Məhkəmə qərarları › İş №2(006)-2115/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2115/2025

07.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2115/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan **********37925 saylı abunə kodundan 5.065,76 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda kafe işlədir. Həmin obyekti 2005-ci ildə özəlləşdirmişdir. Həmin ildə onun adına kod açılaraq verilmişdir. Eyni zamanda sayğac da quraşdırılmışdır. Həmin vaxt ona, elektrik enerjisinə dair borcun olması barədə heç bir məlumat verilməmişdir. 2024-cü ildə ona 5.065,76 manat borcunun olduğu bildirilmişdir. Həmin borcun silinməsi üçün cavabdehə müraciət etsə də, borcun yaranma müddətindən 5 ildən çox müddət keçdiyi üçün baxılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd edilən borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Həmin borcun onunla heç bir əlaqəsi yoxdur. Həmin borc ondan əvvəlki şəxsin dövründən yaranmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, borcdan xəbəri yoxdur. Özəlləşdirmə prosesi 2003-cü ildə başlamışdı. O vaxt müəssisənin təsisçisi özü olmuşdur. 2003-2004-cü illərdə cavabdeh qurum tərəfindən yeni sayğac verilmişdir. Borc olsa idi, ona həmin vaxt bildirilərdi. Əgər borcu olsa idi, vaxtında ödəyərdi. Lakin, bu borc sonradan ortaya çıxmışdır. Enerji təchizatı ilə bağlı Elçin Qardaşovla 2020-ci ildə müqavilə bağlamışdır və həmin zaman da borcla bağlı ona heç bir xəbərdarlıq edilməyib. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, 2005-ci ildə həmin ünvanda özəlləşdirmə prosesi həyata keçirilmişdir. İddiaçı özü ərizəsində göstərmişdir ki, özəlləşdirmə həyata keçiriləndə borcdan silinməli idi. 5062,76 manat borc məbləği həmin abonent kodunda qalmışdır. Borc fiziki şəxsə məxsusdur, qeyri-yaşayış obyektidir. Bu borc 2002-ci ilədək yaranmış borcdur. İddiaçı 2005-ci ildə özəlləşdirmə apararkən bu borcdan xəbərdar idi. Bu borc dondurulmuşdur. O dövrdə obyekt özəlləşdiriləndə borc məbləği də ora daxil edilirdi. Borclar daxil edildikdən sonra Nazirlik "xxxx" ASC-yə məktub göndərirdi ki, özəlləşdirmə məbləğinə borc daxil edilmişdir. Daha sonra nazirlik tərəfindən bir daha məktub göndərilirdi ki, borclar nazirlik tərəfindən ödənilib. Bu məktub ASC-yə daxil olsa idi, borc dondurulmuş vəziyyətdə qalmazdı. Hesab edir ki, iddiaçı tərəfindən bu məbləğ ödənilməlidir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: xx.xx.2003-cü il tarixli, 392 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən ümumi sahəsi 121,4 m2 olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan ünvan 2 ünvanında yerləşən 64 m2 əsas sahəsi, ümumi sahəsi 121,4 m2 təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən yoldaşı X6 bağışlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 5287 saylı vərəqində qeydiyyata alınmışdır. Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında xx.xx.2022-ci il tarixli 096552 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, ünvan 2 ünvanının enerji ilə təchiz edilməsi üçün İddiaçı (abonent kodu: 0717-33) və "xxxx" ASC arasında müqavilə bağlanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi İddiaçı tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş nizamnaməsi Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx.xx.2003-cü il tarixdə qeydiyyata alınaraq 0103-p17-37910 nömrəli şəhadətnamə verilmişdir. İddiaçı adına olan abunə haqqında çıxarışdan görünür ki, BŞEŞ dövrünə aid olan 5.065,76 manat borcun olduğu qeyd edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 13-13/2-2/18-H-11065-5/2024 saylı məktubundan görünür ki, İddiaçı elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "xxxx" ASC-yə daxil olmuş xx.xx.2024-cü il tarixli H-11065-5/2024 saylı müraciətinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, qeyd edilən obyektə aid 07/7-33 saylı abunə kodu üzrə elektrik hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş və xx.xx.2002-ci il tarixinədək 5.065,76 manat borcun olduğu məlum olmuşdur. Bu borc istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə yaranmışdır. Borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün baxılması mümkün deyildir. Qeyd edilən borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alğı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın: 1.1-ci maddəsinə əsasən yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) hesab olunur. 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 4.1-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, yuxarıda qeyd olunan borc məbləği iddiaçının X1 etməsi nəticəsində yaranmamışdır. Ünvan üzrə hesablanmış 5.065,76 manat borc 2001-2002-ci illərə aid olmaqla, həmin borc məbləğinə görə iddiaçı hər hansı məsuliyyət və cavabdehlik daşımır. İddia ərizəsində də qeyd olunduğu kimi, iddiaçı ünvan 1 ünvanda kafe işlədir, həmin obyekti 2003-cü ildə özəlləşdirmişdir. Həmin ildə iddiaçının adına kod açılmış və eyni zamanda sayğac da quraşdırılmışdır. Həmin vaxt ona, elektrik enerjisinə dair borcun olması barədə heç bir məlumat verilməmişdir. İddiaçıya 2024-cü ildə, 2003-cü ildə özəlləşdirdiyi obyektə dair iddiaçıya aidiyyəti olmayan borc məbləğinin mövcud olduğu məlum olduğundan, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, “X2 Qaydaları”nın 9-cu maddəsi istehlakçının məsuliyyətini müəyyən edir. Hazırda iddiaçının obyekti özəlləşdirməmişdən öncə yaranması qeyd olunan borca görə istehlakçı kimi hüquqları pozula, ondan istifadə etmədiyielektrik enerjisinə görə borc tələb edilə bilməz. Göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan **********37925 saylı abunə kodundan 5.065,76 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan **********37925 saylı abunə kodundan 5.065,76 (beş min altmış beş manat yetmiş altı qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar