Məhkəmə qərarları › İş №2(006)-2230/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2230/2020

28.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2230/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh "Cavabdeh" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1144xx-xx-10167 nömrəli “İpoteka müqaviləsi”nin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2013-cü il tarixli, 1144xx-xx-10167 nömrəli “İpoteka müqaviləsi (avtomobil)” bağlanmışdır. Həmin ipoteka müqaviləsi qanunvericiliyə uyğun olmadığı üçün etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.7-ci maddəsinə görə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Qeyd olunan qanunların tələblərinə baxmayaraq Bank və iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilməmiş və iddiaçının həyat yoldaşının notariat qaydasında təsdiq olunmuş razlığı alınmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh "Cavabdeh" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" ASC və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1144xx-xx-10167 nömrəli "İpoteka müqaviləsinin etibarsız hesab edilməsi" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2013-cü il tarixliİ, 1144xx-xx-10167 nömrəli ipoteka müqaviləsi predmeti olan "KİA Sportage" markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə kredit borcu üzrə tutma yönəldilmişdir.Şərafət Kərimovanın birgə mülkiyyətdə olan əmlakının hərracda satılması qərara alınsa da, onun bu barədə heç bir məlumatı və razılığı olmamışdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir."İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər.Qeyd edilən qanunun tələblərinə baxmayaraq "Cavabdeh" ASC və Şərafət Kərimovanın həyat yoldaşı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1144xx-xx-10167 nömrəli "İpoteka müqaviləsi (avtomobil)" notariat qaydasında təsdiq edilməmiş və arvadı Ş.Kərimovanın notariat qaydada təsdiq olunmuş razılığı alınmamışdır. Bu barədə məlumatı məhkəmə qətnaməsi bir neçə ay bundan əvvəl icraya yönəldiləndən sonra almışdır (1 il olmayıb). Qeyd edilən ipoteka müqaviləsi bağlanarkən Şərafət Kərimovanın mülkiyyət hüquqları pozulmuşdur. Şərafət Kərimova 2002-ci il tarixdən İddiaçı ilə rəsmi nikaha daxil olub və birgə təsərrüfat aparır. İpotekaya qoyulmuş avtomobil onların birgə mülkiyyətindədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 1144xx-xx-10167 nömrəli “İpoteka müqaviləsi (avtomobil)” də 3 nüsxədə tərtib edilmiş, nüsxələrdən biri Bankda saxlanılmış, biri ipotekanı dövlət qeydiyyatına almalı olan dövlət orqanına, digəri isə “İpoteka qoyan”a, yəni iddiaçıya təqdim olunmuşdur.Həmçinin iddiaçı xx xxxx 2013-cü il tarixdə həmin müqavilənin bağlanılmasında şəxsən iştirak etmiş, müqavilə şərtləri ilə tanış olaraq razılaşmış və müqaviləni imzalamaqla öz iradə ifadəsini bildirmişdir.Bundan başqa, müqavilələrin bağlandığı gün, yəni 2013-cü ilin iyun ayının 25-i iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanm təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.Göründüyü kimi, iddiaçının Cavabdeh ASC ilə onun arasında bağlanmış 1144xx-xx-10167 nömrəli xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsassız olmaqla yanaşı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mübahisələndirilməmişdir. Həmçinin, iddiaçı ilə Bank arasında bağlanılmış 114476-1-7403 nömrəli xx.xx.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nin və ona dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2016-cı il tarixli Razılaşmanın şərtləri iddiaçı tərəfindən pozulduğu üçün Bank borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC-nin xeyrinə İddiaçı cəmi 21.318,09 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına tutulmuş borcun Banka ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1346/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan, “Kia Sportage” minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 27.500 manat müəyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə cavabdeh tərəfindən mübahisələndirilməmiş, yəni cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində apellyasiya şikayəti verilməmişdir. Bununla da, Cavabdeh ASC-nin İddiaçı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1346/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır.Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan "Cavabdeh" ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2013cü il tarixli, 1144xx-xx-10167 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı ona məxsus olan "KİA" markalı (mühərrik G4KEDH417216, ban: KNAPC812DD7479835, buraxılış ili: 2013) avtomobili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 19798.88 ABŞ dolları əsas borc, 1519.21 ABŞ dolları faiz borcu, 05 ABŞ dolları cərimə borcu, cəmi 21318 ABŞ dolları, 09 sent məbləğində borc ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh ASC-nin hesabına ödənilməsi, “Kia Sportage” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitdən 21318 (iyirmi bir min üç yüz on səkkiz) ABŞ dolları, 09 (doqquz) sent məbləğində borc ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “Cavabdeh"ASC-yə ödənilməsi, satışdan götürülmüş məbləğ “Cavabdeh" ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğ İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, satışdan əldə edilmiş məbləğ Cavabdeh ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1346/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan, "Kia Sportage" minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş və avtomobilin ilkin satış qiyməti 27500 manat müəyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "Cavabdeh" ASC ilə İddiaçı arasında xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı ona məxsus olan "KİA" markalı (mühərrik G4KEDH417216, ban: KNAPC812DD7479835, buraxılış ili: 2013) avtomobili ipoteka ilə yüklü edilmişdir. Hazırda İddiaçı qismində, onun həyat yoldaşı X2 isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəməyə müraciət edərək, qeyd olunan ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər. Qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricən düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Hazırkı halda İddiaçı qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda sözügedən halların sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçının üzərinə düşür. Belə ki, MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı müqavilənin etibarsızlığına əsas kimi, Bank ilə bağlanmış ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmədiyini və onun həyat yoldaşının notariat qaydasında təsdiq olunmuş razlığının alınmadığını bildirir. Məhkəmə qeyd edir ki, "Cavabdeh" ASC ilə İddiaçı arasında xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanarkən qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. Beləliklə, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin predmetini daşınmaz əmlak deyil, rəsmi reyestrdə qeydiyyata alınmalı olan avtomobil təşkil etdiyindən, məhkəmə müqavilə bağlanan zaman qüvvədə olan hüquq normalarına əsaslanaraq hesab edir ki, müqavilənin notarial qaydada təsdiq edilməməsi onun etibarsızlığına əsas ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, öncədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti İddiaçı qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinəsinə müraciət edərək, İddiaçı banka borclu olduğu 19798.88 ABŞ dolları əsas borcun, 1519.21 ABŞ dolları faiz borcunun, 238.15 ABŞ dolları cərimə borcunun, cəmi 21556.24 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ASC-yə ödənilməsi və tutmanın kreditin təminatı kimi cavabdehə məxsus “Kia Sportage” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı 19798.88 ABŞ dolları əsas borc, 1519.21 ABŞ dolları faiz borcu, 05 ABŞ dolları cərimə borcu, cəmi 21318 ABŞ dolları, 09 sent məbləğində borc ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun və həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-nin hesabına ödənilməsi, “Kia Sportage” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitdən 21318 ABŞ dolları, 09 sent məbləğində borcun ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun və həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Cavabdeh" ASC-yə ödənilməsi, satışdan götürülmüş məbləğ “Cavabdeh" ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğ İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, satışdan əldə edilmiş məbləğ Cavabdeh ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1346/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan, "Kia Sportage" minik markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş və avtomobilin ilkin satış qiyməti 27500 manat müəyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Yuxarıda qeyd olunan işlər üzrə istər rayon məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin keçirdiyi məhkəmə iclaslarında İddiaçı cavabdehlə aralarında bağlanmış ipoteka müqaviləsinin etibarlılığını mübahisələndirməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “iddia müddətinin tətbiqi barədə” ərizə ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin qeyd edilən norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisələndirməmiş, bununla da onun həmin hüququna xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası həm əsassız olduğundan, həm də bu iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş müddət ötürüldüyündən rədd edilməlidir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Məhkəmə qeyd edir ki, avtomobil bank tərəfindən verilmiş pulun əsasında alınmış və pulun alınması ilə ipoteka müqaviləsinin bağlanması eyni vaxta həyata keçirilmişdir. Həmin pul vəsaitin iddiaçı və ya onun həyat yoldaşının birgə nikah dövründə əldə etdikləri birgə vəsait hesab olunması mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh "Cavabdeh" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiaları təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh "Cavabdeh" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar