Məhkəmə qərarları › İş №2(006)-2433/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2433/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2433/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan «Kia Geed» markalı, 99OG324 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə qarşı tərəfin qayda pozuntusu nəticəsində yol nəqliyyat hadisəsi baş verib və avtomobilə maddi ziyan dəymişdir. Həmin yol nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra iddiaçı X3 Bölməsinə və cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. Hər iki qurumun əməkdaşlarının iştirakı ilə hadisənin baş verdiyi yerə hadisə nəticəsində xəsarət almış avtomobillərə baxış keçirilmiş və foto şəkillər çəkilmişdir. X2 Polisi Bölməsinin əməkdaşları tərəfindən müvafiq ekspertiza aparılmış və yol-nəqliyyat hadisəsinin qarşı tərəfin təqsiri üzündən baş verməsi sübuta yetirilmişdir. İddiaçıya dəymiş ziyan kortəbii şəkildə cavabdeh "xxxx" ASC tərəfindən müvafiq siyahı tərtib olunmaqla, cəmi 1805 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı həmin qiymətin mövcud reallığa uyğun olmamasını cavabdehin nümayəndəsinə bildirmiş və buna etiraz etmişdir. Belə ki, həmin siyahıda korlanmış və ya istifadəyə yararsız hala düşmüş ehtiyyat hissələri tamlığı ilə və əlmuzdlu işlərində günün tələbi ilə olan qiymətlərlə gostərilməmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən müstəqil ekspert dəvət olunmuşdur. Dəvət olunmuş "xxxx" MMC tərəfindən heç bir əsası olmayan və həqiqəti özündə əks etdirməyən rəy hazırlanmışdır. Həmin rəydə də korlanmış və ya istifadəyə yararsız hala duşmuş ehtiyyat hissələri tamlığı və əlmuzdlu işləridə günün tələbi ilə olan qiymətlədə gostərilməməklə, avtomobilə dəymiş ziyan cəmi 1125 manat məbləğində qiymətləndirilmişdir. Həmin mütəxəssis rəyi ədalətsiz olduğu və həqiqəti əks etdirmədiyi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nın Servis Xidmətinə müraciət etmiş və qeyd olunan servisin mütəxəssisləri tərəfindən iddiaçıya məxsus olan «Kia Geed» markalı 99OG324 dovlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Qeyd olunan Servis Xidməti tərəfindən avtomobilə dəymiş zərərin məbləğini özündə əks etdirən rəy hazırlanaraq iddiaçıya təqdim olunmuş və rəydə maddi ziyanın məbləği əlmuzdlu ilə birlikdə 3862 manat məbləğində müəyyən olunmuşdur. Həmin rəydə göstərilən maddi ziyanın məbləği ilə cavabdeh "xxxx" ASC-nin əlaltısı "xxxx" MMC tərəfindən verilən rəydə göstərilən maddi ziyanın məbləği arasında əhəmiyyətli dərəcədə qiymət fərqi yaranmışdır. Artıq cavabdehin iddiaçıya vurulmuş maddi ziyanı ədalətli şəkildə ona ödəməli olduğu vaxtdan iki aya yaxın müddət keçməsinə baxmayaraq o, bunu qərəzli olaraq etməyibdir. Ona gorə də mübahisənin hüquqi müstəvidə həll olunması uçun məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyanın əvəzi 3862 manat və 59 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3921 mnat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə razı deyildir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Gəncə RQİ və TBŞ tərəfindən verilmiş BD150024 nömərli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ** OG *** qeydiyyat nişanlı «Kia Ceed» minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır.

7. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, «Kia Ceed» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1805 manat vəsait hesablanmışdır.

8. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, «Kia Ceed» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 3862,50 manat vəsait hesablanmışdır.

9. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun və qiymətləndirmə cədvəlinə əsasən İddiaçı məxsus «Kia Ceed» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində xx.xx.2022-ci il tarixə olan dəymiş zərərin həcmi 1.125 manat təşkil etmişdir.

10. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2022-ci il tarixli, 9/3698 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablaşma yolu ilə «Kia»-nın xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı «Kia Ceed» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2781 manat müəyyən edilmişdir. Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan «Kia Ceed» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan dəymişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti dəymiş ziyanı 1805 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMM tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı ilə «Kia Ceed» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3862,50 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən dəvət edilmiş müstəqil ekspert "xxxx" MMC-nin verilmiş qiymətləndirmə cədvəli ilə iddiaçının avtomaşına dəymiş ziyan 1.125 manat təşkil etmişdir. İş üzrə keçirilmiş 04 avqust 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, «Kia Ceed» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2781 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sığorta şirkəti tərəfindən hesablanan ziyan məbləği ilə razi deyil. Bu səbəbdən iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 3862 manat məbləğində sığorta ödənişinin tutulmasını xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur.

13. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur.

14. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən «Kia Ceed» markalı, **-OG-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanın ümumi məbləği 3862 manat təşkil edir.

15. Məhkəmə qeyd edir ki, cavabdeh şirkət tərəfindən avtomaşına vurulmuş ziyanın məbləği 1805 manat məbləğində müəyyən edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş avtomaşının bərpa edilməsinə dair qüsur aktına əsasən həmin məbləğ 3862 manat təşkil edir.

16. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh təşkilat tərəfindən dəvət olunmuş müstəqil ekspert "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəlinə əsasən «Kia Ceed» markalı, **-OG-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanın ümumi məbləği 1125 manat təşkil edir.

17. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

20. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.

21. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.

22. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

23. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı «Kia Ceed» markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2781,0 manat müəyyən edilmişdir.

24. Məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən sığorta olunana ilkin olaraq 1805 manat və "xxxx" MMM tərəfindən isə xx.xx.2021-ci il tarixli qüsur aktı ilə «Kia Ceed» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3862,50 manat ziyan müəyyən edilmişdir. Hər iki qüsur aktlarını nəzərə almaqla aralarındakı fərq nisbəti 2057,50 qəpik müəyyən edilmiş, bunların hər ikisinin yarısı isə 1028,75 qəpik təşki etmişdir. Qeyd olunan son rəqəmin üzərinə isə "xxxx" ASC tərəfindən təklif edilmiş rəqəmi toplarkən 2833,75 ( 1028,75 + 2057,50 = 2833,75) manat olması müəyyən edilir ki, bu qiymət isə həm ekspertiza tərəfindən verilmiş rəyə uyğun gəlmişdir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən dəymiş ziyan kimi iddiaçının xeyrinə 2781 manat məbləğində pul tutulmalıdır.

26. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən təkrar ekspertizanın keçirilməsi barədə verilmiş vəsatət yuxarıda qeyd olunan 24-cü abzasdakı hüquqi mövqeyə, tərəflərin məhkəmə aktına tez əlçatımlığı prinsipinə zidd olacağından təmin edilməməlidir.

27. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (47,81 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı məxsus olan 2010-cu il buraxılışlı «Kia Ceed» markalı, **-OG-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan kimi 2781 (iki min yeddin yüz səksən bir) manat və dövlət rüsumunun əvəzi kimi 47,81 (qırx yeddi manat, səksən bir qəpik) manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

30. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.

31. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı məxsus olan 2010-cu il buraxılışlı «Kia Ceed» markalı, **-OG-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyan kimi 2781 (iki min yeddi yüz səksən bir) manat və dövlət rüsumunun əvəzi kimi 47,81 (qırx yeddi manat, səksən bir qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar