Məhkəmə qərarları › İş №2(006)-2422/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2422/2023

13.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2422/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akta görə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akta görə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən çıxarılmış X1 qaydalarının pozulması barədə 27 yanvar 2023-cü il tarixli 014947 saylı aktın ləğv olunması və ona məxsus ünvana hesablanmış 1.070 manat (abunə kodu **********4) məbləğində borcun hesablanmasının qanunsuz hesab edilməsi və həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 519 ünvanda yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə akt tərtib olunmuşdur. Guya yoxlama nəticəsində həmin ünvana quraşdırılmış sayğacda müdaxilə aşkar edilmişdir. Belə ki, guya müəyyən olunur ki, qeyriyaşayış sahəsinin daxilində kənar işlədici vardır. Obyektin işığının dayanmasına baxmayaraq işlədici gərginlik vardır. Halbuki, bunu tapa bilmirlər və hətta iddiaçıya göstərə bilmirlər. Yağ radiatoru həmin işlədicidən qidalanırdı. Ancaq belə bir kənar xətti müəyyən edə bilməmişlər, çünki yox idi. Sonradan iddiaçıya akt təqdim etmişlər. Həmin aktdan iddiaçının məlumatı olmamışdır. İddiaçını dəvət etməyərək özbaşlarına akt tərtib etmişlər. Əgər müdaxilə vardısa, onda iddiaçının özü də dəvət olunmalı idi. Bu qüsur iddiaçının diqqətinə çatdırılmalı idi. Lakin cavabdeh idarə buna əməl etməmişdir. Eyni zamanda aktdan göründüyü kimi hal şahidlərinin iştirakı da təmin edilməmişdir. Sayğac kənarda quraşdırılmışdır. Həmin sayğaca görə iddiaçı hər hansı məsuliyyət daşımır. Eyni zamanda akt tərtib olunarkən qanunvericiliyin də tələbləri pozulmuşdur. İddiaçı sayğaca hər hansı müdaxilə etməmişdir. Hər hansı kənar xətdən istifadə etməmişdir. Həmin sayğaca kim tərəfindən müdaxilə edilməsi, bəlkə də hər hansı bir müdaxilənin ümumiyyətlə olmaması sual altında olduğu halda cavabdehin həmin müdaxiləyə görə məsuliyyəti iddiaçının üzərinə qoyması və buna görə də əsassız borcun hesablanması qanunsuz hesab edilməlidir. İddiaçı hesab edir ki, qanunvericilik aktı normalarına əsasən, sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdeh məsuliyyət daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən olunmur. Sayğac vaxtında yoxlanılmalı idi. Bu qədər əsassız borcun iddiaçının üzərinə qoyulması əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil öncəki məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəblərdən məhkəməyə gələ bilmədiyini qeyd etmiş, iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, 963 manat borc məbləği akta əsasən hesablanmışdır. Sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, ümumi işığı söndürdükdə belə içəridəki elektrik yuvasında elektrik vardır. Həmin aşkar edilmiş faktla bağlı akt tərtib edilmişdir. Aktın tərtib edilməsində yalnız nəzarətçilər iştirak etmişdir. Bu barədə abonentə məlumat verilsə də, abonent aktın tərtib edilməsində iştirak etməmişdir. Hesab edir ki, akt qanuncericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 27 yanvar 2023-cü il tarixdə NDQ seriyalı 014947 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddia ərizəsində qeyd olunan ünvanda (ünvan 1vqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məlumatlarına əsasən iddiaçının mülkiyyətindədir) «X1 Qaydaları»na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman məlum olmuşdur ki, obyektin daxilində kənar işlədici var (rozetka), sayğac qutusu daxilində olan avtomat ayrıcısını söndürdükdə obyektin elektrik enerjisi verilişi dayandırılmasına baxmayaraq obyekt daxilində olan və tərəflərindən aşkar olan işlədicidə (rozetkada) gərginlik vardır. Həmçinin yağ radiatoru həmin kənar işlədicidən qidalanırdı. Aktda həmçinin qeyd olunmuşdur ki, müvafiq ölçü işləri aparılmışdır. Həmin akta əsasən abonentə 963,60 manat əlavə sərfiyyat hesablanmışdır (31 yanvar 2023-cü il tarixli icra vərəqəsi məlumatlarına əsasən). Hesablama aparılarkən 1 illik dövr əsas götürülmüşdür (2 kvt x 12 saat x 365 gün = 8760 kvts, tarif (0,11 man) – 8760 kvts x 0,11 = 963,60 qəpik). İş materiallarına əlavə olunmuş Sumqayıt regional «ASAN xidmət» Mərkəzində notariat ofisinin 26 iyul 2021-ci il tarixli 2066 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüş X4 hüquqi varisidir. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən məişət abonentinin iştirakı təmin edilməmiş, elektrik enerjisindən sayğacdankənar istifadə edildiyi qeyd edilərək, əsassız borc məbləği hesablanmışdır. Digər tərəfdən, sayğac iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Bu səbəbdən, iddia qismən təmin edilməli, mübahisələndirilən akt ləğv edilməli, həmin akta əsasən hesablanmış 963 manat 60 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27 yanvar 2023-cü il tarixli NDQ seriyalı 014947 saylı akt ləğv edilməli; həmin akta əsasən Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 519 (akta əsasən Abşeron rayonu Xırdalan şəhəri 01 məhəllə 28) ünvanı üzrə **********4 saylı abunə koduna hesablanmış 963 manat 60 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, akta əsasən hesablanmış məbləğ 1.070 manat deyil, 963 manat 60 qəpik təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 yanvar 2023-cü il tarixli NDQ seriyalı 014947 saylı akt ləğv edilsin. Həmin akta əsasən Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 519 (akta əsasən Abşeron rayonu Xırdalan şəhəri 01 məhəllə 28) ünvanı üzrə **********4 saylı abunə koduna hesablanmış 963 manat 60 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar