Məhkəmə qərarları › İş №2(006)-2202/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2202/2021

16.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2202/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçi və faəliyyət qabiliyyəti olmayan şəxs X4 iştirakları ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab olunmanın ləğv edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab olunmanın ləğv edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin 15 oktyabr 1983-cü il təvəllüdlü oğlu X4 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3373/2018 saylı 30.08.2018-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 312 nömrəli 16.10.2018-ci il tarixli sərəncamına əsasən ərizəçi, oğluna qəyyum təyin edilmişdir. Buna baxmayaraq, ərizəçi, oğlu X3 lazımi səhiyyə müəssisələrində müalicə etdirmiş və həkimlər oğlunda bu xəstəliyin olmadığını müəyyən etmişlər. Qeyd olunanlara əsasən, ərizəçinin 15.10.1983-cü il təvəllüdlü oğlu, X1 fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında faəliyyət qabiliyyəti olmayan şəxs X4 izahat verərək bildirdi ki, artıq heç bir xəstəliyinin olmadığını və tam sağaldığını bildirmişdir. Məhkəmə ərizəçinin və faəliyyət qabiliyyəti olmayan şəxs X1 izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İşin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3373/2018 saylı 30.08.2018-ci il tarixli qətnaməsindən müəyyən ounur ki, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan 15.10.1983-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 312 nömrəli 16.10.2018-ci il tarixli sərəncamından görünür ki, Ərizəçi 15.10.1983-cü il təvəllüdlü X1 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 03.06.2021-ci il tarixli 1172 nömrəli rəyindən görünür ki, X2 üzvi şəxsiyyət pozuntusu kompensasiya vəziyyəti aşkar olunur. X2 müəyyən edilən üzvi şəxsiyyət pozuntusu hal-hazırda kompensasiya (yaxşılaşma) vəziyyətində olduğundan onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. X4 halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olduğundan onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 15.10.1983-cü il təvəllüdlü X4 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 322.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X4 fəaliyyət qabiliyyətli hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab olunmanın ləğv edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 15.10.1983-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli hesab edilsin. Hazırkı qətnamə X1 üzərində müəyyən edilmiş qəyyumluğun ləğv edilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar