Məhkəmə qərarları › İş №2(006)-2424/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2424/2023

14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2424/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X8 xx.xx.1991-ci il tarixində Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 130 saylı qərarına əsasən Bakı şəhəri Görədil Bağlar sahəsindəki 194 nömrəli kooperativin nəzdindəki 0,12 ha torpaq sahəsi olan 270 “o” saylı bağa mülkiyyət hüququnun yaranmasına səbəb olan 111 saylı orderdə mövcud olan səhvliyin texniki səhv olması səbəbindən həmin sənədin atası X7 aid olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, atası X8 xx.xx.1991-ci il tarixində Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 130 saylı qərarına əsasən Bakı şəhəri Görədil Bağlar sahəsindəki 194 nömrəli kooperativin nəzdindəki 0,12 ha torpaq sahəsi olan 270 o saylı bağa mülkiyyət hüququnun yaranmasına səbəb olan 111 saylı orderdə mövcud olan səhvliyin texniki səhv olması səbəbindən həmin sənədin atası X8 aid olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il tarixində Bakı Şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 130 saylı sərəncamına əsasən Bakı şəhəri Görədil Bağlar sahəsindəki 194 nömrəli kooperativin nəzdindəki 0.12 ha torpaq sahəsi olan 270 o saylı bağ atası X8 ayrılmışdır və bunu təsdiq edən 111 nömrəli order verilmişdir. Həmin vaxtdan bu günə qədər həmin torpaq sahəsi onların faktiki mülkiyyətində və istifadələrində olmuşdur. X11 xx.xx.2011-ci tarixində dünyasını dəyişmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri İcraiyyə komitəsinin X1 və İstirmarı birliyi tərəfindən verilmiş 111 saylı orderin göy rəngli mürəkkəbli qələmlə yazılan hissəsində mərhum valideyninin ata adında hərf səhvliyi olmuşdur. Yəni, kiril əlifbası hərfləri ilə “Cəlil" əvəzinə səhvən “Cəmil" yazılmışdır. Atasının həmin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bununla əlaqədar çıxarış alınması məqsədilə, daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etdikdə, həmin yalnışlığı olması səbəbindən həmin səhvin düzəldilməsi tövsiyə edilmişdir və sənədlərinin dövlət reyestr xidmətində qəbul edilməmişdir. Həmçinin, müvafiq orqanda onları qəbul edən dövlət məmuru, atasının ata adında olan hərf səhvliyinin düzəldilməsi üçün məhkəməyə müraciət etmələrini tövsiyə edərək, məhkəmənin bu barədə qərarı olduğu təqdirdə sənədləri qeydiyyata ala biləcəyini bildirmişdir. Atasının adında olan hərf səhvinin aradan qaldırılması məqsədilə, 2019-cu ildə o, atası X5 qanuni vərəsəsi qismində Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdi və mərhum atasının X6 X3 eyni şəxs olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Nəsimi Rayon Məhkəməsinin hakimi hörmətli Səməd Cəfərov “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.6-cı bəndini əsas gətirərək ərizəmin baxılmamış saxlanılmasına dair xx.xx.2019-cu il tarixli 2(006)-4820/2019 saylı qərardad qəbul etmişdir. Qərardadın qərara aldı hissəsinin 2-ci abzasında isə iddianın Baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmənin müvafiq qərardadına hörmətlə yanaşaraq, məhkəməyə yenidən müraciət etmək üçün zəruri sübutların əldə etməyə başladı, ilk öncə onu bildirir ki, atası vəfat etdikdən sonra qeyd olunan bağ sahəsinə olan hüquqların qanun üzrə vərəsələrə keçməsi məqsədilə 2012-ci ildə Bakı şəhəri 22 saylı notariat ofisinə müraciət etmişdilər. V485/2012 saylı vərəsəlik işi üzrə miras əmlakının bir hissəsinə daiı 2V-557 saylı xx.xx.2012-ci il tarixli şəhadətnamə verilmişdir. Qeyd etdiyi müvafiq bağ sahəsinə dair atasının mülkiyyət hüququnu təsdiq edən zəruri sənədlərin olmaması (dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış) səbəbindən vərəsəlik işi həmin hissədə yarımçıq qalmışdır. 2020-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti Başçısına müraciət edərək sərəncamdan çıxarışın verilməsini xahiş etdi. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2020-ci il tarixli B-57-112 saylı arxiv arayışı ilə Bakı Şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 130 saylı sərəncamından çıxarış əsl nüsxədə olduğu kimi (kiril əlifbası hərfləri ilə) ona təqdim edilmişdir. Müvafiq arayışda atasının ata adı bütün hüquqi sənədlərində olduğu kimi yəni, rus dilində “Джалил” - “Cəlil" olaraq yazılmışdır. xx.xx.2022-ci il tarixində Bakı Şəhəri Binəqədi rayonu Göradil bağ massivində yerləşən 270 “o" saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət Reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdi. Müvafiq qurumun 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərin bəzilərində X5 ata adı Cəmil kimi qeyd olunmuşdur. Tələb olunan sənədlərinin qanunla nəzərdə tutulmuş tələblərə uyğunlaşdırılması tövsiyə edilmişdir. Həmçinin, bildirilmişdir ki, göndərilən məktub Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. xx.xx.2023cü il tarixində Azərbaycan Respulikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamının 2.1 -ci bəndi, xx.xx.2019-cu il tarixli fərmanının 1 -ci bəndi və 26 iyun 2021-ci il tarixli № 1382 saylı Fərmanının 6-cı bəndinə uyğun olaraq, arxiv sənədləri əsasında 111 saylı orderdə müvafiq düzəlişlərin edilməsi ilə bağlı köməklik göstərilməsi məqsədilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdi. Müvafiq xidmətin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1991 -ci il tarixli 130 saylı sərəncamı ilə 194 saylı bağ tikinti kooperativi nəzdində Göradil bağ massivində 0.12 hektar torpaq sahəsi olan 270 "o" saylı bağ sahəsinin ayrılmasına dair X6 (sənəddə olduğu kimi) adına verilmiş 111 nömrəli orderin arxiv nüsxəsi mövcuddur. Bidiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinə verilməsi qərara alınmışdır. Belə ki, bağ sahələrinə dair idarənin arxivində saxlanılan sənədlərdə hər hansı düzəlişin aparılması idarənin səlahiyyətləri xaricindədir. Göründüyü kimi artıq 4-cü ildir ki, hüquqlarının həyata keçrilməsi məqsədilə dəfələrlə aidiyyatı bir neçə dövlət qurumlarına müraciət etmişdir. Qanunla nəzərdə tutulan bütün tədbirləri həyata keçirmək istəyinə baxmayaraq, vaxtı ilə keçmiş dövlət qurumu əməkdaşının etdiyi kiçik bir texniki hərf səhvi ucbatından o və atasının digər qanun üzrə vərəsələri öz konstitusion hüquqlarını həyata keçirə bilmirlər. Daşınmaz əmlak sahəsində ixtisaslaşmış iri dövlət xidmətinin bu qədər kiçik bir problemin həllində aciz qalması, bir Azərbaycan Respublikası vətəndaşı kimi onda çox böyük məyusluq və təəssüf hissi doğurur. Ərizəçi vəkil və nümayəndəsi Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin 130 saylı sərəncamına əsasən Bakı şəhəri Görədil Bağlar sahəsindəki 194 nömrəli kooperativin nəzdindəki 0.12 ha torpaq sahəsi olan 270 o saylı bağ X7 ayrılmışdır və bunu təsdiq edən 111 nömrəli order verilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 502182 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 784 nömrəli nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2020-ci il tarixli B-57-112 saylı arxiv arayışında ərizəçinin atasının ata adı “Джалил” - “Cəlil" olaraq yazılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Torpaq sahəsi sənəd üzrə 1200 kv.m faktiki 1180 kv.m təşkil edir. Həmçinin, qeyd olunan əraziyə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Bundan əlavə, təqdim edilən sənədlərin bəzilərində ata adı "Cəmil” bəzilərində isə “Cəlil'' kimi göstərilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqlar X5 adına daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək vərəsəlik şəhadətnaməsi əsasında qeydiyyat aparıla bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1991 -ci il tarixli 130 saylı sərəncamı ilə 194 saylı bağ tikinti kooperativi nəzdində Göradil bağ massivində 0.12 hektar torpaq sahəsi olan 270 "o" saylı bağ sahəsinin ayrılmasına dair X6 (sənəddə olduğu kimi) adına verilmiş 111 nömrəli orderin arxiv nüsxəsi mövcuddur. Bidiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinə verilməsi qərara alınmışdır. Belə ki, bağ sahələrinə dair idarənin arxivində saxlanılan sənədlərdə hər hansı düzəlişin aparılması idarənin səlahiyyətləri xaricindədir. İş materiallarına olan Ərizəçi X5 qanun üzrə vərəsəsi olması barədə şəhadətnamə ərizəçinin hazırkı ərizəsi ilə bağlı subyetkiv hüququnun olmasını göstərir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, mən mərhum Qasımın qardaşıyam Elçinin isə əmisiyəm. Bizim atamızın adı Cəlil olubdur. SSRnin dövründə hərf səhvliyi olmuşdur. Yəni, kiril əlifbası hərfləri ilə “Cəlil" əvəzinə səhvən “Cəmil" yazılmışdır. Məhkəmə iclasınla şahid qismində dindirilmş X2 шащид X4 ifadəsinə anoloji ifadə lazımdır. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən hüquqmüəyyənedici sənəddə ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən səhvə yol verilmiş, ərizəçinin mərhum atasının adı qeyri-düzgün yazılmışdır. Qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1991ci il tarixində Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin 130 saylı qərarına əsasən Bakı şəhəri Görədil Bağlar sahəsindəki 194 nömrəli kooperativin nəzdindəki 0,12 ha torpaq sahəsi olan 270 o saylı bağa mülkiyyət hüququnun yaranmasına səbəb olan 111 saylı orderdə X11” sözləri yanlışlıqla “X12” “kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1991-ci il tarixində Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 130 saylı qərarına əsasən Bakı şəhəri Görədil Bağlar sahəsindəki 194 nömrəli kooperativin nəzdindəki 0,12 ha torpaq sahəsi olan 270 o saylı bağa dair 111 saylı orderdə mövcud olan səhvliyin texniki səhv olması səbəbindən həmin sənədin ərizəçinin atası mərhum X8 aid olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixində Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 130 saylı qərarına əsasən Bakı şəhəri Görədil Bağlar sahəsindəki 194 nömrəli kooperativin nəzdindəki 0,12 ha torpaq sahəsi olan 270 o saylı bağa dair 111 saylı orderdə mövcud olan səhvliyin texniki səhv olması səbəbindən həmin sənədin ərizəçinin atası mərhum X8 aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar