Məhkəmə qərarları › İş №2(006)-2293/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2293/2022

08.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2293/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanını cəlb etməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanını cəlb etməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı 30 iyul 1996-cı il təvəllüdlü X3 2-ci qrup anadangəlmə əlildir və əlilliyə görə təqaüd alır. Belə ki, diaqnozu, şizofreniya katatonik forma F20-dir. O, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyil. Buna görə də ərizəçi heç yerdə işləməyərək ona qulluq edib daimi nəzarətdə saxlamağa məcburdur. Qızının aldığı təqaüdün azlığı və özünün də qazanc yeri olmaması səbəbindən ərizəçi xəstəni saxlamaqda çətinlik çəkir. Əgər qızı X3 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilsə, ərizəçi onun üzərində qəyyum təyin oluna bilər, əgər qəyyum təyin olunarsa, qəyyum kimi ona veriləcək yardım onun saxlanması üçün az da olsa kömək olacaq. Göstərilənlərə əsasən X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 şizofreniya katatonik forma F20.2 xəstəliyi mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2022-ci il tarixli, 2347 saylı ekspert rəyindən görünür ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 30 iyul 1996-cı il təvəllüdlü X3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçinın maraqlı şəxs qismində Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanını cəlb etməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 30 iyul 1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar