Məhkəmə qərarları › İş №2(006)-2421/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2421/2021

26.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2421/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 adına olan **********B0000 saylı abunə kodlu, **********85 işıq sayğacına qanunsuz olaraq tərtib edilmiş 06.01.2021-ci il tarixli, 021043 saylı akt etibarsız hesab olunması, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış 810 (səkkiz yüz on manat) manat cərimə silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, X7 adına olan **********B0000 saylı abunə kodlu, **********85 işıq sayğacına qanunsuz olaraq tərtib edilmiş 06.01.2021-ci il tarixli, 021043 saylı akt etibarsız hesab olunsun, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış 814,97 (səkkiz yüz on dörd manat doxsan yeddi qəpik) manat cərimə silinsin və vəkil ilə müqavilə ağlayaraq ödədiyi 150 (yüz əlli) manat pul cavabdeh “xxxx” ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi 80 saylı fərdi yaşayış evdə qeydiyyatda olmaqla bərabər ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Qeyd olunan fərdi yaşayış evi onun mərhum atası X4 1967-ci ildən texniki pasport əsasında məxsus olmuşdur. Həmin fərdi yaşayış evinin ayrıca mülkiyyət sənədi olmamışdı. Həyətdə 3 ev var. X8 ölmüş və ona 19.05.1987-ci il tarixdə 253 saylı ölüm haqqında şəhadətnamə verilmişdi. Atası öləndən həmin fərdi yaşayış evində anası qalırdı. O da yaşlı qadın olduğundan çox vaxt onunla birlikdə həmin həyətdə tikdiyi fərdi yaşayış evində qalır. Atasına məxsus evin də bütün kommunal xərcləri, xüsusilə elektrik enerjisindən istifadəyə görə yaranmış sərfiyatın pulu həmişə onun tərəfindən zaman vaxtı-vaxtında ödənilmişdir. Sonuncu dəfə 02.12.2020-ci il tarixdə 10 manat smart karta pul yüklədikdən sonra həmin kartı sayğaca taxanda sayğac kartı oxuya bilmədi. O da ödəniş qəbzini atmayaraq əraziyə baxan Ayaz adında Azərişığın işçisinin ***-***-**-** saylı mobil telefonuna zəng edərək ondan gəlib kartın işləyib işləməsini yoxlamasını xahiş eləmişdir. Ayaz da gəlib yanlarında 3 dəfə kartı sayğaca əlavə edərək işləmədiyini gördükdən sonra öz idarələrinə zəng vuraraq Suraxanı rayon İşıq İdarəsinə onların ərazinin nəzarətçisinə bu barədə məlumat verdi. Onlar Ayaza bildirdilər ki, müvəqqəti 3-4 günlük işığı birləşdirib getsin. Ayaz da onların dediyi kimi edib işığı birləşdirdi. Onlar 3 gün ərzində yeni sayğac gətirib quraşdıracaqlarını bildirdilər. Onlar bilmədilər ki, Ayaz həmin sayğacı necə işlək vəziyyətə gətirib evə elektrik enerjisinin verilişməsini bərpa etmişdir. Amma yanlarında öz idarələri ilə telefonla əlaqə saxladığının şahidi oldular. 3 gün keçməmişdi Azərişığın işçiləri özləri gəlib sayğaca baxış keçirib sayğacın xarab olduğunu görüb getdilər. Sonradan gətirib yeni sayğac qoyduqdan sonra ona bildirdilər ki, xarab sayğacı laboratoriyada yoxlayıb məlumat verəcəklər. Lakin ondan sonra heç bir məlumat verilməmişdir. Sonradan bilmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 06.01.2021-ci il tarixdə 021043 saylı akt tərtib edilmiş və həmin 06.01.2021-ci il tarixli 021043 saylı aktda qeyd edilib ki, guya yuxarıda qeyd etdiyi fərdi yaşayış evinə aid **********B0000 abunə kodlu işıq sayğacının giriş faza ovasından bir başa qoruyucu avtomata kənar xətt qoşulmuşdu, sayğacın alt örtük qapağının möhürü yerində olmamışdı. Sayğaca giriş faza xəttinin çıxışa birbaşa qoşulması aşkar edilmişdi. Yeni sayğaca müdaxilə olunmuşdu. 06.01.2021-ci il tarixli, 021043 saylı Akt tamamilə əsassızdır və qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, birincisi ona məxsus mənzilin sayğacına tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Azərişığın işçisi Ayaz adlı şəxsə məlumat verdikdən sonra tərəfindən həmin sayğaca nə yaxın getməmiş nə də hər hansı bir müdaxilə etməmişdir. Ondan bir neçə gün sonra cavabdehin işçiləri əraziyə gələrək özləri yeni sayğac quraşdırıb köhnə sayğacı isə çıxardaraq kart ilə birlikdə özləri aparmışdılar. O həmin sayğaca hər hansı bir müdaxilə olmamışdı. Yeni sayğac quraşdırdıqdan sonra 1987-ci ildən ölmüş şəxsin adına akt və cərimə yazılması gülünc bir vəziyyətdir. Azərişığın əməkdaşları 01 aydır ki, get gələ salaraq aktı ona təqdim etməmişdilər. Dava-dalaş ilə surətini fevral ayı güclə almışdır. Nə o nə də onun ailə üzvlərindən heç kimin iştirakı ilə tərtib edilməmişdir. Həmin qanunsuz akt bunları əks etdirən hər hansı bir foto və ya video görüntü andan başqa onun atası öldükdən sonra anası çox vaxt onunla qalır deyə ata evdən gedib uşaqlar silib təmizləyib havasını dəyişirlər. O evdə daimi yaşayış evindən elektrik enerji sərfiyyatı da mütəmadi sərf edilməmişdir. Əgər həmin sayğaca bir müdaxilə edilibsə də, Azərişığ öz işçilər tərəfindən edilmişdir. Buna cavabdehlik daşımamalıdır. Çünki sayğac mənzilində deyil, mənzilindən çöldə yerləşir. Hər kəs üçün nəzərdə tutulan ümumi istifadədə olan yerdə quraşdırılmışdır. Ona pislik etmək niyyəti olan və ya pislik etmək istəyən istənilən şəxs sayğacına rahat şəkildə müdaxilə edə bilər. Bundan əlavə, cavabdeh təşkilatın işçiləri tərəfindən hər ay onun yaşadığı ünvandakı elektrik sayğacı yoxlanılmış və orada heç bir qüsur aşkar edilməmişdir. Beləliklə, bütün bunlara görə, yəni etmədiyi bir əmələ görə nə o, nə də mərhum atası məsuliyyət absurd və gülüncdür. Digər tərəfdən cavabdeh tərəfindən 06.01.2021-ci il tarixli, 021043 saylı Akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdi. Belə ki, həmin aktda göstərildiyi kimi aktı "xxxx" ASC-nin əməkdaşları tərtib edərək imzalamışlar. Halbuki, qanunvericiliyin tələblərinə görə akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Aktdan göründüyü kimi onu 1 nəfər, hətta 1 nəfə belə hal şahidi imzalamamışdır. Bundan başqa həmin akt ümumiyyətlə ondan xəbərsiz, iştirakı təmin edilmədən tərtib olunmuşdur ki, bir məişət abonenti kimi izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququndan da məhrum olunmuşdur. Bu hallar isə cavabdehin əməkdaşlarının ona qarşı qərəzli bir daha sübut etmiş olur. Eyni zamanda cavabdeh təşkilata aktın etibarsızlığı və borcun əsassız hesablanması ilə bağlı müraciətlər etsə də, müraciətləri cavabsız qalmış, cavabdehin nümayəndələri isə dəfələrlə gəlib onun işığını kəsəcəkləri ilə hədələmişlər. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC-nin 06 yanvar 2021ci il tarixli abunə haqqında çıxarışdan görünür ki, abunə kodu olan **********B0000 814,97 manat enerji haqqı borcu olduğu qeyd edilmişdir. “xxxx” ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi abunə kodu olan 06.01.2021-ci il tarixli, 021043 saylı akt tərtib etmişlər, pozğunluq “EEİQna uyğun olaraq elektrik uçot komplektinə baxış keçirən zaman məlum oldu ki, fərdi yaşayış evində elektrik istifadəçiləri şəbəkəyə birbaşa sayğacsız qoşuluq” kimi qeyd edilmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X7 adına olan **********B0000 saylı abunə kodlu, **********85 işıq sayğacına qanunsuz olaraq tərtib edilmiş 06.01.2021-ci il tarixli, 021043 saylı akt etibarsız hesab olunsun, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış 814,97 (səkkiz yüz on dörd manat doxsan yeddi qəpik) manat cərimə silinsin və vəkil ilə müqavilə ağlayaraq ödədiyi 150 (yüz əlli) manat pul cavabdeh “xxxx” ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Məzlum Əmirovun adına olan **********B0000 saylı abunə kodlu, **********85 işıq sayğacına qanunsuz olaraq tərtib edilmiş 06.01.2021-ci il tarixli, 021043 saylı akt etibarsız hesab olunsun, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış 814,97 (səkkiz yüz on dörd manat doxsan yeddi qəpik) manat cərimə silinsin və vəkil ilə müqavilə ağlayaraq ödədiyi 150 (yüz əlli) manat pul cavabdeh “xxxx” ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar