Məhkəmə qərarları › İş №2(006)-2344/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2344/2020

21.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2344/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "borcun silinməsi və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı qanunsuz və əsassız olaraq hesablanmış 1018.66 manat pulun 689.24 manatının silinməsi və ödədiyi puldan tutulmuş 352.00 manat pulun gələcəkdə istifadə edəcəyi elektrik enerjisinə hesablanması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, uzun müddətdir ki, Abşeron rayonu, Hökmalı qəsəbəsi, Koroğlu küçəsi döngə 1-də yerləşən özünə məxsus evdə ailə üzvləri ilə yaşayır. “xxxx” ASC ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən küçədə sayğac quraşdırılmış və adına **********02071 №-li abonent kodu açılmaqla yaşadığı evə elektrik enerjisinin verilməsi təmin olunmuşdur. Həmin vaxtdan o, evində işlətdiyi elektrik enerjisinin pulunu mütəmadi olaraq ödəmişdir. “xxxx” ASC yaranandan sonra xx.xx.2017-ci ildə yaşadığı evə **********2 nömrəli SMART “PAUD-MP 106” tipli elektron sayğac quraşdırılmışdır. Fərdi yaşayış evinə elektron tipli sayğac quraşdırılandan sonra da o, mütamadi olaraq kart vasitəsi ilə sayğaca pul yükləyib, elektrik enerjisindən istifadə etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, guya onun “xxxx” ASC-nin fəaliyyəti dövründən, yəni xx.xx.2015-ci ilə qədər elektrik enerjisindən istifadəyə görə 1018.66 manat borcu yaranmış, “xxxx” ASC-nin fəaliyyəti dövründə kart vasitəsi ilə sayğaca yüklədiyi pulun 50%- i, ümumilikdə 352.00 manat borca görə pul tutulmuşdur. Eyni zamanda məlum olmuşdur ki, guya hazırda onun elektrik enerjisinə görə 698 manat borcu qalmışdır. Ona hesablanmış borc əsassız və qanunsuzdur. Belə ki, o, işlətdiyi elektrik enerjisinin dəyərini mütəmadi olaraq ödəmiş və heç bir vaxt borcu olmamışdır. Ona qarşı edilmiş qanunsuzluğun aradan qaldırılması üçün 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeçiliyində olan X2 Agentliyinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeçiliyində olan Enerji Məsələlərinin X1 filialının rəisi Ceyhun Nağızadənin imzaladığı xx xxxxxx 2020-ci il tarixli, AERA-19-08/20 saylı məktubla ona cavab verilmişdir ki, “Sizin Azərbaycan Respublikası Energetika Nazirliyinə Abşeron rayonu, Hökmalı qəsəbəsi, Koroğlu küçəsi, döngə 1 ünvanda yaşadığınız fərdi yaşayış evinizə elektrik enerjisi ilə bağlı yaranmış 980.00 manat borcun araşdırılması haqqında daxil olmuş müraciətinizə Sumqayıt filialında aidiyyəti üzrə baxılmışdır (abonent kodu **********02071). Araşdırma zamanı Sizin hesab dövriyyənizdə 689.24 manat borcun olduğu və bu borcun “xxxx” ASCnin fəaliyyəti dövründə yarandığı müəyyən edilmişdir. Sizə məxsus fərdi yaşayış evinizdə “xxxx” ASC-nin fəaliyyətə başladığı dövrə qədər yəni, xx.xx.2015-ci il tarixə kimi hesab dövriyyənizdə 1018.66 manat borcunuz olmuşdur. Bundan sonra fərdi yaşayış evinizə “xxxx” ASC tərəfindən xx.xx.2017-ci il tarixdə **********2 nömrəli SMART “PAUD-MP 106” tipli elektron sayğac quraşdırılmışdır. Fərdi yaşayış evinizə elektron tipli yeni sayğac quraşdırıldıqdan sonra 698 manat əvvəlcədən ödəniş edilmiş və ödədiyiniz məbləğin 50 % yəni, 352 manatı “xxxx” ASC-nin fəaliyyəti dövründə yaranmış borca görə silinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Sizin fərdi yaşayış evinizə ’’xxxx” ASC dövründə elektrik enerjisinə görə yaranmış 689.24 manat borcu araşdırıb müvafiq tədbirlər görülməsi və əvvəlcədən ödəniş zamanı yaranan borca görə silinmiş 352.00 manat məbləğin mövcud qaydalara uyğun yeni hesablaşma dövründə nəzərə alınması üçün aidiyyəti üzrə göstəriş verilməsi haqqında “xxxx” ASC-yə AERA-19-07/20 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla müraciət edilmişdir. Əgər məsələ öz həllini tapmazsa bu barədə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur.” Agentliyin məktubundan da görünür ki, elektrik enerjisinə görə ona qarşı hesablanmış borc qanuna zidd və əsassızdır. Agentlikdən ona verilmiş yuxarıda qeyd etdiyi məktubda göstərilən faktlar da ona qəribə gəlir. Belə ki, daima bu cür işlərlə məşğul olan və bu işlərə cavabdehlik daşıyan Agentliyin əməkdaşları istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisindən istifadə Qaydaları"nın və eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərindən xəbərləri yoxdur. Əgər həmin Agentliyin əməkdaşları bu tələbləri bilsəydilər, onda “xxxx” ASC-yə bu məsələyə yenidən baxılması tələbi yox, borcun dərhal silinməsi tələbini qoyardılar. Bütün bunlara baxmayaraq “xxxx” ASC mənə qarşı qanunsuz və əsassız hesablanmış borcun silinməsini təmin etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izaahtında bildirdi iki, iddiaçı 1081 manat borcun 377 manatını ödəyərək borcun etirafı ilə bağlı addım atmışdır. Hazırda 698,24 manat borcu qalmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ramin Cahangirov oğlunun adına olan cavabdeh təşkilat tərəfindən verilmiş **********02071 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, abonentə 1018,66 manat ETAİS-dən gələn borc (əvvəlki enerji təchizatı müəssisəsinin fəaliyyəti dövründə yaranmış borc) hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialı tərəfindən İddiaçı ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, AERA-19- 08/20 saylı məktubdan görünür ki, onun Azərbaycan Respublikası Energetika Nazirliyinə Abşeron rayonu, Hökmalı qəsəbəsi, Koroğlu küçəsi, döngə 1 ünvanda yaşadığı fərdi yaşayış evinizə elektrik enerjisi ilə bağlı yaranmış 980.00 manat borcun araşdırılması haqqında daxil olmuş müraciətinə Sumqayıt filialında aidiyyəti üzrə baxılmışdır (abonent kodu **********02071). Araşdırma zamanı onun hesab dövriyyəsində 689.24 manat borcun olduğu və bu borcun “xxxx” ASC-nin fəaliyyəti dövründə yarandığı müəyyən edilmişdir. Ona məxsus fərdi yaşayış evində “xxxx” ASC-nin fəaliyyətə başladığı dövrə qədər yəni, xx.xx.2015-ci il tarixə kimi hesab dövriyyənizdə 1018.66 manat borc olmuşdur. Bundan sonra fərdi yaşayış evinə “xxxx” ASC tərəfindən xx.xx.2017-ci il tarixdə **********2 nömrəli SMART “PAUD-MP 106” tipli elektron sayğac quraşdırılmışdır. Fərdi yaşayış evinizə elektron tipli yeni sayğac quraşdırıldıqdan sonra 698 manat əvvəlcədən ödəniş edilmiş və ödədiyi məbləğin 50 % yəni, 352 manatı “xxxx” ASC-nin fəaliyyəti dövründə yaranmış borca görə silinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq onun fərdi yaşayış evinə “xxxx” ASC dövründə elektrik enerjisinə görə yaranmış 689.24 manat borcu araşdırıb müvafiq tədbirlər görülməsi və əvvəlcədən ödəniş zamanı yaranan borca görə silinmiş 352.00 manat məbləğin mövcud qaydalara uyğun yeni hesablaşma dövründə nəzərə alınması üçün aidiyyəti üzrə göstəriş verilməsi haqqında “xxxx” ASC-yə AERA-19-07/20 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla müraciət edilmişdir. Əgər məsələ öz həllini tapmazsa bu barədə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2 və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının hesabına Abşeron rayonu, Hökmalı qəsəbəsi, Koroğlu küçəsi döngə 1-də yerləşən fərdi yaşayış evi üzrə “xxxx” ASC-nin fəaliyyəti dövründə 1018,66 manat borc hesablanmış, iddiaçı tərəfindən həmin borcla bağlı müəyyən ödənişlər edildikdən sonra 689,24 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh ETAİS-dən gələn borcun (əvvəlki enerji təchizatı müəssisəsinin fəaliyyəti dövründə yaranmış borc) yaranma əsasları və hesablanma qaydası barədə sübutları məhkəməyə təqdim edə bilmədiyindən, həmin borcun ödənilməmiş qalan 689,24 manat hissəsi İddiaçı **********02071 nömrəli abunə hesabından silinməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh, ümumiyyətlə, iddiaçıya hesablanmış 1018,66 manat borcun ödənilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tələbetmə müddətini də ötürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “ödənilmiş puldan tutulmuş 352.00 manat pulun gələcəkdə istifadə edəcəyi elektrik enerjisinə hesablanması” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 689,24 (altı yüz səksən doqquz manat, iyirmi dörd qəpik) manat borc İddiaçı **********02071 nömrəli abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar