Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2414/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib olunmuş sənədlərə əsasən yazılmış 1.613 manat əlavə sərfiyyatın (cərimənin) əsassız (qeyri-qanuni) hesab edilərək ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi işıq idarəsinin sahə rəisi Əli müəllim ona zəng edərək, abunə kodu **********A0000 olan elektrik sayğacına cərimə aktı yazıldığını bildirmiş və "xxxx" ASC-nin nəzarət şöbəsinə yaxınlaşmasını tövsiyə etmişdir. Həmin şöbədə onu Elman adlı əməkdaşın yanına göndərmişlər. Elman müəllim ona 1.000 manat ödənilməsini təklif etmişdir. O, maddi imkanının olmadığını bildirdikdə, Elman müəllim əlindəki sənədləri vərəqləyərək səhv etdiyini, onun 1.600 manat ödəməli olduğunu demişdir. Lakin onu heç bir sənəd (akt, hesabat və s.) təqdim etmədən yola salmışdır. 01 aprel 2024-cü il tarixdə özlərinin Baş idarədən gəldiklərini bildirən iki nəfər evin elektrik xəttini şəbəkədən ayırmışlar. O, Binəqədi işıq idarəsinə gedərək tərtib olunmuş aktı ona təqdim etmələrini xahiş etmişdir. Orada əməkdaşlar şifahi olaraq bildirmişlər ki, 1.613 manat hesabat aparılmışdır. Bundan sonra, elə həmin tarixdə "xxxx" ASC-nin sədrinə ərizə yazmışdır və 1.613 manat cərimə tətbiq edilməsini təsdiq edən sənədlərin təqdim olunmasını xahiş etmişdir. Daha sonra, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 izahatında bildirmişdir ki,onların mənzilində ilin əvvəllərində 3 ay müddətində təmir işləri aparılmışdır. Adi halda mənzildə özü və əri yaşayırlar və onların o qədər çox elektrik enerjisi sərf etmələri mümkün deyildir. Həmçinin akt tərtib edilən zaman evdə olmuşlar, lakin nə qapıları döyülmüş, nə də onlara bu barədə heç bir məlumat verilməmişdir. Onlara hesablanmış cəriməni əsassız hesab edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşuluqda yaşayırlar, qonşunun evi dörd otaqlıdır, iddiaçıların evlərində ilin əvvəlində, yanvar, fevral və mart aylarında təmir işləri getmişdir, təmiri də digər qonşu etmişdir. Təmirdən sonra iddiaçıların evində olmuş və təmirdən sonra pilləkanın düzəldilməsini, divar kağızlarının dəyişməsini, divar rənginin dəyişməsini görmüşdür. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı ilə divar qonşusudur, iddiaçıların evlərində ilin əvvəlində, yanvar, fevral və mart aylarında təmir işləri getmişdir, laqonda aparatının səsini həmin aylarda eşitmişdir. Yanvar ayında anası rəhmətə getdiyindən qonşudan stol-stul almışdır və təmirin getdiyini görmüşdür. Dəqiq hansı təmirin edildiyini bilmir, lakin evin içində və fasad üzərində təmir getdiyini bilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki,iddiaçı ilə qonşudular, onların evində yanvar və fevral aylarında təmir işlərinin aparılmasını görmüşdür, evi görəndə ev tam dağınıq vəziyyətdə olmuş və əsas təmir getmişdir. Divarlar rənglənmiş, boyanmış, kağızlar dəyişilmiş, həmçinin pilləkən yenidən düzəldilmişdir. Məhkəmə iclasında cavabdehin vəsatətinə əsasən şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-də satış nəzarət idarəsində mühəndis vəzifəsində çalışır. İş yoldaşı A.Hüseynovla birlikdə 28 mart 2024-cü il tarixdə iddiaçının da yaşadığı ünvanda nəzarət yoxlama tədbirləri keçirmişlər və abonentə məxsus sayğaca baxış keçirmişlər. Onlar elektrik enerjisi uçotu və «X2 Qaydaları»na riayət olunub-olunmamasını yoxlamışlar. Baxış saat 11.35-də icra edilmişdir. Baxış zamanı müəyyən etmişlər ki, fərdi yaşayış evində kənar xətdən istifadə edilir. Kənar xətt sayğacı qidalandıran Sip xəttinin fərdi yaşayış evinin pəncərə hündürlüyü hissəsindən xəttin izolyasiyası pozulmaqla, budaqlanma yolu ilə çəkilmişdir. Axan yükü ampermaşa ilə yoxlamışlar. Akt tərtib edərək, baxış zamanı aşkar etdikləri halları və ölçmənin nəticələrini aktda qeyd etmişlər. Akt tərtib olunarkən abonentin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında şahid X10 digər şahid M.A.Əliyevin ifadəsinə oxşar məzmunlu ifadə verdi. İş materialları: "xxxx" ASC-nin əməkdaşları A.Hüseynov və M.Əliyev tərəfindən tərtib edilmiş 28 mart 2024-cü il tarixli NİM seriyalı 000612 saylı aktdan görünür ki, onlar abonent İddiaçı (**********A0000) yaşadığı ünvanda istehlak edilən elektrik enerjisinin həcminin hesabatını aparan sayğaca baxış keçirmişlər. Baxış saat 11.35-də icra olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evində kənar xətdən istifadə edilir. Kənar xətt sayğacı qidalandıran Sip xəttinin fərdi yaşayış evinin pəncərə hündürlüyü hissəsindən xəttin izolyasiyası pozulmaqla, budaqlanma yolu ilə çəkilmişdir. Axan yük ölçülmüşdür. Bu barədə akt tərtib olunmuş, akt tərtib olunarkən abonent, yaxud onun nümayəndəsi iştirak etməmişdir. "xxxx" ASC-nin akt komissiyası tərəfindən 02 aprel 2024-cü il tarixdə təsdiq olunmuş «Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahəsi üzrə və texniki sahələr üzrə tələblər» adlı sənəddən görünür ki, 28 mart 2024-cü il tarixli NİM seriyalı 000612 saylı akt əsasında abonentə 7,9 kvt x 24 saat x 0,7 x 60 gün = 7963,2 kvts (tariflər, sərf edilən enerji həcmi, hesablanma qaydası göstərilmişdir) əlavə sərfiyyat üçün 1.021 manat 19 qəpik borc hesablanmışdır. İddiaçı "xxxx" ASC-nin rəhbərliyinə ünvanladığı 15 aprel 2024-cü il tarixli ərizədən görünür ki, o, iddia ərizəsində qeyd olunan məzmuna oxşar şəkildə "xxxx" ASC-yə müraciət edərək, əlavə borc məbləğinin yazılmasına əsas verən aktın və hesabatın ona təqdim olunmasını xahiş etmişdir. Abonentə aid saldo məlumatlarından və cari borcun ödənilməsi barədə bildirişxəbərdarlıqdan görünür ki, abonentdən sayğac üzrə öncəki dövrlərdə yaranmış borcla yanaşı 28 mart 2024-cü il tarixli NİM seriyalı 000612 saylı akt əsasında hesablanmış 1.021 manat 19 qəpik borcun ödənilməsi tələb olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi abonentə (barəsində akt tərtib edilmiş şəxsə) təqdim edilməmiş, eləcə də, bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, yaxud cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Lakin iş materiallarından göründüyü kimi, sayğaca müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Belə olduğu təqdirdə isə, iddiaçıya 28 mart 2024-cü il tarixli NİM seriyalı 000612 saylı akt əsasında hesablanmış 1.021 manat 19 qəpik borc əsassızdır və hazırki şərtlər daxilində ondan tələb edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yaşayan İddiaçı adına olan **********A0000 saylı abunə koduna hesablanmış 1.021 manat 19 qəpik elektrik enerjisi borcu silinməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçıya yuxarıda qeyd edilən akta əsasən 1.613 manat deyil, 1.021 manat 19 qəpik borc hesablanmışdır. Bu səbəbdən, iddiaçıya məxsus abonent kodundan yalnız həmin borc (1.021 manat 19 qəpik) silinə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanda yaşayan İddiaçı adına olan **********A0000 saylı abunə koduna hesablanmış 1021,19 (bir min iyirmi bir manat on doqquz qəpik) manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2414/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2414/2024
22.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver