Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2395/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməklə ləğv olunması, ilk ayın ödənişi olaraq ödədiyi 71 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-nin Qəbələ filialı ilə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış «nisyə satş müqaviləsinə» əsasən ona satıcı tərəfindən 1259 manat dəyərində «Sony KD-43XG7096» seriyası S012511010Ş olan makralı televizor nisyə, dəyəri 18 ay müddətində ödənilməklə satılmışdır. Tərəf olaraq aralarında olan qarşılıqlı razılaşmaya görə satıcı tərəfindən tərtib olunmuş müqaviləyə 1 saylı əlavə əsasında 18 ay müddətinə həmin əşyanın pulunu ödəməyi öhdəsinə götürmüşdür. Satıcı isə öz növbəsində müqavilə ilə tam yararlı və saz, işlək vəziyyətdə olan malın ona təhvil verilməsini öhdəsinə almışdır. Bundan savayı satıcı ona həmin tarixdə zəmanət talonu təqdim etmişdir. Televizoru mağazadan alanda 71 manat birinci ayın ödənişini etmişdir. Malı alandan sonra cavabdeh ona yararsız mal verməsi səbəbindən istifadə edə bilməmişdir. Çünki televizoru evə aparıb istifadə edən zaman ekrana hörümçək gəlmişdir. Yəni baxılması mümkün olmamışdır. Buna görə də televizoru xx.xx.2021-ci il tarixdə zəmanət talonu əsasında aparıb mağazaya qaytarmışdır. Mağaza həmin tarixdə onun ********* nömrəli müraciətini qəbul edərək televizoru təmir adı ilə texniki servis ofisinə göndərmişdir. Buna baxmayaraq televizoru təmir olunmamış vəziyyətdə ona qəbul etdirmək istəmişlər. O, isə müştəri olaraq televizorun nasazlığına görə imtina etmişdir. Bundan savayı da televizorun istehsal ilinin köhnə olmamasını xahiş etsə də ona köhnə istehsal tarixli mal satmışlar. Bu hərəkəti ilə də cavabdeh razılaşmaqlarını pozmuşdur. Cavabdehin ona verdiyi maldan narazı (nasazlığına və müqavilə şərtlərini pozduğuna görə) qaldığı üçün də malı qəbul etmir. Cavabdeh müqaviləni pozduğuna görə hesab edir ki, müqavilə etibarsızdır və bu əsasla da ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddia tamamilə əsassızdır. İddiaçı tərəfindən televizorda həşərat olması ilə bağlı sübut təqdim edilməmişdir. Həmçinin, televizorda heç bir qüsur aşkarlanmayıb. Bu barədə tərtib edilmiş akt məhkəməyə təqdim edilmişdir. Əgər həşərat olması müəyyən edilsə idi belə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin məişət zəmanəti talonunun 5-ci bəndinə əsasən elektrik şəbəkənin uyğun olmayan gərginliyi və ya artıq yüklənməsi, daxilinə kənar əşya, maddə, maye, korroziya, canlıların, həşəratların düşməsi təsirindən və ya istiliyə davamiyyəti olmayan hissələrinə temperaturun yüksək (aşağı) və ya kənar, qarşısı alınmaz qüvvələrin, bədbəxt hadisələrin təsiri nəticəsində qüsurlar zamanı təmir yalnız alıcının öz hesabına həyata keçirilməli olacaqdı və bu səbəbdən müqavilənin ləğv edilməsi əsassız olardı. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış «Müddətli (nisyə) alqı-satqısına dair müqavilə» və müqaviləyə 1 saylı əlavəyə əsasən satıcı-cavabdeh “Sony KD-43XG7096” markalı televizoru iddiaçı-alıcının mülkiyyətinə verməyi, sonuncu isə həmin televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 70 manat olmaqla, cəmi 1.259 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli “Məişət zəmanət talonu”ndan görünür ki, qiyməti 1.149,99 manat olan “SONY” markalı KD-43XG7096 model televizora 12 ay müddətinə zəmanət verilmişdir. xx.xx.2021-ci il tarixli, **********5 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 70 manat ödəmiş və qalıq borcu 1.189 manat qalmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli, ********* saylı müştəri müraciətinin surətindən görünür ki, o, televizorun vəziyyəti barədə "xxxx" MMC-yə məlumat vermiş, televizordaki iddia etdiyi qüsur “ekranında hörümçək var” kimi təsvir edilmişdir. “MTE X4 Mərkəzi”-nin təmirçisi Ağakərim Şıxəliyev və qəbuledici Atakişiyeva İranə tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri xx.xx.2022-ci il tarixli Baxış Aktından görünür ki, S012511010 seriyalı, modeli KD-43XG7096 olan TV-yə baxış keçirilən zamanı ekranın daxilində və ya lövhələri arasında həşərat və yaxud ona bənzər hər hansı bir kənar əşya müşahidə olunmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Hazırda iddiaçı televizordakı qüsurun istehsal qüsuru olmasını iddia edərək xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, ilkin ödəniş kimi ödədiyi 71 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq ona ödənilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci, 581.2-ci maddələrinə əsasən satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Bu Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Mülki Məcəllənin 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırki iş üzrə iddiaçının istinad etdiyi maddənin dispozisiya şərtləri alqı-satqı predmetinin qüsurlu olması, qüsurun alıcıya verilməzdən əvvəl və ya verilən zaman artıq mövcud olmasından ibarətdir. Yuxarıda sadalanan qanunvericilik normalarından da görünür ki, alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya müqavilə şərtlərinə, o cümlədən əşyanın keyfiyyətinə dair şərtlərə, bu barədə mövcud olan məcburi tələblərə uyğun əşya verməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmamasının yoxlanılmasına başlanmamışdan əvvəl mübahisə predmeti olan əşyanın qüsurlu olması halı müəyyən edilməlidir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı televizorun daxilində (ekranında) hörümçək olduğuna istinad etmiş, qeyd etdiyi halları sübut etmək üçün məhkəməyə müvafiq fotoşəkilləri təqdim etmişdir. Lakin məhkəmə tərəfindən tədqiq edilmiş şəkillərdən həşəratın nəyin içində (üstündə) olduğunu, həmin əşyanın televizor olub- olmadığını, televizorsa bu televizorun kimə məxsus olduğunu və əşyanı fərdiləşdirən digər əlamətlərini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “MTE X4 Mərkəzi”nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli Baxış Aktından görünür ki, S012511010 seriyalı, modeli KD- 43XG7096 olan TV-də ekranın daxilində və ya lövhələri arasında həşərat və yaxud ona bənzər hər hansı bir kənar əşyanın müşahidə edilmədiyi müəyyən edilmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi hazırkı işdə iddiaçıya cavabdeh tərəfindən qüsurlu əşyanın satılması nəticəsində zərər dəyməsi halı müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona real zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı həmçinin ona satılacaq televizorun istehsal ilinin köhnə olmaması barədə qarşı tərəflə razılaşdığına istinad etsə də, bu şərtin müqaviləyə əlavə edildiyini və ya bu məsələdə tərəflərin başqa formada razılığa gəldiyini işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə iddianın “müqavilənin etibarsız hesab edilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Belə olan halda məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması və bununla da həmin əqdin etibarsız hesab edilməsi qənaətinə gəlmək üçün hər-hansı əsas yoxdur. Məhkəmə müqavilənin ləğv edilməsinə dair iddia tələbi ilə əlaqədar da eyni qənaətə gəlmişdir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin şərtlərinin ləğv edilməsi üç halda mümkündür. Bunlardan, birincisi, Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin bu cür razılaşması yoxdur. İkinci hal, Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Bu maddəyə görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. İş materiallarından göründüyü kimi, hazırki işdə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia "müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi” hissəsində rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi və s." tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2395/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2395/2022
12.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver