Məhkəmə qərarları › İş №2(006)-2235/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2235/2022

07.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2235/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin və digər şəxsləri əşyaları ilə birlikdə qeyri-yaşayış sahəsindən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə 9 saylı notariat kontorunda bağladıqları icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən təmir üçün çəkdiyi 37.000 manat pulun, 4 ay icarə haqqı olan 6.000 manat pulun və 220 manat ödədiyi dövlət rüsumunun tutularaq ona verilməsi, cavabdehin əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanda yerləşən mülkiyyət hüququ ilə ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 birinci iddiada göstərdiyi 43.220 manatdan əlavə 50.000 manatın tutularaq ona verilməsi, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinə əlavə olaraq, əmlakını icarəyə götürən şəxsin əmlakında olan əşyaların, paltarların, digər əşyaların və s. auksiona çıxarılıb satılması və ona dəymiş 93.220 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, X3 və digərlərinin Nəsimi rayonu Nizami küçəsi 77/9 ünvanda yerləşən, mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsində olan əmlakları ilə birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2021ci il tarixdə 9 saylı notariat kontorunda bağlanmış icarə müqaviləsinin ləğv edilməsi; Cavabdeh və digər şəxslərin əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsini Cavabdeh xx.xx.2021-ci il tarixdə 9 saylı notariat kontorunda icarə müqaviləsi bağlamaqla 1 il müddətinə, aylıq 1.500 manat olmaqla icarəyə vermişdir. Onu etibarnamə ilə təmsil edən X4 icarəyə götürən cavabdehi tapa bilmir. Belə ki, Cavabdeh icarə müqaviləsinin 3, 5, 7, 9, 12-ci bəndlərinin tələblərini pozmuşdur. xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinin müddəti bitir. Respublika bankında yüklüdür. Pul vəsaiti ödənilmədiyinə görə Respublika bankı tərəfindən cərimələr çoxalır. 5-ci bəndə müvafiq olaraq icarə haqqını 4 aydır ödəmir və 6.000 manat pulu vermir. 7-ci bəndi pozaraq həmin qeyri-yaşayış sahəsini sub-icarəyə başqa adama vermişdir. 9-cu bənd üzrə tələbi pozaraq onun icazəsi olmadan təmir və tikinti işləri apararaq onun təmirli obyektinə maddi zərər vurmuşdur və onun obyektinə təmir üçün çəkdiyi 37.000 manat ona zərər vurmuşdur. 12-ci bəndin tələbini pozaraq əlavə vergi hesabatları ona təqdim edilməmişdir. xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə cavabdehə xəbərdarlıq və bildiriş göndərmişdir, lakin bu günə kimi öhdəliklərini həyata keçirmək istəmir. Bildirir ki, cavabdehin etdiyi qanunsuz əməllər əsas verir ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 66,8 m2 olan qeyri-yaşayış sahəsi tam pay üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 87 saylı reyestr kitabının 8204 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, notarial qaydada təsdiq olunmuş icarə müqaviləsinin surətindən görünür ki, «İcarəyə verən» İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 66,8 m2 olan qeyri-yaşayış sahəsini «İcarəçi» Cavabdeh müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Müqavilə şərtlərinə görə, icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı hər ay 1.500 manat icarə haqqı ödəməyi, icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verməməyi, icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparmamağı öhdəsinə götürmüşdür. İddiaçının bildirdiyinə görə, cavabdeh icarə müqaviləsinin şərtlərini, icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Xəbərdarlıq məktublarından göründüyü kimi, iddiaçı pretenziya qaydasında cavabdehə müraciət edərək, icarə müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu bildirmiş, qısa müddətdə həmin pozuntuların aradan qaldırılmasını tələb etmiş, əks təqdirdə icarə müqaviləsinin ləğv ediləcəyinə dair xəbərdarlıq etmişdir. Daha sonra iddiaçı cavabdehə müraciət edərək, icarəyə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. Lakin cavabdeh iddiaçının tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sənədlərlə təsdiq olundu ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə şərtlər cavabdeh tərəfindən pozulmuş, iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 9 saylı notariat kontorunda bağlanmış icarə müqaviləsi ləğv edilməli; Cavabdeh və digər şəxslər əşyaları ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə 9 saylı notariat kontorunda bağlanmış icarə müqaviləsi ləğv edilsin. Cavabdeh və digər şəxslər əşyaları ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar