Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-232/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ərazidə tikilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi, 1C ünvanında yerləşən qeyri-yaşayış binası (3 saylı kafe çayxana) xüsusi mülkiyyət kimi ona məxsusdur. Həmin daşınmaz əmlaka dair xx.xx.2019-cu il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adıma RX seriyalı ******* nömrəli çıxarış almışdır. Cavabdeh tərəfindən qanunsuz olaraq ona məxsus olan qeyri-yaşayış sahəsində bəzi tikinti işləri aparılmağa başlanılmışdır. Dəfələrlə cavabdeh təşkilata və onun səlahiyyətli nümayəndələrinə həmin qanunsuz tikililərin sökülməsi ilə bağlı müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Əksinə cavabdeh təşkilat bizi günahkar hesab etmiş, belə ki, guya onlara məxsus ərazini qanunsuz olaraq zəbt etmişlər. Hətta bununla bağlı oğlu polis əməkdaşları tərəfindən aparılmış, lakin sənədlər təqdim edildikdən sonra həmin ərazinin onlara aid olması müəyyən edilmiş, bundan sonra oğlu buraxılmışdır. O, mülkiyyətçi olaraq cavabdeh təşlikatın səlahiyyətli nümayəndələrindən bu hərəkətlərinə son qoymağı tələb etsə də, cavabdeh buna heç bir əhəmiyyət verməyərək bu gün də ona məxsus oldan ərazidə tikintini inşa etməkdə davam edir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “xxxx” QSC-nin balansında olan və hazırda metropolitenin Təlim-Tədris Mərkəzinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Azadlıq prospekti 42 ünvanında yerləşən inzibati bina və “xxxx” QSC-nin balansında olan Azadlıq prospekti 22 (Mirəli Qaşqay küçəsi 1) ünvanda yerləşən Azərbaycan Respublikası Baş X1 dair İstintaq İdarəsinin inzibati binası arasında faktiki olaraq dəftərxana ləvazimatlarının satışı mağazası fəaliyyət göstərir. Mağazanın arxa hissəsində Təlim-Tədris Mərkəzi ilə İstintaq İdarəsi arasında olan “xxxx” QSC-yə məxsus təxminən 200 kv.m boş torpaq sahəsinin bir hissəsində iddiaçı heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədən, yanğın təhlükəsizliyi haqqında qaydalarının, həmçinin tikinti norma və qaydalarının tələblərini kobud pozmaqla qanunsuz olaraq Təlim-tədris Mərkəzinin binasından təxminən 3 metr məsafə saxlamaqla tikinti işləri aparmışdır. Sonradan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən həmin qanunsuz tikililər sökülmüşdür. İddiaçı həmin torpaq sahəsinin onun mülkiyyəti olduğunu iddia edir. Lakin çıxarışda deyilir ki, mülkiyyət növü dövlətə məxsusdur. İddiaçının dediyi texniki pasport texniki göstəricidir, mülkiyyət hüququnu təsdiq edən sənəd deyil. Metropolitenin Təlim-Tədris Mərkəzinin yerləşdiyi inzibati bina tarixi abidədir. Onlar həmin qeyd olunan torpaq sahəsini abadlaşdırmaq, orada ağaclar əkmək istəyirlər. Bununla bağlı torpağın mülkiyyətçisinə - “xxxx” QSC-yə müraciət etmiş və Cəmiyyətin sədri Cavid Qurbanov xx xxxxxx 2020-ci il tarixli məktubla onlara məxsus ərazidə heç bir konstruktiv və əsaslı tikinti işləri aparılmadan yaşıllaşdırma-abadlıq tədbirlərinin görülməsinə etiraz etmədiklərini bildirmişdir. İddiaçının mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd yoxdur. Sadəcə tikilinin altındakı hissə və bir balaca torpaq sahəsi istifadəsinə verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi, 1C ünvanında yerləşən qeyri-yaşayış binası (3 saylı kafe çayxana) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 1018 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” QSC tərəfindən “xxxx” QSC-yə ünvanlanan xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanında yerləşən “xxxx” QSC-yə məxsus ərazidə heç bir konstruktiv və əsaslı tikinti işləri aparılmadan yaşıllaşdırma-abadlıq tədbirlərinin görülməsinə etiraz edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/794 №-li rəyindən görünür ki, mübahisə predmeti olan pilləkənin yerləşdiyi torpaq sahəsi, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən kənarda yerləşməklə, dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66-cı maddənin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi, 1C ünvanında yerləşən qeyri-yaşayış binası (3 saylı kafe çayxana) tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Eyni zamanda 222,7 kv.metr torpaq sahəsi iddiaçının istifadəsindədir. Hazırda iddiaçı onun istifadəsində olan torpaq sahəsində cavabdeh "xxxx" QSC tərəfindən tikilmiş qanunsuz tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi tikili onun istifadəsində olan torpaq sahəsindən kənarda yerləşməklə, dövlət mülkiyyətinə aid olan torpaq sahəsində yerləşir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-232/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-232/2021
28.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver