddiaçı 24 ay müddətinə illik 17.4% ödənilməsi şərtilə 11878 manat məbləğində kredit verilmişdir. 11.Mülki işin materiallarında olan Cavabdeh1 ASC tərəfindən verilən İddiaçı məxsus bank çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə GTKR5466037B299 saylı kredit müqaviləsinə əsasən H.Teymurun hesabına 11.878 manat məbləğində kredit vəsaitindən 1003,59 manat pul çıxılmaqla ümumilikdə 10.518,07 manat məbləğində pul köçürülmüşdür. 12.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 AZN (yüz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. 13.Mülki işin materiallarında olan Cavabdeh1 ASC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 2024/111/14865 nömrəli məktubdan görünür ki, qərarda qeyd olunan GTKR5466037B299 nömrəli kredit müqaviləsi üzrə verilən kredit vəsaiti ******************** nömrəli plastik kart hesabına, həmin plastik kart hesabından isə Cavabdeh2 istifadəsində olan ******************** nömrəli plastik kart hesabına köçürülmüşdür. Plastik kart istifadəçisinin (Cavabdeh2) anket məlumatları məktuba qoşma edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 15.Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 17.Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 18.Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 19.Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 20.Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 21.Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 22.Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. 23.Hazırki iş üzrə işin mübahisəsiz hallarından göründüyü kimi xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 ASC iddiaçıya məxsus ******************** nömrəli plastik kart hesabına 11.878 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan isə üçüncü tərəf olan Cavabdeh2 məxsus ******************** nömrəli plastik kart hesabına köçürülmüşdür. İddiaçının sözügedən əməliyyatlardan yalnız adına bağlanılmış kredit müqaviləsi üzrə əmək haqqından çıxılmalar zamanı məlumatı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi hazırki iş üzrə cavabdeh Bank kredit verən və bunun nəticəsində də fayda götürən şəxs o olmuşdur. Belə ki, məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab edir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Bu səbəbdən də iddiaçı hazırki əqdi mübahisələndirməkdə haqlı olmuşdur. Həmçinin, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən də üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçı həqiqətən digər xarici ölkədən gələn zənglə aldanılmış, ona müəyyən smslər gəlmiş və həmin smslər vasitəsilə özünə aid məlumatları digər üçüncü şəxsə ötürmüşdür. Lakin həmin məbləğ isə yenidən aldadılaraq cababdeh Cavabdeh2 hesabına köçürülmüşdür. 24.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməli və İddiaçı və Cavabdeh1 ASC arasında bağlanan xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi etibarsız hesab edilməlidir. 25.Həmçinin, məhkəmə bu halda qeyd edir ki, İddiaçı və Cavabdeh1 ASC arasında bağlanan xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi etibarsız hesab edlidiyindən və aldadan tərəf digər cavabdeh (kredit müqaviləsi üzrə pulu alan şəxs) olduğundan həmin kredit müqaviləsi üzrə köçürülmüş 11.878 (on bir min səkkiz yüz yetmiş səkkiz ) manat pul restitusiya qaydasından Cavabdeh2 tutularaq digər Cavabdeh1 ASC-yə qaytarılmalıdır. 26.Daha sonra məhkəmə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 633 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının adına rəsmiləşdirilən xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinə əsasən iddiaçıya məxsus əmək haqqından əsassız olaraq müəyyən məbləğdə tutulmalar olmuşdur. Hazırda iddiaçı onun tərəfindən artıq ödənilmiş 633 manatın geri qaytarılmasını tələb etsə də, məhkəmə iclasında həmçinin iddiaçı tərəf bildirmişdir ki, hazırki günədək ondan 3000 manatdan artıq pul tutulmuşdur. Odur ki, iddiaçıdan mübahisəli kredit müqaviləsi üzrə tutulan pulların iddiaçıya geri qaytarılması icra mərhələsində hesablanması daha səmərəli və ağlabatan məsələ olduğundan, gələcəkdə bu tələblə yenidən məhkəməyə müraciət etməyin qarşısını almaqdan ibarət olduğundan, həmçinin iddianın predmetini dəyişmədiyindən iddiaçıdan qeyd edilən kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutulmalı, tələb həmin hissədə digər Cavabdeh2 münasibətdə Cavabdeh2 tələbin bu hissəsi üzrə subyektiv cavabdeh olmadığından rədd edilməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi Cavabdeh2 kart hesabına köçürülən 11.878 manat pul vəsaiti restitusiya qaydasında ondan Bankın xeyrinə tutulduğundan və Bank tərəfindən kredit müqaviləsi üzrə iddiaçıdan pul tutulduğundan artıq ödənilmiş pul vəsaiti Bankdan iddiaçının xeyrinə tutulmalıdır. 27.Daha sonra məhkəmə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. 28.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.İş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırda da iddia tələbi əsas hissələrdə, yəni müqavilənin etibarsızlığı və artıq tutulmuş pul məbləğinin Cavabdeh1 ASC-dən tutulması hissəsində təmin edildiyindən iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutumalıdır. 30.Bundan başqa, iddiaçı və cavabdeh Bank arasında bağlanan kredit müqaviləsi üzrə üçüncü tərəf olan aldadan şəxs, yəni Cavabdeh2 məxsus plastik kart hesabına köçürülən 11.878 manat pul vəsaiti ondan tutularaq Cavabdeh1 ASC-yə ödənilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, məhkəmə tərəfindən etibarsız hesab edilən kredit müqaviləsi iddiaçı H.Teymur ilə cavabdeh Bank arasında rəsmiləşdirilsə də, Bank tərəfindən pul əvvəlcə iddiaçının hesabına, daha sonra isə cavabdeh B.Elçinin hesabına köçürülmüşdür. Odur ki, əsassız və qanunsuz olaraq cavabdeh B.Elçinin kart hesabına köçürülən 11.878 manat məbləğində pul vəsaiti restitusiya qaydasında Bankın özünə geri qaytarılmalıdır. Belə ki, hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). 31.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı və Cavabdeh1 ASC arasında bağlanan xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, İddiaçı kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait və həmçinin, ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutulmalı, iddia tələbi digər Cavabdeh2 münasibətdə rədd edilməli, əlavə olaraq Cavabdeh2 11.878 manat məbləğində pul vəsaiti restitusiya qaydasında tutularaq digər Cavabdeh1 ASC-yə ödənilməlidir. 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 34.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 36.Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 37.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh1 ASC arasında bağlanan xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait və həmçinin, ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutulsun. İddia tələbi digər Cavabdeh2 münasibətdə rədd edilsin. Cavabdeh2 11.878 AZN (on bir min səkkiz yüz yetmiş səkkiz manat) məbləğində pul vəsaiti restitusiya qaydasında tutularaq Cavabdeh1 ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2101/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2101/2024
08.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver