Məhkəmə qərarları › İş №2(103)-5494/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5494/2021

18.06.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5494/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ödənilən pul vəsaitinin geri qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 326/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 30.09.2019-cu il tarixli, 00949297 saylı “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefonun nisyə alqı-satqı müqaviləsi ləğv edilsin və ödənilən 157 (yüz əlli yeddi) manat pul vəsaiti İddiaçı geri qaytarılması, cavabdeh “xxxx” MMC-yə “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefon təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 sentyabr 2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən Kontakt Home mağazasından 12 ay müddətinə ödəmək şərti ilə 1884 manata 1 illik zəmanətlə nisyə “İhone 8 plus” 64GB “Apple” markalı mobil telefon almışdır. Müqavilənin zəmanət talonuna əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq mağazaya oktyabr ayında 157 manat ödəniş həyata keçirmişdir. Noyabr ayının əvvəlində mobil telefonun ekranı gözlənilmədən qaralaraq, istifadəyə yararsız vəziyyətə düşmüşdür. Nöqsanın aradan qaldırılması üçün Ş.Qurbanov küçəsində yerləşən X2 yaxınlaşmışdır. Servizdən mobl telefona texniki xidmət göstərilmişdir, ekranın işıq sistemləri bərpa edilmişdir. Telefonun təmirindən təxminən iki-üç həftə sonra mobil telefonda eyni nöqsan aşkara çıxmışdır. Bununla bağlı təkrarən “Kontakt Home” mağazalar şəbəkəsinin Servis mərkəzinə müraciət etmişdir. Servisin mütəxəssisləri bildirdilər ki, telefonun nöqsanının aradan qaldırılması üçün ödəniş etmək lazımdır. O mobil telefonu zəmanətlə aldığından və bununla bağlı filialın cavabdehlik daşıdığını bildirməklə bu təklifdən imtina etmişdir. Bundan sonra xxxx MMC-yə müraciət etmişdir. Şirkətdən bildirmişdilər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Belə olan halda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İki aydan artıqdır ki, mobil telefondan istifadə etmək imkanından məhrum olmuşdur. Lakin mağazadan borcun ödənilməsi ilə bağlı ona zənglər edirlər. Hesab edi ki, mobil telefonunda olan qüsur əhəmiyyətli qüsur hesab edildiyindən nisyə alqı-satqı müqaviləsi ləğv edilməli və ödənilən 157 manat pul vəsaiti geri qaytarılmalıdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsi ilə İddia tələbi təmin edilərək, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 30.09.2019-cu il tarixli, 00949297 saylı İhone 8 plus 64GB”Apple” markalı mobil telefonun nisyə alqısatqı müqaviləsinin ləğv edilməsi və ödənilən 157 (yüz əlli yeddi) manat pul vəsaitinin İddiaçı geri qaytarılması, cavabdeh “xxxx” MMC-yə “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefonu təhvil verilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 53.65 (əlli üş manat altmış beş) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MMC-dən tutulması və Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qətnamədə göstərilən dəlillər işin hallarına uyğun olmadığından, yəni məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən qanunsuz və əsassızdır. Belə ki, ilkin olaraq onu bildirmək istəyərdik ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsnın təsviri hissəsində "Məhkəmə istinad olunan hüquq normalarına iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir"nəzərdə tutulsa da, iddia tələbi tam təmin edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində “Servis Link" texniki xidmət mərkəzinin 14.02 2020-ci il tarixli aparılan işlər barədə çıxarışına istinad edilmiş, həmin çıxarışda İddiaçı təqdim etdiyi “iPhone 8 plus 64GB" markalı mobil telefonun qüsurunun öz-özünə sönmə və qoşulmadan vibrasiya etmə olduğunun göstərildiyi qeyd edilmiş və bununla da məhkəmə təqdim edilən bu sübuta düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “Servis Link" texniki xidmət mərkəzinin 14 02.2020-ci il tarixli aparılan işlər barədə çıxarışında iddiaçı tərəfindən təqdim edilən “iPhone 8 plus 64GB" markalı mobil telefonda öz-özünə sönmə və qoşulmadan vibrasiya etmə kimi nasazlıqların olduğu göstərilsə də, sözügedən nasazlıqların zərbə, yəni mexaniki təsir nəticəsində yarandığı müəyyən edilmiş və əşyada hər hansı bir istehsal qüsuru aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi isə təqdim edilən yuxarıda adıçəkilən sübuta düzgün hüquqi qiymət verməyərək formal mülahizələrə əsasən əşyadakı nasazlıqların onda mövcud olan istehsal qüsuruna görə yarandığını qəbul etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17.12.2020-ci il tarixli 5/877 nömrəli rəyinə istinad edilmişdir ki, bu rəyin tədqiqi hissəsində də sadəcə olaraq İddiaçı aldığı mobil telefonun ekspertiza keçirilən zaman işlək vəziyyətdə olmadığı göstərilmiş, iş üçün əhəmiyyətli olan digər suallar üzrə tədqiqat işləri aparılmamış və əşyadakı nasazlığın səbəbi keçirilən məhkəmə ekspertizası nəticəsində müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə yenidən göstərilən sübutu düzgün qiymətləndirməyərək əşyanın ekspertizaya təqdim edilən zaman işlək vəziyyətdə olmamasını əşyadakı nasazlıq kimi qəbul etmiş və həmin nasazlığın istehsal qüsurundan yarandığı qənaətinə gəlmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Buluşov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan X4 Xidmət Mərkəzinin 14.02.2020-ci il tarixli aparılan işlər barədə çıxarışından görünür ki, müştəri İddiaçı tərəfindən təqdim edilmiş İhone 8 plus 64GB”Apple” markalı mobil telefonun qüsuru cihazın öz-özünə sönməsi, qoşulmayıb lakin vibrasiya edir. Texniki baxış nəticəsi maye, kənar müdaxilə yoxdur, zərbə vardır. Cihazın platası dəyişilməsi ehtiyac olarsa, müştəri təmirə razı deyildir. İş materiallarında olan İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 30.09.2019-cu il tarixli, 00949297 saylı “İhone 8 plus” 64GB ”Apple” markalı mobil telefonun nisyə alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən Kontakt Home mağazasından 12 ay müddətinə ödəmək şərti ilə 1884 manata 1 illik zəmanətlə nisyə “İhone 8 plus” 64GB “Apple” markalı mobil telefon almışdır. İş materiallarında olan 30.09.2019-cu il tarixli əlavə ödəniş cədvəlindən görünür ki, müqavilənin zəmanət talonuna əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq mağazaya oktyabr ayında 157 manat ödəniş həyata keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2020-ci il tarixli, № 5/877 saylı rəyindən görünür ki, tədqiq olunan bir ədəd sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 8 Plus” markalı A1899” modelli “SİM” danışıq kartı yerləşən yuvada olan “**********31583” İMEİ kodlu mobil smartfon halhazırda işlək vəziyyətdə deyildir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə ekspertizanın təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş “İphone 8 Plus” “Apple” markalı mobil telefonun texniki vəziyyəti müəyyən edilsin”, “İphone 8 Plus” “Apple” markalı mobil telefon işləmirsə, səbəbi müəyyən edilsin” və “İphone 8 Plus” “Apple” markalı mobil telefonu təmir etmək mümkündürmü?” suallar üzrə tədqiqat işləri aparılmadı. Hüquqi dəyərləndirmə:

9. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:

10. Azərbaycan Respublikası MM-nin 581.1ci maddəsinə əsasən, Satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

11. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə, Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

12. Azərbaycan Respublikası MM-nin 587.2-ci maddəsinə görə, Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

13. Həmin Məcəllənin 587.3-cü maddəsinə görə, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.

14. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər».

15. Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir».

16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

17. Kollegiya işin hallarına, tərəflərin izahatlarına, apellyasiya şikayətinin dəlillərinə əsasən, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutmaqla hesab edir ki, iddia tələbinin təmin edilərək, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 30.09.2019-cu il tarixli, 00949297 saylı İhone 8 plus 64GB”Apple” markalı mobil telefonun nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilən 157 (bir yüz əlli yeddi) manat pul vəsaitinin İddiaçı geri qaytarılması, cavabdeh “xxxx” MMC-yə İhone 8 plus 64GB”Apple” markalı mobil telefonun təhvil verilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

18. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspertiza rəyinə əsasən, mobil telefonun işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Cavadeh apellyasiya şikayətində həmin rəyi mübahisələndirsə də, rəyin mötəbərliyini sübhə altına alan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi qeyd edilən ekspert rəyinə əsaslanmaqda haqlı olmuşdur.

19. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar