Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2216/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X1, Cavabdeh, vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s. öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s. öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsini artırmaqla, özbaşına inşa etdiyi 27.50 kv.m sahənin öz vəsaiti hesabına sökülməsi və Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 4 saylı girişin 3-cü mərtəbəsində yerləşən mənzilinə layihədə nəzərdə tutulmadığı halda özbaşına quraşdırdığı liftin istismarının dayandırılması, dərhal həmin liftin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binalarının tikilməsinə tikinti şirkətlərinin cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Eyni zamanda, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi İddiaçı MTK-ya həvalə edilmişdir. O cümlədən, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 102 saylı, 06 mart 2018-ci il tarixli sərəncamı ilə İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış binaların tikintisinə icazə verilmiş və həmin tarixdə yekun baş plan təsdiq edilmişdir. Pilot İnşaat-A” MTK tərəfindən çoxmərtəbəli 7 girişli, 4 binanın tikintisi həyata keçirilmişdir. Cavabdeh - Cavabdeh ilə İddiaçı MTK arasında 1/13 saylı, 24 may 2019-cu il tarixli fərdi mənzilin alqı-satqısına dair müqavilə imzalanmış, həmin müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının -1-ci mərtəbəsində, ümumi sahəsi 500 kv.m, Şamil Əzizbəyov ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən binada 268.0 kv.m., Şamil Əzizbəyov küçəsi 4 saylı girişin 2-ci mərtəbəsində 32.0 kv.m.-dən ibarət qeyri-yaşayış sahələri, həmin binanın 3-cü mərtəbəsində və 1 ədəd yeraltı avtomobil dayanacağının tikilib təhvil verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən müqavilə şərtləri və binanın təsdiq edilmiş yekun baş planın tələbləri pozulmaqla, onun sahibliyinə verilmiş sahədən əlavə sahə zəbt edilmiş, belə ki, o, Şamil Əzizbəyov ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsini özbaşına 27.50 kv.m. artırmış və eyni zamanda, layihədə nəzərdə tutulmamasına baxmayaraq, 3-cü mərtəbədə yerləşən özünə məxsus yaşayış sahəsinə də lift quraşdırmışdır. Cavabdeh tərəfindən binanın dayanıqlığına ciddi zərbə vurulmuş, həmin liftin layihədə nəzərdə tutulmasına baxmayaraq, 3-cü mərtəbəyə qədər qaldırılması, özbaşına istismarı yolverilməzdir. İddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi ilə S.Vurğun küçələrinin kəsişməsində qanunsuz inşa edilməkdə olan ticarət köşkünün sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və mülki iş Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Bundan sonra, Cavabdeh müqavilə ilə aldığı Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi ilə S.Vurğun küçələrinin kəsişməsində yerləşən 268.0 kv.m. sahəni təmir edərək, binanın hər iki tərəfini (qabaq və sağ tərəfin) şüşə konstruksiyası ilə üzləndirərək 80 sm önə və sağa çəkmiş, beləliklə, təsdiq olunmuş layihədən kənara çıxaraq, qeyri-qanuni 27.5 kv.m. əlavə sahə əldə etmişdir. Məqsədli olaraq binanın sağ tərəfində yerləşən nəzarət köşkü ilə binanın arasında olan məsafəni daraltmış, həmin köşkün oradan götürülməsi üçün öz-özlüyündə “əsas” yaratmışdır. Əlavə zəbt olunmuş sahə dərhal sökülməli və 3-cü mərtəbəyə özbaşına quraşdırılmış liftin istismarı dayandırılmalı, həmin lift sökülməlidir. Məhkəmə hazırlıq iclasında İddiaçı MTK-nın nümayəndəsi X2 mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə hazırlıq iclasında Cavabdeh vergi ödəyicisi olduğunu bildirərək, iddiaçı tərəfindən qanunsuz artırıldığı iddia edilən obyektin qeyri-yaşayış sahəsi olduğunu və həmin qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında “Rahat market”ə icarəyə verdiyini qeyd etdi. Mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə hazırlıq iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2016-cı il tarixdə vergi uçotuna alınmışdır. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 24 may 2019-cu il tarixli, 1/13 nömrəli müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa etdiyi çoxmənzilli 3 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 500,0 m2, Ş.Əzizbəyov küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən 268,0 m2, Ş.Əzizbəyov küçəsi 4 saylı girişin 2-ci mərtəbəsində yerləşən 32,0 m2-dən ibarət qeyri-yaşayış sahələrini və 1 ədəd yeraltı avtomobil dayanacağını tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində qeyri-yaşayış sahələrini mülkiyyətinə qəbul etməyi və həmin qeyri-yaşayış sahələrinin haqqını bu Müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdəsinə götürmüşlər. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli, 1/13 nömrəli maliyyə arayışından görünür ki, MMCnin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa etdiyi çoxmənzilli 3 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 500,0 m2, Ş.Əzizbəyov küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən 268,0 m2, Ş.Əzizbəyov küçəsi 4 saylı girişin 2-ci mərtəbəsində yerləşən 32,0 m2-dən ibarət qeyri-yaşayış sahələrinin və 1 ədəd yeraltı avtomobil dayanacağının dəyəri Cavabdeh tərəfindən tam ödənilmiş və onun həmin qeyri-yaşayış sahələri ilə yeraltı avtomobil dayanacağına görə MMC qarşısında heç bir borcu yoxdur. “Rahat Gourmetmarket” adlı mağazanın fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh (VÖEN: **********) xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN statusu: aktiv). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MTK (VÖEN: **********) kooperativ təşkilati-hüquqi formasında yaradılan kommersiya hüquqi şəxsidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq kommersiya hüquqi şəxsləri göstərdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılırlar. Cavabdeh (VÖEN: **********) isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan, dövlət qeydiyyatından keçmiş fərdi sahibkardır. Deməli, hazırki mübahisənin subyektiv tərkibinin sahibkarlıq fəaliyyətinin subyektləri olması işin mübahisəsiz halını təşkil edir. Tərəflər arasında olan münasibətlərin xarakterinə və mübahisənin predmetinə münasibətdə isə qeyd edilməlidir ki, İddiaçı MTK Cavabdeh satılmış qeyri-yaşayış sahəsinin onun tərəfindən qanunsuz artırıldığını bildirərək, həmin artırmanın cavabdehin hesabına sökülməsini və cavabdehə satılmış mənzilə layihədə nəzərdə tutulmadığı halda özbaşına lift quraşdırıldığını iddia edərək, liftin istismarının dayandırılmasını və dərhal həmin liftin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı mənzil-tikinti kooperativi təşkilati-hüquqi formasında olan kommersiya hüquqi şəxsi olduğundan, onun nizamnaməsinə uyğun olaraq göstərdiyi fəaliyyətdən gəlir əldə etmək niyyətinin olması işin mübahisəsiz halıdır. Məhkəmə iclası zamanı cavabdehin vergi ödəyicisi olduğunu bildirməsi və bu faktın “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat əsasında öz təsdiqini tapması, qanunsuz artırıldığı iddia edilən obyektin isə qeyri-yaşayış sahəsi olmasının və cavabdeh tərəfindən icarə müqaviləsi əsasında “Rahat market”ə icarəyə verilməsinin həm cavabdehin izahatına, həm də iş materiallarında olan şəkillərə əsasən müəyyən edilməsi onu deməyə əsas verir ki, cavabdehin də niyyəti gəlir əldə etməkdir. Deməli, iddiaçı cavabdehə qeyri-yaşayış sahəsini satmaqla, cavabdeh isə həmin sahəni alıb icarəyə verməklə ayrı-ayrılıqda kommersiya münasibətlərində olmuşlar. Nəzərə alınsa ki, iddiaçının tələblərindən biri kommersiya xarakterlidir (məhz qeyri-yaşayış sahəsinin qanunsuz artırılması), belə olan halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hazırki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 30-cu maddəsinə görə, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmənin qənaətinə görə həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s. öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s. öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2216/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2216/2024
16.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver