Məhkəmə qərarları › İş №2(012)-3538/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3538/2021

20.08.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3538/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə 20 avqust 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı “Alqı-satqı müqaviləsi” nin ləğv edilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 İntiqam oğlu və Cavabdeh1 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı “Alqı-satqı müqaviləsi” üzrə 1881 manat əsas borc və borcun gecikdirilməsinə görə 1128,60 manat cərimə borcu olmaqla, ümumilikdə 3009,60 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilnməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh3 arasında 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı “Alqı-satqı müqaviləsi” bağlanmış və həmin müqaviləyə uyğun olaraq eyni tarixli təhvil-təslim aktı tərtib edilərək dəyəri 2280,00 manat olan “Acer” markalı notebook Cavabdeh3 satılmışdır. İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanan 23 oktyabr 2020-ci il tarixli “Alqı-satqı müqaviləsi” ndən irəli gələn öhdəliklərin icra edilməsinin təmin edilməsi məqsədi ilə İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 23 oktyabr 2020-ci il tarixli “Zaminlik müqaviləsi” bağlanmış və Cavabdeh2 və Cavabdeh1 alıcı Cavabdeh3 23 oktyabr 2020-ci il tarixli “Alqı-satqı müqaviləsi” üzrə öhdəlikləri tam şəkildə icra edilənədək onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən “Alıcı” satılan malın dəyərini 171,00 manat olmaqla, hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndində “Alıcı” satılan malın dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,5%-i miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və alınmış malın dəyərini ödəməmişdirlər. Hazırda cavabdehlərin İddiaçı MMC-yə əsas borcları 1881,00 manat və borcun gecikdirilməsinə görə cərimə borcu 1128,60 manat olmaqla, 3009,60 manat təşkil edir. Borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, onlar bu xəbərdarlıqlara əhəmiyyət verməmişdirlər. Buna görə də, İddiaçı MMC yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən nümayəndə, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh3 (kredit alan) arasında alqı-satqı bağlanmış və bu müqaviləyə əsasən və həmin müqaviləyə uyğun olaraq eyni tarixli təhvil-təslim aktı tərtib edilərək dəyəri 2280,00 manat olan “Acer” markalı notebook Cavabdeh3 satılmışdır. İş materiallarında olan 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC, bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh3 arasında 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı alqı-satqı müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC, bundan sonra zamin adlandırılacaq Cavabdeh1 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh3 arasında 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı alqı-satqı müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. Məhkəmə iş materiallarını araşdırıb,mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh3 arasında 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı alqı-satqı müqaviləsi və 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı zaminlik müqavilələri imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh3 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə dəbbə pulu hissəsində iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki,məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı alqı-satqı müqaviləsinə əsasən, “Acer” markalı notebook hesablanmış 1128,60 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumuna müsbət təsir göstərdiyindən, həmin məbləğ azaldılaraq 50 manat həddində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh3 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı MMC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh1 öz öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə istinad edərək məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı alqısatqı müqaviləsi ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı “Alqı-satqı müqaviləsi” ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 İntiqam oğlu və Cavabdeh1 müştərək qaydada 23 oktyabr 2020-ci il tarixli, A0071 saylı “Alqı-satqı müqaviləsi” üzrə 1881 manat əsas borc və borcun gecikdirilməsinə görə 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1931 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar