Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2176/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akta görə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akta görə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən çıxarılmış elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə 18 avqust 2024-cü il tarixli ******* saylı aktın ləğv olunması və ona məxsus ünvana hesablanmış 1070 manat (abunə kodu: **********02640) məbləğində borcun hesablanmasının qanunsuz hesab edilməsi və həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən özbaşına tikili olan ev (abunə kodu: **********02640) ona məxsusdur. "xxxx" ASC–nin əməkdaşları tərəfindən istifadəsində olan yaşayış sahəsində yerləşən sayğaca akt tərtib edilmişdir. Yoxlama nəticəsində həmin ünvana quraşdırılmış sayğacda qüsur aşkar edilmişdir. Belə ki, heç bir istifadə olmadığı halda sərfiyyat aparır, evin işığının dayanmasına baxmayaraq, işlədici gərginlik vardır. Halbuki, bu qüsurun əmələgəlmə səbəbini özləri tapa bilmir və göstərə bilmirlər. Hətta laboratoriyaya aparılsa da rəy verilməmişdir. Çünki onlar da müəyyən edə bilməmişlər. Sonradan ona akt təqdim etmişlər, lakin həmin aktdan məlumatı olmamışdır. Onu dəvət etməyərək özbaşlarına akt tərtib etmişlər. Həmin qüsurun ona heç bir aidiyyəti yoxdur. O, sayğaca heç bir müdaxilə və ya hər hansı bir hərəkət etməmişdir. Eyni zamanda aktdan göründüyü kimi hal şahidləri də iştirak etməmişdir. Sayğac kənarda quraşdırılmışdır. Həmin sayğaca görə hər hansı məsuliyyət daşımır. Eyni zamanda akt tərtib olunarkən qanunvericiliyin də tələblərini pozmuşlar. O, sayğaca hər hansı müdaxilə etməmişdir. Həmin sayğacın bu qaydada işləməsi, kim tərəfindən müdaxilə edilməsi, bəlkə də hər hansı bir müdaxilənin ümumiyyətlə olmaması sual altında olduğu halda, həmin müdaxiləyə görə məsuliyyətin onun üzərinə qoyulması və buna görə də əsassız borcun hesablanması qanunsuz hesab edilməlidir. Hesab edir ki, qanunvericilik aktı normalarına əsasən, sayğacın işlək vəziyyətdə saxlanmasına görə iddiaçı məsuliyyət daşıdığından, o cümlədən, onun təqsiri müəyyən olunmur. Sayğac vaxtında yoxlanılmalı idi. Bu qədər əsassız borcun onun üzərinə qoyulması əsassızdır. Belə ki, qanunsuzluqlara görə 200 manat əsassız borc hesablanmışdır. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akta görə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsində 200 manat əvəzinə səhvən 1070 manat qeyd etdiyini bildirmişdir. Belə ki, silinməsini tələb etdiyi borc 200 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, R seriyalı, 343242 saylı aktından görünür ki, idarəyə daxil olan ərizəyə əsasən ünvanda yerləşən elektrik sayğacına baxış zamanı məlum olub ki, sayğac daxili qüsurdan yüksək halda hesabat aparır. -“Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması” haqqında 869612 saylı protokoldan görünür ki, 343242 saylı aktla sayğac yenisi ilə əvəz olunmuşdur. - “Elektrik sayğacının yoxlanılması haqqında” DYM 008/196 saylı protokoldan görünür ki, elektrik sayğacı xx/xx/2024-cü il tarixli 008 saylı akta əsasən növbədənkənar dövlət yoxlanılmasına qəbul edilmişdir. Vizual baxış nəticəsində sayğacın “0” xəttinin hər iki yuvasının termiki təsir nəticəsində yandığı, xəta fazilərini yoxlamağın mümkün olmadığı, göstəricinin xüsusi cihaz vasitəsilə oxunmasının mümkün olmadığı müəyyən edilmişdir. - "xxxx" ASC Müştəri Xidmətlər İdarəsinin 09 dekabr 2024-cü il tarixli, MXİ/0658 saylı protokolundan görünür ki, abonentin debitor borcuna yenidən baxılaraq ödəniləcək məbləğin 255 manat olduğu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Masazır qəsəbəsi ünvaında yerləşən özbaşına tikili olan ev üzrə **********02640 abunə koduna hesablanmış 200 (iki yüz) manat məbləğində elektrik enerjisi borcu əsassız sayılaraq silinməli və "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə çıxarılmış 18 avqust 2024-cü il tarixli, 343242 saylı akt ləğv edilməlidir. Belə ki, əsassız hesablanmış məbləğdən (200 manat) əlavə qalan məbləğ istehlakçının istifadə etdiyi sərfiyyatdır. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən məişət abonentinin iştirakı təmin edilməmiş, EİQ pozulması qeyd edilərək, əsassız borc məbləği hesablanmışdır. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Bu səbəbdən, iddia təmin edilməli, həmin akta əsasən hesablanmış 200 (iki yüz) manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə çıxarılmış 18 avqust 2024-cü il tarixli, 343242 saylı akt ləğv olunmalı və İddiaçı ünvanına hesablanmış 200 manat (abunə kodu: **********02640) məbləğində borc qanunsuz hesab edilərək silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə çıxarılmış 18 avqust 2024-cü il tarixli, 343242 saylı akt ləğv olunsun və İddiaçı ünvanına hesablanmış 200 manat (abunə kodu: **********02640) məbləğində borc qanunsuz hesab edilərək silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2176/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2176/2025
29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver