Məhkəmə qərarları › İş №2(006)-2271/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2271/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2271/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı «kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın verilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respubblikasının Mərkəzi Bankını cəlb etməklə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın verilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ASC arasında xx.xx.2008-ci ildə 054 saylı kredit müqaviləsi bağlanılıb və həmin kredit müqaviləsinə əsasən ona 104.640 manat məbləğində ipoteka krediti verilmişdir. İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilib və heç bir borc məbləği qalmayıb. Borcunun olmadığı üçün də Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədri Z.B.Quliyeva tərəfindən öz imzası və bankın möhürü ilə təsdiq edilmiş xx xxxxxx 2015-ci il tarixli 11/K61 saylı arayış verilmiş və İddiaçı xx.xx.2008-ci il tarixli 054 saylı kredit müqaviləsinə əsasən 104640 manat məbləğində ipoteka krediti verildiyi və bu müqavilə üzrə borcalanın banka heç bir borcu olmaması qeyd edilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Kredit Bürosundan verilən çıxarışda məlum olmuşdur ki, ləğv prosesində olan Cavabdeh1 ASC-də qeyd etdiyi müqavilə üzrə İddiaçı adında 35178,68 manat kreditin qalıq məbləği və 21.423,64 manat faiz borcu olduğu qeyd edilmişdir. Bank tərəfindən borcu olmadığı halda onun adında borc məbləğinin qalması tamamilə qanunsuzdur. Göstərilənləri nəzərə alaraq «Mərkəzləşdirilmiş Kredit Reyestrinə» xx.xx.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə X3 heç bir borcunun olmamasını məlumatının verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ikinci cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hal-hazırda iddiaçının banka mövcud olan borcu var və öhdəlik yerinə yetirilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh1 ASC-də **********430000 saylı ssuda hesabı var. xx.xx.2008-ci il tarixli 054 saylı kredit müqaviləsinə əsasən İddiaçı 104640 manat məbləğində ipoteka krediti verilmişdir. Hal-hazırda bu müqavilə üzrə borcalanın banka heç bir borcu yoxdur. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 35.178,64 manat, kreditin faiz məbləği 21.423,64 manat təşkil edir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə Banka 35178,64 manat məbləğində əsas borcu, 24111,13 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 59289,77 manat məbləğində borcu vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi bağlanılıb və həmin kredit müqaviləsinə əsasən iddiaçıya 104.640 manat məbləğində ipoteka krediti verilmişdir. İddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışına əsasən həmin müqavilə üzrə iddiaçının banka heç bir borcu olmaması göstərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Sığortalanmış Əmanətlərin Fondunun xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 35.178,64 manat, faiz borcu 24.111,13 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmişdir və onun banka heç bir borc məbləği qalmamışdır. Bu barədə bank tərəfindən xx.xx.2015-ci ildə arayış verilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Kredit Bürosu MMC-dən verilən çıxarışda onun xx.xx.2008-ci il tarixli müqaviləsi üzrə 35178,68 manat kreditin qalıq məbləği və 21.423,64 manat faiz borcu olmasını qeyd edilmişdir. Bu səbəbdən müqavilə üzrə onun heç bir borcunun olmamasını məlumatının verilməsinin cavabdehlərə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı yönəldiyindən və onun funskiyaları ləğvedici kimi X1 həvalə olunduğundan həmin hüquqi şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi ləğv prosesində olan Cavabdeh1 ASC isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə qeyd edir ki, borclu tərəfindən kredit müqaviləsi üzrə kreditor qarşısında olan öhdəliyin icra edildiyi öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «Mərkəzləşdirilmiş Kredit Reyestrində» xx.xx.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə İddiaçı heç bir borcunun olmamasını məlumatının verilməsinin cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmış Fonduna həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. «Mərkəzləşdirilmiş Kredit Reyestrində» xx.xx.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmamasını məlumatının verilməsinin cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmış Fonduna həvalə edilsin. İddia tələbi digər cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar