Məhkəmə qərarları › İş №2(006)-2399/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2399/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2399/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 14.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 3M-2176 № ilə qeydiyyatdan keçmiş və təsdiqlənmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən kimi iddiaçı borc alan Cavabdeh1 11.000 manat pul borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan Cavabdeh1 iddiaçıdan müqavilə üzrə almış olduğu 11.000 manat pul məbləğini 04.12.2019-cu il tarixə qaytarmağı barədə müqavilə üzrə öhdəlik götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklər onun yarandığı yer üzrə icra edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda cavabdeh iddiaçıdan müqavilə üzrə almış olduğu 11.000 manat pul məbləğini qaytarmamış və onu müəyyən vədlərlə aldatmaqda davam edir. Hl-hazırda Cavabdeh1 iddiaçının etibarından istifadə edərək ona Abşeron rayonu ərazisində fərdi ev tikmək məqsədilə 10.09.2019-cu il tarixdə iddiaçıdan 4000 manat pul məbləğialaraq öz imzası ilə təsdiq etmiş və imzasının qarşısında podratçı Cavabdeh1 yazaraq ödəniş etmiş ştamp ilə ödənilib kimi qəbz yazaraq iddiaçıya vermişdir. Bundan əlavə olaraq Cavabdeh1 vəzi üzrə fərdi yaşayış evi üçün iddiaçıya 15.01.2020-ci il tarixli, seriya GİF № 989615 saylı kassa mədaxil orderini qəbzini vermiş və həmin qəbz üzrə əlavə 1000 manat pul məbləği ödətdirmişdir. İddiaçıya ödənilməsi nəzərdə tutulan fərdi evin tez tikilməsi üçün əlavə olaraq şahidlərinin yanında iddiaçıdan iki dəfəyə 500 manat olmaqla 1000 manat pul ilə olaraq almışdır. Hesab edir ki, onun əməlində qanuna müvafiq qaydada cinayət tərkibi məhkəmə qaydasında aşkar edilsə ərazi üzrə hüquq mühafizə orqanlarına əmələ hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmalıdır. Hal-hazırda iddiaçı ailəsi ilə birlikdə kirayədə yaşayır, illərlə yığdığı pulları Cavabdeh1 2-3 ay ərzində əlindən alaraq ailəsini ağır duruma salmış və iddiaçıya, onun ailəsinə maddi və mənəvi ziyan vurmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, Cavabdeh1 04.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11000 manat, 10.09.2019-cu il tarixli qəbz üzrə «mən İddiaçı 4000 manat pul aldım» 4000 manat, 15.01.2020-ci il tarixli, seriya GİF № 989615 saylı kassa mədaxil orderi ilə iddiaçı tərəfindən qəbzi üzrə ödənilmiş əlavə 1000 manat pul məbləğini və əlavə olaraq tikinti işlərini tezləşdirmək məqsədilə şahidlərinin yanında almış olduğu 1000 manat pul məbləğini, cəmi 17000 manat maddi ziyan, 3000 manat mənəvi ziyan olmaqla ümumi olaraq 20000 manat Cavabdeh1 tutularaq (alınaraq) İddiaçı ödənilməsi, cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 14.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3M-2176 № ilə qeydiyyatdan keçmiş və təsdiqlənmiş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 qanunla müəyyənləşdirilmiş qaydada bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı və 185.5ci maddələrinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı (“borc verən”) Cavabdeh1 (“borc alan”) 11.000 (on bir min) manat məbləğində pul borc vermiş, borc alan krediti 04.12.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan podratçı Cavabdeh1 tərəfindən imzalanmış 10.09.2019-cu il tarixli qəbzindən görünür ki, İddiaçı ev tikintisi üçün 4000 manat ödəniş etmişdir. İş materiallarında olan 15.01.2020-ci il tarixli GİF seriyalı 989615 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Abuşova X1 Azər Alış oğluna mənzil tikintisi üçün 1000 manat pul ödəniş etmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən 2019-cu il tarixdə iddiaçı cavabdehə 11.000 manat məbləğində borc pul vermiş və cavabdeh həmin pul məbləğini 04.12.2019cu il tarixədək iddiaçıya qaytarmağı öz üzərinə öhdəlik götürmuşdur. Bundan başqa, iddiaçı cavabdehə ev tikintisi üçün 10.09.2019-cu il tarixdə 4000 manat, 15.01.2020-ci il tarixdə 1000 manat məbləğində pul vermişdir. İddiaçı tikinti işlərinin tezləşdirmək məqsədilə cavabdehə şahidlərin yanında əlavə olaraq 1000 manat pul vermişdir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmiş və pulu iddiaçıya qaytarmamışdır. Hazırda iddiaçı vurulmuş maddi və mənəvi zərərin əvəzini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 399.4-cü bəndinə əsasən isə Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh bir-biri ilə tapşırıq müqaviləsi münasibətində olmuşlar. Mülki Məcəllənin 777.1-ci və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Göründüyü kimi, tapşırıq müqaviləsində vəkalət alan, konkret müddətə bağlı olmadan və nəticə əldə edilməməsi riskini daşımadan vəkalət verənin mənfəətinə və iradəsinə uyğun bir nəticəyə yönələn iş görməyi öhdəsinə götürür. Bu razılaşma ilə vəkalət alanın vəkalət verən qarşısında maddi və ya hüquqi hərkətlərə dair iş görmə borcu yaranır. Bununla belə, vəkalət alanın işi görülən şəxs qarşısında mənfəətinin olması və çəkdiyi xərclərin əvəzini tələb etməsi istisna edilmir (Mülki Məcəllə, maddə 783.1, 783.2.). Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehə 11000 manat məbləğində pul vəsaitini borc vermişdir. Bundan sonra iddiaçı cavabdehə evin tikintisi üçün 4000 manat və 1000 manat məbləğində pul vəsaiti vermişdir. Lakin cavabdeh onun üzərinə düşən öhdəliyi yerinə yetirməyərək pulu iddiaçıya qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 14.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.000 manat, 10.09.2019-cu il tarixli qəbz üzrə 4.000 manat və 15.01.2020-ci il kassa mədaxil orderinin qəbzi üzrə 1.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin tikinti işlərinin tezləşdirmək üçün 1000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, cavabdehə 1000 manat məbləğində pul verməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə tələb əsassız hesab edilməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 3000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Həmçinin məhkəmə iddia ərizəsində tələb kimi qoyulan kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi müddətli bağlandığından və həmin müddət 04.12.2019-cu il tarixdə bitdiyindən, müddətin keçməsi ilə əlaqədar müqavilə zatən avtomatik ləğv edilmiş, geriyə tərəflərin müqavilə üzrə üzərilərinə götürüdükləri öhdəliklər qalmışdır. Odur ki, kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbi qanunsuz olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 04.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.000 (on bir min) manat, 10.09.2019-cu il tarixli qəbzi üzrə 4.000 (dörd min) manat, 15.01.2020-ci il tarixli GİF seriyalı 989615 nömrəli kassa mədaxil orderinin qəbzi üzrə 1.000 (bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 04.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.000 (on bir min) manat, 10.09.2019-cu il tarixli qəbzi üzrə 4.000 (dörd min) manat, 15.01.2020-ci il tarixli GİF seriyalı 989615 nömrəli kassa mədaxil orderinin qəbzi üzrə 1.000 (bir min) manat, ümumilikdə 16.000 ( on altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar