Məhkəmə qərarları › İş №2(006)-2467/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2467/2024

24.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2467/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Göyçay rayonu, İncə kəndində yerləşən fərdi yaşayış evində (abunə kodu: **********00072) hesablanmış 109,32 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məhrum atası X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, ona məxsus Göyçay rayonu, İncə kəndində yerləşən fərdi yaşayış evində "xxxx" ASC tərəfindən quraşdırılmış sayğac vasitəsilə elektrik enerjisindən istifadə edilir. İddiaçı və ailəsi müvəqqəti olaraq Bakı şəhərində yaşadıqları üçün Göyçay rayonu, İncə kəndində yerləşən fərdi yaşayış evində yaşayış yoxdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə digər şəxslərin iştirakları olmadan aparılmış yoxlama zamanı sayğacın DSM möhürü yerində olmadığı üçün həmin tarixdə nömrəsiz protokol tərtib edilmişdir. Yoxlama zamanı istifdadədə olan abunə kodu **********2 olan sayğac iddiaçı tərəfin iştirakı və məlumatı olmadan sökülmüş və abunə kodu 233**********2 olan yeni sayğacla əvəz edilmişdir. Yeni sayğac heç kimə təhvil verilməmiş və bu barədə iddiaçı tərəfə hər hansı məlumat verilməmişdir. İddiaçı cərimə yazılması barədə məlumat əldə etdikdən sonra "xxxx" ASC-nin müvafiq idarəsinə müraciət emiş, ona xx.xx.2024-cü il tarixdə bildirilmişdir ki, abunə vərəqi təhlil edilmiş və 1118 kvt.s – 122,98 manat məbləğində cərimə silinmiş və 109,32 manat cərimə qalıq kimi qalmışdır. Həmin cərimə barədə iddiaçıya xx.xx.2023cü il tarixli 226554 nömrəli icra vərəqəsi verilmişdir. Halbuki, iddiaçı və ailəsi 2022-ci il avqust ayından Bakı şəhərində yaşamaqla Göyçay rayonu, İncə kəndində yerləşən fərdi yaşayış evi üzrə elektrik enerjisindən istifadə etməmişlər. Göstərilənlər sübut edir ki, "xxxx" ASC tərəfindən tamamilə qanunsuz və əsassız cərimə yazılmışdır. Həmçinin "xxxx" ASC əməkdaşları tərəfindən tərtib edilmiş akt “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə uyğun deyildir. Belə ki, həmin akt tərtib olunan zaman hal şahidlərinin iştirakı təmin edilməmişdir. Həmçinin adıçəkilən qaydalarda cərimənin hesablanması qaydası və hansı müddətə hesablanması ilə bağlı hər hansı bir müddəa yoxdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli akt birtərəfli qaydada tərtib olunmuşdur. Göstərilənlərə əsasən, iddiaçıya hesablanmış 109,32 manat cərimə qanunsuz olduğundan silinməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməməiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi X9 işə mahiyyəti üzrə baxılmasını tələb edərək bildirdi ki, iddianı qəbul etmir. Sayğacda dövlət möhürünün olmadığını, abonent tərəfindən sayğaca müdaxilə olunduğunu əlavə edib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında V-ЖГ seriyalı 492253 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı atası X3r. Ölüm haqqında AZ-İİ seriyalı, 097812 nömrəli şəhadətnamədən görünür ki, X5 xx.xx.2023cü il tarixdə ölmüşdür. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istehlakçı Mehdiyev Məmmədağaya məxsus evə quraşdırılmış 66085885 nömrəli sayğac “DSM möhürü yerində yoxdur. Enerji uçot dəsti pozulub” qeydi ilə çıxarılmış, əvəzinə 22087146 nömrəli yeni sayğac quraşdırılmışdır. "xxxx" ASC tərəfindən 2023-cü ilin dekabr ayında verilmiş 226554 nömrəli icra vərəqindən görünür ki, Göyçay rayon İncə kəndində istehlakçı Mehdiyev Məmmədağaya (abunə kodu: **********00072) məxsus “66085885” Zavod nömrəli, “ÜG-6807” tipli, 220V gərginlikli, sayğacla bağlı qüsur qrafasında “DSM möhürü yerində yoxdur. Enerji uçot dəsti pozulub”, qeyd qrafasında “sayğac yenisi ilə əvəz edilsin” göstərilmişdir. Təklif qrafasında cəmi 109.32 manat enerjinin itkiyə getməsi hesablanmışdır. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 233**********2 nömrəli abunə kodu üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, xx.xx.2024-cü il tarixində protokol tərtib olunaraq, kompüter məlumatlar bazasında 1118 kVt.s (122,98 manat) elektrik enerjisinin dəyərinə dürüstləşmə aparılmışdır. Göyçay rayon İcra Hakimiyyəti Başçısının İncə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 111 nömrəli arayışından görünür ki, İddiaçı Göyçay rayon İncə kəndində mərhum atası X4 məxsus həyət evində qeydiyyatdadır və yaşayır. X1 (Göyçay, İncə k. - abunə kodu **********00072) abunə haqqında sənədindən görünür ki, “EİQ pozulması” əsası ilə 232,32 manat cərimə yazılmış, “Protokola görə” əsası ilə “-122,98” manat düzəliş edilmişdir. Beləliklə, tərəflərin izahatları və mülki işin materialları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mərhum atası X4 məxsus Göyçay rayonu, İncə kəndində yerləşən evdə qeydiyyatda olmaqla yaşayır. Həmin evin sayğacına xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilərək, dövlət möhürünün yerində olmaması və enerji uçot qaydalarının pozulması əsası ilə protokol tərtib edilmiş və abunə koduna 109,32 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş protokola əsasən yazılmış 109,32 manat borcun əsassız olduğunu bildirərək silinməsini, cavabdeh tərəf isə iddiaçının müvafiq Qaydaların tələblərini pozduğunu, sayğacın möhürünün yerində olmadığını bildirərək, borcun əsaslı olduğundan silinməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, müvafiq protokolun iddiaçının iştirakı olmadan tərtib edilməsinin mümkünlüyü sayğacın evdən kənarda yerləşdiyini deməyə əsas verir. Qanunverciliyin tələbinə görə, evdən kənarda quraşdırılmış sayğacda müəyyən edilmiş qüsurlara görə abonent məsuliyyət daşımır. Buna görə də həmin protokol əsasında sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi faktı öz təsdiqini tapmır. Beləliklə, protokolda müəyyən edildiyi göstərilən qüsur əsasında iddiaçıya məxsus abunə koduna borcun yazılması məhkəmə tərəfindən əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.1-ci bəndinə görə, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6-cı bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.10-7.11-ci bəndlərinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17, 8.17-1-8.17-2-ci bəndlərinə müvafiq olaraq, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə görə, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənləri ümumiləşdirərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən əsassız yazılmış 109,32 (bir yüz doqquz manat otuz iki qəpik) manat məbləğində borc **********00072 nömrəli abunə hesabından silinməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə tərəflərin belə tələblərinin olub-olmamasından asılı deyildir. Buna görə də məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, İddiaçı qanunvericiliyə müvafiq olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 3-cü bəndinə əsasən, istehlakçı hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.1-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin: 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən əsassız yazılmış 109,32 (bir yüz doqquz manat otuz iki qəpik) manat məbləğində borc **********00072 nömrəli abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar