Məhkəmə qərarları › İş №2(006)-224/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-224/2022

09.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-224/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Abbasova (Babayeva) Təranə Müzəffər qızının cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqavilələrinin və onlara edilmiş əlavə razılaşmaların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Müzəffər qızı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqavilələrinin və onlara edilmiş əlavə razılaşmaların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.12.2014-cü il tarixli 291214/170687 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ASC ilə guya X2 istehlak xərcləri məqsədilə illik 12 faizlə 3.013.700 manat məbləğində kredit verilmiş, 12.03.2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən 29.12.2021-ci il tarixədək qaytarılması şərti ilə illik faiz dərəcəsi 1 faizə qədər endirilmişdir. Bundan başqa, 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ASC ilə guya X2 məişət avadanlıqlarının alınması məqsədilə illik 7%-lə 860.000 manat məbləğində kredit verilmiş, 12.03.2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən 11.09.2022-ci il tarixədək qaytarılması şərti ilə illik faiz dərəcəsi 1 faizə qədər endirilmişdir. 13.10.2013-cü il tarixli AKB tərəfindən verilmiş Çıxarışa əsasən 29.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas qalıq borc 384.375,88 manat, faiz borcu 160.366,73 manat təşkil edir. Sonuncu ödəniş 09.07.2018-ci il tarix göstərilir. 13.10.2013-cü il tarixli AKB tərəfindən verilmiş Çıxarışa əsasən 11.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas qalıq borc 435.050,01 manat, faiz borcu 4.133,29 manat təşkil edir. Sonuncu ödəniş 12.11.2019-cu il tarix göstərilir. Göstərilən kredit müqavilələri və ona əlavə edilmiş Əlavə Razılaşmalar onun xəbəri və iştirakı olmadan rəsmiləşdirilmiş, həmin kreditlər üzrə heç vaxt ödəniş etməmişdir, onun mövcudluğu barədə təxminən 2019-cu dekabr ayının ortalarında bilmişdir, həmin vaxtdan bu günə qədər Cavabdeh ASC-nin rəhbərliyinə, şəxsən Ülvi İldırımzadəyə və Yunis İldırımzadəyə kreditlərin onun adından çıxarılmasını dəfələrlə tələb etmişdir, lakin borcun ödənilməsi təmin edilməmiş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. 29.12.2014-cü il tarixli, 291214/170687 saylı kredit müqaviləsi tərtib olunan vaxt iddiaçı ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. Belə ki, 29.12.2014-cü ildə iddiaçı saat 06.45 radələrində təyyarəyə minmişdir, həmin gün İtaliya Respublikasının Milan şəhərində olmuşdur. Təyyarəyə minmək barədə biletin kötüyü və ümumvətəndaş pasportunda olan qeydlər bunu təsdiq edir. Həmin müqaviləyə edilmiş 12.03.2019-cu il tarixli Əlavə Razılaşmada iddiaçının soyadı Abbasova göstərilsə də, vəxsiyyət vəsiqəsini məlumatları X1 adına verilmiş 14.10.2011-ci il tarixli AZE 09321929 göstərilmişdir, halbuki soyadını dəyişərkən ona ASAN2 tərəfindən 05.09.2018-ci il tarixdə AZE 17887608 №-li şəxsiyyət vəsiqəsi verilmişdir. Təbii ki, kredit müqaviləsində və ona edilmiş Əlavə Razılaşmada olan imzalar iddiaçıya məxsus deyil, kim tərəfindən icra edilməsidə ona məlum deyil. 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqaviləsinə edilmiş 12.03.2019-cu il tarixli Əlavə Razılaşmada iddiaçının soyadı Abbasova göstərilsə də, şəxsiyyət vəsiqəsinin məlumatları X1 adına verilmiş 14.10.2021-ci il tarixli AZE 09321929 göstərilmişdir, halbuki soyadını dəyişərkən ona ASAN2 tərəfindən 05.09.2018-ci il tarixdə AZE ******* №-li şəxsiyyət vəsiqəsi verilmişdir. Təbii ki, həmin kredit müqaviləsində və ona edilmişt Əlavə Razılaşmada olan imzalar da iddiaçıya məxsus deyil, kim tərəfindən icra edilməsi də ona məlum deyil. Bundan başqa, kredit müqavilələrinin şərtlərinə baxdıqda da həmin kreditlərin ona verilməsi mümkün deyil. Birincisi, illik 1 faizlə heç Azərbaycan Respublikasının Mərkəzi Bankı banklara kredit vermir. İkincisi kreditin təyinatı bir halda istehlak xərci – 3.013,700 manat, digər halda isə məişət avadanlıqlarının alınması – 870000 manat göstərilir. Üçüncüsü, həmin kreditlər üzrə kifayət qədər ödənişlər aparılıb, bu ödənişlərin aparılması üçün iddiaçının gəlirləri heç 100 ilə də kifayət etməz. Həqiqətdə iddiaçı Cavabdeh ASC-dən göstərilən kreditlər almadığına və müqavilələrə imza etmədiyinə görə həmin əqdlər əhəmiyyətsiz olduğundan etibarsız hesab edilməlidir. Göründüyü kimi, yuxarıda sadalanan kredit müqavilələr və onlara edilmiş əlavələr, kreditin alınmasına dair məxaric sənədləri, kreditin ödənilməsinə dair mədaxil sənədləri nə iddiaçı, nə də onun vəkil edilmiş nümayəndəsi tərəfindən imzalanmışdır, belə olan halda həmin müqavilələr və razılaşmalar əhəmiyyətsiz olduğuna görə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh ASC ilə Abbasova (Babayeva) Təranə Müzəffər qızı arasında bağlanmış 29.12.2014-cü il tarixli 29122014/170687 saylı, 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqavilələrinin və ona edilmiş bütün əlavə razılaşmaların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia verildiyindən LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə həmin kredit müqavilələri üzrə əsas və faiz borcunun Bankın əməliyyat sistemindən silinməsi, borcun və kreditin ödənilməsində gecikmə günlərinin olmaması barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna məlumatın verilməsi öhdəliyi qoyulması, kredit müqavilələri iddiaçı tərəfindən imzalanmadığından və həmin müqavilələr xüsusi qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən ləğv prosesində olan Cavabdeh ASC ilə Abbasova (Babayeva) Təranə Müzəffər qızı arasında bağlanmış 29.12.2014-cü il tarixli 291214/170687 saylı, 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqavilələrin və onlara edilmiş bütün əlavə razılaşmaların etibarsız hesab edilməsi, Abbasova (Babayeva) Təranə Müzəffər qızının 29.12.2014-cü il tarixli 291214/170687 saylı və 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqavilələri üzrə əsas və faiz borcları LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən X4 silinməsi, Abbasova (Babayeva) Təranə Müzəffər qızının 29.12.2014-cü il tarixli 291214/170687 saylı və 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqavilələri üzrə borcunun və gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyin LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini, kredit müqavilələrinin saxlataşdırılması ilə bağlı xüsusi qərardadın çıxarılması və prokurora məlumatın verilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəf borcun olmaması barədə reyestrə məlumat göndərdiyini qeyd edir. Onlar bu barədə onlara inanırlar və iddia tələbinin bu hissəsinin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Lakin iddiaçının adına Mərkəzi Kredit Reyestrində gecikdirilmiş günlər görünür və gecikdirilmiş günlərin silinməsi barədə cavabdeh heç bir tədbir görməmişdir. Cavabdehin aidiyyatı şəxslərinin əməlində açıqaşkar qanunsuzluq olmuşdur və bununla bağlı xüsusi qərardad çıxarılması zəruridir. Odur ki, iddia tələbini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, borcun olmaması barədə məlumat artıq tərəflərdən reyestrə verilmişdir. İddiaçının gecikdirilmiş günlərin olmaması barədə məlumatın verilməsi öhdəliyinin də cavabdehin üzərinə qoyulmasına etiraz etmirlər. Lakin xüsusi qərardad çıxarılmasına artıq zərurət qalmadığını düşünürlər, belə ki, bank olaraq öhdəliklərə düşən vəzifələri icra etmişlər.

5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Cavabdeh ASC ilə X3 arasında bağlanılmış 29.12.2014cü il tarixli 291214/170687 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC tərəfindən X2 12 ay müddətinə illik 12% olmaqla 3.013,700 (üç milyon on üç min yeddi yüz) manat kredit vermişdir.

7. İş materiallarında olan Cavabdeh ASC ilə X3 arasında bağlanılmış 29.12.2014cü il tarixli 291214/170687 saylı kredit müqaviləsinə 12.03.2019-cu il tarixli əlavə razılaşmanın surətindən görünür ki, 29.12.2014-cü il tarixli 291214/170687 saylı kredit vəsaitinin illik faiz dərəcəsini 1 faizə qədər endirilməsi, kredit «Borcalan» X3 tərəfindən 29.12.2021-ci il tarixdə qaytarılması müəyyən edilmişdir.

8. İş materiallarında olan Cavabdeh ASC ilə X3 arasında bağlanılmış 11.09.2015-ci il tarixli 110915/170687 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC tərəfindən X2 3 ay müddətinə illik 7% olmaqla 860000 (səkkiz yüz altmış min) manat kredit vermişdir.

9. İş materiallarında olan Cavabdeh ASC ilə X3 arasında bağlanılmış 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqaviləsinə 12.03.2019-cu il tarixli əlavə razılaşmanın surətindən görünür ki, 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit vəsaitinin illik faiz dərəcəsini 1 faizə qədər endirilməsi, kredit «Borcalan» X3 tərəfindən 11.09.2022-ci il tarixdə qaytarılması müəyyən edilmişdir.

10. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışın kserosurətindən görünür ki, X1 11.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 435050,01 manat əsas, 4133,29 manat faiz borcu, 29.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 384375,88 manat, 160366,73 manat faiz borcu vardır.

11. İş materiallarında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş 26.08.2021-ci il tarixli məktubuna əsasən Abbasova (Babayeva) Təranə Müzəffər qızının 27.12.2014-05.01.2015-ci il tarixləri ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında 29.12.2014-cü il tarixdə çıxış, 05.01.2015ci il tarixdə giriş barədə məlumat qeydə alınmışdır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1804 saylı, 24.01.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş məlumatdan görünür ki, məhkəmə-xətşünaslıq və rəy verilməsi üçün zəruri olan Cavabdeh ASC ilə İddiaçı Müzəffər qızı arasında bağlanmış 29.12.2014-cü il tarixli, 291214/170687 nömrəli kredit müqaviləsinin, həmin müqaviləyə 12.03.2019-cu il tarixli əlavə razılaşmanın, 11.09.2015-ci il tarixli 110915/170687 nömrəli kredit müqaviləsinin və bu müqaviləyə 12.03.2019-cu il tarixli əlavə razılaşmanın əsillərinin, İddiaçı Müzəffər qızının 3-5 sənəddə əlavə sərbəst imza nümunələrinin təqdim edilməsi barədə 20.12.2021-ci il tarixdə ekspert tərəfindən verilmiş vəsatət təmin olunmadığına görə, məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir.

13. İş üzrə ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 01.03.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş hesabdan çıxarışından görünür ki, 29.12.2014-cü il və 11.09.2015-ci il tarixli kredit müqavilələri üzrə bank qarşısında öhdəliyi olan İddiaçı Müzəffər qızının hər iki kredit üzrə borclu LPO Cavabdeh ASC-nin aidiyyətli şəxsi tərəfindən 26.11.2021-ci il tarixdə tam olaraq ödənilmişdir. Hal-hazırda İddiaçı Müzəffər qızının bank qarşısında sözügedən kredit müqavilələri üzrə heç bir borc öhdəliyi qalmamış, eləcə də borcun bağlanması barədə mərkəzləşdirilmiş kredit reyestrinə də (MKR) tərəflərindən məlumat göndərilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq icraatınızda olan mülki iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər arasında 29.12.2014-cü il tarixdə və 11.09.2015-ci il tarixdə kredit müqavilələri bağlanmış, hazırda iddiaçı həmin kreditlərin onun xəbəri və iştirakı olmadan rəsmiləşdirilməsini iddia edərək, həmin kredit müqavilələrinin və əlavə razılaşmaların etibarsız hesab edilməsini, həmin kredit müqavilələri üzrə əsas və faiz borcları LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən X4 silinməsi, kredit müqavilələri üzrə borcunun və gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyin LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını, kredit müqavilələrinin saxlataşdırılması ilə bağlı xüsusi qərardadın çıxarılması və prokurora məlumatın verilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə ilk olaraq iddia tələbinin kredit müqavilələrinin və əlavə razılaşmaların etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir.

16. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla Cavabdeh ASC arasında bağlanılmış 29.12.2014-cü il tarixli 291214/170687 saylı və 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqavilələri, həmçinin həmin kredit müqavilələrinə 12.03.2019-cu il tarixli əlavə razılaşmaları onun iştirakı olmadan bağlanılmışdır. Belə ki, həmin müqavilələrdəki və əlavə razılaşmalardakı imzalar iddiaçı tərəfindən icra edilməmiş, ona müqavilələrdə göstərilən məbləğdə kredit verilməmişdir.

17. İş materiallarında olan 29.12.2014-cü il tarixli 291214/170687 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC və “Borcalan” qismində X3 müqavilənin tərəfləri kimi çıxış etmişlər və bank borcalana 12 ay müddətinə, illik 12% hesabı ilə 3.013.700 manat kreditin verilməsini öhdəsinə götürülmüşdür. Eyni zamanda 11.09.2015ci il tarixli 110915/170687 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC və “Borcalan” qismində X3 müqavilənin tərəfləri kimi çıxış etmişlər və bank borcalana 3 ay müddətinə, illik 7% hesabı ilə 860.000 manat kreditin verilməsini öhdəsinə götürülmüşdür. Həmçinin 29.12.2014-cü il tarixli 291214/170687 saylı kredit müqaviləsinə 12.03.2019-cu il tarixli əlavə razılaşmadan görünür ki, 29.12.2014-cü il tarixli kredit vəsaitinin illik faiz dərəcəsini 1 faizə qədər endirilməsi, borcalan X3 tərəfindən 29.12.2021-ci il tarixdə kreditin qaytarılması müəyyən edilmişdir. Eyni zamanda 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqaviləsinə 12.03.2019-cu il tarixli əlavə razılaşmadan görünür ki, 11.09.2015-ci il tarixli kredit vəsaitinin illik faiz dərəcəsini 1 faizə qədər endirilməsi, kreditin borcalan X3 tərəfindən 11.09.2022-ci il tarixdə qaytarılması müəyyən edilmişdir.

18. Məhkəmə tərəfindən iddiaçı Abbasova (Babayeva) Təranə Müzəffər qızı tərəfindən kredit müqavilələrinin və əlavə razılaşmaların onun tərəfindən imza edilməməsi və həmin müqavilələr üzrə hər hansı məbləğdə pul götürməməsi ilə bağlı dəlillərini yoxlamaq üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqavilələrin və əlavə razılaşmaların əsillərini ekspertə təqdim olunmadığına görə, məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir.

19. Məhkəmə qeyd edir ki, mübahisəli kredit müqavilələrində və əlavə razılaşmalarda olan imzalar iddiaçıya məxsus olmamasını sübut olunmasa da, iddiaçının 29.12.2014-cü il tarixdə ölkə hüdudlarından kənarda olmasını həmin imzaların onun tərəfindən icra olunması qeyri mümkündür. Bu səbəbdən həmin müqavilələr etibarlı əqd kimi qəbul edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

22. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

23. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Əqdlərin belə qruplaşması bir-başa qanunda nəzərdə tutulur. Mübahisə edilən əqdlər səlahiyyətli şəxslər tərəfindən mübahisə edildikdə bağlandığı andan etibarsız sayılırlar. Əhəmiyyətsiz əqdlər isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı orlmayaraq bağlandığı andan etibarsızdır.

24. Məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərini və iş üzrə toplanmış sübutları nəzərə alaraq hesab edir ki, mübahisəli kredit müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanıldığından, həmin müqavilələr əhəmiyyətsiz əqd kimi qəbul edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

26. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 27.Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

28. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanılmış 29.12.2014-cü il tarixli 291214/170687 saylı və 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqavilələrinin, həmçinin həmin kredit müqavilələrinə 12.03.2019-cu il tarixli əlavə razılaşmaların əhəmiyyətsiz əqd olması və həmin əqdlərin bağlanılmasında iddiaçının iştirak etməməsi, həmçinin həmin müqavilələrin və əlavə razılaşmaların iddiaçı tərəfindən imzalanmaması müəyyən edildiyindən, iddia tələbi kredit müqavilələrinin və əlavə razılaşmaların etibarsız hesab edilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir.

29. Məhkəmə iddia tələblərinin kredit müqavilələri üzrə əsas və faiz borcları LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən X4 silinməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.

30. Belə ki, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışına əsasən 29.12.2014-cü il və 11.09.2015-ci il tarixli kredit müqavilələri üzrə kredit borcu 26.11.2021ci il tarixdə tam olaraq ödənilmiş və hal-hazırda İddiaçı Müzəffər qızının bank qarşısında sözügedən kredit müqavilələri üzrə heç bir borc öhdəliyi qalmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi borcun olmaması barədə bank tərəfindən Mərkəzi Kredit Reyestrinə məlumat verilməsini göstərilmişdir.

31. Məhkəmə mübahisəli kredit müqavilələri üzrə əsas və faiz borcların silinməsini və bu barədə Mərkəzi Kredit Reyestrinə məlumat verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.

32. Məhkəmə iddia tələblərinin kredit müqavilələri üzrə borcunun və gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyin LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. Məhkəmə qeyd edir ki, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş 01 mart 2022-ci il tarixli hesabdan çıxarışına əsasən 29.12.2014-cü il və 11.09.2015-ci il tarixli kredit müqavilələri üzrə kredit borcu 26.11.2021-ci il tarixdə tam olaraq ödənilmiş və hal-hazırda İddiaçı Müzəffər qızının bank qarşısında sözügedən kredit müqavilələri üzrə heç bir borc öhdəliyi qalmamış və eləcədə borcun bağlanması barədə MKR-ə məlumatın göndərilməsi müəyyən edildiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.

38. Məhkəmə həmçinin qeyd edir ki, iddianın mübahisəli kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyin LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması hissəsində iddia tələbi əsaslı olmuşdur.

39. Belə ki, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş 01 mart 2022-ci il tarixli məktubunundan görünür ki, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu yalnız borcun bağlanması hissəsində məlumat vermiş, lakin gecikmə günlərinin olmaması barədə isə hər hansı məlumatın göndərilməsi müəyyən edilməmişdir.

40. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı hesab edərək təmin edilməli, mübahisəli kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyin LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır.

41. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC ilə Abbasova (Babayeva) Təranə Müzəffər qızı arasında bağlanılmış 29.12.2014-cü il tarixli 291214/170687 saylı, 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqavilələri və həmin kredit müqavilələrinə 12.03.2019-cu il tarixli əlavə razılaşmaları etibarsız hesab edilməli, Cavabdeh ASC ilə Abbasova (Babayeva) Təranə Müzəffər qızı arasında bağlanılmış 29.12.2014-cü il tarixli 291214/170687 saylı və 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyin LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC ilə Abbasova (Babayeva) Təranə Müzəffər qızı arasında bağlanılmış 29.12.2014-cü il tarixli 291214/170687 saylı, 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqavilələri və həmin kredit müqavilələrinə 12.03.2019-cu il tarixli əlavə razılaşmaları etibarsız hesab edilsin. Cavabdeh ASC ilə Abbasova (Babayeva) Təranə Müzəffər qızı arasında bağlanılmış 29.12.2014-cü il tarixli 291214/170687 saylı və 11.09.2015-ci il tarixli 110915/170687 saylı kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyin LPO Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar