Məhkəmə qərarları › İş №2(006)-2411/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2411/2020

02.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2411/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 2018-ci ilin yanvar ayında “xxxxxxxxxxxxx” (hazırkı adı xxxxxx) Şirkətinin direktoru Cavabdeh1 arasındakı razılaşmaya əsasən iddiaçı onun rəhbərlik etdiyi “xxxxxxxxxxxxx” şirkətindən malları alıb Bərdə və Bərdə ətrafı rayonlarda satışı üçün ticarət obyektlərinə paylamalı və ümumi satışdan əldə edilən vəsaitin 10 faizi nağd bonus kimi, əlavə olaraq 5 faiz bonusun əvəzində isə satış üçün gələn mallardan verilməli idi. Bərdə və Bərdə ətrafı rayonlara malların satışı yalnız iddiaçının vasitəsilə həyata keçirilməli idi. Tərəflər arasında olan razılaşmanı pərdələmək məqsədilə Cavabdeh1 tərəfindən iddiaçıya aralarında formal olaraq kredit müqaviləsi bağlanması təklif edildi və bildirildi ki, narahat olmasın, bu müqavilə formal xarakter daşıyır. Bundan sonra xx xxxxxx 2018-ci ildə Cavabdeh1 təklifi ilə digər əqdi pərdələmək məqsədilə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərində qeyd edilmişdir ki, iddiaçıya guya Cavabdeh1 100.000 (bir yüz min) manat borc alır və həmin borcun təminatı olaraq da X7 və X3 arasında ipoteka müqavilələri bağlanmışdır. Əslində isə İddiaçı Cavabdeh1 100.000 manat borc almamışdır. Bu müqavilənin məqsədi əslində “xxxxxxxxxxxxx”, sonradan adı dəyişmiş “xxxxxx” Şirkətindən satış məqsədilə alacağı malların ödənişinin təminatı olaraq bağlanmışdır, yəni digər əqdi pərdələmək məqsədilə. İddiaçı Cavabdeh1 rəhbərlik etdiyi şirkətlə əməkdaşlığa başladılar və bir müddət əməkdaşlıqları davam etdi. Lakin sonradan tərəflər arasındakı sövdələşmə Cavabdeh1 tərəfindən pozularaq Bərdə və Bərdə ətrafı rayonlara malların satışı iddiaçıdan başqa şəxslərə də həvalə edildi. Buna görə də iddiaçı ilə “xxxxxx” şirkəti arasındakı satış dövriyyəsi aşağı düşdü. Daha sonra keyfiyyətsiz mallar vuruldu və hətta dəfələrlə göndərilmiş mallar keyfiyyəti aşağı olduğu üçün qarşılıqlı razılığa əsasən geri qaytarmalar da olmuşdur. xxxxxx şirkəti ilə əməkdaşlıqları müddətində fəaliyyətləri qarşılıqlı inama və etimada əsasən davam etmişdir. Bundan sonra işlər zəiflədiyi üçün dəfələrlə qalan malların və ticarət obyektlərinə verilmiş lakin pulu ödənilməmiş satış nöqtələri ilə təhvil-təslim aparılması üçün dəvət olunsa da, bu günədək münasibət bildirilməyib. Lakin, bir neçə gün əvvəl xxxxxx Şirkəti tərəfindən iddiaçının barəsində Bərdə rayon Polis Şöbəsinə şikayət edilsə də, aralarındakı mal dövriyyəsinin təminatı olaraq xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə istinad edilməmişdir. Əslində isə həmin müqavilə xxxxxx şirkətindən iddiaçıya göndərilən malların satışı ilə əlaqədar Cavabdeh1 ilə aralarındakı razılaşmanı pərdələmək məqsədilə bağlanmış əqddir. İddiaçı Bərdə rayon Polis Şöbəsinə verilmiş onun barəsində şikayət ərizəsində aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə istinad etmədiyini görəndə Cavabdeh1 tərəfindən aldadıldığını anlayıb məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin və X9 verdi qızı və X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı 100.000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2020-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ipoteka saxlayan Cavabdeh1, ipoteka qoyan X3 və borc alan İddiaçı arasında bağlanmış, Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu M.Ə.Həsənzadə tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 3M-24/xx.xx.2018 saylı ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan Bərdə rayonu, Lək kəndində, 0,12 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 34,5 kv.m, yaşayış sahəsi 16,3 kv.m, yardımçı sahəsi 18,2 kv.m olan 1 otaqlı fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi (xx.xx.2018-ci il tarixli, 3M-24 saylı kredit müqaviləsi üzrə) öhdəliklərin təminatı kimi Cavabdeh1 ipoteka kimi təqdim edilmişdir. İş materiallarında olan ipoteka saxlayan Cavabdeh1, ipoteka qoyan X7 və borc alan İddiaçı arasında bağlanmış, Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu M.Ə.Həsənzadə tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 3M-24/xx.xx.2018 saylı ipoteka müqaviləsinə əsasən X4 mülkiyyətində olan Bərdə rayonu, Lək kəndində, 0,08 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m, yaşayış sahəsi 50,2 kv.m, yardımçı sahəsi 29,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi(xx.xx.2018-ci il tarixli, 3M-24 saylı kredit müqaviləsi üzrə) öhdəliklərin təminatı kimi Cavabdeh1 ipoteka kimi təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. Hazırda iddiaçı kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı kredit və ipoteka müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının Cavabdeh1 ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, Cavabdeh1 tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə təmin edilməməlidir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar