Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-231/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 22 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri 22 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2732 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 22 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən «xxxx» MMC-nin xeyrinə İddiaçı MMC-dən 35.490 manat 59 qəpik pul tutulması barədə xx.xx.2019-cu il tarixli 2732 saylı icra qeydi verilmişdir. Lakin bu icra qeydinin verilməsi zamanı «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, «xxxx» MMC ilə İddiaçı MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında xx.xx.2016-cı il tarixli AZF-SB-LLE/xx-xx-2016 saylı abunə müqaviləsi bağlanmışdır. Sonradan bu müqavilənin müddəti başa çatdığı üçün tərəflər arasında xx.xx.2018-ci il tarixli AZF-SL/2018/22 saylı eyni şərtlərlə yeni müqavilə bağlanmışdır. Müqaviləyə əsasən «xxxx» MMC-dən aldıqları nömrələr internetlə təmin edilməklə və qiymət trafik üzrə 1TR/M2M üçün 800 manat müəyyən edilmişdir. Bu müqavilənin 5.2-ci maddəsinə əsasən abunəçiyə tariflərə uyğun olaraq onun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim etməlidir. Müqavilənin 5.9-cu maddəsinə əsasən hesab-faktura növbəti hesablaşma dövrünün əvvəlində təqdim edilir. Lakin «xxxx» MMC tərəfindən bu şərt pozularaq aprel 2019-cu il tarixdə 4 ay üçün birdən (yanvar, fevral, mart, aprel) hesabfakturalar təqdim edərək, aylıq abunə haqqından başqa, əlavə istifadə üzrə də pul məbləğləri tələb edilmişdir. Misal olaraq, xx.xx.2019-cu il tarixdə yanvar 2019-cu il üçün təqdim olunan hesab fakturaya əsasən, aylın abunə haqqı üçün 800 manat, əlavə istifadəyə görə isə 5.442 manat 56 qəpik tələb olunur. Nəzərə alınsa ki, «xxxx» MMC tərəfindən dəfələrlə təqdim edilmiş hesab fakturalarda aşkar edilmiş artıq hesablamalara görə geri qaytarılmış, müvafiq dəqiqləşdirilməklə məbləğlər azaldıqdan sonra qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə xx.xx.2018-ci il tarixli AZF-SL/2018/22 saylı müqaviləyə 1 saylı əlavə bağlanaraq, 2TR/M2M üçün 800 manat müəyyən edilmişdir. Lakin sonradan xx.xx.2019-cu il tarixli məktubla «xxxx» MMC bu əlavənin ləğv edildiyini bildirmişdir. İddiaçı MMC tərəfindən «xxxx» MMC-yə müraciət edilərək, mübahisənin həll olunmasını təklif etmişlər. Mübahisə həll olunmadığı üçün, müqavilənin ləğvi bildirildikdə «xxxx» MMC tərəfindən əlavə olaraq onlara 11.130 manat cərimə hesablanmışdır. Cərimənin tətbiqi onunla əsaslandırılmışdır ki, müqavilənin 9.4-cü bəndinə əsasən əgər abunəçi nömrə aktivləşdirildikdən sonra 3 təqvim ili ərzində xidmətlərdən rəsmi şəkildə imtina edərsə, bu halda abunəçi hər bir imtina edilmiş nömrəyə görə 30 manat məbləğində imtina haqqı ödəməlidir. Halbuki, bu nömrələr ilk dəfə «xxxx» MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli AZF-SB-LLE/xx-xx-2016 saylı abunə müqaviləsi bağlanarkən aktiv edilmişdir. xx.xx.2018-ci il tarixdə isə nömrələr aktiv edilməmişdir, eyni şərtlərlə yeni müqavilə bağlanmışdır. Qeyd olunanlar kifayət qədər mübahisəli olduğu üçün, «xxxx» MMC məhkəməyə müraciət etmədən, Bakı şəhəri 22 saylı notariat ofisində icra qeydi yazdıraraq, Nəsimi rayon İcra və Probasiya şöbəsində icraya yönəldilmişdir. Qeyd edirlər ki, icra qeydinin alınması üçün ilk öncə İddiaçı MMC-yə kreditor tərəfindən bildiriş göndərilməli olduğu halda, belə bir bildiriş göndərilməmişdir. Halbuki, icra qeydinin alınması üçün tələb olunan iki sənəddən biri məhz borcluya göndərilmiş bildirişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, Mülki Məcəllənin 467-ci maddəsinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, bundan başqa, xx.xx.2018-ci il tarixli AZF-SL/2018/22 saylı müqavilədə icra qeydinin tətbiqi ilə bağlı hər-hansı bir müddəa müəyyən edilməmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən hazırkı müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edilib və tənzimlənir. Tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilədən irəli gələn və tərəflər arasında müzakirə yolu ilə həll oluna bilməyən mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanları tərəfindən həll olunur. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Göründüyü kimi, «xxxx» MMC-nin iddia tələbi mübahisəlidir. Buna görə də, Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən xx.xx.2019-cu il tarixdə 2732 saylı icra qeydinin verilməsi əsassız olmuşdur. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında bildirdi ki, icra qeydi qanunamüvafiq qaydada tərtib edilmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 22 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 22 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qanunun tələbindən göründüyü kimi, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Lakin, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZF-SL/2018/22 saylı müqaviləyə istinad edilməklə, üçüncü şəxs («xxxx» MMC) tərəfindən iddiaçıya (İddiaçı MMC) ünvanlanmış xx.xx.2019-cu il tarixli 353 saylı pretenziya məktubundan, həmçinin xx.xx.2018-ci il tarixli AZF-SL/2018/22 saylı müqavilədən, xx.xx.2016-cı il tarixli AZF-SB- LLE/xx-xx-2016 saylı abunə müqaviləsindən, iddia ərizəsinin məzmununda qeyd olunanlardan görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 22 saylı notariat ofisi tərəfindən verilmiş icra qeydində göstərilən 35.490 manat 59 qəpik borc mübahisəlidir. Göründüyü kimi, icra qeydi mübahisəli borc üzrə verilməklə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə riayət olunmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, tərəflər müqaviləyə əsasən aralarında yaranacaq mübahisələri öz aralarında danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisənin həll edilməsi üçün müvafiq instansiya məhkəməsinə müraciət edəcəklərini razılaşdırmışlar. Üçüncü şəxs pretenziya qaydasında həllə bağlı qanun normasına riayət etməklə, iddiaçıya pretenziya ünvanlasa da (pretenziyanın iddiaçıya rəsmi şəkildə təqdim edilibedilməməsi məsələsinə hazırda hüquqi qiymət verilmir), iddia ərizəsi ilə müvafiq instansiya məhkəməsinə deyil, icra qeydinin verilməsi ilə bağlı Notariat ofisinə müraciət etmişdir. İddiaçı məhz bu səbəbdən məhkəməyə müraciət edərək, icra qeydini mübahisələndirmişdir və göründüyü kimi, iddia tələbi əsaslıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2732 saylı icra qeydi ləğv edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2732 saylı icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-231/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-231/2021
03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver