Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-243/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmək haqqına əlavənin ödənilməsi və sair tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmək haqqına əlavənin ödənilməsi və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxdığı xx.xx.2024-cü il tarixinə kimi son bir ildə hər ay əmək haqqının 10 gün gecikdirməsi nəzərə alınmaqla hər gecikdirilən gün üçün əmək haqqının azı iki faizi məbləğində 7531 manat məbləğində ödəncin, son haqq hesabının vaxtında ödənilməməsinə gecikdirilmiş aylar üzrə son haqq hesabın hər gününə iki faizdən az olmamaq şərtilə 1573 manat məbləğində ödəncin ödənilməsi, əmək kitabçasının verilməsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməklə əmək kitabçasının vaxtında verilməməsinə görə 2139 məbləğində ödəncin verilməsi, xx.xx.2022-ci il tarixindən xx.xx.2024 cü il tarixinədək əlavə iş vaxtına görə gündəlik 4 saatdan hesablanmaqla 4170 manat məbləğin, 17 ay üçün ayrılmış 2958.24 manat premya məbləğinin və 2000 manat məbləğində mənəvi ziyanın cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi vasitəsilə "xxxx" ASC-nin Səbail RETSİ-də (SDU-nun elektrik mühəndisliyi ixtisası üzrə ali təhsil almışdır) rəsmi qaydada əmək fəaliyyətinə başlamışdır. xx.xx.2022-ci il tarixinədək Səbail RETSİ-nin İstismar Şöbəsində ilk olaraq PŞİ, daha sonra xx.xx.2022-ci il tarixinədək SƏBB üzrə elektrik montyoru, həmin tarixdən sonra isə (kompyuter və ofis proqramları, elektron dövlət portallarının idarəsi, maliyyə və hesabat biliklərinə görə) RETSİ-nin X5 Mühasibatlıq və Xidmətlər Sektorunun əhali mühəndisi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixindən etibarən ölkədəki yaşam xərclərinin və şirkətdəki iş yükünün durmadan artdığına, lakin aylıq əmək haqqında heç bir yüksəlmələrin olmadığına görə öz şəxsi ərizəsi ilə (xx.xx.2023-cü il tarixli ərizəsinin əsli itirilmiş hesab olunduğuna görə təkrarən xx.xx.2024-cü il tarixində ərizə yazmaq məcburiyyətində qaldığını qeyd etmək istəyir) işdən azad olunmağı ilə bağlı cavabdeh işəgötürənə müraciəti etmişdir. Qeyd edir ki, çalışdığı 8 il müddətində hər ay minimal olaraq 5-10 gün maaşları gecikdirilmişdi və bu gecikmələrə görə heç bir əlavə ödəniş olmayıb. Dövlət qurumunun kiçik vəzifəsinin məsuliyyət sahibi olaraq, RETSİ üzrə 43000 əhali abonentinə xidmət göstərən ştat üzrə tək mühəndis olaraq, hər zaman abonentlərə dəqiq, vicdanlı, qarşılıqsız xidmət göstərib, bacardığı köməyi əsirgəməmişdir və xidmət dövründə gördüyü işin aldığı məvacibdən asılı yox, xarakterinin nəticə məhsulu olduğunu özünə əsas bilmişdir. Lakin, şirkətin peşə məsuliyyətindən sui-istifadəsi və dəyərləndirməməsi qanuna zidd və təəssüf doğurucudur. Maaş gününü nəzərə alaraq, şəxsi ehtiyaclarının təmin olunması məqsədilə bankdan kredit əldə etdiyinə görə, maaşın gecikdiyi hər günə görə əlavə faizlər ödəmək məcburiyyətində qalmışdır və hazırda rəsmi olaraq heç bir gəlir mənbəyi olmadığı üçün kredit borclarını da ödəyə bilmir . Bu gün "xxxx" ASC tərəfindən onun haqqının alınmasına ən çox ona görə ehtiyacı var ki, bank üzrə olan öhdəliklərini yerinə yetirə bilmir. xx.xx.2024-cü il tarixində işdən azadolma əmri verilsə də, düzgün hesablanmayan son haqq-hesab məbləği xx.xx.2024-cü i ltarixində 487.19 azn və xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə olan ilkin müraciətindən sonra yenidən düzgün hesablama aparılmadan xx.xx.2024-cü il tarixində 357.09 azn əlavə məbləğ kimi hesaba keçirilib və hələ də ona məxsus olan əmək kitabçası ona təhvil verilməmişdir. Əmək kitabçasının ona verilməməsinin səbəbi kimi “Azərişıq“ ASC tərəfindən “yazılmamış qanunlarına əsasən” verdikləri çıxış vərəqəsinin daxili strukturlarındakı 10 rəhbərə imzaladaraq, onlara təhvil verəcəyi təqdirdə mümkün olacağı deyilir və bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87, 172.6 , 173.3 maddələrinə tamamilə ziddir. Bundan başqa, istirahət və bayram günlərində, rəhbərlik tərəfindən qeyri-rəsmi olaraq tərtib olunmuş növbətçilik üzrə məcburi işə çıxmağına baxmayaraq iş vaxtından əlavə işlədiyi gün və saatlara görə heç bir ödəniş almamışdır. Belə ki, xx.xx.2022-ci il tarixindən etibarən E.S.Ş-nin M.X.S-nun əhali mühəndisi kimi fəaliyyətə başladığı dövrdən idarə binasını iş vaxtının rəsmi olaraq 18:00da bitməsinə baxmayaraq bir neçə saat gec və çox nadir hallarda 19:00 tərk etmişdir. Həmçinin ona həvalə olunmuş kompüterdə ( ip/25-80 ) X8 (VPN uzaqdan idarəetmə) tətbiqi quraşdırılmışdır ki, proqram vasitəsilə hər gün səhər rəsmi iş saatı 9:00-dan 1 saat öncə hesabatlara başlayırdı və istirahət günlərinin istənilən saatında lazımi sənədləri hazırlamaq üçün iş kompüterinə bağlanırdı. İT şöbəsi tərəfindən onun kompüterinin əməliyyat tarixçəsinin araşdırılaraq, işlədiyi əlavə iş saatlarının təzminat olaraq ona ödənilməsini tələb edir. Əməliyyat tarixçəsinin qeyri-müəyyən olaraq silinməsi halında, bir nüsxənin onda olduğunu və ehtiyac yaranarsa təqdim edə biləcəyini xüsusi qeyd etmək istəyir. Həmçinin xx.xx.2022-ci il tarixindən əhali mühəndisi olaraq AKT PORTALİ (http://192.168.201.151) və ASAN XİDMƏT (http://10.127.251.122:8080) portallarında hesab açılaraq, əhali və qeyri əhali abonentlərinə aid sənədlərin yerləşdirilməsi həvalə olunmuşdur. Belə ki, Asan Xidmət-ə olunan müraciətlərdən təmin olunmuş ödənişlərdən RETSİ-yə premya məbləğləri ayrılsada, portal üzrə təhkimçi olaraq ona heç bir əlavə ödəniş olunmamışdır. Həmçinin AKT PORTALİ-nın giriş menyusunda Statistika bölməsinə daxil olan zaman, ödəniş cədvəlinin rayonlar üzrə statistikasında yazılmış aktların ödənişindən təmin olunan məbləğə görə hər ay ödəniləcək premya məbləğlərini görür ki, hansı ki, real olaraq heç bir ödəniş almamışdır. 17 ay üçün toplam ayrılmış məbləğ 2958.24 AZN-dir. xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin Sədri cənab Vüqar Əhmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun X4 Xidmətinə şikayət ərizəsi ünvanlamış və həmin müraciətinə verilmiş cavabda cavabdeh tərəfindən sənədlərin tam formada X3 təqdim edilmədiyi üçün müraciətinin tam formada araşdırılmadığı bildirilmişdir. Ona ödənilməli olan son-haqq hesab onun işdən azad edildiyi gün, yəni 22 yanvar 2024-cü il tarixində ödənilməli olduğu halda, düzgün hesablanamış həmin vəsaitin bir hissəsi xx.xx.2024-cü ildə, qalan hissəsi isə xx.xx.2024-cü il tarixində ödənilmişdir. Göründüyü kimi ona ödənilməli olan son haqq-hesab gecikmə ilə ödənilmişdir. Son haqq-hesabın bir hissəsi ilkin olaraq 8 gün gecikmə ilə xx.xx.2024-cü ildə tarixdə, qalan məbləğ isə 14 gün gecikmə ilə 05 fevral 2024-cü il tarixdə ödənilmişdir. Ona işdən azad olunduqdan sonra cəmi 487.19 +357.09 = 844,28 manat məbləğində pul hesablanıb ödənilmişdir. Hesab edir ki, işəgötürən tərəfindən ona 2000 (iki min) manat məbləğində ziyan dəymişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndələri iddianın rədd edilməsini xahiş etmişdirlər. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Səbail RETSİ-nin 10/6/0.4kV-liq İstismar Şöbəsinə elektrik montyoru vəzifəsinə işə qəbul edilir. Əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən əmək müqaviləsi tərəflərin razılığı ilə 2 ay müddətinə bağlanılmışdır. İş materiallarında olan materiallarında olan "xxxx" ASCnin xx.xx.2016-cı il tarixli, K/16-00946 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" ASC-nin adları qeyd olunan struktur bölmələrində 1(bir) ay sınaq müddəti ilə göstərilən vəzifəyə təyin edilsin və əmək haqları ştat cədvəlinə uyğun ödənilsin. İş materiallarında olan, İddiaçı "xxxx" ASC-nin sədri cənab V.Əhmədova ünvanladığı ərizədən görünür ki, 27 yanvar 2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin K/24-00203 nömrəli, xx.xx.2024-cü il tarixli V.Əhmədovun “əmək müqaviləsinə xitam verilmə barədə” əmrindən görünür ki, Səbail RETSİ-nin X5 Mühasibatlıq və Xidmətlər sektorunun əhali üzrə mühəndisinin əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2024-cü il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi, AR Əmək Məcəlləsinin 83cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (xx.xx.2023- xx.xx.2024-cü il iş gününə görə 25 t/günü istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı aprel-noyabr 2016-2024-cü illər üzrə əmək haqqı barədə məlumatdan görünür ki, İddiaçı əmək haqqı 2016-cı ildə 340 manat, 2020-ci ildə 435 manat, 2021-ci ildə 480 manat, 2022-ci ilin aprel 500 manat, sentyabr ayında 600 manat, 2024-cü ildə 715 manat təşkil etmişdir. İş materiallarında olan X4 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli 3-17-5/2-56212024 saylı (SS873212691AZ) məktub göndərilmiş, göndərilən məktub “poçt göndərişlərinin izlənməsi alt sistemi”ndəki məlumatlara əsasən xx.xx.2024-cü il tarixində ünvana çatdırılmış lakin sənədlər azad edilməsi barədə ərizə, son haqq-hesabın hesablanamsı qaydası) təqdim edilməmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərdən onunla cəmiyyətin rəhbərliyi arasında bağlanılmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və təqdim edilmiş bank çıxarışında ona ödəniş edildiyi məlum olmuşdur. Lakin sənədlər tam təqdim edilmədiyindən həmin ödənişin lüəyyən etmək mümkün olmamışdır. Həmçinin təqdim edilmiş iş vaxtının uçotu tabellərində onun iş saatından artıq saatlarda və iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilmədiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və alt sisteminə baxış zamanı onunla cəmiyyətin rəhbərliyi arasında bağlanılmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan ısının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi müəyyən edilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Bildirlər ki, "xxxx" ASC tərəfindən sənədlər tam təqdim olunduğu təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan 4 saylı Bakı DOST Mərkəzi tərəfindən təqdim olunan arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq altsistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2024-cü il tarixinə işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri 08 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/8/2024-00752 saylı, 19 aprel 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 19 yanvar 2024-cü il tarixdə 15:00-da keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmişdir. İlkin mediasiya sessiyasının xərci olan 50 manat məbləğ dövlət büdcəsi hesabına ödənilmişdir. Mülki iş materiallarına İddiaçı məxsus ödəniş kartı üzrə çıxarış əlavə olunmuşdur. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, iddiaçının tələbi 5 hissədən ibarətdir: 1.işdən çıxdığı xx.xx.2024-cü il tarixinə kimi son bir ildə hər ay əmək haqqının 10 gün gecikdirməsi nəzərə alınmaqla hər gecikdirilən gün üçün əmək haqqının azı iki faizi məbləğində 7531 manat məbləğində ödəncin, son haqq hesabının vaxtında ödənilməməsinə gecikdirilmiş aylar üzrə son haqq hesabın hər gününə iki faizdən az olmamaq şərtilə 1573 manat məbləğində ödəncin ödənilməsi, 2.əmək kitabçasının verilməsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməklə əmək kitabçasının vaxtında verilməməsinə görə 2139 məbləğində ödənc verilməsi, 3.xx.xx.2022-ci il tarixindən xx.xx.2024 cü il tarixinədək əlavə iş vaxtına görə gündəlik 4 saatdan hesablanmaqla 4170 manat məbləğin ödənilməsi, 4.17ay üçün ayrılmış 2958.24 manat premya məbləğinin ödənilməsi, 5.2000 manat məbləğində mənəvi cavabdeh "xxxx" ASC-dən tutulması Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 43, 2-ci hissə. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;... Maddə 57. 1-ci hissə. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 290, 2-ci hissə. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Maddə 290.3-cü hissə. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir Məhkəmə iddia tələbinin “hər gecikdirilmiş gün üçün işçiyə son bir ilin əmək haqqısının azı bir faizi məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı ilk olaraq onu qeyd edir, məhkəmə tərəfindən bir neçə dəfə məhkəmə-mühasibatlıq ekspertizaları keçirilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, bundan əlavə iddiaçı hazırda işsiz olduğundan mülki iş üzrə mütəxəssis rəyi təqdim edə bilməmişdir. Bu halda məhkəmə iddianın pul məbləği ilə bağlı araşdırmanı iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin İddiaçı məxsus ödəniş kartı üzrə çıxarış üzrə aparılmasını müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsində əməkhaqqının hansı tarixdə və ya hansı müddət ərzində ödənilməli olduğu açıq şəkildə göstərilməmiş, həmçinin, nə iddiaçı, nə də cavabdeh əməkhaqqının ödənilməsi üçün konkret bir tarix və ya dövr müəyyən edən hər hansı yazılı razılaşma və ya onu təsdiq edən sübutları təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi qiymətləndirməsi əmək münasibətlərində vicdanlılıq prinsipi, tərəflərin bərabərliyi və ümumi əmək hüququ normaları əsasında aparılmalıdır. Belə şərtlərdə əməkhaqqının ödənilməsi üçün hesabat ayından sonrakı ayın 5-i tarixinə qədər olan müddətin əsas götürülməsi məqsədəuyğun hesab edilməlidir. Bu yanaşma, bir tərəfdən, işəgötürənə lazımi texniki və təşkilati hazırlıq üçün kifayət qədər vaxt verir, digər tərəfdən isə işçinin əməkhaqqının vaxtında alınması hüququnu qoruyur. Nəticə etibarilə, tərəflər arasında konkret razılaşma olmadıqda, əməkhaqqının ödənilməsi öhdəliyinin işəgötürən tərəfindən ən geci hesabat ayından sonrakı ayın 5-i tarixinədək yerinə yetirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, belə hesablanma üsulu həm hüquqi baxımdan əsaslı, həm də ədalətlidir. O, tərəflərin mənafeləri arasında tarazlığı təmin edir, vicdanlı davranış prinsiplərinə cavab verir və əmək öhdəliklərinin yerinə yetirilməsində hüquqi müəyyənlik yaradır. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddət, yəni sonrakı ayın 5-i tarixi bitdikdən sonra əmək haqqı ödənilmədikdə, gecikmə faktı yaranır və bu zaman işçinin hər gecikdirilmiş təqvim günü üçün əmək haqqının azı 1 faizi miqdarında pul vəsaiti tələb etmək hüququ meydana çıxır. Bu tələbin tətbiqi əmək hüquqlarının müdafiəsi məqsədi daşıyır və işəgötürənin əmək münasibətlərində pozuntulara yol verdiyi təqdirdə məsuliyyət daşımasını təmin edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, məhkəmə gecikməyə görə hesablamanı hər ay üzrə ayrıca aparmaqla, əmək haqqının gecikmə müddətini müvafiq ayın başa çatmasından sonra növbəti ayın 6-cı günündən hesablamış və bu müddətdən etibarən iddiaçının ödənc tələbinin əsaslı olduğunu müəyyən etmişdir. Məsələn, 2023-cü ilin yanvar ayı üzrə hesablamalar bu qaydada aparılmalıdır: iddiaçının əmək haqqı yanvar ayı üzrə 596.42 manat təşkil etmiş, bu məbləğ ən gec xx.xx.2023-cü il tarixədək ödənilməli olsa da, faktiki ödənilmədiyindən gecikmə müddəti xx.xx.2023-cü il tarixindən başlamış və xx.xx.2025-ci il tarixədək – yəni ümumilikdə 11 təqvim günü davam etmişdir. Həmin müddət ərzində hər gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə faizi tətbiq edilməklə, iddiaçının yanvar ayı üzrə tələbi 596.42 × 1% × 11 gün = 65.6 manat məbləğində müəyyən edilmişdir. Bu hesablamada tətbiq olunan faiz sabit məbləğdə gündəlik tətbiq edilmiş və yalnız hər ayın müvafiq gecikmə günlərinin sayına görə dəyişmişdir. Məhkəmə eyni prinsiplərlə 2023-cü ilin növbəti ayları üzrə də əmək haqqı və son haqqhesab gecikmələrini ayrıca müəyyən etmiş, və aşağıda təqdim edilən siyahı əsasında hər ay üçün 1 (bir) faizi məbləğində ödəncin hesablanmasını əsaslı hesab etmişdir. ƏMƏK ƏMƏK ƏMƏK GECİKDİRİLMİŞ 1% HAQQİ HAQQİNİ HAQQİNİ GÜNLƏRİN SAYİ (manat) (manat) ALMALİ ALDİĞİ GÜN OLDUĞU GÜN Yanvar 2023 596.42 xx.xx.2023 xx.xx.2023 11 65,60 Fevral 2023 596.42 xx.xx.2023 xx.xx.2023 1 5,96 Mart 2023 596.42 xx.xx.2023 xx.xx.2023 12 71,57 Aprel 2023 596.42 xx.xx.2023 xx.xx.2023 11 65.60 May 2023 596.42 xx.xx.2023 xx.xx.2023 9 53.67 İyun 2023 488.75 xx.xx.2023 xx.xx.2023 9 43.98 İyul 2023 596.42 xx.xx.2023 xx.xx.2023 4 23.85 Avqust 2023 222.44 xx.xx.2023 xx.xx.2023 7 15.57 Sentyabr 2023 249.96 xx.xx.2024 xx.xx.2023 7 17.49 Oktyabr 2023 596.42 xx.xx.2024 xx.xx.2023 gecikdirilməmişdir Noyabr 2023 596.42 xx.xx.2024 xx.xx.2023 7 41.75 Dekabr 2023 596.42 xx.xx.2025 xx.xx.2024 13 77.53 Son haqq hesab 1 487.19 xx.xx.2024 xx.xx.2024 8 38.98 Son haqq hesab 2 357.09 xx.xx.2024 xx.xx.2024 14 49.99 Cəmi: 571.54 Beləliklə, 2023-cü il üçün nəzərdə tutulan əmək haqqının, həmçinin iddiaçının işi sonlandırıldıqdan sonra ona ödənilməli olan son haqq-hesabın ödənilmələri gecikdirildiyindən cavabdehdən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbinə müvafiq olaraq iddiaçının xeyrinə tutulmalı olan bir faiz ödəncin cəmi məbləği 571.54 manat təşkil edir. Məhkəmə iddia tələbinin “əmək kitabçasının verilməsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməklə əmək kitabçasının vaxtında verilməməsinə görə 2139 məbləğində ödənc verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı əmək kitabçası cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə iddiaçının “əmək kitabçasının vaxtında verilməməsinə görə 2139 məbləğində ödənc verilməsi” tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tələbini bu hissədə əsaslandırmadığından və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından, iddiaçı tələbini bu hissədə rədd edilməlidir. İddiaçı tələbini bu hissədə saslandırmayaraq, 2139 manat məbləğində ödəncin səbəblərini göstərməsə də, əmək kitabçası geri qaytarılan günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ödənilməsi tələbinə də qiymət verən məhkəmə qeyd edir ki, bu hissədə iddiaçının tələbi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 172-cı maddəsinin 6-cı hissəsində göstərilmişdir ki, əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsində isə göstərilmişdir ki, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Qeyd olunmalıdır ki, istinad olunan normanın güddüyü məqsəd işdən azad olunan işçinin işəgötürənin təqsiri üzündən əmək kitabçasının verilməsi ləngidildiyindən başqa işə düzələ bilmədiyi bütün vaxt üçün orta əmək haqqı miqdarında pul təzminanın ödənilməsindən ibarətdir. Lakin iddaçının başqa işə düzəlmək niyyətində olması və əmək kitabçasının təqdim edilməməsi səbəbilə işə düzələ bilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci il tarixindən xx.xx.2024 cü il tarixinədək əlavə iş vaxtına görə gündəlik 4 saatdan hesablanmaqla 4170 manat məbləğinin ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hər bir işçi işləyərkən bu münasibətləri tənzimləyən onunla işə götürən arasında mövcud olan və əmək münasibətlərini tənzimləyən əmək müqaviləsidir. Həmin əmək müqaviləsində işçinin konkret iş saatları, iş rejimi və s. müəyyən edilməklə işçi ilə razlaşdırılmalıdır. Əlavə iş saatlarına (cəlb edilməyə) gəldikdə isə (əmək müqaviləsindən kənar) bu münasibət hər iki tərəf arasında müvafiq qaydada rəsmiləşdirilməli, əlavə işin nədən ibarət olması işçiyə bildirilməli və bunun razılığı alınmalıdır. Əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətəndə əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir (işçinin əlavə olaraq işə cəlb edilməsi nəticəsində icra olunmuş fəaliyyətin işəgötürən tərəfindən təhvil alınması). Əksi olduğu təqdirdə isə bu kimi işlər (icra olunubsa əgər) könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassız hesab edilməlidir. Bu kimi hallarda məhkəmə hesab edir ki, mütləq qaydada öhdəliyin yaranması üçün işçi işəgötürəndən bu halın razılaşmasını tələb etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbinin “cəlb edildiyi əlavə iş saatları üzrə əmək haqqının ödənilməsi” hissəsinin təmin edilməsi ilə əlaqədar əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə “17 ay üçün ayrılmış 2958.24 manat premya məbləğinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının əmək qanunvericilik normalarına istinadən mükafatın ödənilməsi bilavasitə işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmaqla onun əməyinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə və maddi marağının artırılması məqsədilə həyata keçirilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki cavabdeh tərəfindən İddiaçı əmək haqqına əlavənin (premyanın) ödənilməsi haqda tərəflər arasında hər hansı müqavilənin bağlaması barədə məlumat (sübut) məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən "İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın" 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə predmeti olan iddiaçının əmək münasibətləri üzrə əmək haqqına əlavələr almaq barədə "qanuni gözlənti”si (legitimate expectation) bütün hallarda əmək haqqına əlavənin verilməsi vəzifəsinin əmək qanunvericiliyində cavabdehin vəzifəsi qismində təsbit edildiyi halda əsaslı ola bilər. Həmçinin, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsi ilə əmək haqqına əlavənin anlayışı təsbit edilmişdir. Həmin normaya əsasən əmək haqqına əlavə dedikdə, əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc nəzərdə tutulur. İddiaçının tutduğu vəzifə əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərə aid olmadığından, habelə gördüyü işinin xarakteri Əmək Məcəlləsinin 160-163-cü və 166-cı maddələri ilə təsbit edilən hallar ilə bağlı olmadığından hazırki mübahisənin predmeti ilə əlaqələndirilə bilməz. Hazırki mübahisənin xüsusiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinin predmetinə aid edilir. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri tərəflərin hüquq bərabərliyi prinsipi əsasında nizama salınır. Sözügedən fərdi əmək mübahisəsi zəminində iddiaçı ona ona “premyanın/mükafatın verilməsinin” qanuni və ya hüquqi zəruriliyinə əsaslandığı fakt və halları sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin “2000 manat məbləğində mənəvi cavabdeh "xxxx" ASC-dən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Digər tərəfdən, Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hazırki iş üzrə cavabdeh və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı əmək kitabçası cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilməli, 2023-cü il üçün nəzərdə tutulan əmək haqqının, həmçinin son haqq-hesabın ödənilməsinin hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində, cəmi 571.54 manat cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmək haqqına əlavənin ödənilməsi və sair tələbinə dair" iddiası qismən təmin edilsin. İddiaçı əmək kitabçası cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilsin. Cavabdeh "xxxx" ASC-dən iddiaçının 2023-cü il üçün nəzərdə tutulan əmək haqqının, həmçinin son haqq-hesabın ödənilməsinin hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində, cəmi 571.54 manat İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-243/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-243/2025
15.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver