Məhkəmə qərarları › İş №2(006)-2277/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2277/2021

04.05.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2277/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/003/20-V saylı, 07 yanvar 2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə edilməmiş cari ödənişlər üzrə 854.76 manat, əmlakın dəyərinin qaliğı üzrə 1481.73 manat, cərimə üzrə 302,87 manat, cəmi 2639.36 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iiə Cavabdeh Afıs qızı arasında 07 yanvar 2020-ci il tarixdə 01/003/20-V saylı Nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 2.963.49 manat olan 1 (bir) ədəd 2019-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafıkinə müvafiq olaraq aybaay Ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan Ödəniş qrafıkinə əsasən 18.01.21-cu il tarixinədək. cari ödənişləri üzrə 854,76 manat, əşyanın dəyərinin qalığı üzrə 1481.73 manat, cərimə üzrə 302.87 manat olmaqla, cəmi 2639.36 manat məbləğində borcu yaranıb. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 200 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Nisyə alqı-satqı müqaviləsinin 10-cu maddəsinə əsasən: 10.1. Alıcı müəyyən edilmiş müddətlərdə bu Müqavilə ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə, Satıcı ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilmiş ödənişin 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər, Alıcı isə həmin dəbbə pulunu Satıcı tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürür. 10.2. Bu Müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə dəbbə pulunun (cərimə və/və ya penya) ödənilməsi Alıcını ödənilməmiş ödənişlərin ödənilməsindən, bu Müqavilənin şərtlərinin tam həcmdə icra edilməsindən azad etmir. 10.3. Bu Müqavilə üzrə dəbbə pulunun ödənilməsi Satıcının yazılı tələbnaməsinə əsasən həyata keçirilir. Alıcı dəbbə pulunu Satıcının müvafiq yazılı tələbnaməsini aldığı gündən 5 (beş) iş günü ərzində ödəməlidir. Satıcı, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş müddətlərdən başqa, bu Müqavilə üzrə dəbbə pulunun ödənilməsi tələbinə əsas verən hadisənin baş verməsindən sonra Alıcıya dəbbə pulunun ödənilməsinə dair tələbnamənin göndərilməsi üçün hər hansı müddətlərlə məhdudlaşdırılmır. Həmin müqavilənin 12-ci bəndinə əsasən: “12.1. Alıcı tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, Satıcı müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 12,1.3. Alıcı müqavilə üzrə ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirib. 12.2. Alıcı Satıcının tələbində göstərilmiş müddət ərzində Satıcıya Əmlakı və onun ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. 12.3. Satıcının müəyyən etdiyi müddət ərzində Əmlak, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər Satıcıya təhvil verilməyibsə, Satıcı Əmlakı məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün Əmlakın cari dəyərinin 0,5% (sıfr tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 12.10. Alıcı bu müqavilənin 13.7-ci bəndində göstərilən hallarda bu Müqavilənin ləğv edilməsi nəticəsində Satıcının çəkdiyi bütün xərclərin və zərərin əvəzini ödəməlidir.” İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 24 ay ərzində hissə-hissə ödənilməsi şərtilə ümumilikdə dəyəri 2963,49 manat təşkil edən Teplo markalı divardan asılan məişət qaz qazanına dair 07 yanvar 2020-ci il tarixli NAS-01/003/20-V saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0,5%dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. 14.01.2020-ci il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, Teplo markalı divardan asılan məişət qaz qazanı Cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. 20.11.2020-ci il tarixli tələb məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. 18.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödənişlər üzrə borc qalığı 854,76 manat, əsas borcun qalığı 1481,73 manat, cərimə borcu 302,87 manat, ümumilikdə 2639,36 manat borcu vardır. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən əşyanın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş 18.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödənişlər üzrə borc qalığı 854,76 manat, əsas borcun qalığı 1481,73 manat, cərimə borcu 302,87 manat, ümumilikdə 2639,36 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 07 yanvar 2020-ci il tarixli əşyanın alqı-satqısına dair müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və dəbbə pulu 30 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq iddianın “cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş əsas alqı-satqı müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli NAS-01/003/20-V saylı alqı-satqı müqaviləsi ləğv edilməli, ödənişlər üzrə borc qalığı 854,76 manat, əsas borcun qalığı 1481,73 manat, cərimə borcu kimi 30 manat, cəmi 2366,49 manat və iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 27 manatı məbləğində pul Cavabdeh-dən müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli NAS-01/003/20-V saylı alqı-satqı müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 2336,49 manat, cərimə borcu üzrə 30 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 27 manatı, cəmi 2393,49 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar