Məhkəmə qərarları › İş №2(006)-2278/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2278/2021

20.04.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2278/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə qarşı “01/480/19-V saylı, 25 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 01/480/19-V saylı, 25 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə verilmiş əşyanın dəyəri üzrə 1777.53 (bir min yeddi yüz yetmiş yeddi manat əlli üç qəpik) manat, 200 manat dəbbə, cəmi 1797,53 (bir min yeddi yüz doxsan yeddi manat əlli üç qəpik) və 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 25 noyabr 2019-cu il tarixdə 01/480/19-V saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 2687,53 manat olan 1 ədəd 2018-ci il buraxılışlı Comford markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdehə verilmiş əmlakın ümumi dəyəri 2687,53 manat təşkil edir. Həmin məbləğdən cəmi cavabdeh tərəfindən 910,00 manat ödəniş həyata keçirilmişdir. Hazırda ödəniş qrafikinə əsasən 18.01.2021-ci il tarixinədək Əmlakın dəyərinin qalan hissəsi olan 1777.53 manat məbləği ödənilməmiş, həmin məbləğdən 1031.03 manat vaxtı çatmış cari borcu, 746.50 manat isə qalıq borcu təşkil edir. Bundan əlavə, müqavilə üzrə cavabdehə 439.91 manat məbləğində cərimə hesablanmışdır. Hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 30 yanvar 2020-ci il tarixli 01/032/20-AQV-Z1 saylı zaminlik müqaviləsinə əsaəsn nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul edilmişdir. Bu isə o deməkdir ki, Cavabdeh2 həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2019-cu il tarixdə 01/480/19-V saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı qiyməti 2687,53 manat olan 1 ədəd 2018-ci il buraxılışlı Comford markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, 18.01.2021-ci il tarixinədək Əmlakın dəyərinin qalan hissəsi olan 1777.53 manat məbləği ödənilməmiş, həmin məbləğdən 1031.03 manat vaxtı çatmış cari borcu, 746.50 manat isə qalıq borcu təşkil edir. Azərbaycan Respublikası MM-nin 581.1ci maddəsinə əsasən, Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə, Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Azərbaycan Respublikası MM-nin 587.2-ci maddəsinə görə, Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. İddiaçının 200 manat məbləğində cərimə puluna dair tələbi ilə bağlı Məhkəmə hesab edir ki, həmin tələb tam həcmdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır». Məhkəmə MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq dəbbə pulunun iddia tələbində tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq, Bank tərəfindən tələb edilən dəbbə pulunun məbləğinin azaldılmasını məqsədyönlü hesab edərək, onun məbləğini 20 manat məbləğində müəyyən edir. Odur ki, qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, 01/480/19-V saylı, 25 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə verilmiş əşyanın dəyəri üzrə 1777.53 (bir min yeddi yüz yetmiş yeddi manat əlli üç qəpik) manat, 20 (iyirmi) manat dəbbə, cəmi 1797,53 (bir min yeddi yüz doxsan yeddi manat əlli üç qəpik) və 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. 01/480/19-V saylı, 25 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə verilmiş əşyanın dəyəri üzrə 1777.53 (bir min yeddi yüz yetmiş yeddi manat əlli üç qəpik) manat, 20 (iyirmi) manat dəbbə, cəmi 1797,53 (bir min yeddi yüz doxsan yeddi manat əlli üç qəpik) və 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar