Məhkəmə qərarları › İş №2(006)-2188/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2188/2021

06.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2188/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda bağlanmış 04.08.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında avtomobil barteri olmuşdur. Həmin sövdələşmədən sonra aralarında mübahisə yaranmışdır. Bundan sonra, Cavabdeh ona arada yaranan mübahisə həllini tapana kimi formal da olsa borc müqaviləsi bağlamağı təklif edir. Əks təqdirdə onun iş yerinə şikayət yazacağı və s. kimi sözlərlə onu borc müqaviləsi bağlamaq məcburiyyəti qarşısında qoyur. Belə ki, iş yerində əlavə problem yaranmasın deyə həmin müqaviləni imzalamağa razılaşmışdır. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda 04.08.2015-ci il tarixdə olan zaman formal müqavilədə 8.000 manat yazıldığını görüb təəccüblənmişdir. Cavabdehə bu məbləğin haradan yarandığını bildirən zaman o, bunun formal müqavilə olduğunu bildirmişdir. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda bağlanmış 04.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən onun Cavabdeh 8.000 manat borc aldığı göstərilir. Halbuki müqavilə bağlanan zaman heç bir vəsait onun tərəfindən cavabdehdən alınmamışdır. Notarius öz səlahiyyətlərini pozaraq pul vəsaitinin verilməsinə dair heç bir əsas olmadan, tərəflər arasında borc müqaviləsini təsdiq etmişdir. Bundan əlavə, cavabdeh Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli e-2(001)-3958/2020 saylı qətnaməsinə əsasən ondan 04.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borca görə 8.000 manat, dövlət rüsumuna görə 31 manat olmaqla, cəmi 8.031 manat pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmadan qətnamə çıxarılmışdır. Hazırda o, Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli e-2(001)-3958/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Mülki Məcəllənin 340.1, 340.2-ci maddələrinə istinad edən iddiaçı qeyd etmişdir ki, göründüyü kimi, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda bağlanmış 04.08.2015-ci il tarixli kredit müqaviləsi əhəmiyyətsizdir. Çünki, o, Cavabdeh bu müqavilə qarşılığında heç bir pul vəsaiti almamışdır. Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinin 14 sentyabr 2020-ci il tarixli məktubuna əsasən borc müqaviləsi bağlanan zaman depozitə pul qəbul edilmədiyi bildirilmişdir. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli e-2(001)-3958/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «borc, əldən çıxmış fayda, cərimə, mənəvi zərər və dövlət rüsumunun tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, 04.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 8.000 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 8.031 manatın Cavabdeh xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli 2(103)- 1371/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli e-2(001)- 3958/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş 04 avqust 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu X1 tərəfindən təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı 04 avqust 2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 8.000 manat borc almışdır. İddiaçı həmin müqaviləni məcburiyyət qarşısında bağladığını, cavabdehin onu iş yerinə müraciət edəcəyi və problem (çətinlik) yaradacağı ilə bağlı təhdid etdiyini qeyd etmişdir. Lakin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, İddiaçı qeyd etdiyi halların işin həqiqi halları olmasına əsaslı şübhə yaradan digər amil, kredit müqaviləsi bağlanan vaxtdan keçən uzun müddət ərzində (bir neçə il) onun müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməməsi, kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra borc aldığı şəxsin məhkəməyə müraciət edərək, qətnamə qəbul ediləndən sonra müraciət etməsidir. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, borc öhdəliyindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə vurğulayır ki, müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində təsbit olunmuşdur) öz əksini tapmışdır. Hazırkı iş üzrə qanunvericilikdə sadalanan əsaslar müəyyən edilmədi. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar