Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2422/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İlkin iddia ərizəsi üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 iştirakı ilə, İlkin iddia ərizəsi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələblərinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 52 mənzil 1 ona məxsusdur və onun mülkiyyətində olub. Hal hazırda qeyd olunan ünvanda qızı Cavabdeh2 və nəvəsi Həsən ilə birlikdə yaşayır. 2023-cü ildə onun qızı Cavabdeh2 və digər tanımadığı şəxs, özünü Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən X3 adlı şəxs, müəyyən pul müqabilində, MİDA tərəfindən inşa edilən mənzilin alınmasında köməklik göstərəcəyini vədi verməklə aldadaraq dələduzluq etmiş və ümumilikdə 211 min AZN məbləğində ziyan vuraraq pulu mənimsəmişdir. Qızı Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş və faktla bağlı X3 barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. S.Məmmədov qızının və digər şəxslərin onun barəsində şikayət etdiyini bildikdən sonra Respublika hüdudlarını tərk edərək qaçmışdır. Hal hazırda Gəncə BPİ-nin İstintaq İdarəsi tərəfindən rəsmi olaraq axtarışa verilmişdir. Adı sonradan ona məlum olan, qeyd etdiyi digər şəxslərdən biri Cavabdeh1 adlı şəxs X2 axtarışda olmasını bilib qızı Zümrüdü S.Məmmədovla güya əlbir olması ilə suclayaraq Gəncə BPİ-nə ərizə ilə müraciət etmiş və S. Məımmədova vermiş olduğu 35 min AZN pulu qızından tələb etmişdir. Qarşlığında qızı Cavabdeh2 qeyd edilən məbləğin onda olmamasını və hal hazırda özüdə ziyan çəkdiyini bildirsədə Cavabdeh1 öz “əlaqələrinin” köməyi ilə qızı 48 saatlıq şübhəli şəxs qismində həbs etdirərək Gəncə şəhər MST-də saxlanılmışdır. Həmin ərəfədə Cavabdeh1 onun yaşadığı evə gələrək ona qızının onun tərəfindən "tutdurduğunu “ bildirərək qısa zamanda S.Məmmədova verdiyi ya pullarının verilməsini və yaxud yaşadığı qeyd olunan mənzili onun adına rəsmləşdirməsini tələb etmişdir. Əks halda qızı Cavabdeh2 üzun müddətli həbsə saldıracağı ilə onu hədələmişdi. O çıxılmaz vəziyyətdə qalaraq onun dediyi ilə razılaşmalı olmuş, və qızının həbsdən azad etdirməsini ondan xahiş etmişdi. Daha sonra onunla şifahi razılığa gəlmişdi ki, qızını həbsdən azad etdirsin, yaşadığı evi onun adına keçirsin və bundan sonra hissə-hissə ona S.Məmmədova vermiş olduğu pulu ödəsin. Beləliklə İftixar onu Gəncə şəhər 6 saylı notarius ofıasinə aparmış, orada məcburiyyyət qarşısında qalaraq onunla alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləni bağlamamışdan öncə qızının həbsdən azad edilməsini xahiş etmişdi. Bir neçə saatdan sonra qızı Cavabdeh2 birbaşa MST-dən buraxılaraq notariusa gətirilmiş və orada onun övladı, həmin ünvanda qeydiyyatda olan şəxs kimi məcburiyyət qarşısında qalaraq razılıq ərizəsi yazmışdır. Notarius orda onlara bildirmişdi ki, evin dəyər qiymətini 35 min AZN qiymətlənrilib və həmin məbləğ alan şəxs tərəfindən banka ödənilməlidir. İftixar razılaşıb hardansa 35.000 AZN pul tapmış və ev alan şəxs kimi banka keçirtmişdi. Həmin məbləği o, satıcı kimi bankdan çəkdikdən sonra bankdan çıxan kimi İftixarın özünə qaytarmışdı. Bundan sonra qeyd olunan evi onun adından İftixarın adına keçmişdi. Şifahi razılıqlarına görə o hissə hissə həmin məbləği ona qaytarmalı idi və alqı satqı müqaviləsindən sonra ona ayrı- ayrı vaxtlarda hissə -hissə ümumilikdə 3000 AZN pul göndərmişdir (bu barədə qəbzləri və şahidləri vardır). Lakin bir neçə ay keçdikdən sonra İftixar ondan və qızından tələb etmişdi ki hissə-hissə ödənişə razı deyil, pulu bütöv verməlidilər yaxud evi boşaltmağı tələb etmişdi. Onun və qızının qeyd olunan ünvandan başqa yaşamağa yerləri yoxdur. Göründüyü kimi cavabdeh onun qızının ağır vəziyyətə düşməyindən istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə alqı-satqı müqaviləsi bağlamağa məcbur etmişdir. O vəkil vasitəsilə Gəncə şəhər BPİ-nə qızı Cavabdeh2 ərizəsi üzrə aparılan cinayət işi üzrə müəyyən məlumatların verilməsi barədə həmçinin onun MST-də saxlanılması barədə sorqu verilməsinə baxmayaraq bu günədək heç bir məlumat verilməmişdir. Daha sonra iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələblərinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" iddiasının rədd edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 52 saylı evin. 1 nömrəli mənzili Gəncə şəhəri 6 saylı Notariat ofisində 24 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, müqavilə şərtlərinə uyğun olaraq notariusun bankda açılmış hesabı (depozit) vasitəsilə cavabdeh İddiaçı ödəməklə almışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət çıxarışı (reyestr nömrəsi **********47-05101-093010, qeydiyyat nömrəsi **********0) verilmişdir. İlkin iddia ərizəsinin məzmunundan bəlli olur ki, hər iki cavabdeh (ana və qızı) Gəncə şəhəri 6 saylı Notariat ofisində 24 may 2023-cü il tarixdə mənzilə dair hüquqları olan şəxslər qismində (mülkiyyətçi və ailə üzvü) sərbəst şəkildə öz iradə ifadələrini bildirmiş və notarius tərəfindən izah olunmuş hüquqlarını təsdiqləyərək alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Heç bir məcburiyyət olmadan, əksinə cavabdehlərin xahişləri və razılıqları əsasında mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdehlər bir ay müddətində, mənzildən və qeydiyyatdan çıxmağı (xx.xx.2023-cü il tarixədək) öhdələrinə götürmüşdür. Lakin, cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, müxtəlif yollarla yaşayış sahəsini təhvil verməkdən boyun qaçırırlar. Halhazırda satdıqları yaşayış sahəsini boşaltmaq istəmirlər, bununla da onun üçün əlavə problemlər yaradırlar. Mülkiyyət hüququ ilə ona məxsus yaşayış sahəsinin cavabdehlər və ailə üzvlərinin ixtiyarında qalması onun mülkiyyət, mənzildən istifadə hüquqlarını məhdudlaşdırır və mənzilə dair hər hansı bir sərəncamın verilməsinə maneçilik törədir. Hansı ki, alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə, müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 1 ay müddətinə faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. Buna baxmayaraq, cavabdehlərdən mənzilin boşaldılmasını tələb etdikdə, birinci cavabdeh İddiaçı “müqavilənin etibarsız hesab edilməsi” iddiası ilə məhkəməyə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsində məhkəmə hazırlıq iclası 07 may 2024-cii il tarixə təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh tərfındən iddia ərizəsində qeyd olunan sənəd-sübutlar, həmçinin müqavilə üzrə Notariat sənədləri təqdim olunmadığı müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İlkin dinləmələr zamanı verilmiş bilgilər mübahisə üzrə qarşılıqlı iddianın verilməsini zəruri etmişdir. Bu baxımdan, ilkin iddia tələblərinə qarşı hazırki “mənzildən çıxarılma” iddiasını məhkəməyə təqdim edirəm. Hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia bir-biri ilə sıx bağlıdır və hər iki iddia mübahisəli Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 52 saylı evin, 1 nömrəli mənzilinə dair notarial qaydada aparılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin yaşayış sahəsinə (mənzilə) cavabdehlərin mənzildən çıxarılmaları barədə olduğundan, qarşılıqlı iddia icraata qəbul edilməli və hər iki iddia tələbinə birgə baxılmalıdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə İddiaçı izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinin formal bağlandığını, iddiaçı tərəfindən cavabdehə hər ay pul göndərildiyini, ümumiyyətlə tərəflər arasında bağlanmış müqavilənin təzyiq altında bağlandığını bildirərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Əsaslandırıcı hissə: Mülki işin materialları: Mülki işin materiallarında olan: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Gəncə şəhər 06 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 41.3 kv/m olan mənzil satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh1 35.000 manat məbləğə satılmışdır. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, satıcı) xx.xx.2023-cü il tarixədək mənzili boşaldıb alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Gəncə şəhər 06 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin istənilən şəkildə satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, Cavabdeh1 bildirir ki, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə qeydiyyatda olanlar barədə xəbərdardır. Onlar, İddiaçı ailə üzvü deyil və həmin şəxsin razılığı olmadan alqı-satqı müqaviləsinin bu şəkildə təsdiq edilməsini xahiş edir. Bununla bağlı gələcəkdə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində idtintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 may 2024-cü il tarixdə buraxılmışdır. Həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxs X1 barəsində istintaqdan yayındığı üçün axtarış elan edilmişdir. Mülki iş materiallarına video disk və ödəniş qəbzləri əlavə edilmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “...Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.” Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə ilkin iddia ərizəsi üzrə İddiaçı iddiası üzrə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı alqı-satqı müqaviləsini mübahisələndirərkən hesab edir ki, tərəflər arasında bağlanmış həmin müqavilə yalan əqddir. Belə ki, tərəflərin əsas niyyətləri 35.000 pulun ilkin iddia üzrə cavabdehə qaytarılmasından ibarət olmuş və həmin əqdi pərdələmək üçün tərəflər arasında bazar qiymətindən aşağı məbləğdə müqavilə bağlanmışdır. İddiaçı öz iddiasını onunla əsaslandırır ki, Cavabdeh1 öz “əlaqələrinin” köməyi ilə iddiaçının qızını 48 saatlıq şübhəli şəxs qismində həbs etdirərək Gəncə şəhər MST-də saxlatmışdır. İddiaçı çıxılmaz vəziyyətdə qalaraq Cavabdeh1 qızının həbsdən azad etdirməsini xahiş etmiş, daha sonra isə qızının həbsdən azad etdirilməsi qarşılığında yaşadığı evin onun adına keçirilməsi və bundan sonra hissə-hissə ona S.Məmmədova vermiş olduğu pulu ödənilməsi barədə ilkin iddia üzrə cavabdehlə şifahi razılığa gəldiyini bildirmişdir. Məhkəmə iddia tələbinin bu dəlilinə münasibətdə bildirir ki, İddiaçı hazırki iddiasında göstərdiyi bu halı hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması və 24 may 2024-cü il tarixdə buraxılmışdır. Həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxs X1 barəsində istintaqdan yayındığı üçün axtarış elan edilmişdir. İlkin iddia üzrə iddiaçı bu məktuba istinad edərək qeyd edir ki, Cavabdeh2 24 may 2024-cü ildə azadlığa buraxılmış və elə həmin gün də tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə ilkin iddia üzrə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh2 Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması və 24 may 2024-cü il tarixdə azadlığa buraxılmasının ilkin iddia üzrə cavabdehlə bağlılığı sübut edilmir. Belə ki, Cavabdeh2 tutulması və azadlığa buraxılması hüquq mühafizə orqanı tərəfindən həyata keçirilmişdir və bu isə ********* nömrəli cinayət işinin araşdırılması ilə əlaqəli olmuşdur. Həmin məktubda isə Cavabdeh1 adı zərərçəkmiş, şahid, şübhəli və təqsirləndirilən şəxs qismində göstərilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki Cavabdeh1 həmin iş üzrə hər-hansı əlaqəsinin olduğu sübut edilmir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı ev satıldıqdan sonra 35.000 manat pul məbləğini satıcı kimi bankdan çəkdikdən sonra bankdan çıxan kimi İftixarın özünə qaytardığını bildirsə də, bununla da bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin onu da qeyd edir ki, ilkin iddia üzrə iddiaçı cavabdehlə pulun qaytarılması barədə şifahi razılaşmaya gəldiklərini, alqı-satqı müqaviləsindən sonra cavabdehə ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 3000 AZN pul göndərdiyini bildirərək məhkəməyə qəbzlər təqdim etsə də, həmin razılaşma ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə işin müəyyən edilən halları da ondan ibarətdir ki, İddiaçı alqı-satqı müqaviləsi bağlanarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etmiş, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği almışdır. Bununla da İddiaçı bağlanmış əqdlə bağlı onun yalan əqd olmasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" ilkin iddia ərizəsi əsaslı olmadığından rədd edilməlidir. Məhkəmə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiası üzrə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə qeyd edir ki, Cavabdeh1 iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus mübahisəli mənzildən cavabdehlərin çıxarılmasından ibarədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında cavabdeh İddiaçı satın almasına, mənzilin mülkiyyət hüququ ilə artıq ona məxsus olmasına istinad etmişdir. İşin həmin iddia tələbi üzrə müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli mənzil qarşılıqlı iddia üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdeh isə hazırda da həmin mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı ilkin iddiası üzrə gəlinən nəticə yuxarıda göstərilənlər baxımından əsassız olduğu üçün, Cavabdeh1 iddiasının təmin edilməsi barədə gəlinən nəticə həm də buna görə əsaslıdır. Çünki Cavabdeh1 iddiasının təmin edilməsi məhz İddiaçı iddiasının təmin edilməməsi ilə bağlı olmuşdur. İşdən də görünür ki, Cavabdeh1 iddiasının təmin edilməsi faktiki olaraq İddiaçı iddiasının rədd edilməsinə yönəlib. Məhkəmə Cavabdeh1 iddiası üzrə onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Bu əsasdan məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri hər iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" iddiası rədd edilməli, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" iddiası rədd edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasi təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2422/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2422/2024
23.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver