Məhkəmə qərarları › İş №2(006)-2179/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2179/2025

04.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2179/2025 04.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “X6 İnşaat ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X6 İnşaat ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi, əmrin surətinin əmək kitabçası ilə birgə cavabdehdən alınaraq ona verilməsi, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilən gündədək məcburi iş buraxma müddəti üçün əmək haqqı, son haqq-hesabın və 2023-2025-ci iş illərində istifadə edilməyən əmək məzuniyyətinin əvəzinə kompensasiyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdehlə aralarında bağlanmış müddətli əmək müqaviləsinə əsasən 20 fevral 2023-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək koordinator vəzifəsində işləmişdir. 20 avqust 2024-cü il tarixdə müqavilənin müddətinin bitməsinə baxmayaraq hal-hazıradək elektron informasiya sistemində əmək müqaviləsinə xitam verilməmişdir. Cavabdeh isə onu işə buraxmır, əmək kitabçasını ona qaytarmır və əmək haqqını ödəmir. Əmək müqaviləsinə xitam verilmədiyinə görə başqa işəgötürənlə əmək müqaviləsi bağlayıb işləyə bilmir. Bundan başqa işlədiyi müddətdə cəmi bir dəfə 2024-cü ilin əmək məzuniyyətindən istifadə etmiş, qalan illərin məzuniyyət haqqından istifadə etməmişdir və onun əvəzi ona ödənilməmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş Əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmr ləğv edilsin. Cavabdeh tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsi ilə xitam verilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı, son-haqq hesabın və 2023-2025-ci illərində istifadə edilməyən əmək məzuniyyətinin əvəzinə kompensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, iş məhkəmənin icraatında olan zaman cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70 ç maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixdə isə əmək kitabçası ona təhvil verilmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətinin araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün tərəfimizdən “X7 İnşaat ve Dış "icaret Limited Şirketi” nin Azərbaycan Respublikasındakı Filialının ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2-33972/2025 saylı məktub (SS936683694AZ) göndərilmiş, lakin poçt xidmətinə məxsus F-2Q formasında “bu ünvanda yaşamır” qeydi ilə məktub geri qaytarılmışdır. Eyni zamanda ona aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün tərəfindən “X6 İnşaat ve Dış Ticaret Limited Şirketi” nin Azərbaycan Respublikasındakı Filialının digər ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2-33972/2025 saylı məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi üçün X6 İnşaat ve Dış Ticaret Limited Şirketi” nin Azərbaycan Respublikasındakı Filialının ünvanlarına məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı onunla cəmiyyətin rəhbərliyi arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. X6 inşaat ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ona aid olan sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmr №03/25-dən görünür ki, mağaza bölməsində koordinator vəzifəsində işləyən İddiaçı Kamil oğlu ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 Ç – işçi özünün əmək funksiyasını və ya əmək müaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Bottelli” geyim mağazasında işləmiş X10, X4 və X3 işlədikləri dövr ərzində onlara etibar edilmiş özgə əmlakını mənimsəmələri ilə bağlı İddiaçı müraciəti əsasında Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində toplanaraq araşdırmanın davam etdirilməsi məqsədi ilə Bakı şəhəri Xəzər rayon prokurorluğuna təqdim olunmuş 2-2- 312/Xid-1061/24 nömrəli və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Camal LTD” şirkətində işləmiş X1 işlədiyi dövr ərzində ona etibar edilmiş özgə əmlakını mənimsəyərək adı qeyd olunan şirkətə 11059 manat ziyan vurulması ilə bağlı X5 müraciəti əsasında Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə toplanaraq araşdırmanın davam etdirilməsi məqsədilə Bakı şəhəri Xəzər rayon prokurorluğuna təqdim olunmuş 2-2-312/Xid-1164/24 nömrəli material 2023-cü il ərzində Baş Prokurorluğun Sənədlərlə və X8 İdarəsinin Sənədlərə ilkin baxılması xidmətində müraciətlərə və xidməti sənədlərə baxılması işinin vəziyyətinə dair” xx.xx.2024-cü il tarixli icmal məktuba əsasən müvafiq olaraq xx.xx.2024-cü il tarixli 2-3-312/Xid-1061/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-2-312/Xid-1164/2024 nömrəli məktublarla öyrənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və X8 İdarəsinə göndərilmişdir. Qeyd edilən müraciətlərlə bağlı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Məhkəmə iclasında, o cümlədən məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş işə əlavə edilmiş materiallardan müəyyən edildi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilməklə qəbul edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b)İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c)Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair tələblərdə əmək müqaviləsinin ləğv edilməsinin əsasının olması zəruriliyi ilə yanaşı həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi öz əksini tapmalıdır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr verildikdən sonra Xprokurorluğuna müraciət edilmişdir. Halbuki, Azərbaycan Respubılikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə, hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan iddiaçıya işə çıxdığı günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin “son-haqq hesabın ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının işə bərpa edilməklə cavabdeh tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli olması müəyyən edildiyindən iddianın “son haqq hesab üzrə borc tələbi” hissəsinin təmin edilməsinə zərurət aradan qalxmışdır. Məhkəmə iddia tələbinin “2023-2025-ci illərində istifadə edilməyən əmək məzuniyyətinin əvəzinə kompensasiyanın ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, buna dair sübutlar məhkəməyə təqdim edilmədiyindən qeyd edilən hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunaraq “X6 İnşaat ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2025-ci il tarixli xx.xx.2023-cü il tarixli 03/25 nömrəli əmri ləğv edilməli, İddiaçı “X6 İnşaat ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına “koordinator” vəzifəsinə bərpa edilməli, İddiaçı xx.xx.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “X6 İnşaat ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2025-ci il tarixli xx.xx.2023-cü il tarixli 03/25 nömrəli əmri ləğv edilsin. İddiaçı “X6 İnşaat ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına “koordinator” vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar